Main

Agrılı Menstruasiya (Menorragiya)

Normal uşaqlıq qanaması (mensturasiya) hər ay təxmini 25-28 gündən bir baş verən və 7 günə qədər davam edən qanamadır. Anormal aybaşı qanamasına isə - aybaşı zamanı qanın miqdarının çox olması və ya aybaşı qanamasının 7 gündən uzun davam etməsi aiddir. Tibb elmində bu, ağır menstruasiya “menorragiya” və ya “hipermenoreya” adlanır. Qadınların 10- 35 % - də menoragiya olur. Menoragiyası olan qadınlarda hər ay çox qan itirdiklərinə görə xroniki qanazlığı da olur. Cinsi yetişkənlik dövründə olan menoragiya adətən uşaqlıq içi problemlərlə əlaqəli olur. Buna uşaqlığın içində miomaların, polipin olması aiddir. Bəzi qadınlarda uşaqlığın içində olan spirallar da menoragiya verə bilir. Anormal uşaqlıq yolu qanamasının əlamətləri aşağıdakılardır:

  • menstruasiya zamanı qan gəlməsinin 7 gündən artıq davam etməsi;
  • menstruasiyanın 21 gündən tez başlaması;
  • menstruasiya öncəsi ləkələnmələr;
  • menstruasiya arası dövrdə olan qanamalar;
  • menopauzadan sonrakı istənilən formadakı qanamalar.

Anormal uşaqlıq qanaxması olan xəstələrin müayinəsi necə aparılır:

  • USM – ultrasəs müayinəsi
  • Histereskopiya – uşaqlıq boşluğuna kamera ilə baxış
  • Laparoskopiya – göbəkdən salınan kamera ilə qarın boşluğuna baxış
  • Uşaqlıq qanaxması olan xəstələrə tək ginekoloji deyil mütləq olaraq ümumi yanaşmaq lazımdır və gərəkərsə əlavə müayinələr də (labarator,küretaj və s.) təyin olunmalıdır.

Hipermenoreya (menstrual qanın miqdarının artması)

Hər bir qadında menstrual qanın miqdarı və günü fərqlidir. Normalda menstruasiyanın davam etmə müddəti 2-7 gün hesab olunur, gələn qanın miqdarı isə bir tsikl üçün 80 ml qədər normal hesab olunur. Bunu siz istifadə etdiyiniz pedin necə ml olmasına baxaraq hesablaya bilərsiniz. Təxmini, menstruasiya 6 gün davam edərsə (bəzən laxta şəklində gələ bilir) və gündə 5 peddən artıq istifadə olunarsa, bu qanama kimi qiymətləndirilməlidir. Bundan artıq olarsa, bunu normal hesab etmək olmaz və mütləq həkimə müraciət etmək lazımdır, çünki bu vəziyyət adi hormonal pozulmadan uşaqlıq boşluğunun bəd xassəli xəstəliyinə kimi uzana bilər. Bundan başqa bu anormal prosesə mioma, polip, hiperplaziya (uşaqlıq boşluğunun qalınlaşması), uşaqlıq daxili spiral, laxtalanma pozğunluğu və s. də səbəb ola bilər. Nəticədə sizdə qan azlığı, yorğunluq, halsızlıq, yuxululuq və s. əlamətləri yarana bilər. Diaqnozu dəqiqləşdirmək üçün bəzən uşaqlıq boşluğundan biopsiya almaq lazım gəlir.

Hipermenoreyanın müalicəsi

Mioma və ya polip varsa, götürülməli, uds (spiral) varsa çıxarılmalı, hormonal pozulmada hormon müalicə təyin olunmalıdır.

Hipomenoreya (menstrual qanın miqdarının azalması)

Aybaşı qanaması ən az 2 gün davam etməsi və gündə ən az 2 ped dəyişdirilməsi normal olaraq qəbul edilir, bundan daha az miqdarda aybaşı qanaması hipomenoreya olaraq qəbul edilir. Çox vaxt aybaşının azlığı şikayəti ilə müraciət edən qadınların əslində mentruasiyaları normal sərhədlərdədir. Hər qadının 5-7 gün menstruasiya görməsi şərt deyil, 2-3 günlük qanamalar da qısa deyil və normal qəbul edilir.

Menstruasiya qanının miqdarının azalmasının səbəbləri

Hormonal səbəblər başda gələn səbəbdir, qadınların yaşı artdıqca və menopauza yaşına yaxınlaşdıqca və ya bəzi qadınlarda erkən yaşda menopauzaya girmək kimi bir vəziyyəti ola biləcəyindən, estrogenlərin azalması nəticəsində qanama da azalır. Başqa bir hormonal səbəb isə hipotiroiddir, yəni tiroid vəzi hormonlarının azalmasıdır. Uşaqlığın daxili təbəqəsinə aid bəzi əməliyyatlar: məsələn uşaqlıq içindən histeroskopla mioma rezeksiyası və ya nadir hallarda abort əməliyyatlarından sonra uşaqlıq divarlarının bir-birinə yapışması nəticəsində.

Hipomenoreyanın müalicəsi

Müalicə adətən xəstəliyin faktoruna əsaslanır. Əgər səbəb hormonal faktorlara bağlıdırsa hormonlar, hipotiroiddirsə tiroid hormonları, erkən menopauza kimi vəziyyətdirsə estrogelər təyin olunur.

Menopauza sonrası qanamalar

Menopauza sonrası dövrdə qanama şikayəti heç bir zaman normal qəbul edilə bilməz. Adətən bu bir problem göstəricisidir və hər zaman araşdırılmalıdır. Menopauza sonrası qanamaların ən sıx görülən səbəbi hormon dərmanlarının istifadə edilməsidir. Osteoporoz və həyat keyfiyyətini yüksəltmək məqsədi ilə verilən uzun dövr hormon proqramlar, bəzi xəstələrdə mütəmadi aybaşıya bənzər qanamaların meydana gəlməsinə səbəb ola bilər. Bu növ dərman alan xəstələrdə qanamalar da nizamsız olursa, yenə həkimə müraciət etməkdə fayda var. Bəzən sidik yollarından və ya bağırsaqlardan gələn qanamalar da vaginal qanamalarla qarışa bilər.

Qanamanın qaynağı nə ola bilər?

  • Vagina: menopauza ilə birlikdə ortaya çıxan vaginal atrofiya və quruluq nəticəsində, cinsi əlaqələrdə olan travmalar zamanı qanamalar ola bilər. Yenə vaginada yaranan bir kütlə qanamaya yol aça bilər.
  • Uşalıq boynu (serviks): buradan qaynaqlanan polip ya da digər yaxşı və ya pis xassəli kütlələr qanama verə bilər. Erkən aşkarlanan uşaqlıq yolu xərçənginin qanamaya səbəb ola bilər.
  • Uşaqlıq: uşaqlığın iç təbəqəsinin (endometrium) həddindən artıq incəlməsi ya da qalınlaşması (endometrial hiperplaziya) və burada meydana gələn polip, mioma, digər xoş və ya bəd xassəli kütlələr, bəzi dərmanlar və müxtəlif səbəblər zamanı qanama baş verə bilər.

Menopauza sonrası inkişaf edən bir qanamanın müalicəsi tamamilə qanamanın səbəbinə bağlıdır. Menopauza sonrası dövrlərdə, uşaqlıq daxili qanaması olan hər bir xəstəyə biopsiya edilməsi məsləhət görülür. Bu əməliyyat hətta menapoz sonrası nəzarətdə uşaqlığın iç pərdəsi (endometrium) 4-5 mm-dən qalın olan xəstələrə belə nəzarət məqsədi ilə edilir.

Dismenoreya (menstruasiya zamanı ağrı)

Ağrılı menstruasiya (tibbdə dismenoreya adlanır) iki cür olur:

  • Birincili – yəni ilk dəfə başladığı aydan menstruasiya ağrılı olur. Birincili dismenoreya adətən patoloji deyil, yəni hər hansı bir xəstəliyə baglı olmur. Bildiyimiz kimi uşaqlığın iç qatı hormonların təsirindən hər ay hamiləlik üçün qalınlaşır, hamiləlik baş vermədikdə isə bu qat uşaqlığın iç qatında əmələ gələn prostoqlandin deyilən maddənin təsirindən qoparaq tökülür və menstruasiya baş verir. Həmin prostoqlandinin artması və menstruasiya zamanı uşaqlığın yığılması zamanı ağrı meydana çıxır.
  • İkincili dismenoreya isə sonradan yaranan (abort, doğuş və s. sonra) ağrılı menstruasiyadır. Bu bir sıra patologiyalara bağlı olur (polip, mioma, kiçik çanaq əməliyyatı sonrası bitişmələr, uds və s.), əsasən endometrioza (yumurtalıqların şokalad kistası, kiçik çanağın endometrioz xəstəliyi və s.)

Dismenoreyanın müalicəsi

  • 1-cili dismenoreyada sadəcə ağrı kəsici dərmanlar, effekt verməzsə 3 ay sonra doğum kontrol həbləri verilir.
  • 2-cili dismenoreyada isə səbəbə bağlı müalicə təyin edilir.

Premenstrual sindrom

Premenstrual sindrom; menstruasiyadan dərhal əvvəlki dövrdə yaşanan əsəbilik, gərginlik, depressiya, baş ağrısı, sinə gərginliyi və qarında qaz şikayəti kimi bir çox əlamətlərlə özünü göstərən və həyat keyfiyyətinə təsir edən bir vəziyyətdir. Premenstrual sindrom qısaca “PMS” olaraq ifadə edilməkdə və “aybaşı əvvəli gərginlik” və ya “aybaşı əvvəli gərginlik sindromu” olaraq da bilinməkdədir. Yəni PMS diaqnozunun qoyula bilməsi üçün aybaşı əvvəli dövrdə görülən şikayətlərin normal həyat fəaliyyətində dəyişikliklərə səbəb olması lazımdır. Şikayətlər tipik olaraq; aybaşı periodunun “luteal faza” sı sonlarında, yəni aybaşıdan əvvəlki təxminən 5-7 günlük dövrdə başlayır, aybaşıdan dərhal əvvəl şiddətlənir və aybaşı ilə birlikdə itir. PMS irəli səviyyədə isə bütün aybaşı müddətində də davam edə bilər. Hətta bəzi vəziyyətlərdə əsəbi gərginliklər ovulyasıya dövründə də görülür.

https://ginekoloq-naza.az/menstrrasiya-pozulmalari-qanaxma-agri/