Main

Androgenetik Alopesiya (Kişi tipli saç tökülməsi)

Androgenetik alopesiya saç follikullarının testosteronun bioloji aktiv forması olan dihidrotestosterona (DHT) məruz qalması nəticəsində yaranan saç tökülməsinin bir formasıdır. 5α-reduktaza fermenti testosteronu hüceyrələrdəki androgen reseptorlarına bağlanan dihidrotestosterona çevirir. Baş dərisinin saç follikullarında dihidrotestosteronun istehsalının artması keçəlliyə səbəb olur. Bu zaman saç follikulları kiçilir, böyümə dövrü (anagen) qısalır, dinlənmə dövründə (telogen) uzanır. Androgenetik alopesiya genetik meyli olan insanlarda androgenlərin (kişi hormonları) təsiri nəticəsində saçların seyrəlməsi və tökülməsi ilə xarakterizə olunur. Xəstəlik kişi tipi keçəllik, kişi tipi saç tökülməsi kimi də tanınır. Bu həm kişilərdə, həm də qadınlarda rast gəlinir.

Kişilərdə androgenetik alopesiya

Androgenetik alopesiya çox yayılmış vəziyyətdir. Kişilərdə keçəllik kifayət qədər erkən yaşda - iyirmi yaş civarında başlaya bilər. İnsanın yaşı artdıqca, androgenetik alopesiya ehtimalı bir o qədər yüksəlir. Kişilərdə adətən təpə və alın bölgəsində saç tökülməsi müşahidə olunur (M formalı keçəllik). Bu, dihidrotestosterona həssas olan saç follikullarının yerləşməsindən qaynaqlanır. Başın yan hissələrində və başın arxasındakı follikullar dihidrotestosteronun təsirinə cavab vermir və çox vaxt sağlam qalır.

Qadınlarda androgenetik alopesiya

Qadın orqanizmi kişilərə nisbətən daha az konsentrasiyalarda olsa da testosterona malikdir. Buna görə də qadınlar da androgenetik alopesiyadan əziyyət çəkirlər. Ancaq saç tökülməsi qadınlarda fərqli şəkildə baş verir. Qadınlarda saçlar başın bütün sahəsinə bərabər şəkildə tökülür. İlkin olaraq, 40 yaşdan sonra nəzərəçarpacaq dərəcədə saç incəlməsi müşahidə olunur, sonra isə saç seyrəkləşir və saçın ayrılma hissəsində başın dərini görünür. Qadınlarda androgenetik alopesiya nadir hallarda tam keçəlləşməyə səbəb olur.

Qadınlarda saç tökülməsi polikistik yumurtalıq sindromu, həmçinin hamiləlik və menopoza kimi hormonal xəstəlik və proseslərlə əlaqələndirilə bilər. Hətta kiçik hormonal balanssızlıq qadınlarda androgenetik alopesiyaya səbəb ola bilər. Xəstəlik hormon səviyyəsi normal olduqda da baş verə bilər. Bu, xəstənin toxumalarının dihidrotestosterona xüsusi həssas olması deməkdir.

Simptomları

Androgenetik alopesiya kişilərdə alın və təpədəki saçların seyrəlməsi, yavaş uzanması, saçların asanlıqla tökülməsi kimi başlayır və irəliləyərək alın-saç xəttinin baş dərisi üzərində geri çəkilməsinə, təpədəki saçların tamamilə tökülməsi və keçəlləşməyə səbəb olur. Qadınlarda əsasən başın bütün nahiyəsində və ya təpə nahiyəsində tüklərin incəlməsi şəklində görülür.

Diaqnozu

Androgenetik alopesiya olan xəstənin müayinəsində hər hansı əsas endokrin pozğunluq yoxdursa, heç bir laborator müayinə tələb olunmur. Androgenetik alopesiya olan qadınların əksəriyyətində hormonal pozğunluq yoxdur. Saç tökülməsinə əlavə olaraq, saç artımı, şiddətli sızanaq, dəri yağlanması və menstrual pozğunluqlar varsa, yumurtalıqların və adrenal vəzi xəstəliklərini inkar etmək üçün hormonal qan analizləri aparılmalıdır.

Müalicəsi

  • Minoksidil spreyi: Xarici olaraq 2% və 5% formada saç tökülən nahiyələrə tətbiq olunur. Həm kişilərdə, həm də qadınlarda istifadə edilə bilər. Anti-hormonal təsiri yoxdur. Gündə 2 dəfə müntəzəm olaraq saç tökülməsi olan nahiyəyə çəkilib barmaqların köməyi ilə yayılmalıdır. Tətbiqdən sonra əllər yuyulmalıdır.  Effektivliyinin qiymətləndirilməsi üçün bir neçə ay istifadə edilməlidir.  Bəzən tətbiq sahəsindəki allergik kontakt dermatit kimi əlavə təsirləri ola bilər.
  • Finasterid: Bu, androgenetik alopesiyaya səbəb olan hormonlardan birinin istehsalını azaltmağa kömək edən tablet şəklində bir dərmandır.
  • Spiranolakton: Hormonların istehsalını azaldaraq fəaliyyət göstərir. Minoksidil müalicəsinə cavab verməyən qadınlarda müalicəyə əlavə edilə bilər.  Həkimin nəzarəti altında istifadə edilməlidir. Hamilə qadınlarda istifadə edilməməlidir.
  • Saç əkilməsi: Cərrahi üsuldur, əməliyyat otağı şəraitində tətbiq edilməlidir.  Baş dərisindəki sağlam saç kökləri alınaraq saç tökülən nahiyələrə köçürülür.

Tökülməni yavaşlatmaq və yeni saçların çıxmasını təmin etmək üçün mütləq dermatoloqa müraciət etməlisiniz.

https://www.drmehdimahmudi.az/Bloq/kisi-tipli-sac-tokulmesi-nedir-androgenetik-alopesiya-mualicesi-necedir-4298

Tercume