Main

Aqalaktiya

Aqalaktiya – doğuşdan sonra ana südünün olmaması və ya çox az miqdarda olmasıdır. Patologiya süd vəzi hüceyrələrinin sekresiya qabiliyyətinin azalması nəticəsində baş verir. Bu vəziyyətin başqa bir səbəbi – yenidoğulmuşun əmməsinə cavab olaraq süd istehsalı refleksinin olmamasıdır. Aqalaktiyanın nəticəsi – ana südü ilə normal qidalandırmanın mümkünsüzlüyüdür.

Səbəbləri

Aqalaktiya həm daxili, həm də xarici səbəblərdən yarana bilər.

  • Prolaktin sekresiyasının pozulması; Bu xəstəlikləri "hipopituitarizm", yəni hipofizin zəif aktivliyi termini altında birləşdirirlər. O, hipofizin autoimmun iltihabında, Şixan sindromunda (bu orqana doğuş vaxtı qansızma) və nadir hallarda rast gəlinən digər neyro-endokrin pozğunluqlarda yarana bilər. Hipopituitarizmin digər səbəbləri – baş beyin şişləri və onların şüa terapiyası, sarkoidoz, hemoxromatoz, ağır kəllə-beyin travmalarıdır.
  • Prolaktin sintezini ləngidən dərman vasitələrinin qəbulu; Hipofiz – baş beynin aşağı səthində yerləşən kiçik vəzdir. O, digər endokrin vəzlərin, süd vəzin və digər orqanların işini idarə edən bir sıra hormonlar sekresiya edir. Prolaktinin sintezi dofamin maddəsinin təsirindən güclənir. Əgər qadın hər hansı səbəbdən dofamin reseptorlarını blokada edən dərman preparatları qəbul edirsə, doğuşa və ana südü ilə qidalanmaya təlabatın olmasına baxmayaraq, onda prolaktinin səviyyəsi qalxmayacaq. Bu preparatlara Bromkriptin, Perqolid, az dərəcədə Tamoksifen, Klostilbegit aiddir. Prolaktinin səviyyəsini qlükokortikoidlər və Tiroksin azaldır, hansı ki, "əks əlaqə" prinsipi ilə hipofiz hormonlarının əmələ gəlməsini ləngidir.
  • Siqaret çəkmə; Heyvanlar üzərində aparılan eksperimentlərlə sübut olunmuşdur ki, tütün tüstüsü prolaktinin sintszini azaldır və laktasiyanı tormozlayır. Tüstüdə olan maddələr baş beyində çoxalma və nəsil artırma mərkəzləri arasındakı əlaqəyə mənfi təsir edir. Buna görə də qadın üçün təkcə aktiv deyil, həm də passiv siqaretçəkmə təhlükəlidir.
  • Süd vəzlərinin tam inkişaf etməməsi; Aqalaktiyanın nadir səbəblərindən biri də cinsi yetişkənlik dövründə süd vəzlərinin lazımi səviyyədə inkişaf etməməsidir. Belə hallarda eyni zamanda xromosom və gen xəstəlikləri diaqnostika olunur, hansı ki, normal böyümə və inkişafın pozulması ilə müşayiət olunur.
  • Bədən çəkisinin həddən az olması və ya piylənmə; Göstərilmiş hər iki halda, körpənin süd vəzlərini stimulyasiya etməsi nəticəsində (əmməklə), lazımi miqdarda prolaktin yaranmır.
  • Hamiləlik və doğuş prosesinin pozulması; Doğuş – prolaktin sintezinin fizioloji stimulyatorudur. Əgər qadın keysəriyyə əməliyyatı keçirmişsə, onun sinir sistemi laktasiyaya hazır olmaya bilər və nəticədə aqalaktiya yaranar. "Hamilələrdə aqalaktiya" termini düz deyil, çünki, hamiləliyə qədər süd ifraz olunmur. Ancaq, əgər qadın ağır hestoz və ya hamiləliyin digər ağırlaşmalarını keçirmişsə, onda bu problem haqqında düşünmək olar. Bu halda, hamiləliyin sonlarında onda maloziva olmayacaq, doğuşdan sonra isə, süd çatmayacaq.
  • Süd vəzi xəstəlikləri; Bu orqanların toxumaları keçirilmiş xəstəliklərdən sonra öz funksiyalarını tez bərpa edir. Lakin bəzi hallarda xəstəlik süd axarlarını daraldır və süd vəzlərində çapıqlaşmaya səbəb olur. Misal üçün əvvəllər keçirilmiş bədxassəli şişlərdən və irinli mastitin ağır formasından sonra.
  • Ana südü ilə qidalandırma texnikasının pozulması; Uşağı döşə düz qoymadıqda, əlavə qidaları vaxtından əvvəl verdikdə, çox yorulduqda və ya təcrübənin az olması səbəbindən süd azlığı ola bilər. Süd vəzlərinin lazımi dərəcədə stimulyasiya olunmaması, prolaktinin aktiv sekresiyasının zəifləməsinə və laktasiyanın kəsilməsinə səbəb olur. Belə vəziyyət ikincili aqalaktiya adlanır. Onu eyni zamanda qəfləti stress – psixoemosional gərginlik və ağır xəstəliklər verə bilər.

Müalicəsi

Birincili aqalaktiya uşaq doğulan kimi bəlli olur, ikincilisi isə, normal laktasiyadan bir müddət sonra yaranır.

Prolaktinin əmələ gəlməsinin pozulması ilə yaranan laktasiya çatmamazlığı, hipofizin aktivliyinə təsir edən preparatlarla müalicə edilir. Lakin ana südü ilə qidalanma zamanı onların əksəriyyətini təyin etmək olmaz. Buna görə də, patologiyanın birincili formasında laktasiyanı bərpa etmək adətən mümkün olmur.

İkincili aqalaktiya müalicəsi

Bunun üçün aşağıda sadalananlara əməl ertmək vacibdir:

  • uşaq doğulan kimi dərhal döşə qoymalı
  • ana südü ilə qidalandırmanı nizamlamalı, hətta süd olmadıqda belə uşağı döşə qoymalı
  • qidada zülal və vitaminlərlə zənginin məhsulların qəbulu
  • bitki mənşəli laktogen vasitələrin – gicitkən yarpağı, cəfəri (petruşka), yovşan dəmləmələrindən istifadə
  • həkimin təyinatı ilə E, PP vitaminlərinin qəbulu, fizioterapiya (nikotin turşusu ilə elektroforez)
  • qadına tam dincəlməni təmin edib, ona dəstək olmalı.

Profilaktikası

Südün olmaması qadının emosional vəziyyətinə mənfi təsir göstərir. Bundan başqa, yenidoğulmuş körpə anadan lazımi maddələri, ilk növbədə xəstəliktörədici mikroblara qarşı hazır antitelləri ala bilmir. Ona görə də, hamilə qalmazdan öncə, bu vəziyyətin qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir.

Profilaktik tədbirlər:

  • Hormonal pozğunluqlar olduqda endokrinoloqa müraciət etməli, lazımi müayinə və müalicə almalı.
  • Çəkini normallaşdırmalı.
  • Ginekoloqun konsultasiyasında olmalı, mümkün ola biləcək hamiləlik və doğuş patologiyalarının qarşısını almalı.
  • Ginekoloqun qəbulunda ana südü ilə qidalandırma texnikasını öyrənməli.
  • Siqaretdən imtina etməli.

Qadınların 95%-ində belə vəziyyət ikincilidir, yəni süd vəzlərinin lazımi miqdarda süd istehsal etmə qabiliyyəti saxlanılır. Buna görə də, valideynlərin hamiləliyə, doğuşa və ana südü ilə qidalandırmaya ciddi yanaşmaları və hazırlığı vacibdir.

https://doctorramila.az/publikasiyalar/158-aqalaktiya-ana-suedue-niye-kesilir-ve-onu-berpa-etmek-olarmi.html