Araxnoidit – beynin hörümçək torunabənzər qişasının autoimmun iltihabi zədələnməsi olub, orada bitişmələrin və sistlərin formalaşmasına gətirib çıxarır.
Prosesin yerləşməsindən asılı olaraq, araxnoidit kliniki olaraq likvor-hipertenziv, nevrastenik və ya astenik sindromlarla və ocaqlı simptomlar (kəllə-beyin sinirlərinin zədələnmələri, piramidal çatışmazlıqlar, beyincik pozuntuları) şəklində özünü göstərir.
Hal-hazırda nevrologiyada autoimmun mənşəli olan həqiqi araxnoidit və keçirilmiş kəllə-beyin travmaları və neyroinfeksiyalardan (neyrosifilis, brüsellyoz, botulizm, vərəm və s.) sonra hörümçək torunabənzər qişada fibroz dəyişikliklər nəticəsində yaranan rezidual hallar ayırd edilir. Birinci halda, araxnoidit diffuz xarakter daşıyır və proqressivləşən və ya aralıq gedişə malik olur, ikinci halda – daha çox yerli xarakter daşıyır və proqrediyent gedişlə müşayiət olunmur. Ən çox araxnoidit uşaqlar və 40 yaşınadək gənclər arasında müşahidə olunur. Kişilər qadınlara nisbətən bu xəstəliyə 2 dəfə çox tutulurlar.
Etiologiyası
Xəstələrin təxminən 55-60% -də araxnoidit əvvəllər keçirimiş yoluxucu xəstəliklə əlaqəli olur. Çox zaman bu, virus infeksiyası: qrip, virus meningiti və meninqoensefaliti, suçiçəyi, sitomeqalovirus infeksiyası, qızılca və s. olur. Eləcə də kəllə nahiyəsində xroniki irinli ocaqlar: periodontit, sinusit, tonzillit, otit, mastoidit də buna səbəb ola bilər. 30% hallarda araxnoidit keçirilmiş kəllə-beyin travmalarının, daha çox subaraxnoidal qansızma və ya beyin əzilməsinin nəticəsində inkişaf edir. Qeyd etmək lazımdır ki, araxnoiditin inkişafetmə ehtimalı travmanın ağırlıq dərəcindən asılı deyil. 10-15% hallarda isə araxnoiditin etiologiyasını dəqiq müəyyən etmək olmur.
Araxnoiditin inkişafına səbəb olan amillərə xroniki yorğunluq, müxtəlif intoksikasiyalar (o cümlədən alkoqolizm), əlverişsiz iqlim şəraitində ağır fiziki iş, tez-tez baş verən kəskin respirator xəstəliklər, lokalizasiyasından asılı olmayan təkrari zədələr misal ola bilər.
Təsnifatı
Kliniki praktikada araxnoidit lokalizasiyasına görə təsnif edilir. Serebral və spinal araxnoidit ayırd edilir. Serebral araxnoidit öz növbəsində, konveksital, bazilyar və arxa kəllə çuxurunun araxnoiditlərinə bölünür. Proses diffuz xarakterli olduqda bu cür təsnifat həmişə mümkün olmur.
Patogenezin xüsusiyyətlərinə və morfoloji dəyişikliklərə görə araxnoidit adheziv (yapışqan), adheziv-sistoz və sistoz formalara bölünür.
Simptomları
Araxnoiditin kliniki şəkli, səbəbkar amilin təsirindən bir müddət sonra ortaya çıxır. Bu müddət, baş verən autoimmun proseslərlə şərtləndirilir və araxnoiditi törədən amildən asılı olaraq müxtəlif ola bilər. Belə ki, keçirilmiş gripdən sonra araxnoidit 3-12 aydan sonra, kəllə-beyin travmasından sonra isə orta hesabla 1-2 ildən sonra özünü göstərir. Tipik hallarada araxnoidit tədrici və az nəzərə çarpan başlanğıcla və asteniyaya və ya nevrasteniyaya xas olan simptomların: yorğunluq, halsızlıq, yuxu pozuntuları, əsəbilik, emosional labillik və s. yaranması və artması ilə xarakterizə olunur. Bu fonda epileptik tutmaların meydana gəlməsi baş verə bilər. Vaxt keçdikcə araxnoiditi müşayiət edən ümumi beyin və yerli (ocaqlı) simptomlar ortaya çıxmağa başlayır.
Araxnoiditin ümumi beyin simptomları: Serebral simptomatikanın yaranmasına likvorodinamikanın pozulması səbəb olur və əksər hallarda likvor-hipertenziv sindrom şəklində təzahür edir. 80% hallarda araxnoiditli xəstələr kifayət qədər gərgin, yayılmış baş ağrısından şikayət bildirirlər ki, bu da daha çox səhər vaxtı baş verməsi və öskürək, gücənmə və fiziki gərginlik zamanı artması ilə xarakterizə olunur. Kəllədaxili təzyiqin artması ilə əlaqədar həmçinin göz almalarının hərəkətinin ağrı hissi ilə müşayiət olunması, gözlərdə təzyiq hissi, ürəkbulanma, qusma da müşahidə edilir. Araxnoidit tez-tez qulaqlarda küy, eşitmənin zəifləməsi, sistemsiz başgicəllənmə ilə müşayiət edilir ki, bu da xəstədə eşitmə ilə əlaqədar digər patologiyaların (koxlear nevrit, xroniki orta otit, adheziv otit, labirintit) inkar edilməsini tələb edir. Həddən artıq sensor oyanıqlıq (kəskin səslərə, səs-küyə və parlaq işığa dözümsüzlük), vegetativ pozuntular və vegetativ-damar distoniyası üçün xarakterik olan vegetativ böhranların da yaranması mümkündür. Araxnoidit tez-tez vaxtaşırı meydana gələn likvorodinamik pozuntuların kəskin ağırlaşması ilə müşayiət edilir ki, bu da likvorodinamik böhran: qəflətən baş verən və ürəkbulanma, başgicəllənmə və qusma ilə birgə rast gəlinən şiddətli baş ağrısı tutmaları şəklində təzahür edir. Bu cür tutmalar ayda 1-2 dəfə (nadir böhranlı araxnoidit), ayda 3-4 dəfə (orta tezlikli böhranlarla keçən araxnoidit) və ayda 4 dəfədən çox (tez-tez böhranlarla keçən araxnoidit) baş verə bilər. Simptomların şiddətindən asılı olaraq, likorodinamik böhranlar yüngül, orta ağırlıqlı və ağır dərəcələrə bölünür. Ağır likorodinamik böhran ümumi zəiflik və təkrar qusma ilə müşayiət olunur və 2 sutkaya qədər davam edə bilir.
Araxnoiditin ocaqlı simptomları
Araxnoiditin ocaqlı simptomatikası onun lokalizasiyasından asılı olaraq fərqlənə bilər.
Konveksital araxnoidit əks tərəfdə bir və ya hər iki ətrafın hərəki fəaliyyətinin və hissiyyatının cüzi və ya orta dərəcədə pozulması ilə ortaya çıxa bilər. Bu lokalizasiyalı araxnoiditlərin 35% -i epileptik tutmalarla müşayiət olunur. Adətən epileptik tutmaların polimorfizmi qeyd edilir. Birincili və ikincili generalizə olunmuş tutmalarla yanaşı, sadə və mürəkkəb tutmalar da müşahidə olunur. Tutmadan sonra müvəqqəti nevroloji çatışmazlığın yaranması mümkündür.
Bazilyar araxnoidit yayılmış ola bilər və ya əsasən optiko-xiazmal nahiyədə, ön və ya orta kəllə çuxurunda lokallaşa bilər. Onun klinikası başlıca olaraq beyin əsasında yerləşən I, III və IV kranial sinir cütlərinin zədələnməsi şəklində təzahür edir. Piramid çatışmazlıq əlamətləri yarana bilər. Ön kəllə çuxurunun araxnoiditi tez-tez diqqət və yaddaşın zəifləməsi, əqli iş qabiliyyətinin azalması ilə özünü göstərir. Optiko-xiazmal araxnoidit görmə itiliyinin proqressivləşən azalması və görmə sahələrinin daralması ilə xarakterizə olunur. Bu dəyişikliklər çox vaxt ikitərəfli olur. Optiko-xiazmal araxnoidit bu nahiyədə yerləşən hipofizin zədələnməsi ilə müşayiət olunarsa, baş beynin bu nahiyədə yerləşən hissələrinin şişinin endokrin və metabolik çatışmazlıqlarla təzahür edən əlamətlərini xatırladan formada meydana çıxa bilər.
Körpü–beyincik bucağının araxnoiditi bir qayda olaraq eşitmə sinirinin zədələnməsi şəklində təzahür edir. Lakin, üçlü sinirin nevralgiyası ilə başlanması da mümkündür.
Arxa kəllə çuxurunun araxnoiditi baş beynin bu nahiyədə yerləşən şişlərinin təzahürlərini xatırladan ağır gedişə malikdir. Sonra üz sinirinin mərkəzi nevritinin simptomları yaranır. Böyük sisternanın araxnoiditi zamanı ön plana ağır likvorodinamik böhranlarla birgə yüksək dərəcədə ifadə olunmuş likvor-hipertenzion sindrom çıxır. Beyincik pozuntuları: koordinasiyanın pozulması, nistaqm və beyincik ataksiyası xarakterikdir. Böyük sisterna nahiyəsində olan araxnoidit okklüzion hidrosefaliyanın inkişafı və sirinqomielitik sistin meydana gəlməsi ilə ağırlaşa bilər.
Spinal araxnoidit: Prosesin yayılmasına görə disseminə olunmuş, diffuz və məhdud növlərə bölünür. Kliniki təzahürləri prosesin təbiətindən, yayılmasından və lokalizasiyasından asılı olur. Kəskin ifadə olunmayan naqil və seqmentar pozuntularla birgə kökcük ağrısı sindromu ilə xarakterizə olunur. Ayrı-ayrı əzələlərin parezləri, yüngül dərəcəli mərkəzi parez və ya kortiko-spinal çatışmazlıq əlamətləri, seqmentar və ya naqil tipli hissiyyat pozuntuları qeyd edilir. Serebrospinal mayedə çox vaxt zülal-hüceyrə dissosiasiyası müəyyən edilir. Uşaqlarda nadir hallarda rast gəlinir.
Diaqnozu
Həqiqi araxnoidit diaqnozunu nevropatoloq yalnız xəstənin hərtərəfli müayinəsindən sonra; anamnestik məlumatların müqayisəsi, nevroloji müayinənin nəticələri və instrumental tədqiqatlardan sonra təyin edə bilər. Anamnezi toplayarkən xəstəliyin simptomlarının tədricən inkişafına və onların proqressivləşən xarakterinə, yaxın vaxtlarda keçirilmiş infeksiyalar və ya kəllə-beyin travmalarının olmasına diqqət yetirilir. Nevroloji statusun müayinəsi kəllə-beyin sinirlərinin pozuntularını aşkar etməyə; ocaqlı nevroloji çatışmazlıqları, psixo-emosional və mnestik pozuntuları müəyyənləşdirməyə kömək edir.
Araxnoiditin diaqnostikasında kəllənin rentgenoloji müayinəsi az informativdir. Bu metod yalnız uzun müddət davam edən kəllədaxili hipertenziyanın əlamətlərini: barmaq basıqlarını və türk yəhərinin osteoporozunu aşkar edə bilər. Hidrosefaliyanın varlığı barədə Exo-EQ-nin məlumatlarına əsasən fikir yürütmək olar. Konveksital araxnoiditi olan xəstələrdə EEQ-nin köməkliyi ilə ocaqlı qıcıqlanma və epileptik fəallıq aşkar edilir. Araxnoiditə şübhəli xəstələr mütləq oftalmoloq tərəfindən müayinə edilməlidirlər.
Eşitmə pozuntusu və qulaqdakı küy, LOR həkiminin konsultasiyasına ehtiyac yaradır. Baş beynin KT və MRT müayinələri həcmli prosesləri (hematoma, şiş, beyin absesi) istisna etməyə, araxnoiditi müşayiət edən morfoloji dəyişiklikləri (adheziv prosesləri, sistlərin olmasını, atrofik dəyişiklikləri) aşkar etməyə, hidrosefaliyanın xarakterini və dərəcəsini müəyyənləşdirməyə imkan verir. Subaraxnoidal boşluqların şəklindəki dəyişikliklər KT- sisternoqrafiya zamanı aşkar edilə bilər.
Müalicəsi
Araxnoiditin müalicəsi adətən stasionar şəraitində həyata keçirilir. Müalicənin effektivliyi xəstəliyin etiologiyasından və fəallıq dərəcəsindən asılıdır. Araxnoiditi olan xəstələrin dərman müalicəsi sxeminə qlükokortikosteroidlər, sorucu vasitələr, antiepileptik preparatlar, dehidratasion preparatlar, neyroprotektorlar və metabolitlər, allergiya əleyhinə preparatlar, psixotrop pteparatlar, bioloji aktiv əlavələr daxildir.
Cərrahi müalicə
Ağır optiko-xiazmal araxnoidit və ya arxa kəllə çuxurunun araxnoiditi, görmənin proqressivləşən zəifləməsi və ya okklüzion hidrosefaliya hallarında cərrahi müalicə üçün göstərişdir. Əməliyyatın əsas məqsədi likvor yollarının bərpası, sistlərin çıxarılması və yaxınlıqda yerləşən beyin strukturlarının sıxılmasına gətirib çıxaran bitişmələrin aralanması ola bilər. Araxnoidit zamanı hidrosefaliyanı azaltmaq üçün şuntlayıcı əməliyyatların tətbiq olunması mümkündür. Sistoperitoneal, ventrikuloperitoneal və lümboperitoneal şuntlama əməliyyatlarının məqsədi serebrospinal mayenin alternativ xaric edilməsi yollarının yaradılmasıdır.
Proqnoz və profilaktika
Araxnoidit olduqca təhlükəli bir xəstəlik olduğundan, onun heç bir iz qoymadan keçib getmək ehtimalı yoxdur. Ancaq həyati proqnozu olduqca əlverişlidir: əgər xəstəliyə vaxtında diaqnoz qoyulsa və müalicə kifayət qədər adekvat şəkildə başlanarsa, onda həyat üçün demək olar ki, heç bir təhlükə olmur. Lakin, xəstəliyin beyin hidrosefaliyası ilə ağırlaşmış variantı istisna təşkil edir. Təəssüf ki, bu vəziyyətdə xəstənin həyatını xilas etmək hər zaman mümkün olmur.
Əksər hallarda, reabilitasiya kursundan sonra araxnoidit keçirmiş şəxs əmək qabiliyyətini tamamilə bərpa edə bilir. Sağlamlıq tam bərpa edilmədikdə, ona III qrup əlillik dərəcəsi təyin oluna bilər.