Main

Disfunksional uşaqlıq qanaxmaları

Disfunksional uşaqlıq qanaxmalarını (DUQ) müxtəlif patologiyalarda əlamətlərin oxşar olması ilə izah olunur. Ginekoloji xəstəliklər arasında disfunksional uşaqlıq qanaxmaları 15-20% təşkil edir. DUQ atsiklik anormal qanaxma (çox, tez-tez və/və ya uzunmüddətli) olub, cinsiyyət sisteminin requlyasiyasının pozulması nəticəsində baş verir və uşaqlığın selikli qişasında (endometriumda) morfoloji dəyişikliklərlə özünü göstərir. O, cinsiyyət orqanlarının xəstəlikləri ilə əlaqədar deyil.

Menstrual tsiklin tənzimlənməsi

Menstrual tsikl çox mürəkkəb bioloji proses olub, orqanizmin sinir və humoral sistemlərilə tənzim olunur. Onun xarici təzahürü uşaqlığın səthi qişasının (funksional qat) qopması nəticəsində requlyar baş verən aybaşı qanaxmasıdır.

Menstrual tsiklin məğzi ondan ibarətdir ki, ovulyasiya vaxtı follikuldan spermatozoidlə birləşməyə hazır olan yetişmiş yumurtahüceyrə çıxır, onun yerində isə sarı cisim əmələ gəlir. Sonuncu qadın cinsi hormonlardan olan – progestron sintez edir.

DUQ-un səbəb və mexanizmləri

Requlyar menstrual tsikl bir neçə səviyyədən ibarət olan, mürəkkəb bioloji prosesdir. Patoloji faktor bütün səviyyələrdə təsir göstərə bilər. Ancaq bir qayda olaraq, onun təsiri nəticəsində, requlyator mexanizmin bütün səviyyələri patoloji prosesə qoşulur. Buna görə də, onun istənilən hissəsində baş verən pozğunluqlar, qadın orqanizmində bütün cinsiyyət sisteminin disfunksiyasına səbəb olur.

20-25% halda, anovulyator xarakterli yeniyetmə və ya yuvenil disfunksional uşaqlıq qanaxmaları rast gəlinir. Onlar adətən pubertat dövründə, menstruasiya başladıqdan sonrakı iki il ərzində baş verir. Lakin bəzən çoxqanlı ovulyator DUQ yeniyetmə dövrünün sonunda polimenoreya tipində (3 həftəlik fasilərlə 8 gün) baş verir, hansı ki, sarı cismin zəifliyi və ya LH-ın az sekresiyası ilə əlaqədardır.

Bu cür pozğunluqlar yeniyetmə orqanizmində hormonal sistemin tam formalaşmaması ilə izah olunur. Bu səbəbdən, hətta ən zəif patoloji və ya adi neqativ təsirlər, ağır disfunksional pozğunluqlara səbəb ola bilər. Bir həftədən çox davam edən ağır qanaxmalar nəticəsində, qısa zaman ərzində dəri örtüklərinin avazıması, zəiflik, başağrıları, iştahanın itməsi, ürək ritminin tezləşməsi ilə müşayiət olunan anemiya inkişaf edir.

Klimakterik dövrdə isə hormonal requlyasiya sistemi endokrin orqanların funksiyalarının sönməsi ilə əlaqədar pozulur. Cavanlıq dövründa olduğu kimi, sönmə mərhələsində də requlyator mexanizmlər neqativ amillərin təsirinə asan məruz qalır. Klimakterik dövrdə anovulyator disfunksional uşaqlıq qanaxmaları 50-60% hallarda rast gəlinir. O, beynin hipotalamik nahiyəsində baş verən yaş dəyişiklikləri ilə əlaqədar baş verir. Bunun nəticəsində qonadotropin-rilizinq hormonların tsiklik sekresiyası dəyişir, deməli, eyni zamanda follikulların da yetişməsi pozulur.

Bu dövrdə olan qadınlarda qanaxma adətən cinsiyyət siteminin onkoloji xəstəliklərilə əlaqədar olur. Buna görə də, DUQ-un bu xəstəliklərlə diferensial diaqnostikasına xüsusi diqqət verilməlidir.

Qalan 15-20% reproduktiv dövrdə olan disfunksional uşaqlıq qanaxmalarının payına düşür. Onlar estrogenlərin artıq sekresiyası və progestron defisiti ilə müşayiət olunan, persistensiya edən follikul fonunda inkişaf edir, hansı ki, endometriumun vəzli-kistoz dəyişikliyinə səbəb olur.

Beləliklə, həm hələ tam formalaşmamış, həm də artıq sönən hormonal requlyasiya sistemi DUQ-a səbəb olan amillərin təsirinə asan məruz qalan fon yaradır.

Səbəbləri və əlamətləri

DUQ-un əsas səbəbləri aşağıdakılardı:

  • Peşə zərərləri, intoksikasiyalar, ümumi xarakterli infeksion-iltihabi xəstəliklər.
  • Kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri, həmçinin neyroleptik preparatların qəbulu. Bütün bunlar yumurtalıqların reseptor aparatının pozulmasına gətirib çıxarır.
  • Əqli və fiziki yorğunluq.
  • Tez-tez psixoloji gərginlik və stress vəziyyətləri.
  • Zülal, vitamin və mikroelementlərin çatmamazlığı ilə əlaqədar qeyr-düzgün qidalanma.
  • Yaşayış yerinin tez-tez dəyişdirilməsi.
  • Baş beyin şişləri, hiper- və hipotireoz, İtsenko-Kuşinq sindromu və xəstəliyi, hormon sekresiya edən ektopik şişlər və s. ilə əlaqədar endokrin orqanların funksiyalarının pozulması.
  • Ağırlaşma ilə keçən hamiləlik və abortlar.
  • Cinsi yetkinlik və involyusiya dövrlərində endokrin sistemin yenilənməsi;
  • Endokrin və cinsiyyət sistemlərinin genetik xəstəlikləri.

Requlyasiya sisteminin pozulması uşaqlıq endometriumunda qopma və bərpa proseslərinin tsikl və ritmini pozur. Estrogenlərin artıq sekresiyası uşaqlığın yığılma qabiliyyətinin artmasına və nəticədə selikli qişanın qidalanmasının pozulmasına səbəb olur.

Sonuncu demək olar ki, dayanmadan endometriumun müxtəlif hissələrinin zədələnib qopmasına səbəb olur ki, bu da, uzunmüddətli qanaxma ilə müşayiət olunur.

Bundan başqa, estrogenlərin yüksək konsentrasiyası hüceyrələrin bölünmə sürətini artırır və hiperplaziyaların, polipozun, adenomatozun əmələ gəlməsinə səbəb olur.

Menstrual tsiklin ovulyator fazası – sinir-humoral requlyasiya mexanizminin ən zəif bəndidir. Bu səbəbdən disfunksional uşaqlıq qanaxmaları aşağıdakı hallarda baş verə bilər:

  • yumurtahüceyrənin yetişib, lakin, follikuldan çıxmaması – anovulyasiya fonunda – daha çox rast gəlinir. Bəzi qadınlarda dominant follikul lazımi yetişmə dərəcəsinə çatır, lakin ovulyasiya etmir və funksiyasını davam etdirərək (persistensiya edir), daimi və çox miqdarda estrogen və progestron sekresiya edir;
  • digər halda bir və bir neçə follikul tam yetişməyib büzüşür (atreziya) və geri inkişaf edir (atretik follikullar). Onları yeni follikullar əvəz edir, hansılar ki, həmçinin atreziyaya məruz qalır. Bütün bu sarı cisimlər uzun müddət az miqdarda estrogen və progestron sekresiya edirlər;
  • normal keçən ovulyasiya fonunda — DUQ cinsi hormonların sekresiyasının qısamüddətli azalması fonunda endometriumun funksional qatının vaxtından qabaq qopub düşməsi səbəbindən əmələ gəlir;
  • adi menstruasiyadan əvvəl, hansı ki, sarı cismin çatmamazlığı səbəbindən baş verir;
  • follikulun zəifliyi fonunda uzunmüddətli menstrual qanaxmalar.

Beləliklə, anovulyator qanaxmalar yumurtalıqlarda iki tip dəyişikliklər – persistensiya və atreziya zamanı baş verir. Əksər hallarda hər iki variantda menstruasiyanın gecikməsinin ardınca, qanaxma baş verməsi xarakterdi. Follikulun persistensiyasında ləngimə 1-2 ay, atreziyada isə – 3-4 ay və daha çox ola bilər. Qanaxmanın davam müddəti 2-4 həftədən 1,5-3 aya qədər çəkir, follikulun persistensiyasında bir qədər az davam edir, amma çoxqanlı olur. Ovulyator qanaxmalar özünü əsasən menstruasiyadan əvvəl və sonra baş verən qanaxma ilə göstərir.

Müalicə prinsipləri

Disfunksional uşaqlıq qanaxmalarının kompleks müalicəsi simptomların ağırlığını, pasientin yaşını, xəstəliyin səbəb (mümkünsə) və inkişaf mexanizmini nəzərə almalıdır. Müalicəsi üç istiqamətdə aparılır:

  • Qanaxmanın dayandırılması və ümumi gücləndirici terapiya.
  • Menstrual tsiklin bərpa edilməsi.
  • Ovulyasiyanın stimulyasiyası və ya cərrahi müalicə.

Qanaxmanın dayandırılması

Reproduktiv və klimakterik dövrlərdə olan qadınlarda qanaxmanın dayandırılması məqsədilə uşaqlıq boşluğunun qaşınması aparılır, hansı ki, həm də diaqnostik əhəmiyyət daşıyır. Yeniyetmələrdə qanaxmanın müalicə üsulu, intensiv hormonal terapiyanın aparılmasıdır. Bu məqsədlə, inyeksiya və ya tablet şəklində estrogen kursu təyin olunur. Əgər qanaxma zəifdirsə və anemiya əlamətləri yaxdursa, estrogen terapiyasından sonra, bir həftə ərzində sutkada 10 ml-lik dozada progestron təyin olunur.

Menstruasiyanın bərpası

Yuvenil yaşlarda menstrual tsikli bərpa etmək üçün normal estrogen fonunda təkcə progestron, azalmış olduqda isə – progestron-estrogen kompleksi təyin olunur.

Reproduktiv yaşda olan qadınlara adətən 1 il ərzində kombinəolunmuş oral kontraseptivlər, klimakterik yaşda olanlara isə – fasiləsiz rejimdə progestron təyin olunur.

Ovulyasiyanın stimulyasiyası

Reproduktiv yaşlarda ovulyasiyanı stimulyasiya etmək üçün Klomifen tətbiq edilir. Əgər, premenopauzada aparılan müalicəyə baxmayaraq DUQ təkrarlanarsa və ya adenomatoz poliplər, ocaqlı adenomatoz və ya endometriumun ocaqlı hiperplaziyası aşkarlanarsa – uşaqlığın ekstirpasiyası məsləhət görülür.

Baş beyində və digər səviyyələrdə patologiya aşkarlanarsa, uyğun müalicə aparılır və ya qanaxmaya səbəb olan amillər aradan qaldırılır.

https://doctorramila.az/publikasiyalar/194-disfunksional-usaqliq-qanaxmalari.html