Artroz və ya osteoartrit oynaq səthlərini təşkil edən qığırdaq toxumasının quruluşunun dəyişməsi və yeyilməsi zamanı yaranan xəstəlikdir. Qığırdağın öncə yumuşalmasıyla başlayan, daha sonra tam ortadan qalxmasıyla nəticələnən, fərqli mərhələlərdən ibarət olan bir xəstəlikdir. Diz oynağının artrozuna qonartroz deyilir. El arasında bu xəstəlik diz oynağının duzlaşması kimi başa düşülür, lakin burada hər hansısa duzun yığılması deyil, oynağı təşkil edən qığırdağın yeyilib öz quruluş və funksiyasının sıradan çıxmasıdır. Zamanla oynaq uclarının deformasiyası, hərəkətlərin ağrılı olması və məhdudlaşması əmələ gəlir.
Qonartrozun növləri:
Artrozu birincili və ikincili olmaqla iki yerə ayırmaq olar.
Qonartrozun əlamətləri
Qonartrozlu xəstələri əsas narahat edən əlamət ağrıdır. Bu ağrılar ilkin əlamətdir və hərəkət edən zaman artır, istirahət vaxtı isə azalır. Xəstə dizini büküb açarkən krepitasiya (“xırtıltı” səsi), şişkinlik müşahidə olunur. Xəstəlik inkişaf etdikcə artıq istirahət vaxtı da ağrılar kəskinləşir, oynaqda hərəkət məhdudluğu, ətraflarda əyrilik, əzələlərdə atrofiya (əzələ zəifliyi fonunda əzlələ kütləsinin azalması ) yaranır və xəstənin sərbəst hərəkət etməsi çətinləşir və xəstə köməkçi vasitələrdən (əl və qoltuq ağacı, walker) istifadə etmək məcburiyyətində qalır.
Qonartroz diaqnozu
Qonartrozun diaqnozunu təyin etmək elə də çətin deyildir. Sadəcə olaraq rentgenoloji müayinə ilə diaqnozu təsdiq etmək mümkündür. Bəzi hallarda KT, MRT, qanda müəyyən testlərin aparılmasına ehtiyac yaranır.
Qonartrozun yaranmasında risk faktorları
Artroz üçün ən əsas risk faktoru yaşdır. 65 yaşından yuxarı diz oynağının rentgen müayinəsi aparılmış insanların 30-35% faizində artrozun əlamətləri müşahidə edilir. Bədən çəkisinin artıq olması artroz riskini kişilərdə 2, qadınlarda 3 dəfə artırır. Artrozun inkişaf etməsi qadınlarda kişilərlə müqayisədə iki dəfə daha çoxdur. Peşakar qaçış, ağırlıq qaldırma, tenis, futbol kimi idmanla məşğul olan insanlarda artroz yaranma riski çoxdur. Oynaqdan keçən sınıqlar, menisk və diz oynağını təşkil edən bağ aparatında yaranan yırtıqlar, hemofiliyalı xəstələrdə oynaq daxili qansızmalar, podaqra xəstəliyi zamanı oynağa sidik turşusu toplanması, infeksion və iltihabi amillər artrozun yaranma ehtimalını yüksəldir.
Qonartrozun qarşısının alınması
Bu günkü gündə artozun geriyə inkişaf etməsi, yəni oynaq səthlərinin əvvəlki vəziyyətinə gətirilməsi mümkün deyildir. Ancaq artıq bədən çəkisindən azad olmaq, üzmə, piyada yol getmə, velosiped sürmə, əzələləri gücləndirmə qonartrozun yaranma riskini azaldır. Oynaqdan keçən sınıqlar, menisk, bağ yaralanmaları zamanı düzgün müalicə taktikasının seçilməsi, qonartrozun yaranma ehtimalını azaldır.
Qonartrozun müalicəsi
Qonartroz müalicəsində yaş, yanaşı gedən xəstəliklər, xəstəliyin ağırlıq dərəcəsi əsas götürülərək konservativ (əməliyyatsız) və ya cərrahi yol seçilir. İlkin olaraq konservativ müalicəyə başlanılır.
Əməliyyatsız:
Dərmanlar
Oynaq daxili inyeksiyalar
Oynaq daxili hiyaliron turşusu inyeksiyasının istifadə edilməsi xəstələrdə 6 -12 ay müddətində ağrıların aradan qaldırılmasına zəmin yaradır. Bu manipulyasiyanın allergik reaksiyadan başqa elə bir əlavə mənfi təsiri yoxdur. Hiyaliron turşusu, oynaq qığırdağında təbii olan bir maddədir. Diz oynağının sürüşkənliyini təmin edir və qığırdaq hüceyrələrinə qoruyucu təsiri göstərir. Oynaq daxilinə inyeksiya edilən hiyaliron turşusunun əsas təsiri ağrıkəsici effekti deyil. Əsas təsir oynaqda azalan hiyaliron turşusunun miqdarını artırmaq və oynaq sürüşkənliyini təmin etmək, qığırdağın davamlılığını artırmaqdır. Hiyaliron turşusu inyeksiyasına müxtəlif adlarla rast gəlinir. Bunların bəziləri, 6 ay ərzində həftədə bir inyeksiya üç dəfə, bəziləri 6 ayda bir dəfə, bəziləri isə ildə bir dəfə inyeksiya şəklində tətbiq edilir.
Oynaq daxili steroid preparatların vurulması simptomları dərhal aradan götürə bilir, lakin bəzi hallarda prosesi surətləndirə bilər. Kortikosteroidlər, ağrıkəsici və iltihab əleyhinə təsiri ilə uzun müddətli müalicədə istifadə edilir, ancaq təsir müddəti qısadır və təkrarlanan dozalarda istifadəsi, xüsusilə nisbətən erkən qonartroz hallarında məsləhət görülmür. Daha çox ağır formada olub lakin əməliyyat olmaq istəməyən xəstələrdə tətbiq edilir. Effektli bir ağrıkəsici olmalarına baxmayaraq ədəbiyyatda oynaq qığırdağında geriyə dönməyən zədələnməyə gətirib çıxardığı haqda məlumatlar mövcuddur. Düzgün formada icra olunduqda bir narahatçılıq yaratmır. İnyeksiyadan əvvəl yerli ağrısızlaşdırmaya ehtiyac yoxdur. Bu inyeksiyalar ciddi steril şəraitdə aparılmalıdır, əks halda oynağın infeksiyalaşması mümkündür.
Fizioterapiya
Əlavə olaraq fizioterapiya, müalicəvi idman, bədən çəkisinin azaldılmasına yönəlmiş tədbirlər aparılmalıdır. Əslində hər insanın və xüsusi ilə qonartrozu olan xəstənin müalicəvi idmana ehtiyacı vardır. Budun ön və arxa qrup əzələlərini gücləndirərək siz diz oynağına düşən yükü və gərginliyi azaldırsınız. Bu da qonartrozlu xəstənin ən azından ayaqda durmasına köməklik göstərir və artrozun inkişafının azaldır.
Cərrahi müalicə
Yuxarıda göstərilən tədbirlərə baxmayaraq, xüsusi ilə ağır formalı qonartrozu konservativ yolla müalicə etmək çox çətindir və konservativ müalicə effekt vermədiyi hallarda cərrahi müalicə yolu seçilir.
Sümük yönləndirmə əməliyyatları
Bu əməliyyat xəstəliyin orta ağırlıq mərhələsində, yük düşən oynaqlarda aparılır. Məqsəd oynağın sıradan çıxmış bölgəsinə düşən yükü aradan qaldıraraq, yükü sağlam tərəfə yönəltməkdir. Bunun üçün sümük kəsilərək düzəldilir, uyğun bucağa gətirilir və metal lövhə və ya xarici fiksatorla fiksasiya edilir. Bu əsasən protez qoyulması məqsədə uyğun olmayan gənc xəstələrdə icra olunan əməliyyatdır. Bu əməliyyatdan sonra xəstələr 5-7 il ağrıdan azad ola bilir.
Oynağın bağlanması (artrodez)
Bu əməliyyat zamanı oynağı təşkil edən qığırdaq səthləri kəsilərək götürülür və sümüklər bir-biri ilə, uc-uca gətirilərək müxtəlif metodlarla fiksasiya olunur. Bu əməliyyatdan sonra xəstələrin ağrıları aradan qalxır lakin bağlanmış oynaqda hərəkət olmur. Daha çox gənc, ağır fiziki işdə çalışan kişilərdə məsləhət görülür.
Diz oynağının protezləşdirilməsi (artroplastikası)
Cərrahi yolla müalicə çox hallarda diz oynağının protezləşdirilməsi (artroplastikası, süni oynaqla əvəz edilməsi) əməliyyatıdır. Yeyilib, sıradan çıxmış oynaqlarda oynaq uclarının kəsilib çıxardılaraq metal-plastik implantlarla- süni oynaqla dəyişdirilir. Protez əməliyyatından sonra ağrılar 2-3 ay müddətinə aradan qalxır. Bu əməliyyat əsasən 60 yaşdan yuxarıda olan xəstələrdə tətbiq edilir, bəzi hallarda gənc şəxslərə də tətbiq oluna bilər. Protezin ömrü 10-20 il göstərilir. Protez sıradan çıxdığında və ya protezdə əmələ gələn yeyilmə, laxlama, protezin qırılması, yerdəyişdirməsi kimi hallarda ikinci bir əməliyyat (reviziya) ilə çıxardılıb yenidən diz oynağı protezi əvəz edilə bilər, ancaq ikinci əməliyyat daha çətindir, daha böyük protezlərin istifadəsi lazımdır və ikinci protezin ömrü, birinci qədər deyildir.
https://hekimtap.az/az/m%C9%99qal%C9%99l%C9%99r/diz-oyna%C4%9F%C4%B1n%C4%B1n-artrozu-qonartroz-4997