Main

Dodaq xərçəngi

Dodaq xərçəngi dodaqların dərisində əmələ gəlir. Üst dodağın və ya alt dodağın hər hansı bir yerində baş verə bilər, lakin ən çox alt dodaqda olur. Dodaq xərçəngi ağız xərçənginin bir növü hesab olunur.

Dodaq xərçənglərinin əksəriyyəti skuamoz hüceyrəli karsinomalardır. Bu ad xərçəngin dərinin orta və xarici təbəqələrində olan skuamoz hüceyrələr adlanan yastı və nazik hüceyrələrdən başlayır.

Dodaq xərçəngi üçün risk faktorları həddindən artıq günəşə məruz qalma və tütün istifadəsidir. Papaq taxmaqla, üzünüzü günəşdən qorumaqla və siqareti buraxmaqla xərçəng riskinizi azalda bilərsiniz.

Dodaq xərçənginin müalicəsi adətən xərçəngin cərrahi yolla çıxarılmasından ibarətdir. Kiçik xərçənglər üçün görünüşünüzə bir qədər təsir edən sadə bir cərrahiyyə prosedurunun tətbiqinə ehtiyac ola bilər.

Daha böyük xərçənglər daha geniş cərrahiyyə tələb edə bilər. Diqqətli planlaşdırma və yenidən formalaşdırma ilə normal yemək və danışma qabiliyyətinizi qoruyub saxlamaq, həmçinin əməliyyatdan sonra məmnun edici bir görünüşə sahib olmaq mümkündür.

Dodaq xərçənginin əlamətləri

Dodaq şişlərinə adətən erkən diaqnoz qoyulur, çünki onlar erkən simptomlar verirlər. Erkən mərhələlərdə, çox zaman yeganə simptom leykoplazik bölgədə bir qabarcıq və suluqlanmadır (ağ qabığı olan lezionlar). Lezionda qabıqlanma və qoparıldıqda qanaxma xarakterikdir. Xərçəng daha dərin toxumalara çatana qədər bu cür qabıqlanma illərlə davam edə bilər. Çənə sümüyünə yayılma karsinoma irəlilədikcə görünə bilər. Üst dodaq və ağız küncü xərçəngləri daha sürətlə irəliləyir, qısa müddətdə xoraya çevrilir, daha tez yayılır və proqnozu daha pis olur. Alt dodaq xərçənglərində xərçəngin ölçüsünə görə artan uzunlamasına yayılma vardır. Ağız künclərindəki lezionların boyun limfa düyünlərinə yayılma sürəti ilk qiymətləndirmədə daha yüksəkdir.

Dodaq xərçənginin əlamətləri və simptomlarına aşağıdakılar daxildir:

  • Dodağın düz və ya bir qədər qabarıq, ağ rəng dəyişikliyi
  • Dodaqda sağalmayan yara
  • Dodaqlar və ağız ətrafındakı dəridə iynə batma hissi
  • Dodaq ağrısı və ya uyuşması

Dodaq xərçənginin səbəbləri

Dodaq xərçənginə nəyin səbəb olduğu aydın deyil. Adətən xərçəng hüceyrələrin DNT-lərində mutasiya olduqda başlayır. Hüceyrə DNT-si o hüceyrəyə nə edəcəyini bildirən məlumatları ehtiva edir. Bu dəyişikliklər hüceyrəyə nəzarətsiz şəkildə çoxalmağa başlamasını və ölməli olduğu halda yaşamağa davam etməsini bildirir. Sürətlə artan bu hüceyrələr bir şişə çevrilir və normal toxumalara hücum edə və onları məhv edə bilirlər.

Dodaq xərçəngi üçün risk faktorları

Dodaq xərçəngi riskini artıran amillərə aşağıdakılar daxildir:

  • Siqaret, çeynəmə tütünü, siqar və s. daxil olmaqla istənilən növ tütün məmulatından istifadə
  • Açıq dəri rəngi
  • Dodaqların həddindən artıq günəş işığına məruz qalması
  • İmmunitet sistemində zəiflik

Dodaq xərçəngindən qorunmağın yolları

Dodaq xərçəngi riskini azaltmaq üçün aşağıdakıları edə bilərsiniz:

  • Tütündən istifadə etməyi dayandırın bə ya ümumiyyətlə başlamayın. Siqaret şəklində və ya çeynəməklə tütündən istifadə etmək dodaqların hüceyrələrini xərçəngə səbəb olan (kanserogen) və təhlükəli kimyəvi maddələrə məruz qoyur.
  • Günorta saatlarında günəşdən uzaq durun. Bir çox region üçün günəş şüalarının ən güclü olduğu saatlar 10:00-16:00 arasıdır. Qış fəsli və ya buludlu hava olsa belə, açıq hava fəaliyyətlərini günün bu perioddan kənarda qalan saatları üçün planlaşdırın.
  • Buludlu günlər də daxil olmaqla, ən azı 30 (SPF) faktoru olan geniş spektrli günəş kremindən istifadə edin. Kremi bolca tətbiq edin və hər 2 saatdan bir yeniləyin. Əgər üzgüçülük edirsinizsə və ya tərləyirsinizsə, daha tez-tez təzələyin.
  • Solariumdan uzaq durun. Solarium ultrabənövşəyi şüalar yayır və dodaq xərçəngi riskini artırır.

Dodaq xərçənginin diaqnozu

Dodaq xərçənginin diaqnozunda istifadə olunan testlər və üsullar aşağıdakılardır:

  • Fiziki müayinə: Fiziki müayinə zamanı həkiminiz xərçəng əlamətlərini axtarmaq üçün dodaq, ağız, üz və boyun nahiyələrini incələyəcək  və sizinlə əlamətlər və simptomlar haqqında danışacaq.
  • Test məqsədləri üçün toxuma nümunələrinin götürülməsi: Biopsiya zamanı həkiminiz laboratoriya müayinəsi üçün kiçik bir toxuma nümunəsi çıxaracaq. Laboratoriyada toxuma nümunələrini analiz edən həkim (patoloq) xərçəngin olub-olmamasına, xərçəngin növünə, xərçəng hüceyrələrində aqressivlik səviyyəsinə qərar verə bilər.
  • Görüntüləmə üsulları: Xərçəngin dodaqdan kənara yayılıb-yayılmadığına qərar vermək üçün görüntüləmə üsullarından istifadə edilə bilər. Bu üsullar kompüter tomoqrafiyası (KT), maqnit rezonans görüntüləmə (MRT) və pozitron emissiya tomoqrafiyasıdır (PET).

Dodaq xərçənginin müalicəsi

Dodaq xərçənginin müalicəsinə aşağıdakılar daxildir:

  • Cərrahi üsul: Cərrahi əməliyyat dodaq xərçəngini və onu əhatə edən sağlam toxumaları çıxarmaq üçün həyata keçirilir. Daha sonra cərrah xəstəyə normal yemək, içmək və danışmağa imkan vermək üçün dodaqda bərpa (rekonstruksiya) həyata keçirir. Bundan əlavə, çapıqları azaltmaq üçün üsullardan da istifadə olunur. Kiçik xərçənglər üçün əməliyyatdan sonra dodağın bərpası sadə bir prosedur ola bilər. Bununla belə, daha böyük xərçənglərdə dodağı bərpa etmək üçün təcrübəli plastik və rekonstruktiv cərrah tələb oluna bilər. Rekonstruktiv cərrahiyyə həmçinin toxuma və ya dərini bədənin başqa bir hissəsindən üzə köçürə bilər. Həmçinin, dodaq xərçəngi əməliyyatı boyundakı xərçəngli limfa düyünlərinin çıxarılmasını əhatə edə bilər.
  • Radioterapiya: Radioterapiya xərçəng hüceyrələrini öldürmək üçün rentgen şüaları və ya protonlar kimi güclü şüalardan istifadə edir. Dodaq xərçəngində radioterapiya tək başına və ya əməliyyatdan sonra istifadə edilə bilər. Radiasiya tək dodağa və ya boyundakı limfa düyünlərinə də verilə bilər. Dodaq xərçəngində radioterapiya çox zaman şüaları dəqiq şəkildə fokuslayan böyük bir maşından gəlir. Lakin bəzi hallarda radiasiya birbaşa dodağa yönəlir və qısa müddət orada qalır. Bu üsul braxiterapiya adlanır və həkimlərə daha yüksək dozada radiasiya tətbiq etməyə imkan verir.
  • Kimyaterapiya: Kimyaterapiya xərçəng hüceyrələrini öldürmək üçün güclü dərmanlardan istifadə edir. Dodaq xərçəngində müalicənin effektivliyini artırmaq üçün bəzən radioterapiya ilə birlikdə kimyaterapiya da verilir. Bədənin digər hissələrinə yayılan inkişaf etmiş dodaq xərçənglərində, özünüzü daha rahat hiss etmək üçün əlamət və simptomları azaltmaq üçün kimyaterapiya istifadə edilə bilər.
  • Hədəfə yönəlik dərman müalicəsi: Hədəfə yönəlik dərman müalicəsi xərçəng hüceyrələrinin xüsusi zəifliklərinə diqqət yetirir, bu zəiflikləri bloklayır, xərçəng hüceyrələrinin ölməsinə səbəb olur. Adətən kimyaterapiya ilə birlikdə tətbiq edilir.
  • İmmunoterapiya: İmmunoterapiya immun sisteminizə xərçənglə mübarizə aparmağa kömək edən dərman müalicəsidir. Bədəninizin xəstəliklərlə mübarizə aparan immun sistemi xərçəng hüceyrələrinə hücum edə bilməz, çünki bu hüceyrələr onların immun sistemindən gizlənməsinə kömək edən zülallar istehsal edir. İmmunoterapiya bu prosesə qarşı işləyir. Dodaq xərçəngində immunoterapiya, xərçəng irəlilədikdə və digər müalicələr uyğun seçim olmadıqda nəzərdən keçirilə bilər.

https://onkologiya.com/m%C9%99qal%C9%99l%C9%99r-1/f/dodaq-x%C9%99r%C3%A7%C9%99ngi-n%C9%99dir