Dəri xəstəlikləri göz ilə görülən olduğu və xarici mühit ilə daim təmasa görə insan həyatına mənfi təsir göstərir. Onlardan biri olan ekzema müxtəlif faktorların təsiri ilə meydana gələn xroniki xəstəlikdir. Bədənin bir çox fərqli yerində yarana bilən ekzema ciddi bir sağlamlıq problemi olmasa da, dəridə yaratdığı xoşagəlməz görünüş səbəbi ilə xəstələri çox narahat edən vəziyyətdir.
Ekzema dərinin səthində qızartı, quru və qaşınan qabarcıqların əmələ gəlməsi ilə xarakterizə olunur.
Quruyan və pullanan bu qabarcıqlar zamanla çatlaya və mikroorqanizmlərin daxil olmasına şərait yarana bilər. Bu səbəbdən ekzeması olan şəxslərdə dərinin infeksiyalaşmasını tez-tez müşahidə edirik. Xəstəliyə, adətən erkən uşaqlıq dövründə rastlansa da, hər yaşda meydana gələ bilər. Adətən üz, baş dərisi, ayaqlar, dirsəklər, diz arxası və oma kimi nahiyələrdə və əksər xəstələrdə əllərdə müşahidə edirik. Güclü qaşınma hissi yuxuya getməyi çətinləşdirir, bu isə yorğunluq, məktəb və işdə aktivliyin aşağı düşməsi, gündəlik həyat fəaliyyətini yerinə yetirməkdə çətinlik və ümumilikdə həyat keyfiyyətinin pisləşməsi ilə nəticələnir. Ekzemaya növündən asılı olaraq stress, allergiya, zədələnmə və ya qan dövranı problemləri səbəb ola bilər. Bəzən allergik mənşəli ekzemanı allergik rinit və bronxial astma kimi müxtəlif immunoloji xəstəliklərlə birlikdə müşahidə edə bilirik.
Ekzema nədən yaranır?
Ekzemanın səbəbi xəstəliyin növünə görə dəyişir. Xəstəlik, adətən dərinin bir qıcıqlandırıcı faktora reaksiyası kimi baş verir. Bu faktor daxili və ya xarici ola bilər.
Yuyucu vasitə, sabun, ətir, rezin ayaqqabı, tərlik kimi kimyəvi maddələr və bəzi metallar insanda ekzemaya səbəb ola bilər.
Bitki və heyvanlar ilə təmas, günəşə məruz qalma və bəzi oral dərmanlar da həssaslığı olan insanlarda ekzema yaradır. Bu insanlarda xəstəlik qıcıqlandırıcı ilə kontaktdan dərhal sonra baş verə bilər və ya stimullaşdırıcı maddə ilə müəyyən müddət ərzində təmasda olduqdan sonra özünü göstərə bilər. Ekzemanı xüsusilə evdar qadınlar, inşaat və təmizlik işçiləri, bərbərlərdə müşahidə edirik.
Allergik ekzema müəyyən növ qidaların istehlakı ilə də əlaqəli meydana çıxır. Bunlardan başqa stress və qan dövranı problemləri ekzemanın bilinən səbəbləri arasındadır. Onu da qeyd edək ki, xəstəliyin yaranmasında genetik faktor başlıca rol oynayır.
Ekzemanın əlamətləri hansılardır?
Əhali arasında geniş yayılmış ekzema əksər xəstə fərdlərdə demək olar ki, eyni simptomlar ilə üzə çıxır. Bu simptomlardan bəzilərini aşağıdakı kimi sıralaya bilərik:
Körpə və uşaqlarda simptomlar, adətən dirsək, diz, baş dərisi və üzdə meydana çıxır. Böyükyaşlı uşaqlar və böyüklərdə isə ən çox rastlanan nahiyələr əllər, ayaqlar, qolların iç səthi və dizlərin arxa hissəsidir.
Ekzema necə müaliə olunur?
Ekzemanın dəqiq müalicəsi yoxdur. Bununla yanaşı, tətbiq edilən metodlar ilə dərini qorumaq, qaşınmanı aradan qaldırmaq, iltihab və infeksiyaların qarşısını almaq və ya nəzarət etmək mümkündür.
Kompleks müalicədə məqsədimiz:
Müalicədə dərinin həddindən artıq maye itkisi, quruması, çatlamasını önləyən və dəri baryerini gücləndirən nəmləndiricilərdən istifadə edirik.
Ekzeması olan insanların dərisində quru, qırmızı və qaşınan iltihablı hissələr olur. Bunun qarşısını almaq üçün steroid tərkibli bəzi kremlər tətbiq edirik. Kremlər kifayət qədər güclü olmadıqda, daha geniş müalicə üsulu seçirik. Məsələn:
Antihistamin preparatlar uzun müddətdir ki, qaşınma üçün əsas müalicə kimi istifadə edilir. Bu, xəstələrin gecə boyu daha rahat yatmasına kömək edir.
Dəri səthindəki çatlar bakteriya ilə yoluxmuş olarsa, antibiotiklərdən istifadə edirik.
Dermatoloq tərəfindən dayandırma göstərişi verilməyənədək dərmanların müntəzəm istifadəsi vacibdir. Bunlara əlavə olaraq, həssas dəri tipləri üçün tövsiyə olunan məhsullardan istifadə etmək, qaşınmanı artıra biləcək yun və dar paltarlardan qaçınmaq lazımdır.
Ekzema yoluxucudurmu?
Ekzema təmas yolu ilə ötürülmür, yəni yoluxucu bir xəstəlik deyil. İnsan genetikasında meyillik varsa və əlverişli şərait yaranarsa, üzə çıxan sağlamlıq problemidir. Bununla yanaşı, müxtəlif mikroorqanizmlər, məsələn, stafilokokk və göbələk ilə infeksiyalaşmış ekzemalı dəri yoluxucu ola bilər. Bu zaman yoluxan ekzemanın özü yox, həmin mikroorqanizmlər olacaqdır.
Ekzema hansı nahiyələrdə yaranır?
Ekzama bədənin hər hansı bir yerində yarana bilər, lakin bəzi nahiyələrdə daha çox olduğu aşkar edilmişdir. Bunların arasında diqqət çəkən ilk nahiyə əldir. Sabun kimi dərini qurudan maddələrə ən çox məruz qalan və tozlu səthlərlə tez-tez təmas edən orqan əldir. Buna görə də ekzemaya əllərdə daha çox rast gəlinir. Ekzema bir əldən başlasa da, digər əl və bədənin başqa nahiyələrinə də yayıla bilər. Davamlı olaraq istifadə olunan bir orqan olduğu üçün daha çox narahatlığa səbəb olur. Ekzemanın tez-tez rast gəlindiyi bir digər orqan ayaqdır. Bədənin başqa hissələrindəki ekzema ilə eyni simptomlar müşahidə olunur.
Ancaq onlardan fərqli olaraq, ayaqlar uzun müddət havasız qala biləcəyi üçün xəstəliyin əlamətləri uzun müddət davam edə bilir. Bu səbəbdən ayağa hava keçməsinə və tərləməməsinə diqqət yetirmək lazımdır. Havalandırmanı təmin edən corab və ayaqqabıların seçilməsi vəziyyəti yüngülləşdirməyə kömək edəcəkdir.
Üz də ekzemanın yarandığı nahiyələr arasındadır. Ekzema üzün yalnız bir hissəsini əhatə edə və ya tamamilə yayıla bilər. Əgər üzdə ekzema yaranıbsa, xəstənin anamnezini toplayarkən istifadə edilən kosmetika və kremlər nəzərə alınmalı, xəstə dəriyə zərər verməyəcək kosmetik vasitələrdən istifadə etməyə təşviq edilməlidir. Dermatoloq tərəfindən xüsusi şampunlar tövsiyə oluna bilər.
Ekzemanın göründüyü digər nahiyə qulaqdır. Adətən qızartı, qaşınma və qulaq həssaslığı şikayətləri şəklində baş verir. Yağlı dəri səthində olması ilə digər ekzema növlərindən fərqlənir.