Gəyirmə (eruktasiya) — həzm traktının aşağı hissələrindən qazabənzər və duru möhtəviyyatın ağız boşluğuna qayıtmasıdır. Adətən fizioloji olur. Gəyirmə həmçinin MBT-nin müxtəlif şöbələrinin xəstəliklərində, kardiopatologiyalar və nevrotik vəziyyətlərdə müşahidə oluna bilər. Bu əlamətin səbəbini müəyyən etmək üçün endoskopik, ultrasəs, rentgenoloji, elektrofizioloji, laborator üsullardan istifadə olunur. Gəyirməni azaltmaq məqsədilə qidalanma tərzinin korreksiyası, bitki dəmləmələri, silikon törəmələri, prokinetiklər məsləhət görülür.
Gəyirmə haqqında ümumi məlumat
Gəyirmə – mədə möhtəviyyatının xarakterik səslə ağız boşluğuna qəfil qayıtmasıdır. Əksər insanlarda gəyirmə zamanı ağız azacıq açılır. Gəyirilən qazlar çox vaxt neytral dad və iyə malik olur. Kəskin iyli məhsullar və içkilər (sarımsaq, soğan, spirtli içkilər) qəbul etdikdə gəyirmə anında ağızdan xarakterik iy gəlir. Mayenin eruktasiyasında müxtəlif intensivlikli turş, bəzən isə acı dad hiss olunur.
Qıcqırma əsasən qaz əmələ gətirən məhsulları yedikdən sonra müşahidə olunur. Bir sıra hallarda gəyirmədən əvvəl epiqastral nahiyədə ağırlıq və ağrı yaranır. Hava və maye ximusun ağıza atılması ilə vəziyyət xeyli yüngülləşir. Normada bu əlamət gün ərzində 15-30 dəfə təkrarlanır. Onun tezləşməsi, acı və ya çürüntülü dadın olması, gəyirmənin hıçqırma, ürəkbulanma, qusma və qarında ağrı ilə müştərəkliyi
qastroenteroloqun müayinəsinə göstəriş sayılır.
Gəyirmənin inkişaf mexanizmi
Gəyirmənin formalaşmasının əsas məqamı hava, karbon qazı və digər qazabənzər maddələr hesabına mədənin həcminin böyüməsidir. Normada mədə boşluğunda hər zaman müəyyən miqdarda qaz olur. Onlar sekresiya və peristaltikanı stimulə edir. Qazların artıq hissəsi adətən qaza sorulur, bağırsağa keçir və ya kiçik porsiyalarla ifraz olunur. Qidalanma prosesində, su içdikdə, siqaret çəkdikdə, emosional tərzdə danışdıqda havanın udulması ilə əlaqədar mədədə qazlar həddindən artıq toplanır.
Bəzi məhsullar (kələm, təzə çörək, lobya, mərci və s.), qazlı içkilər qaz əmələ gətirməklə, mədə divarını genişləndirirlər. Qazların ümumi həcminin artma mexanizmindən asılı olmayaraq, mədə divarı gərildikdə orqanın əzələ toxuması reflektor şəkildə yığılır, kardial sfinkter boşalır. Nəticədə qazlar əvvəlvə qida borusuna, oradan isə ağıza keçir.
Həmçinin çox yedikdə, mədə boşluğundan ximusun evakuasiyası ləngidikdə analoji mexanizmlə eruktasiya baş verir. Sadəcə belə vəziyyətlərdə ağız boşluğuna qazlarla yanaşı, mədənin duru möhtəviyyatı da atılır.
Bəzən eruktasiyanın aparıcı mexanizmi qastroezofageal reflüks olur. Onu mədənin kardial hissəsinin qapayıcı funksiyasının çatışmazlığı törədir. Bir sıra hallarda qida borusunu mədədən ayıran sfinkter zəifləyir. Bununla əlaqədar mədə möhtəviyyatı qida borusuna qayıdır.
Gəyirmənin növləri
Gəyirmənin 2 forması ayırd edilir: sağlam insanlarda yaranan fizioloji; mədə-bağırsaq traktının, eləcə də digər orqan və sistemlərin xəstəlikləri fonunda əmələ gələn patoloji forma.
Gəyirmə zamanı ağız boşluğuna qayıdan möhtəviyyatın xarakteristikasından asılı olaraq, eruktasiya aşağıdakı növlərə bölünür:
Reflektor mədə eruktasiyası ilə yanaşı, bu əlamətin mədəüstü variantı da mövcuddur. Bu zaman qida borusunda yığılan qazlar ağıza qayıdır. Gəyirmənin bu formasında insan gəyirməyə nəzarət edə bilir, yəni udlaq və ağız əzələlərini iradi gərginləşdirərək, havanı xaric edir.