Hidronefroz – sidik axarı keçiriciliyin hər hansı bir səbəbdən pozulması nəticəsində böyrək ləyəni və kasacıqlarının proqressiv genişlənməsi ilə müşahidə olunan, vaxtında müdaxilə edilmədikdə böyrəyin məhvinə səbəb olan xəstəlikdir. Hidronefroza həmçinin böyrəyin hidronefrotik transformasiyası da deyilir. Ureterohidronefroz dedikdə isə, böyrəyin kasa – ləyən sistemi ilə yanaşı sidik axarının da genişlənməsi başa düşülür. Hidronefroza 20 – 60 yaş arasında qadınlarda daha çox, 60 yaşdan yuxarı isə kişilərdə daha çox rast gəlinir.
Hidronefrozun Səbəbləri
Hidro – su, nefros – böyrək deməkdir. Hidronefroz zamanı sadəcə olaraq böyrək genişlənir və sidiklə dolu kisə şəklini alır. Bildiyimiz kimi böyrək iki hissədən ibarətdir.
Parenximada (ətli hissədə) sidik hazırlanır, daha sonra böyrək kasacıqlarına və ləyənə toplanır. Böyrək ləyəninin həcmi normada təqribən 4-6 ml-dir. Ləyəndə bu həcmdə sidik yığılan kimi sidik axarına, oradan da sidik kisəsinə tökülür. Əğər böyrək ləyəninin sidik axarına açılan yerində daralma olarsa, ləyəndəki sidik sidik axarına və oradan da sidik kisəyə boşala bilmir və bu ləngimə nəticəsində böyrək ləyənində qalır. Beləliklə də böyrək ləyəni genişlənir, başqa sözlə desək hidronefroz yaranır.
Hidronefroz – səssiz ölüm adlanan xəstəliklərdəndir. Əksəriyyətimiz ağrı ilə müşahidə olunmayan xəstəliklərə laqeyid yanaşırıq. Hidronefroz hətta iki tərəfli olsa belə ağrısız keçə bilir və böyrək funksiyasının itirilməsinə qədər gətirir. Böyrək funksiyasının itirilməsi dedikdə böyrək çatışmazlığı başa düşülür.
Hidronefrozun səbəbi sidik axarının daralması, xaricdən sıxılması, sidik axarında daş, böyrək sallanması ola bilər. Xaricdən sidik axarını sıxan və ən çox aşkarlanan səbəb böyrəyin aşağı qütbünə gedən əlavə damardır. Lakin hidronefrozun daha ciddi səbəbləri, böyrək, sidik kisə, bağırsaq, uşaqlıq, qarın boşluğu və çanaq orqanlarından inkişaf edən şişlər və peritonarxası sahənin şişləri, peritonarxası fibroz yaxud Ormondo xəstəliyi, böyümüş limfa düyünü və.s ola bilər.
Hidronefrozun səbəblərinə təkcə sidik axarı yox, böyrək ləyənindən başlayaraq sidik kanalının xarici dəliyinə qədər hər hansı səviyyədə sidik ifrazını ləngidən səbəblər də daxildir. Məsələn prostat adenoması, prostat xərçəngi, sidik kanalı daralmaları və. s
Hidronefrozun Əlamətləri
Hidronefroz çox ləng inkişaf edən xəstəlikdir. Yalnız hidronefrozun özünə xas olan əlaməti yoxdur. Başlanğıc mərhələdə ümumiyyətlə əlamətsiz keçir, sonradan isə böyrək nahiyəsində ağrı, diskomfort yaranır, iltihabı proses qoşulduqda ağrı kəskinləşir, bədən temperaturu və arterial təzyiq yüksəlir, ümumi halsızlıq, tez yorulma olur. Uşaqlarda olduqda onlar boy inkişafından geri qala bilir. Bir sıra hallarda sidikdə qan da müşahidə edilir, xüsusən fiziki işdən sonra. Hidronefrozlu xəstələr qarnı üstə yatmağa üstünlük verirlər. Çünki, belə yatmaq sidiyin böyrəkdə ləngiməsinə səbəb olan faktorların təsirini azaltdığı üçün bel hissədə ağrı və diskomfortu da azalır.
Hamiləliklə əlaqədar yaranan hidronefroz
“Hamiləliklə əlaqədar yaranan hidronefroz” və “Hidronefrozlu xəstədə hamiləlik” anlayışlarını qarışdırmaq olmaz. Hamiləliklə əlaqədar yaranan hidronefroz fizioloji haldır, müvəqqətidir, doğuşdan sonra özbaşına keçir.
Ana bətnində döl böyüdükcə sidik axarları daha çox sıxılır, digər tərəfdən isə hamilə qadının bədənində progesteron adlanan hormonun miqdarı kəskin artdığı üçün sidik axarlarının yığılma qabiliyyəti zəifləyir. Bu iki faktorun təsirindən hamiləlik zamanı böyrək ləyənindəki sidiyin drenajı (evakuasiyası) pozulur. Bu isə müvafiq tərəfdə böyrəkdə genişlənmə yaradır. Daha çox genişlənmə sağ böyrəkdə aşkarlanır, ona görə də hamiləlik zamanı böyrəklə əlaqədar yaranan narahatlıqların 60-80 %-i sağ böyrəklə əlaqədar olur. Bu, sağ sidik axarının anatomik mövqeyi ilə əlaqədardır. Döl ana bətnində böyüdükcə sağ sidik axarı daha çıx sıxılır. Hamiləliyin 4-5-ci həftəsindən başlayaraq qanda progesteronlar kəskin artdığından sidik axarlarının yığılma xüsusiyyəti zəifləyir. Dölün sidik axarlarına kompressiyası isə II və III trimestrdə daha çox olur.
Hidronefrozun Ağırlaşmaları
Böyrək ləyənində sidik toplanıb qaldıqca orada təzyiq artır. Nəticədə böyrək daxilindəki kiçik damarlar sıxılır və qan dövranı pozulur. Zaman keçdikcə böyrək öz funksiyasını itirir və içərisi sidiklə dolu bir kisəyə çevrilir. Belə böyrək iltihablaşdıqda onu xilas etmək çox çətin olur yaxud da olmur. Çünki qan dövranı pozulmuş böyrəkdir, yeridilən antibiotiklər ora gedib çatmır, immunitet mexanizmləri orada işləmir və irinli prosesə şərait yaranır. Ona görə bu proses əksər hallarda təcili əməliyyat tələb edir və böyrək çıxardılır. Hidronefrozlu böyrək çox tez-tez iltihablaşır. Böyrəyin iltihabına pielonefrit deyilir. Bədən temperaturu, arterial təzyiq yüksəlir, bel nahiyyəsində ağrı güclənir, xəstədə sidik ifrazı tezləşir, hər dəfə çıxan sidiyin miqdarı azalır, xəstənin üzündə, gözaltı nahiyyələrdə ödem (şişkinlik) yaranır.
Hidronefrozlu böyrəkdə çox tez-tez daş aşkarlanır. Bunun da səbəbi sidiyin böyrəkdə uzunmüddətli ləngiməsi, həm də çox tez-tez infeksiyalaşması nəticəsində çöküntü verməsidir.
Digər bir ciddi ağırlaşma yüksək arterial təzyiqdir. Hidronefroza vaxtında müdaxilə edilmədikdə gec ya tez böyrək atrofikləşir, funksiyasını itirir. Atrofiyalaşmış böyrək qana bir sıra təzyiq artırıcı maddələr ifraz edir ki, nəticədə xəstənin təzyiqi yüksəlir və dərman müalicəsinə tabe olmayan xarakter alır. Bir çox hallarda bu hətta beyində qansızmaya (insulta) səbəb olur. Ona görə də böyrəklə əlaqədar yüksək təzyiqə “bədxassəli” təzyiq də deyilir. Belə xüsusiyyətlərinə görə də böyrəkdəki genişlənmə vaxtında düzgün diaqnostika və müdaxilə tələb edir.
Hidronefrozun dərəcələri
Hidronefrozun inkişafında 3 mərhələ (dərəcə) ayırd edilir.
Hidronefrozun Diaqnostikası
Xəstəlik bəzən xəstənin kəskin şikayəti olmadığı halda təsadüfi müayinə nəticəsində aşkarlanır. USM müayinəsinin nəticəsi gördüldükdən sonra bir sıra müayinələr - ekskretor uroqrafiya, kontrastlı KT müayinəsi, nefrostintiqrafiya və bir sıra analizlər tələb oluna bilər.
Hidronefrozun olmasına həta çox kiçik şübhə oluduqda belə bütün imkanlardan istifadə edib qısa müddətdə onun səbəbini, dərəcəsini müəyyənləşdirmək vacibdir. Bununla böyrəyin funksiya göstərin göstərməməsi, onun xilas olub yaxud götürülməsi tam dəqiqləşdirilir. Bütün bu suallara cavab tapmaq üçün xəstəni ətraflı müayinə etmək lazımdır. Əgər məlum olsa ki, funksiya göstərmir, tez-tez infeksiyalaşır, yüksək təzyiq verir, deməli bu böyrək çıxarılmalıdır. Bu böyrəyin orqanizmdə qalmağı çox ziyandır. Əgər məlum olsa ki, az da olsa funksiyası saxlanılıb, deməli biz bütün mümkün olan imkanlardan istifadə edib böyrəyi saxlamalı, hidronefroza səbəb olan daralmanı ləğv etməliyik.
Vacib müayinələr
Hidronefrozun müalicəsi
Hidronefrozun dərman müalicəsi yoxdur, ona görə də müalcə dedikdə söhbət yalnız cərrahi müalicədən gedir. Əməliyyatlar açıq və laparoskopik üsulla aparılır. Laparoskopik əməliyyat hidronefrozun müalicəsində qızıl standart hesab olunur. Hidronefrozun müalicəsi üçün icra edilən bütün əməliyyatların bir məqsədi var, sidiyin böyrəkdə ləngiməsinə səbəb olan maneənin aradan qaldırılması. Əksər hallarda hidronefrozun səbəbi böyrəyin aşağı qütbünə gedən əlavə arteriyadır (damar). Bu arteriya sidik axarının böyrək ləyənindən çıxın hissəsi ilə kəsişdiyi üçün, ona təzyiq edir. Uzunmüddətli təzyiq nəticəsində sidik axarı divarında daralma yaranır, nəticədə böyrək ləyəninə toplanan sidik, sidik axarı ilə axıb sidik kisəyə tökülə bilmir və böyrək ləyəni genişlənir. Başqa sözlə desək hidronefroz yaranır.
Bəzən hidronefroz əməliyyatından əvvəl punksion nefrostoma deyilən kiçik palliativ əməliyyat aparılır. Bu prosedura əməliyyatxana şəraitində xəstənin bel nahiyyəsindən yerli keyitmə altında böyrəyə drenaj – trubkanın qoyulmasıdır.
Nefrostoma nə vaxt qoyulur?
Əgər xəstə II – III dərəcə hidronefrozla müraciət edibsə, əməliyyat öncəsi nefrostamanın qoyulması və bir ay saxlanılması böyrəyin rezerv imkanlarının üzə çıxması, böyrəyin funksional aktivliyini real qiymətləndirmək üçün çox vacibdir. Uzun müddət böyrək ləyənində sidiyin ləngiməsi, böyrək daxili təzyiqi artırır və böyrək gərgin vəziyyətdə işləyir. Nefrostomanı qoyduqda əmələ gələn sidik asanlıqla drenaj trubka ilə çölə sidikqəbulediciyə axır və böyrəkdaxili təzyiq normal olur, böyrək ləyəni əzələlərinin tonusu normallaşır və böyrək əsas əməliyyata hazır olur.
Laparoskopik pieloplastika – böyrək ləyənində plastik əməliyyat
Yuxarıda qeyd olunduğu kimi müasir Amerika və Avropa protokollarında hidronefrozun standart müalicəsi laparoskopik cərrahiyyədir. Xüsusi optiki alətləri qarın boşluğuna yeritmək üçün qarının ön divarında 3-4 kiçik dəlik açılır. Alətlər əməliyyyat sahəsini 10 dəfəyə qədər böyütməyə imkan verir. Xəstələrin də ən çox qorxduğu əməlyyatdan sonrakı böyük çapıq, qarında ciddi ağrılar,bir aya qədər bir neçə drenaj – trubka ilə gəzmək, uzun müddət xəstəxanada qalmaq, əmək qabiliyyətinin gec bərpa olmasıdır ki, laparoskopik əməliyyatlarda bunların heç biri yoxdur. Laparoskop yüksək göründü verən kamera ilə təchiz olunmuş alətdir və əməliyyatın zərgər dəqiqliyi ilə aparılması üçün yaradılmışdır.
Laparoskopik əməliyyatın üstünlükləri
Proqnoz
Əgər hidronefroz vaxtında müalicə olunarsa proqnoz qənaətbəxşdir. Vaxtında müalicə aparılmasa, böyrəkdə genişlənmə uzun müddət qalarsa böyrək iltihablaşar və nəticə qənaətbəxş olmuya bilər.
Profilaktikası
Hidronefrozdan qorunmaq mümkün deyil. Lakin vaxtlı-vaxtında müayinədən keçməklə onu vaxtında aşkarlamaq və ağırlaşmalarından qorunmaq olar. Bunun üçün ildə bir dəfə həkim-uroloqun qəbulunda olmaq, minimal müayinədən keçmək kifayət edər. Əgər böyrəkdə, sidik axarında genişlənmə aşkarlanarsa buna ciddi yanaşmaq və vaxtında həkim uroloq – androloqa müaricət etmək lazımdır.
https://androloq.az/uslugi/hidronefroz-nedir-boyrekde-genislenme/