Kollaps – kəskin damar çatışmazlığı olub, damar tonusunun zəifləməsi və sirkulyasiya edən qanın həcminin nisbi azalması ilə müşayiət edilir. Ümumi vəziyyətin qəfil pisləşməsi, başgicəllənmə, taxikardiya, hipotoniya ilə özünü büruzə verir. Ağır hallarda huşun itirilməsi mümkündür. Diaqnoz klinik məlumatlar və Korotkov üsulu ilə tonometriyanın nəticələrinə əsasən qoyulur. Spesifik müalicə xəstənin ayaqlarını yuxarı qaldıraraq uzandırılması, kofein və kordiaminin dəri altına yeridilməsi, kristalloid məhlulların infuziyasından ibarətdir. Xəstənin huşu bərpa olunduqdan sonra differensial diaqnostika və patoloji vəziyyətin yaranma səbəblərini müəyyən etmək üçün hospitalizasiya göstətiş sayılır.
Kollaps barədə ümumi məlumat
Kollaptoid vəziyyətlər (damar çatışmazlığı) – ürək-damar sisteminin xroniki və ya kəskin xəstəlikləri, digər patologiyalar fonunda qəflətən yaranır. Əsasən hipotoniyaya meylli xəstələrdə, miokard infarktı, ürəkdaxili keçiriciliyin total blokadası, mədəcik aritmiyalarında aşkarlanır. Patogenez və klinik əlamətlərinə görə şoku xatırladır. Erkən mərhələlərdə xarakterik patofizioloji əlamətlərin olmaması ilə ondan fərqlənir – pH-ın dəyişməsi, toxuma perfuziyasının əhəmiyyətli dərəcədə zəifləməsi, daxili orqanların funksional pozğunluqları qeydə alınmır. Kollaps 1 saatdan artıq davam etmir, şok vəziyyəti isə daha uzun zaman ərzində müşahidə edilir.
Kollapsın yaranma səbəbləri
Damar tonusu 3 mexanizm tərəfindən tənzimlənir: yerli, humoral və sinir. Sinir mexanizmi damar divarının simpatik və parasimpatik sinir sisteminin lifləri ilə stimulyasiyasından ibarətdir. Humoral tənzim natrium və kalsium ionları, vazopressor hormonlar (adrenalin, vazopressin, aldosteron) hesabına reallaşır. Yerli tənzim damar divarında elektrik impulslarını generasiya edən ektopiya ocaqlarının yaranmasına əsaslanır. Skelet əzələlərinin damar şəbəkəsi əsasən sinir mexanizmi üzrə tənzimləndiyindən kollapsa baş beynin vazomotor mərkəzinin aktivliyinin zəifləməsi ilə müşahidə edilən istənilən hallar səbəb olur. Kollapsın əsas etioamilləri aşağıdakılardır:
Kollapsın patogenezi
Kollaptoid vəziyyətlərin patogenezinin əsasında damar şəbəkəsinin keçiricilik qabiliyyəti ilə sirkulyasiya edən qanın həcmi arasındakı ifadəli uyğunsuzluq dayanır. Genişlənmiş arteriyaların lazımi müqavimət göstərməməsi AT-nin kəskin azalmasına gətirib çıxarır. Bu hal vazomotor mərkəzin toksiki zədələnməsi, iri arteriya və venaların reseptor aparatının fəaliyyətinin pozulması, ürəyin nasos funksiyasının zəifləməsi, damar sistemində mayenin miqdarının azalması zamanı baş verə bilər. Arterial təzyiqin enməsi toxumalarda qazların perfuziyasının zəifləməsinə, hüceyrələrə oksigenin kifayət qədər daşınmamasına, bədənin metabolik tələbatı ilə onun O2 ilə təchizatı arasındakı disbalans nəticəsində baş beyin və daxili orqanların işemiyasına səbəb olur.
Kollapsın təsnifatı
Kollaps etioloji prinsiplər üzrə təsnif edilir. Onun 14 forması mövcuddur: infeksion-toksiki, pankreatik, kardiogen, hemorragik və s. Patologiyanın bütün tiplərində ilkin yardım zamanı eyni tədbirlər aparıldığından bu təsnifat praktik cəhətdən bir o qədər də əhəmiyyət kəsb etmir. İnkişaf mərhələləri üzrə sistemləşdirmə daha aktualdır:
Kollapsın əlamətləri
Kəskin damar çatışmazlığının klinik fonu xəstəliyin proqressivləşməsindən asılı olaraq dəyişir. Simpatotonik mərhələ psixomotor oyanıqlıq, narahatlıq, əzələ tonusunun artması ilə xarakterizə olunur. Pasiyent aktivdir, lakin hərəkətlərinin tam fərqinə varmır, sakit otura və ya uzana bilmir, yataqda vurnuxur. Ətraflar soyuyur, ürək yığılmalarının tezliyi yüksəlir. Dəri örtüklərinin solğunluğu və ya mərmərliyi nəzərə çarpır.
Vaqotonik mərhələdə xəstədə tormozlanma izlənilir. O, sualları ləng və qısa cavablandırır, söhbətin mahiyyətini anlamır. Əzələ tonusu zəifləyir, hərəki aktivlik itir. Dəri solğunlaşır və ya boz-sianotik çalar alır, qulaq sırğalığı, dodaqlar, selikli qişalar göyərir. AT mülayim dərəcədə azalır, bradikardiya və ya taxikardiya yaranır. Nəbz zəif dolğunluqlu və gərgin olur. Yumaqcıq filtrasiyasının azalması oliqouriyaya gətirib çıxarır. Tənəffüs küylü və tezləşmiş xarakter alır. Sadalanan əlamətlərə ürəkbulanma, başgicəllənmə, qusma, ifadəli halsızlıq əlavə olunur.
Paralitik kollaps üçün huşun itməsi, bulbar (damaq, udma) və dəri reflekslərinin (pəncə, qarın) olmaması xarakterikdir. Dəri göy–tünd-qırmızı ləkələrlə örtülür, bu da kapilyar durğunluğuna dəlalət edir. Çeyn-stoks tipli periodik, seyrək tənəffüs, sapvari nəbz qeydə alınır. ÜYT dəqiqədə 40-50 vurğuya qədər və daha çox azalır. AT kritik səviyyəyə enir. Erkən mərhələlər bəzən tibbi müdaxilə olmadan kompensator-uyğunlaşma reaksiyaları hesabına aradan qalxır. Patologiyanın son mərhələsində simptomatikanın reduksiyası müşahidə olunmur.
Kollapsın ağırlaşmaları
Kollapsın başlıca fəsadı baş beyində qan dövranının pozulması, işemiyanın inkişafıdır. Xəstəliyin uzunmüddət inkişaf etdiyi hallarda bu, demensiya, MSS tərəfindən innervasiya olunan daxili orqanların funskional pozğunluqlarına səbəb olur. Huşsuz vəziyyət və ya sopor fonunda qusma mədə möhtəviyyatının aspirasiya riski ilə müşayiət olunur. Xlorid turşusu tənəffüs yollarında traxeya, bronxlar və ağciyərlərin yanığına gətirib çıxarır. Müalicəyə çətin tabe olan aspirator pnevmoniya yaranır. Üçüncü mərhələdə tibbi yardımın aparılmaması ifadəli metabolik pozğunluqlar, respirator sistemin fəaliyyətinin pozulması və pasiyentin ölümü ilə nəticələnir. Belə hallarda uğurlu reanimasiyanın ağırlaşması postreanimasion xəstəlik sayılır.
Kollapsın diaqnostikası
Kollapsın diaqnostikası reanimasiya və intensiv terapiya şöbəsində həkim anestezioloq-reanimatoloq, terapevtik stasionarda isə – terapevt (kardioloq, qastroenteroloq, nefroloq və s.) tərəfindən aparılır. Patologiya müalicə – profilaktika müəssisəsindən kənarda inkişaf etdikdə təcili tibbi yardım çağırılır və ümumi baxış əsasında ilkin diaqnoz qoyulur. Differensial diaqnostika məqsədilə müalicə müəssisəsində əlavə üsullar təyin olunur. Kollaps istənilən etiologiyalı koma, bayılma, şokdan ayırd edilir. Diaqnostika mərhələsində aşağıdakı üsullardan istifadə olunur:
Kollapsın müalicəsi
Xəstənin ayaqlarını bir qədər qaldırmaqla horizontal səth üzərinə uzadılır. Qusma zamanı mövtəviyyətin asanlıqla xaricə axması və tənəffüs yoluna düşməməsi üçün başa düzgün vəziyyət verilir. Tənəffüs yolları tənzifə və təmiz parça salfetə bürünmüş 2 barmaqla təmizlənilir. Sonrakı terapevtik tədbirlərin siyahısı kollapsın mərhələsindən asılıdır:
Xəstə yaxınlıqdakı müalicə müəssisəsinə hospitalizasiya olunmalıdır. Stasionarda müalicə tədbirləri davam etdirilir, patologiyanın səbəbini müəyyən etmək üçün müayinələr təyin olunur. Orqanizmin həyati vacib funksiyaları: tənəffüs, ürək və böyrəklərin fəaliyyəti təmin olunur. Kollaptoid tutmanın səbəblərinin aradan qaldırılmasına yönəldilmiş müalicə aparılır.
Kollapsın proqnoz və profilaktikası
Patologiya ağır xəstəliklərin dekompensasiyası nəticəsində inkişaf etdiyindən proqnoz adətən qeyri-qənaətbəxş olur. Damar çatışmazlığını aradan qaldırmaq nisbətən asan olur, lakin patologiyanın ilkin səbəbləri saxlanıldıqda tutmalar yenidən baş verir. Müalicəyə tabe olmayan kollaps pasiyentin ölümü ilə nəticələnir.
Profilaktika damar tonusunun kəskin azalmasına səbəb olan patologiyaların vaxtında müalicə olunmasından ibarətdir. Ürək xəstəliklərinin adekvat terapiyası, bakterial infeksiyalarda antibiotiklərin vaxtında təyini, zəhərlənmələr zamanı tam detosikasiya 90% hallarda kollapsın qarşısını almağa imkan verir.