Malyariya ölümcül qlobal xəstəliklərdən biridir və xüsusilə Afrikada çox yayılıb. Ağcaqanadların yaratdığı bu xəstəlik əsasən Sahara Afrikasında üstünlük təşkil edir.
Malyariya xəstəliyinin yaranması
Malyariya parazitləri insanın qanına düşdükdə dövr edərək qaraciyərə düşürlər, onun hüceyrələrinə nüfuz edirlər, orada böyüyərək çoxalırlar. Sonradan parazitlər qaraciyəri tərk edərək eritrositlərə daxil olurlar. Bu proses bir həftədən bir neçə aya kimi çəkə bilər. Parazitlər qaraciyərdə olduqda insan heç bir narahatlıq hiss etmir.
Eritrositlərə daxil olan parazitlər öz inkişafını davam etdirir və çoxalırlar. Eritrositlərin qılafı partladıqdan sonra onlar digər eritrositlərə daxil olmağa imkan əldə edirlər. Bu cür halda parazitlər toksinlər ifraz edirlər (zəhərlər). Qan dövranına düşəndə parazitlər digər orqanlara, o cümlədən beyinə də xətər yetirə bilər, bunun səbəbi ağır infeksiyaya məruz qalmış eritrosit laxtalarının qanın kapillyarlarda hərəkətinə maneçilik törətməsidir (belə olduqda bədən toxumaları zəifləyir). Bu mərhələyə çatdıqda insan artıq halsızlıq və zəiflik hiss etməyə başlayır.
Malyariya xəstəliyinin əlamətləri
Malyariyanın simptomlarının sırasına, yüksək qızdırma, üşütmə, baş ağrılarını, əzələ ağrılarını və yorğunluğu aid etmək olar. Bundan savayı eyni zamanda ürək bulanması, qusma və ishal da müşahidə oluna bilir. Eritrositlərin parçalanması səbəbindən malyariya anemiyanın yaranmasına və eləcə də ödün dağılmasına (dəri və gözlərin saralması) gətirib çıxara bilər.
Malyariyanın parazitlərinin ən təhlükəli növü olan Plasmodium falciparum tərəfindən törədilən xəstəlik zamanı böyrək çatışmazlığı, epileptik qıcolmalar, əqli pozğunluqlar, koma, və vaxtında müvafiq tibbi köməyin göstərilmədiyi təqdirdə ölüm baş verə bilər.
Əksər hallarda simptomlar özünü yoluxmadan sonra 10 gün-4 həftə ərzində büruzə verir, lakin insan halsızlıq və zəifliyi həm 8 gündən sonra, həm də bir ildən sonra hiss edə bilər. Malyariyanın iki növü, Plasmodium vivax və Plasmodium ovale residivlərin ortaya çıxmasına səbəb ola bilər, bunun səbəbi ondan ibarətdir ki, malyariya parazitlərinin bəziləri insanın qaraciyərində bir neçə aydan başlayaraq 3 ilə kimi qala bilərlər. Bu parazitlər passiv haldan çıxaraq eritrositlərə daxil olmağa başladığı vaxtdan insanda xəstəlik halı üzə çıxmağa başlayır.
Malyariya parazitləri bir xəstə insandan sağlam insana adətən Anopheles cinsindən olan ağcaqanadların vasitəsi ilə ötürülür. Ağcaqanadı yoluxduran parazitin forması qametosit adlanır. Qametositlər merozoitləri qana daxil olduqdan sonra infeksiyaya yoluxmuş insanların daxili orqanlarının kapillyarlarında inkişaf etməyə başlayırlar.
Ağcaqanadlar üçün yoluxucu olan yetkin qametositlər periferik qanda təqribən 3 (Plasmodium vivax olduqda) və 10 gündən sonra (Plasmodium falciparum və Plasmodium malariae olduqda) peyda olmağa başlayırlar. Anopheles cinsindən olan ağcaqanadın dişisi infeksiyaya yoluxmuş insanı sancdıqda, onun qanını sorarkən qan ilə birlikdə malyariya qametositlərini də udur.
Bu təqdirdə, malyariya paraziti ağcaqanadın orqanizmində bir müddət qalaraq inkişaf etməlidir, və yalnız bundan sonra o özü digər insanları yoluxdura bilər. Bu cür müddətin sürəkliliyi (sporogenik dövr) Plasmodiumun növündən və eləcə də ətraf mühitin temperaturundan asılıdır. Afrika regionları kimi həddən artıq endemik olan bölgələrdə malyariya xəstəliyinə bir neçə dəfə düçar olmuş insanlarda həmin xəstəliyə qarşı kliniki simptomların əksər hissəsini yatırdan müəyyən immunitet yaranır.
Bu cür insanlar öz orqanizmlərində sancma zamanı ağcaqanadları yoluxduran qametositləri daşıya bilərlər. İmmuniteti olmayan insanlarda kliniki simptomlar bir qayda olaraq qametositlər periferik qanda peyda olana kimi inkişaf edir. Əgər istənilən şəxs malyariyaya yoluxubsa və onda kliniki simptomların ortaya çıxmasından öncə lakin merozoitlərin qaraciyərdən qan dövranına daxil olduqdan sonra həmin şəxs qan donoru kimi çıxış edirsə, bu təqdirdə həmin insanlar özlərindən xəbərsiz verdikləri qanları ilə infeksiyanı digərlərinə ötürə bilərlər.
Kliniki simptomları olmayan qismi immunitetə malik olan insanların verdikləri donor qanında da malyariya parazitləri ola bilər. Buna bənzər şəkildə, malyariya həmçinin yoluxmuş iynə və şprislərin vasitəsi ilə də ötürülə bilər.
Plasmodium vivax və Plasmodium ovale vasitəsi ilə baş vermiş infeksiyalar zamanı pasiyent praktiki olaraq simptomların özünü büruzə verməsindən dərhal sonra infeksiyanı ağcaqanada ötürə bilər. Plasmodium falciparum ilə yoluxma zamanı isə infeksiyanın ağcaqanada ötürülməsi yalnız bir neçə gün keçdikdən sonra, yəni yetkin qametositlərin periferik qanda peyda olmağa başladıqları zaman baş verə bilər.
Malyariya ilə xəstələnmiş, lakin sonradan tamamilə sağalmış adam onu digərlərinə ötürə bilər. Bu təqdirdə həmin insanlar malyariya xəstəliyinin simptomlarını aşkar etməyən daşıyıcılar şəklində həmin xəstəliyi digərlərinə ötürə bilər. Belə şəxslərə parazitgəzdiricilər deyirlər. Tropik (yuxarıya baxın) malyariyaya qarşı immunitet əldə etmiş insanlarda və yaxud da Plasmodium vivax və ya Plasmodium ovale ilə ilk dəfə xəstələnərək sağalmış insanlarda sonralar xəstəliyin qayıtması hallarının baş verməsinə dair bir çox misal göstərmək olar.
Malyariya infeksiyalarının müalicəsində istifadə olunan xloroxin və mefloxin kimi dərman preparatları qan damarlarında olan Plasmodium falciparumun yetkin qametositlərini məhv etmir. Malyariyanın müalicəsində tətbiq olunan dərman preparatlarının vasitəsi ilə müvəffəqiyyətli müalicə keçmiş insanlar tam olaraq sağlam olduqları halda, orta hesabla təxminən 2 ay müddətində yoluxucu olaraq qalırlar, bu hal qametositlərin təbii ölümlə ölməsi anına kimi və yaxud da insanın qametositləri doğrudan da məhv etməyə qadir olan primaxin kimi dərman vasitəsindən istifadə etməsinə kimi davam edir.
Malyariya xəstəliyinin geri qayıtması
Plasmodium vivax və Plasmodium ovale qaraciyərdə sakitlik vəziyyətində bir neçə ay ərzində qala bilirlər. Qaraciyərin dayanıqlı formaları tərəfindən törədilən xəstəliyin qayıtması halları yoluxmadan sonra aylar, və hətta 4 il keçdikdə baş verə bilər. Müalicə edilməmiş və yaxud da natamam müalicə olunmuş Plasmodium malariae qan infeksiyası insan bədənində illər ərzində, simptomlar üzəçıxana kimi qala bilər və hətta insanın orqanizmində həyat boyu qala bilər.
Plasmodium falciparum növündən olan və dərmanlara qarşı davamlı malyariya parazitinin yayıldığı bölgələrdə, infeksiyanın təkrarən üzə çıxması halı müvəffəqiyyətlə aparıldığı güman olunan kliniki müalicədən bir ay sonra və yaxud da daha gec baş verə bilər. Endemik bölgələrdə təkrar yoluxma ehtimalı hər zaman mövcuddur.
Malayariyanın müalicəsi
Malyariya xəstəliyi vaxtlı-vaxtında və müvafiq şəkildə müalicəyə cəlb olunduğu halda o tam müalicə edilə bilər. Peyvəndin hazırlanması istiqamətində bir çox səylərin göstərilməsinə baxmayaraq, hal-hazırda bu cür peyvənd mövcud deyil. Malyariya resept ilə verilən dərman vasitələrinin köməyi ilə müalicə edilir.
Dərman vasitələrinin növü və eləcə də müalicənin davamiyyəti malyariyanın diaqnostika olunmuş formasından, pasiyentin xəstəliyə yoluxduğu ərazidə dərman vasitəsinə həssaslığın dərəcəsindən, xəstənin fərdi xüsusiyyətlərindən, yaşından, allergiyaya olan meyllilikdən və eləcə də müalicənin başlandığı anda xəstəliyin ağırlığından asılıdır.
Bəs əgər malyariyanın qarşısının alınması ehtimalı varsa və onun müalicəsi mövcuddursa nə üçün bu qədər çox adam həmin xəstəlikdən vəfat edir? Malyariya xəstəliyinə yoluxmuş insanlar arasında ölüm hallarının baş verməsinin başlıca səbəbi xəstəliyin törədilməsi səbəbləri və onun yayılma yolları və eləcə də infeksiyadan qorunma yolları haqqında məlumatsızlıqdır.
Bir çox hallarda insanlar malyariya ilə xəstələndiklərini sadəcə dərk edə bilmirlər və tibbi yardım üçün həddən artıq gec müraciət edirlər. Onlar hesab edirlər ki soyuqdəymə, qrip və yaxud da digər geniş yayılmış xəstəliyə yoluxublar. Tibbi xidmət məntəqələrindən uzaqda yaşayan insanlar əksər hallarda yerli dərman satıcılarına məsləhət üçün müraciət edirlər, bu da ki öz növbəsində hər zaman doğru olmaya bilər, yaxud da onlar qeyri səmərəli dərman preparatlarını alıb onlardan istifadə edirlər.
Malyariyaya yoluxma riskinin yüksək olduğu bölgələrdə insanlar qızdırmanın istənilən forması ortaya çıxdıqda tibbi yardım üçün mütləq tibb müəssisəsinə müraciət etməlidirlər. Kiçik yaşlı uşaqlar və eləcə də hamilə qadınlar yoluxma anından sonra 24 saat ərzində müalicə keçməlidirlər. Ölüm halları ən çox Tropiki malyariya zamanı baş verir. Azərbaycanda yalnız üç günlük malyariya qeydə alınır. Bu növ malyariya zamanı ölüm halları olmur. Lakin vaxtında müraciət olmasa və müalicə edilməsə onda ciddi ağrılaşmalar baş verə bilər.
Malyariyanın geniş yayılmış olduğu regionlarda insanlar həyatı boyu bu xəstəlikdən bir neçə dəfə əziyyət çəkə bilərlər. Belə olduqda həmin insanların bu xəstəliyə meylliyi müəyyən qədər azalır və nəticə etibarı ilə yaş ötdükcə malyariya xəstəliyinin gedişi yüngülləşir. Lakin bu yüngülləşmə qismən baş verir, və müəyyən zaman müddətini əhatə edir, bu da ki keçmişdə baş vermiş xəstələnmə hallarının sayından və eləcə də onların intensivliyindən asılıdır.
Malyariyanın mövsümi və eləcədə epidemik xarakter daşımaqla tez-tez büruzə verdiyi ərazilərdə lazımi qoruyucu immunitet heç vaxt yaranmaya da bilər. İnfeksiyanın ötürülmə ehtimalının yüksək olduğu endemik regionlarda yenicə doğulmuş körpələr həyatlarının ilk aylarında öz analarının anticisimləri ilə müdafiə olunurlar.
Sonralar illər ötdükcə xəstəlikdən vəfat etmədikləri təqdirdə həmin uşaqlarının özlərində tədricən xəstəliyə qarşı immunitet yaranır. İmmunitet dönmə qabiliyyətinə malikdir, və tamamilə “qorunma” altında olan yaşlı nəsil nümayəndələri malyariya xəstəliyinin hökm sürdüyü ərazilərdən köçüb getdiklərindən bir-iki il sonra öz immunitetlərini itirirlər.