Main

Mastopatiya: əlamətləri və müalicəsi

Mastopatiya (fibroz-kistoz xəstəlik) – süd vəzilərin dishormonal xəstəliyidir ki, bu zaman onun birləşdirici və vəzli toxumaları böyüyərək bərkləşmə və müxtəlif ölçülü kistlər yaradır.

Ümumi məlumat

Bu xəstəliyi süd vəzin xoşxassəli şişi olan fibroadenomadan fərqləndirmək lazımdır. Onlar çox müxtəlif xəstəliklərdi.

Mastopatiya əsasən 30-50 yaşlarda rast gəlinir. Postmenopauzada olan və hormonal terapiya almayan qadınlar üçün bu xəstəlik xarakterik deyil.

Mastopatiyanın növləri

Praktiki təbabətdə palpasiya və mammoqrafiya zamanı tapılan dəyişiklikləri və histoloji müayinənin nəticələrini nəzərə alaraq, xəstəliyin üç əsas formasını ayırd edilir.

  • Diffuz forma - xəstəliyin erkən mərhələsidir. Histoloji mənzərədə orqanın normal hissələri hiperplastik (böyümüş) və atrofik (kiçilmiş) paycıqlar, genəlmiş axacaqlar və xırda kistalar (kistoz), birləşdirici toxumanın bərkləşmiş hissələri (fibroz) ilə eyni vaxtda rast gəlinir.
  • Düyünlü forma - vəzin paylarında düyünlü törəmələrin əmələ gəlməsilə xarakterizə olunur. Bu formada atipik hüceyrələrin də aşkarlana bilinməsi, əslində onu xərçəngönü vəziyyətlərə aid etməyə əsas verir.
  • Qarışıq və ya diffuz-düyünlü forma – süd vəzilərində düyünlü törəmələrin diffuz dəyişikliklər fonunda rast gəlinməsidir.

Süd vəzilərinin bədxassəli şişləri həmişə fibroz-kistoz mastopatiyanın nəticəsi olmur. Lakin onların olması xərçəngin inkişaf riskini bir neçə dəfə artırır, hansı ki, pay- və axacaqdaxili epitelin proliferasiya səviyyəsindən asılıdır. Əməliyyat zamanı alınan materialın histoloji müayinəsinə əsasən, 46% halda bədxassəli şişlər diffuz fibroz-kistoz mastopatiya fonunda rast gəlinir. Bu fakt yenə də sübut edir ki, mastopatiyanın müalicə və profilaktikası, həm də süd vəzi xərçənginin profilaktikasıdır.

Xəstəliyin inkişaf səbəbləri və risk amilləri

Mastopatiyanın etiologiya və patogenezi hələ tam araşdırılmamışdır. Lakin, bu patologiyanın inkişafı ilə orqanizmdə hormonal balansın pozulması arasında bilavasitə əlaqənin olması sübut olunmuşdur. Ona görə də, diffuz mastopatiyaya süd vəzilərin dishormonal hiperplaziyası kimi də baxılır.

Süd vəzləri qadının həyatının istənilən dövründə hormonların, əsas da cinsi hormonların səviyyəsinin dəyişməsinə çox həssasdır. Onlar heç vaxt funksional sakit vəziyyətdə olmur. Süd vəzlərinin quruluşu və inkişafı, menstrual tsikl, hamiləlik və laktasiya ilə əlaqədar fizioloji dəyişiklikləri, bilavasitə hormonlarla idarə olunur.

Bunlara hipotalamusun qonadotropin-rilizinq hormonu, hipofizin prolaktin, LH (lüteinləşdirici) və FSH (follikulostimulyasiyaedici) hormonları, tireotrop və XQ, qlükokortikoidlər və insulin, ən əsası isə – cinsi hormonlar (androgenlər, estrogenlər, progestron, prolaktin) aiddir.

Buna görə də istənilən hormonal pozğunluq, əsas da progestron ilə estrogen arasındakı disbalans (süd vəzlərinə ən çox estradiol təsir edir), süd vəzlərinin toxuma quruluşunun pozulması ilə müşayiət olunur və nəticədə mastopatiya inkişaf edir.

Progestronun nisbi (estrogenlərə nisbətdə) və ya mütləq defisiti, daha çox əhəmiyyət daşıyır. Onun çatmamazlığı təkcə ödemə deyil, həm də paylararası birləşdirici toxumanın kütlə və həcminin artmasına, axacaq epitelinin böyüyərək, onun mənfəzini bağlamasına və kistlərin əmələ gəlməsinə səbəb olur. Bu hormon estrogen reseptorlarının aktivliyini və aktiv estrogenlərin lokal konsentrasiyasını azaltmağa qadirdi və bununla da vəzin böyüməsini məhdudlaşdırır.

Mastopatiyanın inkişafında prolaktin hormonu da müəyyən rol oynayır, hansı ki, vəz toxumasındakı estradiola həssas reseptorların sayını artırır. Bu, vəz hüceyrələrinin sonuncuya həssaslığını artırır və epitelin böyüməsini tezləşdirir. Bundan başqa, prolaktinin səviyyəsinin qalxması estrogen-progestron nisbətini dəyişərək, menstruasiyanın ikinci yarısında süd vəzlərinin ödemləşməsinə, bərkiməsinə və ağrılı olmasına səbəb olur.

Xəstəliyin çoxsaylı risk faktorları mövcuddur, amma əsasları bunlardı:

  • Menstruasiyanın yaşa uyğun olmayaraq, gec (16 yaşından sonra) və ya tez (12 yaşına qədər) başlaması, hansı ki, qızın orqanizmi hələ hormonal dəyişikliklərə uyğunlaşa bilmir.
  • Cinsi həyatın gec (30 yaşdan sonra) başlaması.
  • Erkən (45 yaşa qədər) və ya gecikmiş (55 yaşdan sonra) klimaks, hansı ki, cinsi hormonların erkən disbalansı və ya estrogenlərin uzun müddətli təsiri ilə əlaqədardı.
  • Sonsuzluq, doğuşların olmaması və ya ilk hamiləliyin gec (30 yaşdan sonra) olması.
  • Cavanlıqda və ya 35 yaşından sonra aparılan çoxsaylı abortlar. Vəz toxumasının böyük olduğu, hamiləliyin 6-cı həftəsindən sonrakı dövrdə 3 dəfə süni pozulması fizioloji proliferasiyanın patolojiyə keçməsinə səbəb olur. Bu müddətdə aparılan abortlar hormonal dəyişiklikləri pozaraq, mastopatiyanın inkişaf riskini 7 dəfə artırır.
  • Ana südü ilə qidalanmanın olmaması, qısamüddətli olması (5 aydan az) ya da uzun müddət davam etməsi.
  • İrsi meyl və yaşın 45-dən yuxarı olması
  • Qadın cinsi sferasının xroniki xəstəlikləri (təxminən 40-70%), hansı ki, xəstəliyi bilavasitə provokasiya etmir, lakin endokrin pozğunluqlara səbəb olur.
  • Genital endometrioz (80%), uşaqlıq mioması (85%), hansılar ki, süd vəzilərinə bilavasitə və ya dolayı yolla təsir edir
  • Yumurtalıq şişləri və menstrual tsiklin pozğunluqları (54%).
  • Hipotalamo-hipofizar sistemin hormonal pozğunluqları, qalxanvari vəzin xəstəlikləri (mastopatiyası olan qadınların 40-80%-ində rast gəlinir), böyrəküstü vəzlərin qabıq maddəsinin disfunksiyası, yumurtalıqların polikistozu və metabolik sindromdakı hormonal disbalans.
  • Qaraciəyər, ödçıxarıcı yollar və bağırsaq xəstəliklərilə əlaqədar, steroid hormonların, xüsusən estrogenlərin utilizasiyasının pozulması.
  • Uzunmüddətli psixoloji gərginlik və xroniki stress vəziyyətləri, hansı ki, mərkəzi sinir sistemi ilə vegetativ və endokrin sistemlər arasındakı əks əlaqənin pozulmasına səbəb olur. Bu cür pozğunluqlar mastopatiyalı qadınların demək olar ki 80%-ində rast gəlinir.
  • Qeyri-rasional qidalanma – yağ, karbohidrat, heyvani zülallarla zəngin, meyvə və tərəvəzlərlə kasad qidaların qəbulu.
  • Nikotin intoksikasiyası, alkoqol və kofein tərkibli məhsullardan – tünd çay və kofe, energetik içkilər, şokoladdan həddən artıq istifadə.
  • Xarici mühit amillərinin neqativ təsiri (kimyəvi kanserogenlər və ionlaşdırıcı şüalanma) tez-tez mastopatiyanın yaranmasına səbəb olur.

Mastopatiya və hamiləlik müəyyən qədər bir-birilə əlaqəlidir. Əgər yuxarıda qeyd edildiyi kimi, gec və ya pozulmuş hamiləlik, həmçinin sonsuzluq mastopatiyanın inkişafının risk faktorlarıdırsa, əksinə, təkrar hamiləlik və doğuşları xəstəliyin profilaktikası hesab etmək olar. Bundan başqa, bəzi müəlliflər hesab edirlər ki, hamiləlik zamanı mastopatiyanın inkişafı dayanır və dəyişikliklərin dərəcəsi azala bilər. Bu, hamiləlik və südvermə zamanı qanda progesteronun artması ilə izah olunur.

Mastopatiyanın əlamətləri

İstənilən patologiyanın diaqnostikası xəstə ilə söhbətə, onun şikayətlərinə, vizual və palpator baxışa əsaslanır. Bunlar həkimə sonrakı müayinə metodlarını seçməyə imkan verir.

Mastopatiya qadına uzun müddət heç bir narahatçılıq verməyə bilər.

Amma əksər hallarda qadın həkimə aşağıdakı şikayətlərlə gəlir:

  • süd vəzilərində ağrı (daimi və ya menstrual tsiklə uyğun təkrarlanan);
  • süd vəzilərində bərkimə və düyünlərin (adətən onların da ölçüləri menstrual tsiklə uyğun dəyişir) olması.

Qeyd etmək lazımdır ki, regionar limfa düyünlərinin böyüməsi, onların ağrılı olması və temperaturun qalxması mastopatiya əlamətləri deyil. Lokal və ümumi temperaturun qalxması, limfa düyünlərinin böyüməsi adətən süd vəzlərində iltihab olduqda (mastit) müşahidə edilir. Bundan başqa, həkim süd vəzlərini müayinə edərkən, həmişə regionar limfa düyünlərini, hansı ki, bədxassəli şişlərin ilk metastaz yeridir, hərtərəfli yoxlayır.

Xəstəliyin diaqnostikası

Diaqnoz kliniki müayinələrə (ginekoloqun, mammoloqun, bəzi hallarda onkoloqun baxışı), süd vəzilərin USM-inə, mammoqrafiyaya, hormonal profilin təyininə (estrogenlərin, progestronun, prolaktinin səviyyəsi) əsaslanır.

Bəzi hallarda sitoloji müayinə üçün süd vəzi toxumasından biopsiya götürülə bilər.

Mikroskopik müayinədə xəstəliyin proliferativ (hüceyrələrin intensiv bölünməsi ilə) və qeyri-proliferativ formaları (hüceyrələr intensiv bölünmür) ayırd edilir. Proliferativ forma daha çox diqqət tələb edir, belə ki, adətən onları süd vəzin bəd xassəli şişləri ilə əlaqələndirirlər.

Mastopatiyanı necə müalicə etməli

Xəstəliyin geniş yayılmasına və xərçəngin profilaktikasında böyük əhəmiyyətinə baxmayaraq, onun ümumi qəbul olunmuş standart müalicə prinsipləri yoxdur.

Düyünlü formaların müalicəsi nazik iynə ilə punksion biopsiyadan başlayır. Düyündə displaziya əlamətləri tapılarsa (birləşdirici toxuma strukturlarının qeyri-düzgün inkişafı) cərrahi müalicə — sektoral rezeksiya və ya orqanın tam çıxarılması və çıxarılmış materialın təcili histoloji müayinəsi məsləhət görülür.

Pəhriz

Mastopatiya zamanı pəhriz həm müalicəvi, həm də profilaktik əhəmiyyət daşıyır, çünki qidalanma cinsi hormonların, əsas da estrogenlərin mübadiləsinə təsir göstərir. Karbohidrat və yağların, ət məhsullarının miqdarını azaltmaq məsləhət görülür, hansı ki, qanda estrogenlərin səviyyəsinin azalmasına və androgen-estrogen nisbətinin normallaşmasına səbəb olur. Bundan başqa, meyvə-tərəvəzdə, əsas da dənli bitkilərdə olan sərt bitki liflərinin xərçəngəleyhinə təsiri artıq çoxdan sübut olunmuşdur.

Tərkibində çoxlu miqdarda vitamin və mikroelementlər, əsas da yod, sink, selen, maqnezium, titan, silisium olan qidaların qəbulu vacibdir. Onların bərpası üçün xüsusi qida əlavələri, vitamin-mineral kompleksləri də qəbul olunmalıdır.

https://doctorramila.az/publikasiyalar/94-mastopatiya-haqqinda-qisa-melumat.html