Main

Meningit

Meningit – onurğa beyni  və ya baş beynin qişalarının infeksion iltihabı xəstəliyidir. Meningitlərin XBT-10 üzrə kodu G0-G3-dür.

Meningitin əsas simptomları – baş ağrısı, yüksək bədən temperaturu, huşun pozulması, işığa və səsə həssaslığın artması, boyunda keyimə hissidir.

Meningitin inkişafının əsas səbəbləri  viruslar, bakteriyalar və göbələklərdir. Çox vaxt bu xəstəlik digər infeksion xəstəliklərin ağırlaşması  olur və tez-tez ölümcül nəticələrə gətirib çıxarır. Xüsusilə, əgər onun səbəbi  bakteriyalar və göbələklər olursa.

Meningitin müalicəsinin əsasında xəstəliyin törədicisindən asılı  olaraq antibakterial, antiviral və antifungal terapiya dayanır. Müalicə mütləq stasionar şəraitdə aparılmalıdır.

Uşaqlarda və kişilərdə meningit daha çox yayılmışdır. Xəstələrin sayı  payız-qış mövsümündə, xüsusilə noyabr-aprel ayları  arasında daha da artır. Bu, temperaturun dəyişməsi, hipotermiya, təzə meyvə və tərəvəzin azlığı, çox sayda  insan olan otaqlarda ventilyasiyanın çatışmazlığı kimi amillərdən asılıdır.

Alimlər həmçinin xəstəliyin 10-15  illik dövrülülüyünü də fərqləndirirlər ki, bu zaman xəstələrin sayı  xüsusilə artır. Qeyd edilmişdir ki, qeyri-kafi sanitariya şəraiti olan ölkələrdə (Afrika, Cənub-Şərqi Asiya, Mərkəzi və Cənubi Amerika) meningit xəstələrinin sayı Avropaya nisbətən 40 dəfə çoxdur.

Etiologiya

Meningitin birinci amili  və əsas səbəbi müxtəlif infeksiyaların orqanizmə, qana, serebrospinal mayeyə və baş beyinə və onurğa beyninə daxil olmasıdır.

Meningitin ən çox yayılmış törədiciləri aşağıdakılardır:

Viruslar – enteroviruslar, exoviruslar (ECHO – Enteric Cytopathic Human Orphan), Koksaki virusu;

Bakteriyalar – pnevmokokklar (Streptococcus pneumoniae), meninqokokklar (Neisseria meningitidis), B qrup streptokokklar, stafilokokklar, Listeria monocytogenes, Propionibacterium acnes, b tip hemofil çöpləri (Hib), bağırsaq çöpü (Escherichia coli), vərəm mikobakteriyaları, diplokokklar;

Göbələklər – Cryptococcus neoformans, Coccidioides immitis və Candida cinsindən olan göbələklər;

İbtidailər – amöb, malyariya plazmodiumu, Toxoplazma gondii.

Yoluxma hava-damcı (asqıraq, öskürək zamanı), fekal-oral və məişət-kontakt yolları ilə, eləcə də doğuş zamanı, həşəratların (ağcaqanad, gənə) və gəmiricilərin dişləməsi, çirkli qida və suyun istifadəsi yolları ilə baş verir.

Meningitin inkişafına səbəb olan ikinci amil orqanizmi infeksiyalardan qorumaq funksiyasını yerinə yetirən immun sisteminin zəifləməsidir.

İmmun sistemini aşağıdakı səbəblər zəiflədə bilər:

  • keçirilmiş xəstəliklər (xüsusilə yoluxucu təbiətli): qrip, otit, tonzillit, faringit, pnevmoniya, kəskin respirator xəstəliklər və s.);
  • xroniki xəstəliklərin olması, xüsusilə – vərəm, HİV infeksiyası, sifilis, brüsellyoz, toksoplazmoz, sarkoidoz, qaraciyərin sirrozu, sinusitlər və şəkərli diabet;
  • stress;
  • dietalara düzgün riayət olunmaması, hipovitaminoz;
  • müxtəlif travmalar, xüsusən başın və onurğanın;
  • orqanizmin soyuğa məruz qalması;
  • spirtli içkilərdən və narkotik vasitələrdən sui-istifadə olunması;
  • dərman maddələrinin nəzarətsiz  istifadə edilməsi.

Patogenez

Beyin qişalarının infeksiyasının bir neçə yolu vardır:

  • hematogen, limfogen, perinevral, platsenta vasitəsilə;
  • kontakt – törədicilərin beyin qişalarına paranazal sinuslarda (sinusogen meningit), orta qulaqda və ya məməyəbənzər çıxıntıda (otogen meningit), dişlərin xəstəlikləri zamanı üst çənədə (odontogen meningit), göz almasında və s. nahiyələrdə irinli proseslər zamanı yayılması;
  • açıq kəllə-beyin və fəqərə sütunu-onurğa beyni travmaları, likvoreya ilə müşayiət olunan kəllə əsasının sınıqları və çatları zamanı.

Meningit  bakteremiyanın əsas və ya yeganə təzahürü ola bilər. Meningit zamanı  infeksiyanın törədicilərinin giriş qapısı  burun-udlağın (nazofaringitin, tonzillitin yaranması ilə), bronxların (bronxitlə), mədə-bağırsaq yolunun selikli qişaları olub, onların funksiyalarının pozulmasına, sonradan isə hematogen və ya limfatik yolla törədicilərin beyin qişalarına yayılmasına gətirib çıxarır. Meningitin klinik təzahürlərinin patogenetik mexanizmlərinə beyin qişalarının və onlara bitişik olan beyin toxumasının iltihabı  və ödemi, beynin və meningeal qan damarlarında mikrosirkulyasiyanın pozulması, beyin ödeminə və kəllədaxili təzyiqin yüksəlməsinə gətirib çıxaran serebrospinal mayenin hipersekresiyası və sorulmasının yavaşıması  daxildir. Beyin qişalarının hissi reseptorlarının və qişaları  dəlib keçən kəllə-beyin və onurğa beyni  sinirlərinin qıcıqlanmasının da həmçinin özünəməxsus klinik təzahürləri vardır.

Patomorfologiya

Kəskin irinli meningitlərdə patoloji dəyişikliklər törədicidən asılı deyil. Törədicinin qan və ya limfa  axını  vasitəsilə beyin qişalarına nüfuz etməsilə onların iltihabı tez və diffuz bir şəkildə baş beynin və onurğa beyninin bütün subaraxnoidal boşluqlarına yayılır. Məsələn, pnevmokokk meningitində subaraxnoidal boşluq yaşıl-sarı  irinli ekssudatla dolur. Lokal infeksiya zonasında irinli  iltihab daha məhdud ola bilər. Beyin qişalarının və beyin maddəsinin ödemi müşahidə edilir. Kortikal venalar qanla dolu olur. Bəzən daxili hidrosefaliya səbəbindən beyin qırışları qalınlaşır. Makroskopik olaraq, beyin qişalarında iltihabi  infiltrasiya aşkar edilir: erkən mərhələlərində polinuklearlardan ibarət olur, sonra isə limfositlər və plazma hüceyrələri də tapılır. Daxili hidrosefaliya ən çox beyincik-beyin sisternasının iltihabi adheziyası  ilə bağlı  olur ki, bu da serebrospinal mayenin axınına maneçilik törədir. Seroz meningitlər zamanı  beyin qişalarının və beyin maddəsinin ödemi, likvor boşluqlarının genişlənməsi  qeyd edilir.

Meningitin təsnifatı

Meningitin təsnifatı bu xəstəliyin aşağıdakı növlərini əhatə edir:

Etioloji:

  • Virus menungiti:  Xəstəliyə səbəb müxtəlif virusların: enteroviruslar, exoviruslar, Koksaki virusunun orqanizmə daxil olmasıdır. Nisbətən yüngül gedişi ilə, güclü baş ağrıları, ümumi zəiflik, bədən temperaturunun artması və şüur pozulmasının olmaması ilə xarakterizə olunur.
  • Bakterial meningit:  Xəstəliyin səbəbi  orqanizmə bakteriyaların, ən çox pnevmokokklar, B qrup streptokokklar, meninqokokklar, diplokokklar, hemofil çöpləri, stafilokokklar və enterokokkların düşməsidir. Güclü  ifadə olunmuş gedişi  ilə, intoksikasiya əlamətləri  ilə, yüksək hərarət, sayıqlamalar və digər klinik təzahürləri  ilə səciyyələnir. Bir çox hallarda letal sonluqla nəticələnir.
  • Fungal meningit:  Xəstəliyə səbəb göbələklərin: Cryptococcus neoformans, Coccidioides immitis və Candida cinsindən olan göbələklərin orqanizmə daxil olmasıdır.
  • Protozoal meningit:   Baş beyin və onurğa beyninin ibtidai canlılar, məsələn amöb; malyariya, toksoplazmoz törədiciləri tərəfindən zədələnməsidir.
  • Qarışıq meningit:  Baş beyin və onurğa beyni qişalarının iltihabının səbəbi müxtəlif etiologiyalı infeksiyaların orqanizmə eyni zamanda təsiri ola bilər.
  • Qeyri-spesifik meningit:  Xəstəliyin etiologiyası tam olaraq müəyyən edilməmişdir.

Mənşəyinə görə:

  • Birincili meningit – xəstəlik müstəqildir, yəni onun inkişafı digər orqanlarda infeksiya ocaqları olmadan baş verir.
  • İkincili meningit – xəstəlik digər infeksion xəstəliklərin: vərəm, qızılca, parotit, sifilis, QİÇS və s. fonunda inkişaf edir.

İltihab prosesinin xarakteinə görə:

İrinli meningit. Beyin qişalarında irinli proseslər və ağır gedişi ilə xarakterizə olunur. Əsas səbəbi bakterial infeksiyadır. İrinli meningitlər qrupuna törədicidən asılı olaraq aşağıdakılar daxildir:

  • Meninqokokk;
  • Pnevmokokk;
  • Stafilokokk;
  • Streptokokk.

Seroz meningit. Beyin qişalarında irinli ocaqların olmaması və iltihabi prosesin daha az şiddətli bir gedişi ilə xarakterizə olunur. Əsas səbəbi virus infeksiyasıdır. Seroz meningit qrupuna törədicidən asılı olaraq aşağıdakılar daxildir:

  • Vərəm;
  • Sifilis;
  • Qrip;
  • Enterovirus;
  • Parotit və s.

Xəstəliyin gedişinə görə:

  • İldırımsürətli (fulminant). Yoluxma və xəstəliyin inkişafı olduqca sürətli baş verir. Xəstə yoluxduqdan sonra ilk gündəcə ölə bilər.
  • Kəskin meningit. Yoluxduqdan bir neçə sutka keçmiş kəskin bir klinik şəkil və gedişlə müşayiət edilir. Sonra xəstə ölə bilər.
  • Xroniki meningit. İnkişaf tədricən, simptomatikanın güclənməsi şəklində baş verir.

Prosesin yayılmasına görə:

  • Bazal – iltihab baş beynin əsasında cəmləşmiş olunur.
  • Konveksital – iltihab baş beynin qabarıq hissələrində cəmləşmiş olunur.
  • Total – iltihab beynin bütün hissələrini əhatə edir.
  • Spinal – iltihab onurğa beyni əsasında cəmləşmiş olunur.

Lokalizasiyasına görə:

  • Leptomeningit – iltihabi proses baş beynin və onurğa beyninin yumşaq və hörümçək torunabənzər qişalarını əhatə edir.
  • Paximeningit – iltihabi proses beynin sərt qişasını əhatə edir.
  • Panmenigit – Proses eyni zamanda beynin bütün qişalarını əhatə edir.

Tibbi praktikada “meningit” termini altında beynin yumşaq qişalarının zədələnməsini nəzərdə tuturlar.

Ağırlıq dərəsinə görə:

  • yüngül dərəcəli;
  • orta- ağır dərəcəli;
  • ağır dərəcəli.

Meningitin inkubasiya dövrü

Meningitin inkubasiya dövrü, yəni yoluxma anından xəstəliyin ilk   əlamətlərinin təzahürünə qədər olan müddət, xəstəliyin törədicisinin növündən asılıdır, lakin əsasən, 2 gündən 4 günə qədər olur. Lakin inkubasiya dövrü  bir neçə saatla 18  gün arasınada dəyişə bilər.

Meningitin simptomları

Baş beynin və onurğa beyninin bu xəstəliyinin bütün əlamətləri yoluxucu xəstəliyin təzahürlərinə uyğun gəlir. İnfeksiyanı dayandırmaq və xəstəliyin ağırlaşmasına yol verməmək məqsədilə qiymətli vaxtı itirməmək üçün meningitin ilk əlamətlərinə diqqət yetirmək çox vacibdir.

Ümumiyyətlə, meningitin bütün simptomları 3 qrupa bölünür: ümumi infeksion, ümumi beyin və meningeal simptomlar.

Ümumi infeksion əlamətlər spesifik deyil. Yəni onların varlığı  hələ meningitin olmasını təsdiqləmir. Bu əlamətlər yalnız xəstəliyin infeksion başlanğıcından xəbər verir. Ümumi infeksion əlamətlərə aşağıdakı simptomlar aid edilir:

  • bədən hərarətinin kəskin artması (40 ° C-yə qədər), titrətmə;
  • əzələ ağrıları, oynaqlarda ağrıların olması;
  • zökəm, boğazın qızarması və asqırmaq kimi kataral hallar;
  • iştahanın olmaması;
  • sifətin qızarması;
  • bəzən çəhrayı və ya qırmızı rəngli səpgilər qeyd edilir ki, onlara təzyiq etdikdə yox olur və bir neçə saatdan sonra xırda göyərmələr şəklində yenidən təzahür edir;
  • diareya (əsasən uşaqlarda);
  • ümumi zəiflik, halsızlıq;
  • taxikardiya və tənəffüsün tezləşməsi;
  • limfa vəzilərinin böyüməsi;
  • qanda infeksiya prosesinə uyğun dəyişikliklər (EÇS-in yüksəlməsi, leykositlərin sayının artması və s.).

Ümumi beyin əlamətləri də meningit üçün spesifik deyil. Bunlara aşağıdakı simptomlar aid edilir:

  • Baş ağrısı. Meningit zamanı baş ağrıları çox güclü olur və bütün başı  əhatə edir, xəstələr daxildən gözlərinə təzyiq olmasını hiss edirlər. Baş ağrılarının mənbəyi beyin qişalarının qıcıqlanması, iltihab nəticəsində kəllədaxili təzyiqin artmasıdır. Meningit zamanı  baş ağrısının xarakterik cəhəti, ağrılar yüksək həddə çatanda qusmanın baş verməsidir.
  • Qusma. Qusma ürəkbulanma olmadan baş verir, bir neçə dəfə təkrar olunur və yüngülləşmə gətirmir. Bu cür qusma “beyin” qusması adlanır.
  • Huşun pozulması. Bu simptomun təzahürü meningitin ağırlıq dərəcəsindən asılıdır. Yüngül formalarda huşun pozulması baş verməyə də bilər. Ağır formalı meningitlərdə huşun kəmiyyət (keylik, sopor, koma) və keyfiyyət (hallüsinasiyalar, sayıqlama, psixomotor oyanıqlıq, oneyroid) pozulmaları müşahidə edilir.
  • Generalizə olunmuş qıcolma tutmaları. Bu simptom da beyin qişalarının qıcıqlanması və kəllədaxili təzyiqin artması səbəbindən meydana çıxır. Bəzən epileptik tutmalar qəflətən, meningitin digər simptomlarının olmaması fonunda baş verir.
  • Göz dıbində durğunluq əlamətləri.

Meningitin diaqnostikası

Meningitin diaqnostikasına aşağıdakı  müayinə metodları daxildir:

  • Qanın ümumi analizi;
  • Qanın biokimyəvi analizi;
  • Serebrospinal mayenin müayinəsi;
  • Polimeraza zəncirvari reaksiyası (PZR);
  • Serodiaqnostika;
  • Maqnit-rezonans tomoqrafiyası (MRT);
  • Kompüter tomoqrafiyası (KT);
  • Elektroensefaloqrafiya (EEQ).

Müalicəsi

Müalicənin məqsədləri: törədicinin eradikasiyası (məhv edilməsi), fəsadların və xəstəliyin yayılmasının qarşısının alınması. Meningitlər zamanı terapiya taktikası xəstəliyin formasından, klinik gedişin xüsusiyyətindən və ağırlaşmalardan asılı olaraq müəyyən edilir.
Bütün hallarda aşkar və təsdiq edilmiş törədicinin antibakterial preparatlara həssaslıq dərəcəsi təyin edilməlidir. Lakin meningitə şübhə olan kimi empirik müalicə dərhal başlanmalıdır.
Proqnoz
Pasiyentlərin bir hissəsində (təqribən yarısında) tam sağalma olmur (25% xəstələrdə davamlı nevroloji dəyişikliklər, 11% xəstələrdə ağır əlillik).

https://nevropatologiya.az/2021/09/07/meningit/

https://bizimtebib.az/meningit-xesteliyi/tibbi-bolmeler/