Parametrit– uşaqlıq boynu və enli bağın səhifələri nahiyəsində uşaqlığı əhatə edən birləşdirici toxuma-parametriumun irinli-infiltrativ iltihabıdır. Parametrit ağırlaşmış abort, doğuş, ginekoloji əməliyyatlar, uşaqlığın irinli-iltihabi xəstəliklərindən sonra yaranır. Febril temperatur, əzginlik, titrətmə, qarnın aşağı hissəsində ağrılarla təzahür edir. Parametritin diaqnostikası anamnestik məlumatlara, ginekoloji müayinələr və USM nəticələrinə əsaslanır. Müalicə məqsədilə aktiv mikrobəleyhinə, infuzion, desensibilizəedici, immunokorreksiyaedici terapiyadan istifadə olunur. Parametriumun absesinin formalaşması zamanı irinliyin yarılması və drenajlanması göstəriş sayılır.
Parametritin yaranma səbəbləri
Parametrit zamanı əksər hallarda qarışıq mikrob florası müşahidə edilir, bağırsaq çöpləri, klebsiellalar, proteylər, spor əmələ gətirməyən anaeroblar, stafilokokk və streptokokklar üstünlük təşkil edir. Parametriumun infeksiyalaşması uşaqlıq boynunun doğuşdan sonra yaranan, lakin aşkar olunmayan və tikilməyən cırılmalarından; ağırlaşmış və xəstəxanadan xaric abortlar, uşaqlıq boynunda əməliyyatlar zamanı servikal kanaldan baş verə bilər.
İnfeksiyanın uşaqlıq artımlarından (adneksitlərdə) və ya uşaqlıq boşluğundan (uşaqlıq divarının zədələnməsi ilə ağırlaşan endometrit, metrotromboflebit, diaqnostik qaşıma, UDS-in yeridilməsi zamanı) limfogen yolla yayılması mümkündür. Bəzən perimetrit bakterial ekstragenital proseslər fonunda – çanaq sümüklərinin osteomieliti, paraproktit, sistit, appendist, angina, vərəm, qarın yatalağı və s. zamanı törədicinin qanla yayılması nəticəsində inkişaf edir.
Parametritin əlamətləri
Adətən kəskin parametritin klinikası doğuşdan, hamiləliyin cərrahi yolla dayandırılmasından, uşaqlıqdaxili müdaxilələrdən, ginekoloji əməliyyatlardan 7-10 gün sonra təzahür edir. Parametritin ilk və erkən əlamətlərinə febrilitet (hərarətin 38-39 °С–yə qədər yüksəlməsi), qarında daimi, deşici və ya kəsici xarakterli ağrılar aiddir. Ağrı hissi oma və bel nahiyəsinə irradiasiya edir. Parametriumun irinləməsi zamanı xəstənin ümumi vəziyyəti pisləşir: hərarət daha da yüksələrək, hektik xarakter alır; taxikardiya, titrətmə, yanğı hissi, baş ağrıları qeyd olunur.
Sidik kisəsi və düz bağırsağın iltihabi prosesə qoşulması zamanı sistit və ya tenezmlərlə müşayiət olunan proktit əlamətləri izlənilir. Parametritin bel-qalça əzələsinə yayıldığı hallarda onun iltihabı –zədələnmiş tərəfdə budun tipik bükücü kontrakturası ilə xarakterizə olunan psoit inkişaf edir. Xroniki parametrit zamanı ağrının intensivliyi azalır, yalnız cinsi əlaqə zamanı güclənir; ürək-damar və sinir sisteminin funksional dəyişiklikləri, aybaşı funksiyasının pozğunluqları qeyd oluna bilər.
Parametritin diaqnostikası
Diaqnoz anamnestik məlumatlar, ginekoloji müayinələr (vaginal və rektovaginal), USM əsasında qoyulur. Vaginal müayinədə kəskin ağrılı parametrium, uşaqlıq yolunun tağlarının qısalması, uşaqlığın yuxarı və ya sağlam tərəfə yerdəyişməsi, hərəkətsiz sərt infiltratla vahid konqlomerat yaratması aşkar olunur. Rekrovaginal müayinə zamanı infiltratın (absesin) düz bağırsağa görə vəziyyəti və iltihabi bərkimə üzərindəki selikli qişanın hərəkətlilik dərəcəsi qiymətləndirilir.
Parametrit zamanı qanın ümumi analizində EÇS-nin 30-60mm/saata qədər artması, leykositoz, neytrofilyoz qeyd olunur. Parametritin exoskopik şəkli ilfiltratların – dəqiq sərhədləri olmayan, qeyri-düzgün formalı exopozitiv törəmələrin vizualizasiyasına imkan verir. İrinləmə zamanı infiltratların strukturunda daxilində qatı heterogen möhtəviyyat olan aydın kapsul müəyyən edilir.
Absesləşmə mərhələsində irinciyin sidik kisəsi və ya düz bağırsağa açılması zamanı diaqnostik prosesə uroloq və proktoloq cəlb olunur. Parametral absesin sidik kisəsinə açılması sistoskopiya, sidiyin ümumi analizi, bakterioloji əkilməsi; irinliyin düz bağırsağa açılması isə koproqram, vizual olaraq nəcis kütlələrində qanın aşkarlanması və rektoskopiyanın nəticələrinə əsasən təsdiqlənir. Parametritin inadlı gedişi zamanı aktinomikozun istisna edilməsi tələb olunur. Diaqnostika prosesində parametrit boru-yumurtalıq absesləri, şişlər, pelvioperitonitlə differensiasiya edilir.
Parametritin müalicəsi
Parametritin infiltrativ mərhələsinin müalicəsi kəskin salpinqooforitlə eynidir: yataq rejimi, qarın nahiyəsinə soyuq kompress; törədici və ya mikrob assosiasiyalarının növləri və onların preparatlara qarşı həssaslığı nəzərə alınmaqla antibiotiklər; infuzion, desensibilizəedici, immunomoduləedici terapiya təyin olunur.
İlfiltratın sorulma mərhələsində QSİƏP, biostimulyatorlar, vitaminlər, enzimlərdən istifadə edilir. Parametritin bu fazasında MBT, ginekoloji massaj, elektroprosedurlar (maqnezium, bal, yod, sinklə elektrofarez; diadinamoterapiya, UYT), fototerapiya (UBŞ, QUBŞ, qanın venadaxili lazer şüalanması), maqnitoterapiya, induktometriya geniş tətbiq edilir.
Parametritin endogen intoksikasiya sindromu ilə müşayiət olunan uzunmüddətli gedişi plazmafarezin aparılmasına göstəriş sayılır. Parametritli xəstələrin reabilitasiyası aktiv fizioterapevtik yanaşmadan: oksigenoterapiya, mikrodalğalı terapiya, US-terapiya, ultrafonofarez, palçıq applikasiyalarının təyinindən; kurort müalicəsinin aparılmasından (hidrogen-kükürdlü vannalar və vaginal yuyulmalar, massaj, palçıqlı tamponlar və s.) ibarətdir.
Parametral absesin formalaşması zamanı uşaqlıq yolunun tağından keçməklə onun punksiyası icra edilir. İrin aşkar olunduqda vaginal və ya qarın divarı yolu ilə irinliyin yarılması, parametriumun drenajlanması tələb olunur. Boşluğa drenaj qoyulduqdan sonra sanasiyaedici tədbirlər: dezinfeksiyaedici məhlullarla yuyulma, antibiotiklərin yeridilməsi tətbiq edilir.
Parametritin proqnoz və profilaktikası
Parametritin qeyri-qənaətbəxş sonluqlarına kiçik çanaqda fistulaların, bitişmələrin, çapıqlı proseslərin formalaşması, sepsisin inkişafı aiddir. Kolpotomiya prosesində irinliklərin kəsilməsi zamanı sidik axarları, sidik kisəsi və ya uşaqlıq damarları zədələnə bilər. Parametritin vaxtında və düzgün aparılan müalicəsi iltihabi dəyişikliklərin geriyə inkişafı ilə nəticələnir.
Parametritin profilaktik tədbirlərinə doğuşların rasional aparılması, abortların (xüsusən kriminal) qarşısının alınması, uşaqlıqdaxili manipulyasiyalar zamanı aseptika qaydalarına riayət olunması və infeksion ocaqların vaxtında sanasiyası aiddir.