Qarın yatalağı, A və B paratiflər (Typhus Abdominalis, Paratyphus A et Paratyphus B) – ağır intoksikasiya, bakteriemiya, yüksək hərarət, nazik bağırsağın limfa sisteminin ağır zədələnməsi, bəzən infeksion toksiki şok, bağırsağın perforasiyası, penetrasiyası və qanaxmaları ilə ağırlaşan kəskin infeksion xəstəliklərdir.
Yoluxma
Qarın yatalagı ilə ancaq insanlar xəstələnirlər. Xəstəliyin mənbəyi xəstələr və sağlam bakteriya gəzdiricilərdir. Onlar qarın yatalağı çöplərini nəcis, sidik, az-az hallarda isə tüpürcək ilə ifraz edirlər. Xəstəlik fekal-oral yol ilə yayılır. Yoluxma istər xəstələrlə bilavasitə ünsiyyət, istərsə də çirklənmiş əşyalar ilə baş verir. Xəstəliyin yüngül və atipik formaları ilə xəstələnmiş şəxslər, eləcə də bakteriya daşıyıcılar, aşkar olunmanın çətinlikləri ilə əlaqədar, epidemioloji cəhətdən çox təhlükəlidirlər. Onlar vaxtlı-vaxtında təcrid olunmur, iaşə və su təhcizatı obyektlərində işləyərək infeksiyanın yayılmasına səbəb olurlar. Su və kanalizasiya sistemlərində olan texniki nasazlıqlar, səxsi və ictimai gigiyena qaydalarına kifayət dərəcədə riayət olunmaması epidemik kükrəyişlərin əsas səbəblərindən sayılır. Xəstəlik üçün yay-payız ayları daha xarakterikdir.
Xəstəliyin törədicisi
Qarın yatalağına əksərən sporadik şəkildə (tək-tək) rast gəlinir. Bəzən törədicilər su, qida və kompakt yaşayan əhali qrupları arasında məişət-təmas yolu ilə yayılaraq epidemik kükrəyişlər törədir. Bu törədicilər ətraf mühitin təsirlərinə qarşı kifayət dərəcədə davamlıdır. Suda və torpaqda bir neçə aya qədər qala bilirlər. Onlar dezinfeksiyaedici dərman preparatlarının (hipoxlorit, xloramin, lizol) və adi qaynadılmanın təsirinə qarşı davamsız olsalar da, qida maddələrində (ət və süd məhsullarında) və xəstələrin ifrazatlarında uzun müddət yaşayaraq artmaq xüsusiyyərlərinə malikdirlər.
Kliniki əlamətlər
Xəstəliyin əlamətlərinin inkişaf etdiyi ilk günlərdə xəstələr tez yorulmadan, ümumi zəiflik, üşütmə, başağrıları, iştəhasızlıqdan şikayət edirlər. Bədən hərarəti 1-3 günə kim yüksələrək yüksək həddlərə (39-400C) çatır. Xəstə getdikcə zəifləyir, yuxu pozulur, ətrafdakılara etinasızlıq, gündüzlər yuxuculluq əmələ gəlir. Vaxtında tibbi yardım almayan xəstələrin zaman ötdükcə huşu qaranlıqlaşaraq özünənəzarət itir. Bəzi hallarda gün ərzində 2-4 dəfə olmaqla diarreya (qarın işləməsi) müşahidəedilir. Üzü solğunlaşır, dərisi quruyur, üzü pastozlaşır. Belə hallarda xəstənin arterial təzyiqi düşür, bradikardiya qeydə alınır. Dil qalınlaşır, üzəri qalın ərplə örtülür, kənarları və ucu ərpsiz qızmızı rəng alır, yan səthlərində dişlərin izi qalır. Qarının sağ aşağı nahiyəsində ağrılılıq, döyəcləmə zamanı kütlük əmələ gəlir. Xəstələrin bir qismində 8-10-cu günlərdə qarının dərisi üzərində xırda ölçülü qırmızı rəngli səpgilər yaranır və bir neçə günə çəkilir. Xəstəliyin ən təhlükəli fəsadlaşmaları infeksion-toksiki şok, bağırsaq qanaxması və perforasiyası (deşilməsi) sayılır.
Diaqnoz, müalicə və profilaktika
Xəstəliyin diaqnozu ilk günlərdə qızdırma zamanı götürülən qanın müayinəsi (hemokultura), elecə də sidiyin və nəcisin əkilməsi – bakterioloji müayinələrlə qoyulur, seroloji Vidal müayinəsi də diaqnozun dəqiqləşdirilməsinə kömək edir.Hər bir xəstə təcrid olunmalı və stasionar müalicə almalıdır. Müalicə antibakterial, simptomatik dərman preparatları ilə aparılır. Antibakterial müalicə xəstəliyin ən azı 10 qızdırmasız günü başa çatanadək davam etdiriıməlidir. Müalicə başa çatdıqdan sonra xəstələr təkrari dördqat bakterioloji müayinənin mənfi nəticəsi olarsa klinik sagalma ilə stasionardan yazıla bilərlər. Xəstəliyi keçirmişlər üzərində 6 ay müddətində dispanser müşahidə aparılır. Suyun və qida məhsullarının keyfiyyətinə nəzarət, insanların, xüsusən də iaşə və su obyektlərində çalışanların şəxsi və ictimai gigiyena qaydalarına riayət etmələrinə nəzarət, zibil və tullantıların vaxtında daşınması və zərərsizləşdirilməsi, ümumi istifadə yerlərində təmizliyə nəzarət, müəyyən olunmuş yerlərdə cari və yekun dezinfeksiya işlərinin aparılması, milçəklərin məhv edilməsi, sanitariya maarifi işlərinin aparılması əsas əks-epidemik tədbirlər hesab olunur.