Tibdə şok adı altında – orqanizmdəki orqan və toxumalarda qan dövranının kəskin şəkildə pozulması prosesi anlaşılır.
Müvafiq tibbi tədbirlərin görülməsi ilə şokun inkişaf etməsinin qarşısı alınmazsa, xəstə 5-30 dəqiqə ərzində boğulmadan və ya 24-48 və daha artıq saat ərzində müxtəlif orqanlarda baş verən ağır geriyədönməz dəyişikliklər nəticəsində həlak ola bilər.
Şok travmalar nəticəsində güclü qanaxmalar, yanıqlar zamanı qan plazmasının itirilməsi və ya orqanizmin susuzlaşması (çoxsaylı qusma, ishal), cərrahi əməliyyatdan sonra yaraya təhlükəli mikrobların düşməsi nəticəsində və ya orqanizmin özündə iri irin ocağının yaranması zamanı, məsələn, peritonit, yenidoğulmuşlarda göbək yarasının irinlənməsi və s. (septik şok), həmçinin güclü allergenin orqanizmə düşməsinə orqanizm tərəfindən verilən reaksiyası (anafilaktik şok) nəticəsində baş verir.
Güclü qanaxma və yanıq zamanı yaranan şokun (travmatik şok) ilkin əlamətlərini insanın davranışında olan dəyişikliklərlə müəyyən etmək olar. O, birdən-birə həyəcanlanır: vurnuxmağa başlayır, hara isə qaçmağa can atır və ya əksinə olaraq, əzgin, yuxulu, ətrafdakılara qarşı laqeyd olur. Bu zaman dəri avazımış, soyuq və nəm olur, dodaqları və dırnaqları göyərir, tənəffüsü səthi və tezləşmiş olur. Şokun sonrakı inkişafı zamanı zərərçəkəndə təngnəfəslik yaranır, nəbz tezləşir, arterial təzyiq kəskin şəkildə aşağı enir, o, huşunu itirir. Bu haldan sonra zərərçəkənə tibbi yardım göstərilməzsə (ən effektiv olanı – vena daxilinə qan əvəzedicilərinin köçürülməsidir), onun ürəyi dayanır və aqoniya (canvermə) baş verir.
Ona görə də güclü qanaxma zamanı şokun profilaktikası üçün tez bir zamanda qanaxmanı saxlamaq, zərərçəkənin üstünü ədyalla örtmək, isti maye və ağrıkəsici dərman verib dərhal tibb müəssisəsinə çatdırmaq lazımdır.
Çoxsaylı qusma və ishal nəticəsində orqanizmdə baş verən susuzlaşmadan yarana bilən şokun qarşısını almaq üçün vaxtında müvafiq tədbirlər görmək lazımdır. Ağır vəziyyətlərdə dərhal təcili yardım çağırmaq və ya mümkün qədər tez bir zamanda xəstəni xəstəxanaya aparmaq tələb olunur.
Sahəsi geniş olan yanıqlar zamanı zərərçəkəndə şokun baş verməsinin profilaktikası üçün onu təmiz döşəkağına bürüyüb üstünü isti bir şeylə örtmək, ona isti maye içirtmək, yaşına uyğun dozada antihistamin və ağrıkəsici dərmanlar vermək və dərhal xəstəxanaya çatdırmaq lazımdır.
Septik şokun profilaktikası — cərrahi əməliyyatdan sonrakı yaraların düzgün və diqqətlə işlənməsi və antibiotiklərin düzgün təyin edilməsi yenidoğulmuşlarda uşağın dərisinə və göbək yarasına düzgün qulluq edilməsindən ibarətdir.
Anafilaktik şok – şokun ən ağır formalarından biridir. Anafilaktik şok çox qısa bir müddət ərzində inkişaf edir. Onun əsas səbəbi orqanizmə inyeksiya (iynə) ilə dərman preparatının yeridilməsidir. Bilmək lazımdır ki, bir çox dərman preparatları (antibiotiklər, vitaminlər, vaksinlər, anestetiklər və s.) insanlarda (xüsusən də söhbət uşaqlardan getdikdə!) anafilaktik şokun yaranmasına səbəb ola bilərlər. Çox nadir hallarda müxtəlif qidalar (balıq, inək südü, yumurta, xardal, qoz və s.) və ya həşəratların sancması da anafilaktik şok törədə bilər. Anafilaktik şokun yarana bilməsini qabaqcadan bilmək hələ ki, çox çətindir.
Anafilaktik şok dərman maddəsinin orqanizmə yeridilməsindən bir neçə dəqiqə sonra, venadaxili yeridilməsi zamanı isə — hətta preparatın yeridildiyi anda da inkişaf edir. Bu zaman yeridilən dərmanın dozası böyük rol oynamır. Belə ki, bəzən ən kiçik miqdarda allergenin olması da ağır anafilaktik şokun inkişaf etməsi üçün kifayət edir.
Anafilaktik şokun başlanmasının ilk əlamətləri: narahatçılıq, qorxu hissiyyatı, zəiflik, baş ağrısı, dodaqların və sifətin keyləşməsi, başgicəllənmə, qulaqlarda küy, gözlərin qabağının qaralması, soyuq tər, ürəkbulanması, təngnəfəslik, boğazda, sinədə sıxılma və təzyiq hissiyyatı (bronxların spazmı və ya qırtlağın allergik ödemi), arterial təzyiqin enməsi, bəzi hallarda zərərçəkənin dərisində səpgilər, bədəndə ödemlər (şişkinlik), qusma, qarında ağrı, qeyri-ixtiyari sidik və nəcis ifraz edilməsi. Daha sonra lazım olan tədbirlər görülmədiyi halda qıcolmalar, huşun itirilməsi, ürək fəaliyyətinin və tənəffüsün dayanması inkişaf edə bilər. Belə xəstələrə vaxtında lazım olan tibbi yardım göstərilməzsə, tənəffüs və urək dayanması nəticəsində ölüm də baş verə bilər.
Anafilaktik şokun ilkin əlamətləri meydana çıxan kimi, dərhal təcili yardım çağırın! Özünüz isə ilk tibbi yardım göstərməyə başlayın. Bu halda xəstənin sağlamlığı və həyatı bilavasitə sizin tez və düzgün hərəkət etmənizdən asılı olur:
1 ay -1 yaşına qədər olan uşaqlara – ampulanın 1/4 hissəsi,
1 yaşından — 6 yaşına qədər olan uşaqlara – ampulanın 1/2 hissəsi,
6 yaşından 14 yaşına qədər olan uşaqlara — ampulanın 1/2 hissəsi – 1 ampula vurulur.
Hətta siz anafilaktik şokun qarşısını özünüz alsanız da, zərərçəkən təcili halda həkim tərəfindən müayinə olunmalı, lazım gələrsə xəstəxanaya yerləşdirilməlidir. Belə ki, bir çox hallarda orqanizm üçün şokun fəsadları çox ağır ola bilər.
Əgər şok yox, allergiya baş veribsə (məsələn, bədənin hər hansı bir yerində birdən birə səpgi və ya şişkinlik yaranıbsa), xəstənin sağlamlığı üçün təhlükə xeyli dərəcədə az olur. Əgər allergiyaya qarşı dərman preparatları qəbul etdikdən sonra (məsələn, klaritin, suprastin və s.) allergiya əlamətləri azalmağa başlayarsa, təcili yardım çağırmamaq olar. Ancaq bu zaman, hər ehtimala qarşı həkimə müraciət etmək lazımdır.
https://kayzen.az/blog/tibbi-yard%C4%B1m/14260/%C5%9Fok-zaman%C4%B1-ilk-yard%C4%B1m.html