Onurğa sütunumuz 33-34 fəqərədən təşkil olunmuşdur. Bu fəqərələrin ön və arxa səthləri bir xətt üzrə bir birinin tam üstündə olacaq şəkildə düzülmüşdürlər. Bəzi xəstəliklərdə onurğanın hər hansı bir bölümündə ardıcıl yerləşən iki fəqərə bir-birinin üzərində önə və ya arxaya doğru sürüşür və buna görə də fəqərələrin düzüldüyü xətti ardicıllıq pozulur. Buna tibbi olaraq spondilolistezis deyilir. Spondilolistezis sözü iki kəlimənin birləşməsindən əmələ gəlir. Belə ki, latinca spondylo–fəqərə, listezis–sürüşmə deməkdir. Fəqərə sürüşməsi ən çox bel nahiyyəsində rast gəlinir. Bu da xalq arasında “bel sümüyünün sürüşməsi” kimi bilinir.
Səbəbləri
Fəqərə sürüşməsi bir çox səbəbdən yarana bilər. Doğuşdan olan spondilolizis, yaşla əlaqədar olan degenerativ dəyişikliklər, travma və s. səbəblər buna gətirib çıxarır. Uşaqlıqdan hər bir insan yıxıla bilər və bunun nətəcəsində fəqərə sürüşməsi meydana gələ bilər. Xüsusilə qadınlarda menopauza və ya kişilərdə də sümük əriməsi sonrası bu sürüşmə aktiv hala gəlir və daha hərəkətli olmağa başlayır.
Əlamətləri
Fəqərə sürüşməsi onurğa kanalı və ya sinir dəliyini daraldaraq buradan keçən dural kisə və sinir kökcüklərinin sıxılmasına səbəb olur. Bu zaman ayaqüstə dayanmağın çətinləşməsi, hərəkət zamanı bel yorğunluğu, bel ağrısı və bel üzülməsi şikayətləri olur. Sürüşən kanalda sinirlər sıxıldığına görə xəstələr ayaqlarında uyuşma, keylik, yanma, göynəmə hissi, iynə batması, soyuqluq hissi, ayaqda sanki həşərat gəzirmiş kimi hissi pozulmalar, yerimə məsafəsinin azalması, ayaq, baldır və bud əzələlərində ağrıların olmasından şikayət edirlər.
Sürüşmə nəticəsində onurğa kanal daraldığına görə “neyrogenik kladikasyo” deyilən simptomatika meydana gəlir. Belə ki, xəstə gəzərkən bel ağrısı, ayaqlarda uyuşma, keylik, ağrı əmələ gəlir. Bu halda xəstələr önə əyilmək və ya oturmaq istəyirlər. Bunun səbəbi həmin hərəkərtlər zamanı onurğa kanalının reletiv olaraq genişləməsidir. Bundan sonra xəstə yenə də yoluna davam edə bilir. Bir müddət yeridikdən sonra eyni proseslər təkrar edilir. Burada yerimə məsafəsi çox önəmlidir. Fəqərə sürüşməsi zamanı xəstələr əvvəllər gəzmə məsafəsinin 500 metr, sonralara isə xəstəlik irəlilədikcə yürümə məsafəsinin 100 metr və s. qədər azaldığını qeyd edir.
Diaqnozu
Spondilolistezisin – fəqərə sürüşməsinin diaqnozunun qoyulması üçün xəstə Ortoped-Travmatoloq müayinəsində olmalıdır. Bu zaman həkimə şikayətlər haqqında, xəstəliyin yaranma tarixi barəsində informasiya verilməlidir. Kliniki dəyərləndirmənin nəticəsinə uyğun olaraq, həkim radioloji müayinələr istəyə bilər. Spondilolistezisin diaqnozunun qoyulması üçün ilkin olaraq rentgenoqrafik müayinə yetərlidir.
Lakin etiopatoloji, disk, digər onurğa bağları, sinir elementlərinin dəyərləndirilməsi üçün MRT, KT və EMQ (elektromioqrafiya) istifadə oluna bilər. Buna həkim müayinəsindən sonra qərar veriləcəkdir. Bəzi hallarda ayaqüstə çəkilən rentgen filmində sürüşmə görülməyə bilər. Bu halda tam önə əyilmə (fleksiyada) və tam arxaya əyilmə (hiperekstensiyada) ilə çəkiləcək dinamik rentgenoqrammalarda fəqərə sürüşməsinin özününü büruzə verərək aşkarlanması, ya da mövcud olan fəqərə sürüşməsinin miqdarının dəyişməsi ilə qeyri-stabillik haqqında məlumat almaq olur. Spondilolistezis zamanı proqnozun və müalicə taktikasının təyin olunmasında radioloji dəyərləndirmə metodları istifadə olunur. Bu metodlardan biri aşağıda verilmişdir:
Meyerding təsnifatı
Fəqərə sürüşməsinin dərəcəsinə görə tətbiq edilən bir dəyərləndirmədir. Oynaq səthinin 25%-dən daha az sürüşməsi 1-ci dərəcə, 25-50% arası 2-ci dərəcə, 50-75% arası 3-cü dərəcə və daha çox olması halında 4-cü dərəcə olaraq dəyərləndirilir.
Müalicəsi
Fəqərə sürüşməsi həyat keyfiyyətini azaldan, xəstənin yeriməsinə təsir edən, gecə yuxudan oyandıran ağrılara səbəb olan bir onurğa patologiyasıdır. Xəstənin şikayətinin şiddəti və müayinə əlamətlərinin ağırlığı ilə əlaqədar olaraq müxtəlif müalicə metodları tətbiq edilir.
Az dərəcəli (Meyerding 1 ve 2) spondilolistezisli xəstələrin müalicəsi konservativdir. Bu xəstələrdə nevroloji əlamət yoxdur və ağrı azdır. Müalicədə steroid olmayan iltihab əleyhinə və eyni zamanda əzələ relaksasiyası edən dərmanlardan istifadə olunur. Fizioterapiya, idmanlar, xəstələrin maarifləndirilməsi fəqərə sürüşməsi müalicəsində əhəmiyyətlidir.
Cərrahi müalicə
Bel sürüşməsi təyin edildikdən sonra bunun hərəkətli olub-olmadığına baxılır. Bel sürüşməsi var və hərəkətsiz, stabildirsə, mütləq cərrahi müalicə məsləhət görülmür. Amma bel sürüşməsi hərəkətlidirsə, mütləq əməliyyat olunmalıdır. Əks halda hərəkətli olan fəqərə sürüşməsi xəstənin bir müddət sonra yeriyə bilməməsinə, cinsi funksiyaların itirilməsinə və ya sidik, nəcis saxlaya bilməmək kimi ciddi problemələrə gətirib çıxara bilər. Əməliyyat ehtiyacı olan xəstələrə vaxtında müdaxilə edilməlidir. Əks halda fəsad yaranarsa, əməliyyat olunmasına baxmayaraq funksiyaların bərpası uzun vaxt alacaqdır.
Fəqərə sürüşməsi zamanı əməliyyata göstərişlər:
Cərrahi müalicə spondilolistezisin növünə və dərəcəsinə görə dəyişir. Nevroloji defisitin olması halında cərrahi texnika dəyişir.
Cərrahi müalicədə əsas məqsəd əgər sinir və onurğa kanalı sıxışması varsa, əvvəlcə fəqərə qövsü götürülürək (laminektomiya) dekompressiya edilir. Sinir kökcüyü faset oynağının hipertrofiyası ilə əlaqədar sıxılırsa, o zaman medial fasetektomiya icra olunaraq həmin səviyyədə sinir kokcükləri sərbəstləşdirilir. Fəqərədə olan sürüşmənin irəliləməsinin və qeyri stabilliklə əlaqədar simptomatikanın aradan qaldırılması üçün titan vint və çubuqlar vasitəsilə fəqərələr reduksiya və fiksasiya edilir. Buna tibb olaraq transpedikulyar fiksasiya ilə spondilolistezisin reduksiyası deyilir. Posterior lumbar interbody fusion (PLIF), Transforaminal lumbar interbody fusion (TLIF), Anterior lumbar interbody fusion (ALIF) əməliyyatları ilə də reduksiya əldə edilir. Hər əməliyyat növünə aid xəstələrimizi əməliyyatlar bölməmizdə görə bilərsiniz.