Süd vəzinin piy nekrozu süd vəzinin toxumasında əmələ gələn xoşxassəli (xərçəng olmayan) formalaşmadır. Yağ nekrozu ən çox süd vəzisinin zədələnməsi nəticəsində piyli döş toxumasının hansisa sahəsi zədələndikdə baş verir. Bu, süd vəzisinin güclü zədələnmələri, həm də qadının diqqət etmədiyi kiçik zədələnmələrin nəticəsi ola bilər. Məsələn, xəstə ictimai nəqliyyatda və ya evdə (qapı çərçivəsinə çarparaq) nekroza səbəb olan bir zədə ala bilər.
Əlavə olaraq, piy nekrozu ani kilo itkisi, süd vəzisi əməliyyatı və ya radiasiya terapiyasından sonra da yarana bilər. Piy nekrozu çox böyük döşlərə sahib olan qadınlarda daha çox görülür.
Nekroz, süd vəzisinin kiçik qan damarları zədələndikdə baş verir. Onun toxumasının bir sahəsi qan tədarükünü itirir və fəaliyyətini dayandırmağa başlayır. Zamanla nekrotik kütlələr birləşdirici toxuma ilə əvəzlənir və çapıq əmələ gəlir. Ancaq bəzi yağ hüceyrələri zədələrə fərqli reaksiya verə bilər. Belə olan halda çapıq toxumasını meydana gətirmək əvəzinə, yağ hüceyrələri ölür və məzmununu buraxır. Bu isə yağ kisti adlanan kisəyə bənzər yağlı maye toplusu əmələ gətirir. Yağ nekrozu kalsium duzlarının çökməsi ilə müşayiət oluna bilər və formalaşma "qabıq" ilə örtülür.
Diaqnostikasi
Piy nekrozu, yalnız döş qəfəsinin ağır travması zamanı ağrı verə bilər. Adətən xəstə dərhal həkimə müraciət edir. Ancaq xəstəlik bəzən asemptomatikdir. Piy kistləri və piy nekroz sahələrində hiss olunacaq dərəcədə kütlə əmələ gələ bilər, lakin bu kütlə adətən ağrı vermir. Əmələ gəlmiş kütlənin ətrafındakı dəri daha qalın, qırmızı və ya göyərmiş görünə bilər. Xəstə, döşdəki bu formalaşmanı özü aşkar edir. Həmçinin, mammoloq tərəfindən profilaktik müayinə zamanı piy nekrozu aşkar edilir. Piy nekrozu bədxassəli şişə çevrilmir. Həkimlər adətən ultrasəs müayinəsinin köməyi ilə yağ kistini müəyyən edə bilirlər.
Ancaq bəzən döş müayinəsi və ya hətta mamoqramma zamanı bu dəyişiklikləri xərçəngdən ayırd etmək çətin olur. Bu vəziyyətdə, əmələ gəlmiş yumru kütlədə xərçəng hüceyrələrinin olub olmadığını öyrənmək üçün biopsiya edilməsi lazım gəlir.
Müalicəsi
Piy nekrozu və piy kistləri adətən müalicəyə ehtiyac duymur. Bəzən yağ nekrozu öz-özünə yox olur. Piy kistindən mayenin çıxarılması üçün iynə aspirasiyası üsulu tətbiq olunarsa, bu müalicə kimi də istifadə edilə bilər.
Lakin, əmələ gəlmiş yumru kütlə və ya kütlənin sahəsi genişlənərsə və ya narahatlıq verərsə, müalicə cərrahi yolla aparılır. Tipik olaraq, süd vəzinin sektoral rezeksiyası aparılır. Çıxarılan toxumalar nəhayət diaqnozu təsdiqləmək və xərçəngi istisna etmək üçün histoloji analizə göndərilir.
Tercume
https://www.nuritenekeci.com/tr/icerik/143/kanser-disi-durumlar-memede-yag-nekrozu-ve-yag-kistleri