Əgər siz də yastı pəncəlikdən şikayət edirsizsə, ayaq üstə durduğunuz zaman pəncənizin yerlə tam təmas halında olduğu görüntü ilə tanışsınız. Normal yetkin insan ayağında 26 sümüyü birləşdirən 33 oynaq, 100-dən çox əzələ, vətər (tendon) və bağlar var. Ayaq vətərləri gərgin lent şəklində pəncə və daban sümüklərinə yapışaraq pəncə tağı dediyimiz hündürlüyü əmələ gətirir. Tendonlar kifayət qədər gərgin olmadıqda ayaq altındakı qövs azalır və yastı pəncəlik yaranır. Belə vəziyyət həm böyüklərdə, həm də uşaqlarda görülə bilər. Ayaq qövsü (tağ) insanın yeriməsinə və addım atmasına təsir göstərir. Pəncə tağının mövcudluğu bədən ağırlığının ayaqda bərabər paylanmasına kömək edir. Tağlar müxtəlif səthlərə uyğunlaşmaq üçün elastik və möhkəm/güclü olmalıdır.
Yastı pəncəlik gün ərzində fiziki fəaliyyət zamanı insanlara narahatlıq və ağrı verə bilər.
Yastıpəncəliyin Əlamətləri
Yastı pəncəliyin əsas simptomları ağrı və kosmetik görünüşdə müşahidə edilən deformasiyadır. Ağrı qaçış, idman və digər fiziki fəaliyyət zamanı artır. Pəncə və ayaq altında hiss edilən ağrı şiddətli olarsa, yeriməkdə belə çətinlik yarada bilər. Bəzi hallarda iç topuq və pəncə tağı boyunca şişkinlik müşaiyət oluna bilər. Yastı pəncəlik hesabına yeriş və duruşda yaranan qeyri-sabitllik bədənin bud çanaq və diz oynaqlarına həddən artıq yük/stress düşməsinə səbəb olur. Belə halda beldə və bədənin digər aşağı ətraf oynaqlarında ağrı olur. Xəstələr əksər hallarda ayaqqabılarının tez aşınmasından və genişlənməsindən şikayətlənirlər. Pəncə tağının olmaması xəstələrdə “yastı pəncəlik yeriyişinə” səbəb olur.
Yastıpəncəliyin Səbəbləri
Yetkin insanlarda yastıpəncəlik müxtəlif səbəblərdən yarana bilər:
Posterior Tibial Tendon (Vətətr) Disfunksiyası
Posterior tibial tendon ayağın əsas dəstəkləyici strukturlarından biri olub qövsün əmələ gəlməsində əsas rol oynayır. Posterior tibial tendon disfunksiyası (PTTD) çatışmazlığı, yetkin yaşda əldə edilən yastı pəncəlik deformasiyasının ən çox görülən səbəbidir. PTT-un həddən artıq yüklənməsi və iltihablanması nəticəsində yaranan tendon çatışmazlığı ətrafdakı bağ quruluşlarına təsir edir və nəticədə tağın deformasiyasına səbəb olur.
Daha çox yetkinlərdə gördüyümüz bu simptomlar qaçış, gəzinti, və ya pilləkən qalxıb enmək kimi fəaliyyətlərdən sonra görülür. PTTÇ ümumiyyətlə progressiv olur, yəni xüsusilə erkən vaxtlarda müalicə olunmazsa ağırlaşma davam edir.
Uşaqlarda Yastıpəncəlik
Bütün uşaqlar yastı pəncəliklə doğulurlar. Pəncə tağı uşaqlarda 3 yaşdan sonra tədricən formalaşmağa başlayır. Vətərlərin möhkəmlənməsi və qövsün meydana gəlməsi üçün vaxt lazımdır. Bəzən körpələrin ayağında olan əlavə yağ toxuması tağı gizlədə bilər.
Yastıpəncəliyin Növləri
Yastıpəncəlik iki formada– sərt və elastik (yumşaq) görülə bilər. Sərt yastıpəncəlik çox zaman sümük deformasiyası, tarsal koalisiya (ayaq sümüklərinin birləşməsi), anadangəlmə və irsi səbəblərə bağlı olaraq meydana gəlir. Elastik yastıpəncəlik zamanı pəncə tağı ayağınız yerlə təmas etmədiyi zaman – ayağınızı yuxarı qaldırdıqda, ayaq ucunda durduqda görünür. Lakin ayaqda bədən çəkisini daşıdığımız zaman itir. Belə tip yastı pəncəliyə daha çox uşaqlarda rastlaşırıq.
Yastıpəncəliyin Diaqnozu
Yastı pəncəlik simptomları ilə həkimə müraciət edən xəstələr ilkin olaraq fiziki müayinədən keçirlər. Həkim ailədaxili tibbi vəziyyət haqda məlumat alır, ailənin digər fərdlərində belə bir şikayətin olub-olmadığını araşdırır. Kliniki müayinə zamanı mütəxəssis həkim ayağı öndən və arxadan, həmçinin gəzərkən və barmaq ucunda dayanan zaman müşahidə edir.
Kliniki testlərdən sonra ümumi sümük quruluşunu görmək və yastı pəncəlik mənşəyini öyrənmək üçün rentgen müayinəsi istənilir.
Yastıpəncəliyin müalicəsi
Yastı pəncəliyin müalicə növü onun yaranma səbəbindən, deformasiyanın ciddiliyindən və ağrıdan asılı olaraq dəyişir.
Yastıpəncəliyin Cərrahi Üsulla Müalicəsi
Konservativ müalicənin fayda vermədiyi şiddətli ağrı və deformasiya halında cərrahi müalicə növü məsləhət görülür. Vətər qopmalarında və sümük qüsurlarında tətbiq ediləcək cərrahi üsul müvafiq testlər edildikdən sonra təyin edilir.
https://elvizgasimov.com/yastipencelik-nedir-formalari-ve-mualicesi/