Main

Yumurtalıqların polikistoz sindromu

Yumurtalıqların polikistoz sindromu poliendokrinoloji sindrom olub yumurtalıqların funksiyasının pozulması ilə özünü biruzə verir. Hormonın ifrazının azalması nəticəsində ovulyasiya prosesi pozulur, follikullar tam yetişmir, içərisinə maye dolur və kiçik kistalara çevrilir. Bu yaranmış kiçik çoxsaylı kistalar yumurtalığın səthində və daxilində yerləşərək yumurtalıqların ölçüsünü böyüdürlər. Polikistoz yumurtalıq sindromu qadınlarda ən çox görülən hormonal pozğunluqlar arasında ən üst yerdədir. Bu xəstəliyi həmçinin Şteyna-Leventel sindromu, hiperandrogenemiya və s. də adlandırırlar.

Bu sindromun yaranma səbəbi tam dəqiq öyrənilməmişdir. Heteroqen xəstəlikdir – menstrual tsiklin pozulması, xroniki anovulyasiya, hiperandrogeniya və yumurtalıqların kistoz dəyişikliyi ilə xarakterizə olunur. Əsasən reproduktiv yaşda olan qadınlarda rast gəlinir. Rast gəlməsinə görə 2 qrupa bölünür: Birincili və ikincili

Birincili və ya anadangəlmə forma - yeniyetməlik dövründə menstrual tsiklin formalaşması ilə meydana çıxır.

İkincili – Xroniki anovulyasiya və orqanizmin hormonal balansının pozulması nəticəsində yaranır. Əsasən böyrəküstü vəzin funksiyasının pozulması nəticəsində yaranan hiperandrogeniya olan qadınlarda yaranır.

Birincili polikistoz zamanı praktiki olaraq özbaşına hamiləlik baş vermir. İkincili polikistoz zamanı hamiləlik baş verə bilər.

Polikistoz Sindromu menstruasiyanın olmaması və ya uzun fasilələrlə düzənsiz menstruasiyanin olması ilə özünü biruzə verir. Bu zaman qanda androgen hormonunun artması ilə əlaqədar dəridə səpkilər, yağlanma, saç tökülməsi və tüklənmə, sonsuzluq kimi əlamətlər yaranır.

Yumurtalıqların polikistoz sindromu zamanı klinik əlamətlər

Yumurtalıqların polikistoz sindromu ovulyasiya prosesi pozulur və qanda androgenin səviyyəsinin artır. Ovulyasiya pozulduğuna görə menstruasiya qeyri-requlyar və ya bir müddət heç baş vermir. Qanda androgenin yüksək olması kişi tipli tüklənməyə, kökəlməyə, saç tökülməyə və səpkilərin yaranmasına səbəb olur. Bundan başqa insulin (şəkər) metabolizmasını da pozduğu üçün əsasən göbəkətrafı sahədə kilo artmasına gətirib çıxarır.

Əlamətləri:

  • İnsulinə qarşı dirənc
  • Kilo artımı
  • Saç tökülməsi (alopesiya)
  • Tüklənmə (hirsutizm)
  • Səpkilər
  • Üz sahəsində yağlanma
  • İltihab
  • Qeyri-requlyar menstruasiya(oliqomenoreya,amenoreya)
  • Dəridə piqment ləkələrinin yaranması(akantoz)
  • Baş ağrıları
  • Sonsuzluq
  • Dəri büküşlərinin,dəri qırışlarının(akroxordon)yaranması
  • Depressiya

Müayinəsi:

Polikistoz xəstəliyi endokrin pozğunluqlar arasında ən çox rast gəlinən xəstəliklərdəndir. Hər 10 qadından 1-də rast gəlinir. Çəkisi çox olan, menstruasiya pozğunluğu olan, üzündə səpkilər və dəridə yağlanma olan gənc qızlarda mütləq polikistoz sindromu araşdırılmalıdır. Menstrual pozğunluğu olan hər gənc qadında polikistoz xəstəliyi olmaya da bilər. Gənc qızlarda ilk menstruasiya başladığı illərdə menstruasiya qeyri-requlyar ola bilər. Reproduktiv funksiyanın normallaşmasından önəmli olan beyin və yumurtalıqlar arasındakı əlaqələr yeniyetməlik zamanı tam olaraq formalaşmadığından yaranan menstrual pozğunluqları normal qəbul edilir.

Yumurtalıqların polikistoz sindromunu endokrinoloji pozğunluq olduğundan hormonların müayinəsi bu diaqnozun qoyulmasında çox önəmlidir. Əsasən FSH və LH analizlərinə baxılır. Polikistoz zamanı menstruasiyanın 2-4cü günlərdə FSH/LH nisbəti 1:1-dən yuksək olur.

USM müayinə zamanı yumurtalıqların ölçüləri 1.5-3 dəfə böyüyür (kiçik, çoxlu kistlərin hesabına), xarici kapsulası qalınlaşmış, hamar mirvari ağı rəngdə görünür. Bəzən endometriyanın hiperplaziyası baş verir (uzunmüddətli esterogen çoxluğuna görə).

Bədxassəli törəməni inkar etmək üçün bəzənm aqnit-rezonans tomoqrafiya təyin olunur.

Müalicəsi:

Xəstəlik konservativ və cərrahi yolla müalicə olunur.

Konservativ müalicənin əsas prinsipləri:

  • Metabolizmin normallaşdırılması və daxili sekresiya vəzlərin funksiyasının stabilləsdirilməsi.
  • Endometriozun profilaktikası
  • İnsulin rezistentliyin və hormonal fonun normallaşdırılması
  • Hiperandrogeniyanın klinik əlamətlərinin müalicəsi
  • Ovulyasiyanın stimulyasiyası və menstrual tsiklin bərpası.
  • Sonsuzluğun müalicəsi.

Konservativ müalicə zamanı metformin, qlitazonlar (pioqlitazon, roziqlitazon), antiandrogen preparatlar (siproteron asetat) esterogen (estradiol) progestin və aşağı dozada dekzametazon (böyrəküstü vəzdə sintez olunan androgeni zəiflətmək üçün) təyin olunur.

Cərrahi üsul

Əgər konservativ müalicə effekt verməzsə cərrahi üsulla müalicə olunur. Bu zaman yumurtalıqların dribling əməliyyatı, yumurtalıqların pazvari rezeksiyası, yumurtalıqların dekapsulyasiya əməliyyatları icra edilir. Lakin əməliyyatlar yumurtalıqların follikulyar ehtiyatını azaltdığı üçün geniş istifadə olunmur.

https://ginekoloq-naza.az/yumurtaliqlarin-polikistoz-sindromu/