Divertikul - qida borusu divarının selikli qişasında çıxıntı ilə müşahidə olunan patologiyadır. Divertikullar anadangəlmə ola bilər, lakin çox hallarda divertikul - qida borusunun qazanılmış xəstəliyidir.
Zenker Divertikulu boğaz və qida borusu əzələlərinin kordinasiyasının pozulması nəticəsində əmələ gəlir. Normal halda, udqunma prosesi zamanı boğaz əzələləri yığılır, krikofarengial əzələlər boşalır və qida borusunun ağzı açılır. Bu prosesdə pozğunluq yarandıqda divertikul yaranır. Xəstəliyə çox zaman həzm orqanlarında gedən iltihabi proseslər, yaşla əlaqəli degenerativ xarakterli dəyişikliklər, nadir hallarda zədə və bətndaxili inkişaf qüsurları səbəb olur.
Zenker divertikuluna çox zaman 45 yaşdan yuxarı kişilərdə rast gəlinir. Qadınlar bu xəstəliyə kişilərlə müqayisədə 2 dəfə az tutulurlar.
Simptomları:
Zenker Divertikulu udqunmanın pozulmasına gətirib çıxarır. Həzm edilməmiş yemək divertikul sahəsində yığılır və nəticədə qusma, qidanın boğaz və ağız nahiyəsinə qanaxması baş verə bilər. Bununla yanaşı, ağızdan güclü xoşagəlməz iyi gəlməsi mümkündür. Zenker Divertikulunu müşayiət edən parlaq kliniki əlamətlərə boğazda, boyun sahəsində sanki bərk nəyinsə qaldığı hissi, boğulma, xroniki aspirasyon pnevmoniya və çəkinin aşağı düşməsi aiddir.
Diaqnostikası:
Böyük ölçülü Zenker Divertikulu boyuna baxış və əl ilə yoxlama zamanı aşkar oluna bilər. Qida borusunun rentgenoqrafiyasının köməyi ilə divertikulun mövcudluğu və yerləşdiyi yer, boynunun eni, patoloji proseslərin (poliplər, xərçəng, zədə) olub-olmaması müəyyən edilir.
Döş qəfəsi orqanlarının rentgenoqrafiya və KT-si mühüm məlumatlar əldə etməyə kömək edə bilər: böyük ölçülü divertikul şəkillərdə maye və hava ilə doldurulmuş, qida borusuyla əlaqəli olan boşluq kimi görünür.
Ezofaqoskopiya vasitəsilə divertikul sahəsini müşahidə etmək, selikli qişada yara olub-olmamasını öyrənmək, qanaxmanı, şişi aşkara çıxartmaq, endoskopik biopsiya həyata keçirmək mümkündür. Lakin divertikulun perforasiyası riski yüksək olduğuna görə ezofaqoskopiya böyük ehtiyatla aparılır. Qida borusunun yığılma funksiyasını öyrənmək məqsədi ilə manometriya - qida borusunun hərəkətliliyinin araşdırılması həyata keçirilir.
Müalicəsi:
Simptomları az olan kiçik qida borusu divertikulları qastroentroloqun nəzarəti altında konservativ yolla müalicə olunur. Xəstələrə pəhriz gözlənilməsi tövsiyə olunur. Yeməkdən sonra divertikulun daha yaxşı boşaldılmasına yönəldilmiş sadə tədbirlərin (məs: su qəbulu, boşalmanı asanlaşdıran duruş, sahənin zəif antiseptik məhlulla yuyulması və s.) həyata keçirilməsi məqsədəuyğundur.
Qida borusu divertikulunun cərrahi yolla müalicəsi çox çətin udqunma, ağırlaşmalar (deşilmə, qanaxma, qida borusu stenozu və s.) zamanı aparılır. Belə hallarda adətən qida borusu divertikulunun kəsilib çixarılması - divertikulektomiya həyata keçirilir. Əməliyyatdan əvvəl qida borusuna yoğun zond daxil edilir ki, bu da əməliyyatın keçirilməsini xeyli asanlaşdırır.
Qida borusu divertikulunun operativ müalicəsi simptomların tamamən yoxa çıxması ilə nəticələnə bilər. Xəstəliyin mürəkkəbləşməsi zamanı proqnoz hər zaman ciddi olur. Ona görə də hətta simptomsuz qida borusu divertikulu da nəzarət və uyğun müalicə tələb edir.
https://www.facebook.com/torakalcerrah/posts/1323318204362529/