Abses, iltihab nəticəsində məhdud boşluqda irin toplanmasıdır. Abses dərialtı toxumada, əzələlərdə, sümükdə, həmçinin, qaraciyər, ağciyər, dalaq, beyin və s.-də inkişaf edə bilər. Abses, irin törədən mikrobların zədələnmiş dəri və selikli qişalardan orqanizmə keçməsi, yaxud qan və limfa damarları ilə digər iltihab ocağından gətirilməsi nəticəsində əmələ gəlir.
Abses meydana gəlməsinin səbəbi bakterial infeksiyadır. Çox vaxt buna stafilokoklar və streptokoklar kimi bakteriyalar səbəb olur. Bu bakteriyalar bədənə daxil olduqda, immunitet sistemi infeksiya ilə mübarizə aparmaq üçün bölgəyə ağ qan hüceyrələri göndərir. Daha sonra iltihab başlayır və yaxınlıqdakı sağlam toxumanın ölümü baş verir. Abseslər adətən bakterial infeksiya nəticəsində əmələ gəlsə də, viruslar, parazitlər və göbələklər tərəfindən törədilən absesin əmələ gəlməsinə də nadir hallarda rast gəlinir.
Absesin kəskin və xroniki növləri vardır. Kəskin absesdə ağrı, qızartı, məhəlli şişkinlik, yüksək temperatur, yuxusuzluq, başağrısı və s. əlamətlər olur. Plevra və qarın boşluğunda absesin yırtılması ağırlaşmaya səbəb ola bilər. Xroniki abses tədricən inkişaf edir.
Absesin Müalicəsi
Absesin müalicəsində antibiotiklər, orqanizmin müqavimətini qaldıran üsullardan və nəhayət cərrahi əməliyyatdan istifadə olunur.