Main

AĞ CİYƏR VƏRƏMİ

Vərəm xəstəliyi bəşəriyyətə çox qədim zamanlardan məlum olan, mikobakteriyalardan (bəzən vərəm çöpü və ya onu aşkar edən alimin adı ilə Kox basillası adlandırılır) qaynaqlanan və əsasən hava yolu ilə ötürülən yoluxucu xarakterli xəstəlikdir. O, ümumilikdə ağciyər toxumalarının iltihabı və orqanizmin bütövlükdə güclü intoksikasiyası ilə səciyyələnir. Vərəm çöpləri spirtə, turşuya davamlı olub, sutka ərzində yarıya bölünməklə çoxalırlar. Onlar tozlu bəlğəmdə 72 saat, qurumuş bəlğəmdə 5-6 ay, əşyalarda 3 aya qədər, havasız, günəşsiz yerdə bir neçə ay, suda 5 ay, 0°C-də illərlə həyat qabiliyyətini saxlayır.

Vərəm yoluxucu xəstəlikləri arasında ölüm səbəbinə görə ilk yerlərdən birini tutur. ÜST-nın məlumatına görə, dünya əhalisinin 1/3 mikobakteriyalara yoluxub. Hər il dünyada 7,5 - 8 milyon insan vərəmə yoluxur və təxminən 1,5 milyonu vəfat edir.

Ağ ciyər vərəminin simptomları

Vərəm simptomlarının meydana çıxmasına xəstənin nə zaman yoluxması, orqanizmin müdafiə gücü, yanaşı gedən xəstəliklərin mövcudluğu, ekoloji amillər, iş şəraiti və s. güclü təsir edir. Bu xəstəliyə yoluxanların bəzilərində simptomlar özünü güclü inkişaf mərhələsinə qədər göstərməyə bilər ki, bu zaman artıq fəsadlar həyati təhlükə yaradır. Digər insanlarda isə vərəm yoluxmanın ilk günlərindən özünü büruzə verir. Xəstə ilk zamanlar zəiflikdən, yorulmadan əziyyət çəkməyə başlayır ki, bu da onun iş qabiliyyətinə mənfi təsir göstərir. Yuxunun pozulması, həmçinin süstlük və bu səbəblərdən meydana gələn əsəbilik mümkündür. Yuxarıda sadalanan simptomlar patogen bakteriyaların aktivliyinin artdığına görə orqanizmin intoksikasiyası səbəbindən yaranır. İntoksikasiya daha da artdıqca insanda çox vaxt tərləmə ilə müşaiyət olunan subfebrial temperatur, kəskin arıqlama, solğunluq meydana gəlir. Xəstəliyin sonrakı inkişafı qanda eritrositlərin, leykositlərin miqdarının azalması, hemoqlobinin aşağı enməsidir ki, bu da anemiya və leykopeniya üçün səciyyəvidir. Əvvəlcə quru, kifayət qədər güclü öskürək meydana gəlir və səhər və axşam saatlarında kəskinləşir. Tədricən öskürək bəlğəmli olur. Qeyd etmək lazımdır ki, belə öskürək keçmir və xəstəliyin inkişafının bütün gedişatında onu müşayiət edir. Bu öskürəyin fonunda bəlğəmlə az miqdarda ifraz olunan qan qaytarma yaranır. Bundan başqa xəstə döş qəfəsində ağrı, təngnəfəslik və çətin nəfəs almadan əziyyət çəkir.

Ağ ciyər vərəminin diaqnostikası

Vərəmin diaqnostikası üçün aşağıdakı üsullardan istifadə olunur:

  • Qanın ümumi analizi;
  • Mikrobioloji diaqnostika;
  • bəlğəmdə vərəm mikobakteriyalarının aşkarlanması;
  • plevral mayenin tətqiqi;
  • bronxların toxumasının biopsiyası ilə müşayiət olunan bronxoskopiya;
  • plevranın və ağ ciyərlərin biopsiyası;
  • Genetik üsullar;
  • Rentgenoloji üsullar (flüoqrafiya, rentgenoqrafiya, rentgenoskopiya, tomoqrafiya)

Ağ ciyər vərəminin müalicəsi

Vərəm aşkar olunduqdan dərhal sonra müalicəsinə başlanılır və uzun müddət və fasiləsiz aparılır. Müalicənin əsasını etiotrop kimyaterapiya təşkil edir. Bu, uzun müddətli (6-18 ay) və bir neçə mərhələdən ibarət prosesdir. Kimyaterapiyadan başqa xəstəyə immuniteti möhkəmləndirən dərmanların qəbulu, tənəffüs gimnastikası, fizioterapiya, pəhriz təyin olunur. Belə ki, xəstə yaxşı qidalanmalı, gün ərzində bütün lazım olan qida maddələrini və kalorini qəbul etməlidir. Qidada zülallar, vitaminlər, mineral maddələr, yağlar gündəlik tələbatı ödəməlidir. Ağartılar, yumurta, balıq əti, meyvə-tərəvəz və s. qida növləri yeməkdə üstünlük təşkil etməlidir. Vərəmin ağırlaşmış formasında xəstəyə cərrahi müalicə - ağ ciyərin zədələnmiş hissəsinin kəsilib götürülməsi təyin oluna bilər. Çox zaman aşağıdakı hallarda cərrahi üsula müraciət edilir:

  • Ağ ciyərdə ifrat qanaxmanın olması zamanı (cərrahın konsultasiyası);
  • Gərgin klapanlı pnevmotoraks;
  • İnkişaf edən birtərəfli vərəm.

Hazırda əksər hallarda vaxtında aşkarlandıqda və zəruri müalicə tədbirləri həyata keçirildikdə proqnoz əlverişli sayılır - vərəm ocaqlarının bitişməsi və klinik əlamətlərin sönməsi baş verir ki, bunu kliniki sağalma hesab etmək olar. Əks halda ağ ciyər vərəmi sağlamlıq, əmək qabiliyyəti, bəzən isə həyat üçün təhlükəli olan ağır fəsadların inkişafına gətirib çıxarır. Müalicə və ya tövsiyələrə əməl olunmadıqda, 50% hallarda xəstə dünyasını dəyişir. Bundan başqa, yaşlı insanlarda, şəkərli diabetdən əziyyət çəkənlərdə və SPİD xəstələrində proqnoz mənfidir.

https://www.facebook.com/torakalcerrah/posts/1361790287181987/