Main

Ağciyər kandidozu

Ağciyər kandidozu, təxminən 15-I insanlar üçün pathogen hesab olunan, 80 növdən ibarət Candida cinsinin mayabənzər göbələkləri tərəfindən törədilən bronxların və ağciyərlərin zədələnməsidir. Bunlardan ən əhəmiyyətlisi insan mühitində geniş yayılmış Candida albicansdır. Bu göbələklər çox vaxt sağlam insanlarda miselyum və maya şəklində (selikli qişalarda, həzm traktında, bəlğəmdə) olur.

Ağciyər kandidozunun səbəbləri

Xəstəlik geniş spektrli antibiotiklər, kortikosteroidlər, radiasiya terapiyası və şişlərin kimyaterapiyası ilə uzun müddətli müalicə zamanı digər xəstəliklərin səbəb olduğu bədən müqavimətinin azalması şəraitində inkişaf edir.

Ağciyər kandidozunun simptomları

Kandidoz pnevmoniyalara daha çox ağciyərlərin orta və aşağı paylarında rast gəlinir. Ağciyər kandidozunun simptomları pnevmoniya simptomlarına bənzəyir.

Xəstələr təngnəfəslik, döş qəfəsində ağrı, quru və bəlğəmli öskürək, bəzən bəlğəmdə qan olması hallarından şikayətlənirlər. Hərarət 37,5-38 dərəcə C-dək yüksəlir. Ağciyər kandidozu digər orqanların zədələnməsi ilə də müşayiət olunur, ağır hallarda sepsis əlamətlərinə keçir və ölümlə nəticələnir".

Rentgenoqrafiyada ləkəli kölgələr, daha sıx qaralma sahələri və az hallarda isə plevral efüzyon görünür. Xəstə ağciyər kandidozunun simptomlarını çətin keçirir. Xəstəlik mərhələlərlə xarakterizə olunur. Yaxşılaşma dönəmləri ağırlaşma dönəmləri ilə növbələşir.

Ağciyər kandidozunun diaqnozu

İmmun sistemi çox zəifləyənlərdə ağciyərlərin disseminə olunmuş kandidozu inkişaf edir. Xəstəliyin sürətlə proqressivləşməsi və antibiotiklərlə müalicəyə tabe olmaması, rentgenoloji olaraq diffuz pay və seqmentar infiltratların, disseminə olunmuş ocaqların olması, bəlğəmdə çoxlu miqdarda Candida tipli göbələklərin tapılması diaqnoz qoymağa kömək edir.

Ağciyər kandidozunun diaqnozunu qoymaq üçün ağız boşluğundan götürülən bəlğəmdən Candida göbələyini aşkarlamaq kifayət etmir. Bronxoskopiya zamanı əldə edilən materialda göbələklərin aşkarlanması böyük diaqnostik əhəmiyyətə malikdir. Göbələklər üçün təkrar sidik və qan analizləri etmək tövsiyyə olunur. Diferensial diaqnoz bronxit və digər etiologiyalı bronxopnevmoniya, ağciyər vərəmi ilə aparılır.

Ağciyər kandidozunun müalicəsi

Ağciyər və bronxların kandidozunun müalicəsində əsas xəstəliyin müalicəsi ilə yanaşı, ağız boşluğunda göbələk mənbəyinin sanasiyası da əhəmiyyətli rol oynayır. Yanaşı xəstəliklər nəzərə alınaraq antifunqal preparatlarla müalicə aparılır. Xəstənin vəziyyətinin ağırlığından asılı olaraq vitamin preparatları, bronxolitiklər və mukolitiklər təyin olunur.

tercume