Main

AYAQ GÖBƏLƏYİ

Ayaq və dırnaq göbələyi çox geniş yayılmış bir dəri problemidir. Bir çox insanda ən az bir dəfə ayaq göbələyi yaranır. Daha çox yeniyetmə və yetkinlik dövründəki kişilərdə görülür, qadınlarda və 12 yaşından kiçik uşaqlarda isə hadir hallarda rast gəlinir. Ayaq göbələyi asanlıqla müalicə edilməsinə baxmayaraq uğurlu müalicədən sonra belə yenidən təkrarlana bilər. Səbəbi mikrob, göbələk adı verilən kiçik bitki mənşəli orqanizmlərdir. Göbələk üçün qaranlıq, rütubətli və ilıq mühit əlverişlidir.
Birgə istifadə sahələri və ortaq istifadə edilən dəsmal, başmaq, ayaqqabı kimi əşyalar göbələklərin çoxalması və yoluxması üçün çox uyğundur. Bundan əlavə bişmələr, ayaqqabı vurması, su, yuyucu tozlar, sintetik geyim və corablardan yaranan yaralar da ayaqlarda göbələk xəstəliyi inkişaf etməsi üçün münbit zəmin hazırlayır. Ayaqlarda olan göbələk xəstəliyini müalicə etmədikdə xəstəlik hətta dırnaqlara bulaşa bilər. Dırnaq göbələyi əsasən sadə bir yaralanma ilə başlayır. Məsələn, əl və ayaq dırnaqlarının sınması, dırnaqların çox qısa kəsilməsi, dar ayaqqabının dırnağı sıxışdırması. Nəmişlik, tərləmə ayaq və dırnaq göbələyinin inkişafına kömək edir.

Ayaq göbələyi xəstəliyi müxtəlif formalarda olur. Bəzi insanlarda ayaq barmaqları arasında (xüsusilə son iki ayaq barmağı arasında) soyulma, kəpəklənmə və çatlamalar şəklində görülərkən bəzi insanlarda isə ayaq dabanında və dabanların kənarlarında qızartı, kəpəklənmə və suluqlu yaralar formasında rast gəlinir. Ayaq göbələyi eyni zamanda ayaqda qaşıntı və yanma hissinə səbəb ola bilər. Ama bəzən ayaq göbəliyi xəstəliyində qaşınma olmur. Ayaq dırnaqlarında da müalicəsi çətin olan göbələk xəstəliyi yarana bilər. Dırnaq göbələyi dırnaqda qalınlaşma, xırdalma, rəng dəyişikliyi və hətta dırnaq itkisi ilə nəticələnir. Yaş irəlilədikcə ayaq dırnaqlarında olan qalınlaşma normal deyil. Bu cür dəyişikliklər dırnaq göbələyi xəstəliyindən irəli gəlir. Müalicə edilməmiş ayaq göbələyi ayaq dərisində çatlamalara, suluqu yaraların yaranmasına və ikincili bakteriya infeksiyalara səbəb olur. Göbələk diaqnozu qoyulduqdan dərhal sonra müalicə başlanmalıdır.

Ayaq göbələyindən qorunmaq üçün aşağıdakı qaydalara riayət olunmalıdır

Ayaq təmiz, sərin və quru saxlanılmalıdır. Pambıq, yun və s. təbii parçalardan istehsal olunmuş corablar geyinilməlidir. Ayaqqabılar ayağa rahat olmalı və ayağa ya da dırnaqlara travma (təzyiq) azaldılmalıdır. Dar burunlu, köhnəlmiş ayaqqabılar, corabsız geyilən ayaqqabılar və ya başqasının ayaqqabısı geyinilməməlidir. Daha çox göbələk ola biləcək ərazilərdə çılpaq ayaqla yeriməkdən çəkinin: Xalça ilə döşənmiş, hamam yerləri, duşxanalar, gimnastika zalları, soyunub-geyinmə otaqları, üzgüçülük salonları, hamamlar kimi.

Dırnaqlar qısa və düz kəsilməlidir. Kənarlarını dairəvi kəsməyin. Yay mövsümündə sıx və dar ayaqqabı geyinməkdən çəkinin, bu mövsümdə sandal tipli ayaqqabılar daha münasibidir.

Ayaq göbələyinin növləri

  • Ayağınızın altında kəpəklənmə, qızarma və quruma kimi əlamətlər ortaya çıxa bilər.
  • Ayağınızda şiddətli qaşıntı, qızarma və suluqlu yaralar yarana bilər.
  • Kiçik ayaq barmağınızın arasında soyulma, çatlama və ağ rütubətli bir görüntü meydana gəlir.
  • Ayaq dırnağı qalınlaşır və rəngi dəyişir. Bununla birlikdəı dırnaq soyulması və ya dırnaqlarınızın əriməsi halı baş verir.