Main

Aybaşı pozğunluqları

Menstrual tsiklin xarici əlaməti – aybaşı qanaxmasıdıır, hər bir qadına xas periodla baş verir və adətən 3-6 gün davam edir. Bu zaman, endometriumun (uşaqlığın selikli qişası) qalınlaşmış funksional qatı bütöv qopur. Onun qalıqları qanla birlikdə, açılmış servikal kanaldan uşaqlıq yoluna və oradan da xaricə çıxır. Aybaşı qanının qovulmasına, uşaqlıq divarlarının yığılması kömək edir, hansı ki öz növbəsində, qadına müəyyən fiziki diskomfort verə bilər.

Toxumalar qopduqdan sonra, qısa müddət ərzində ağızları açıq qalmış damarlar qapanır, selikli qişanın yaranmış total defekti regenerasiya edir. Buna görə də normal menstruasiya ağır qanitirmə ilə nəticələnmir, anemiya, zəiflik və əmək qabiliyyətinin azalmasına səbəb olmur. Qanitirmənin orta həcmi 150 ml-ə qədər olur. İfrazatda qan laxtaları olmur.

Amma menstrual tsikl təkcə endometriumun təzələnməsi deyil. Normada ona, yumurtalıqda yumurtahüceyrənin yetişməsi ilə gedən follikulyar faza, follikulun partlaması – ovulyasiya və sonra endometriumun şişərək implantasiyaya hazırlandığı, sekretor faza da daxildir.

Reproduktiv yaşlı sağlam qadınlarda anovulyator tsikllər də olur, hansı ki, patologiya hesab olunmur. Normal vəziyyətdə bu, menstruasiyanın xarakterinə, davam müddəti və tsiklin intervalına təsir göstərmir. Lakin belə tsikllərdə qadın fertil deyil, yəni hamilə qala bilməz.

Menstruasiya yeniyetmə dövründə başlayır. Onun başlaması reproduktiv sistemin mayalanmaya hazır olduğunu göstərir. İlk menstruasiya (menarxe) 9-15, çox vaxt isə 12-14 yaşlar arasında baş verir. Bu, bir çox amillərdən asılıdır, hansı ki, ən əsasları irsiyyət, milli mənsubiyyət, orqanizmin ümumi vəziyyəti, qızın qidalanma tərzidir.

Reproduktiv dövrün sonunu menopauza – menstruasiyanın tam və son dayanması, xarakterizə edir. Bundan əvvəl klimakterik dövr olur, hansı ki normada 46-50 yaşlar arasında baş verir.

Patologiyanın mexanizmləri

Qadın orqanizmində ovarial-menstrual tsikl hormonlardan asılı prosesdir. Buna görə də onun əsas pozulma səbəbi – dishormonal dəyişikliklərdi. Onlar müxtəlif səviyyələrdə, hətta reproduktiv sistemlə birbaşa əlaqəsi olmayan digər daxili sekresiya vəzilərinin qoşulması ilə, baş verə bilər.

Bütün səviyyələrdə olan pozğunluqlar sonda menstrual tsiklin dəyişməsilə nəticələnir. Çünki, hormonal disbalans yumurtalıqların fəaliyyətinin, hətta onlarda struktur anomaliyaları olmadıqda belə, dəyişməsinə səbəb olur. Bunun nəticəsində, cinsi hormonların (estrogenlər və progesteron) sekresiyası pozulur. Onların isə əsas hədəfi uşaqlığın selikli qişasının funksional qatıdır, məhz tsiklin sonunda qanla birlikdə o qovulur. Buna görə də, orqanizmdə baş verən istənilən dishormonal dəyişikliklər menstruasiyanın xarakterini dəyişə bilər.

Endokrin patologiya – menstrual disfunksiyanın əsas səbəbidir. Yalnız az bir halda, onun səbəbi hormonal pozğunluqlar olmur. Məsələn, endometriumun kobud patologiyaları menstrual tsikli poza bilər. Bəzən isə yalançı amenoreya müşahidə olunur, yəni, aybaşı qanı vaginanın atreziyası və ya qızlıq pərdəsinin tam bağlanması səbəbindən, təbii yolla xaricə çıxmağa imkan tapmır.

Aybaşı pozğunluqlarının səbəbləri

  • Hipofizin müxtəlif adenomaları, hansı ki, ya hormonal aktiv olur, ya da adenohipofizi sıxaraq onun atrofiyasına səbəb olur. İtsenko-Kuşinq xəstəliyi və sindromu.
  • Beyində dofamin və noradrenalin sintezi və mübadiləsinə təsir edən preparatların qəbulu, hansı ki, hipotalamo-hipofizar sistemin disfunksiyasına səbəb olur. Onlara Rezerpin, neyroleptiklər, müxtəlif qruplardan olan antidepressantlar, Serukal, fenotiazin törəmələri və digər dərman preparatları aiddir.
  • Böyrəküstü vəzlərin adenomaları və androgen və kortizol istehsal edən, digər şişlər. Böyrəküstü vəzin anadangəlmə hiperplaziyası nəticəsində yaranan, adrenogenital sindrom.
  • Mərkəzi neyro-endokrin requlyasiyanın pozulması ilə müşayiət olunan, bəzi psixi pozğunluqlar. Bunlara müxtəlif mənşəli orta və ağır dərəcəli depressiv vəziyyətlər, kəskinləşmə fazasında olan şizofreniya, sinir mənşəli anoreksiya, reaktiv pozğunluqlar, xroniki stressdə adaptasiyanın pozulması aiddir.
  • Müxtəlif mənşəli hipo- və ya hipertireoz.
  • Sklerokistoz yumurtalıqlar sindromu (Şteyn-Levental sindromu).
  • Uzun müddət hormonal kontraseptivlər qəbul etdikdə və ya onları qəflətən kəsdikdə, yumurtalıqların funksiyasının zəifləməsi və onlarla hipotalamo-hipofizar sistem arasındakı əks əlaqənin pozulması.
  • Rezistent yumurtalıqlar və qonadların vaxtından əvvəl üzülməsi sindromları. Onlar yatrogen mənşəli də ola bilər – məsələn, qadın yumurtalıqların hiperstimulyasiyası ilə keçən, süni mayalanma prosedurlarında təkrar iştirak edərsə.
  • Hormonal fonun qəflətən qeyri-fizioloji dəyişməsi, hansı ki, spontan və ya tibbi abortdan sonra, həmçinin laktasiyanın tez kəsilməsi üçün dərman qəbulu ilə əlaqədar ola bilər.
  • Uşaqlığın qüsurları və inkişaf anomaliyaları, həmçinin xromosom xəstəlikləri ilə əlaqədar.
  • Uşaqlıq və yumurtalıqlarda əvvəllər keçirilmiş cərrahi əməliyyatlar, şüa və kimyaterapiya, iltihabi xəstəliklərinin nəticələri. Bunlara yumurtalıqların funksional hissəsinin həddən artıq kiçilməsi, uşaqlığın mənfəzini bağlayan sinexiyalar, yumurtalıqların və uşaqlığın tam çıxarılması aiddir.
  • Yumurtalıqların şişləri. Bu zaman, təkcə bədxassəli şişlər deyil, həmçinin iri ölçülü və yumurtalığı sıxaraq ikincili atrofiya yaradan, xoşxassəli şişlər də klinik əhəmiyyət daşıyır.

40 yaşından sonra menstrual tsiklin pozulması əksər hallarda reproduktiv sistemdə yaşla əlaqədar baş verən dəyişikliklərlə bağlıdır. Onların səbəblərinə yumurtalıqların follikulyar ehtiyatının təbii azalması, proqressivləşən hipoestrogeniya və reproduktiv funksiyaların sönməsi aiddir. Bu dəyişikliklər preklimakterik dövrdə özünü daha aydın göstərir, beləki, tsikl tədricən requlyarlığını itirir, disfunksional uşaqlıq qanaxmaları və psixovegetativ pozğunluqlara meylli olur.

Menstruasiyanın yeniyetmə dövründə pozulmasının əsas səbəbi – hipotalamo-hipofizar və yumurtalıq sistemlərinin qeyri-bərabər inkişaf etməsidir. Amma yaddan çıxartmaq lazım deyil ki, məhz bu dövrdə bəzi xromosom və irsi xəstəliklər, reproduktiv sistemin inkişaf anomaliyaları özünü göstərməyə başlayır.

Bundan başqa, yeniyetmə qızlarda çox vaxt əsas nutrientlər və ən əsası – yağların defisitinə səbəb olan qidalanma pozğunluqları olur. Bu, cinsi hormonların sintezinin kəskin pozulmasına və ikincili amenoreyaya səbəb ola bilər.

Aybaşı pozğunluqlarının növləri

Normal menstruasiyanın əvvəllər olmasını nəzərə alaraq, bütün mümkün pozğunluqları birincili və ikincili olmaqla iki yerə bölürlər.

Menstrual tsiklin pozulma əlamətləri aşağıdakılardır:

  • Menstruasiyalararası intervalın dəyişməsi. Bu zaman tsiklin həm qısalması (tsiklin davam müddəti 21 gündən azdır), həm də uzanması (tsiklin davam müddəti 35 gündən çoxdur) ola bilər.
  • Əvvəllər tsikl pozğunluğu olmadığı halda, növbəti menstruasiyanın gecikməsi.
  • Reproduktiv yaşda olan qadınlarda menstruasiyanın 6 ay və daha çox müddət ərzində olmaması.
  • Menstruasiya vaxtı itirilən qanın həcminin dəyişməsi. Onun həm artması (hipermenoreya), həm də azalması (hipomenoreya) mümkündür. Qanitirmənin həcmi həddən artıq olarsa, menometrorragiya adlanır.
  • Menstruasiyanın özünün davam müddətinin qısalması (oliqomenoreya) və ya uzanması (polimenoreya).
  • Menstruasiyalararası dövrdə müxtəlif intensivlikli (az və ya çox dərəcəli) qanlı ifrazat. Böyük həcmli atsiklik uşaqlıq qanaxmalarına "metrorragiya" deyilir.
  • Menstruasiya dövründə xəstəni narahat edən lokal ağrı sindromu, hansı ki, alqomenoreya adlanır. Adətən ağrı qarnın aşağısanda olur, bel və omaya yayılır.
  • Menstruasiyanı müşayiət edən ümumi ekstragenital əlamətlər. Bunlara müxtəlif xarakterli başağrıları, arterial təzyiqin oynaması, ürəkbulanma və iştahın dəyişməsi, həmçinin digər vegetativ əlamətlər aiddir. Belə vəziyyətə dismenoreya, ağrı ilə müşayiət olunduqda isə – alqodismenoreya deyilir.

Çoxlu qanitirmə ilə müşayiət olunan menstrual pozğunluqlar, xroniki anemiyaya səbəb olur. Elə çox vaxt onun simptomları qadını həkimə müraciət etməyə məcbur edir. Bu zaman onu yorğunluq, ürəkdöyünmə, ümumi zəiflik, arterial təzyiqin azalması narahat edir, tez-tez bayılma ola bilər. Dərinin, tük və dırnaqların vəziyyəti pisləşir, əqli fəaliyyətin ləngiməsi qeyd olunur.

Eyni zamanda, reproduktiv yaşlı qadınların əksəriyyətində sonsuzluq qeyd olunur – 1 il ərzində müntəzəm qorunmamış cinsi əlaqəyə baxmayaraq, mayalanma baş vermir. Bu, yumurtalıqlarda dominant follikulun əmələ gəlməməsi, onda yumurtahüceyrənin yetişməməsi və spontan ovulyasiyanın olmaması ilə izah olunur.

Müxtəlif yaş qruplarında menstruasiyanın pozulma xüsusiyyətləri

Yeniyetmə dövrü

Yeniyetmələrdə menstrual tsiklin pozulmaları hipomenstrual sindrom və yaxud yeniyetmə qanaxmaları tipində keçir. Pozğunluqların xarakteri etioloji amildən və mövcud dishormonal dəyişikliklərdən asılıdır.

Əgər menstruasiya 15 yaşına qədər başlamamışsa – bu, birincili amenoreya adlanır. Eyni zamanda gec menarxe də müşahidə oluna bilər.

Yuvenil (yeniyetmə) qanaxmalar follikul partlamayaraq atreziya olduğundan və ya hormonal statusun dəyişməsi nəticəsində baş verir. Onlar adətən menstruasiyanın gecikməsilə növbələşir, çox vaxt tüklənmə, çəki artıqlığı və ya əskikliyilə müşayiət olunur. Şəraityaradıcı faktor kimi sinir-emosional gərginlik, iqlim və saat qurşağının qəflətən dəyişməsi, yuxu rejiminin pozulması çıxış edə bilər.

Reproduktiv dövr

Reproduktiv yaşlarda menstrual tsikl pozğunluğu özünü ritmin pozulması, növbəti aybaşının gecikməsi və ardınca baş verən qanaxma ilə göstərə bilər. Eyni zamanda, fizioloji dəyişiklikləri patolojilərdən ayırmaq lazımdır. Normada hamiləlik vaxtı, zahılıq dövründə və südvermə ilə əlaqədar, menstruasiyanın müvəqqəti itirilməsi ola bilər. Bundan başqa, tsiklin və menstrual ifrazatın dəyişməsi hormonal kontrasepsiya və uşaqlıqdaxili spiralın fonunda baş verə bilər.

Tsiklin uzanması çox vaxt follikulun persistensiyası ilə əlaqədardı. Bu zaman yetişmiş yumurtahüceyrənin ovulyasiyası baş vermir. O, ölür, follikul isə böyüməkdə davam edir və müxtəlif ölçülü kistalara çevrilir. Bu zaman hormonal fon tsiklin hiperestrogeniya ilə keçən 1-ci fazasına uyğun gəlir, hansı ki, endometriumun proqressiv böyüməsinə səbəb olur. Menstruasiyanın ləngiməsi, belə olduqda, 6-8 həftə çəkə bilər, hansı ki, metrorragiya ilə nəticələnir. Belə uşaqlıq qanaxmaları disfunksional tipə aid edilir. Onun inkişafının daha bir səbəbi – lütein fazasının çatmamazlığıdır. Bu zaman qanaxma ovulyator dövrdə baş verir, adətən çox olmur, amma uzun sürür.

Abortdan sonra da menstruasiyanın pozulması mümkündür. O, spontan (erkən dövrlərdə hamiləliyin özbaşına pozulması) və ya tibbi (müxtəlif üsullardan istifadə etməklə) ola bilər. Bu zaman, növbəti tsiklin başlaması uzanır, tam bərpa isə 3 ay ərzində baş verir. Əgər abort fəsadla müşayiət olunarsa, bərpa dövrünün uzanması, atsiklik qanaxma və alqodismenoreya müşahidə edilə bilər.

Klimakterik və menopauza dövrü

Menstrual tsiklin pozğunluqları ən çox klimakterik dövrdə rast gəlinir. Reproduktiv funksiyaların sönməsi adətən anovulyator tsikllərin artması, follikulun atreziyası fonunda gecikmələr, dəyişikliklərin ritmikliyinin pozulması və klimakterik sindromun inkişafı ilə müşayiət olunur.

Menopauzada uşaqlıq qanaxmasının başlaması – təhlükəli əlamətdir. Çünki, reproduktiv funksiyanın bərpa olunması artıq mümkün deyil, ona görə də, bu yaşdakı qanlı ifrazat bədxassəli şişin olmasından xəbər verə bilər.

Hamiləliyin mümkünlüyü

Pozulmuş menstrual tsikldə hamiləliyin olması mümkündür. Amma onun baş vermə ehtimalı dishormonal pozğunluqlardan, uşaqlığın yetişmə dərəcəsi və digər amillərdən asılıdır. Əksəriyyət hallarda menstruasiyanın pozulması sonsuzluqla müşayiət olunur və onu konservativ üsullarla həmişə aradan qaldırmaq mümkün olmur, ona görə də, çox vaxt süni mayalanmaya ehtiyac yaranır. Bəzən isə qadın nə mayalana bilir, nə də uşağı sona qədər saxlayır. Bu halda ona surroqat ana və donor proqramları təklif olunur.

Bəzi qadınlarda doğuşdan sonra menstrual tsiklin pozğunluqları özbaşına bərpa olur. Və sonrakı hamiləliklər onlarda artıq elə bir çətinlik olmadan baş tutur.

Aybaşı pozğunluqlarının müalicə prinsipləri

Menstrual pozğunluqların müalicəsi bir neçə istiqaməti əhatə edir:

  • Qanaxmanın dayandırılması. Bu məqsədlə hormonal preparatlar, qanın laxtalanmasını yaxşılaşdıran və uşaqlıq yığılmasını artıran vasitələr təyin edilir.
  • Mövcud hormonal dəyişikliklərin korreksiyası, hansı ki, həm də residivlərin profilaktikasıdır. Müalicə sxemi bu zaman pasientin endokrin profilinə uyğun şəkildə, fərdi qaydada seçilir.
  • Əsas səbəbkar amilin ləğv edilməsi və ya mövcud inkişaf anomaliyalarını korreksiya etmək üçün, cərrahi müalicə üsulunun seçilməsi.
  • Lazım gəldikdə – uşaqlığın inkişafının stimulyasiyası və yumurtalıqların fəaliyyətinin aktivasiyasına yönəlmiş tədbirlər. Bu məqsədlə müxtəlif fizioterapevtik üsullar, tsiklik vitaminoterapiya, fitoterapiya geniş istifadə olunur.
  • Yanaşı gedən pozğunluqların korreksiyası (psixovegetativ patologiyalar, anemiya və s.).
  • Əsas xəstəlik məqsədilə aparılan terapiyanın korreksiyası. Məsələn, psixotrop vasitənin qəbulu zamanı, onun daha müasir, effektiv və təhlükəsiz preparata dəyişilməsi. Əlbəttə, bu zaman müalicənin korreksiyası barədə son qərarı ginekoloq deyil, müalicə həkimi (məsələn, psixiatr və ya nevroloq) verir.
  • Uşaq istədikdə – konservativ və cərrahi üsullarla sonsuzluğun kompleks müalicəsi, müasir köməkçi reproduktiv texnologiyaların (süni mayalanma) vaxtında istifadəsi.

Aybaşı pozğunluqları – çox geniş yayılmış problemdir. Və onun aktuallığı, təbabətin müasir səviyyəsinə baxmayaraq, azalmır. Xoşbəxtlikdən, belə patologiyaların əksər formaları korreksiyaya yaxşı tabe olur. Eyni zamanda qadının vaxtında həkimə müraciət etməsi, fəsadlardan qaçmağa, yaşama keyfiyyətini yüksək səviyyədə saxlamağa və hətta yanaşı gedən sonsuzluğun da öhdəsindən uğurla gəlməyə imkan verir.

https://doctorramila.az/publikasiyalar/180-aybashi-pozgunluqlari.html