Büllurun çıxığı – bioloji linzanın vitreal boşluğa və ya gözün ön kamerasına döğru yerdəyişməsi ilə xarakterizə olunan patologiyadır. Xəstəliyin klinik əlamətlərinə görmə qabiliyyətinin kəskin azalması, göz yuvası nahiyəsində ağrı və diskomfort hissi, fakodonez və iridodonez aiddir. Diaqnoz vizometriya, gözün USM, biomikroskopiya, OKT, təmassız tonometriya, qonioskopiyanın nəticələri əsasında qoyulur. Müalicə lensektomiya, vitrektomiya və intraokulyar linzanın implantasiyası ilə həyata keçirilir. Postoperasion dövrdə qlükokortikoidlərin və antibiotiklərin təyini məsləhət görülür.
Büllurun çıxığı barədə ümumi məlumat
Büllurun çıxığı (ektopiya, dislokasiya) – bağ aparatının olmaması və ya zəifliyi ilə əlaqədar bioloji linzanın anatomo-topoqrafik vəziyyətinin pozulmasıdır. Statistik məlumatlara görə anadangəlmə ektopiyanın yayılma tezliyi 7:100000 təşkil edir. İrsi meyllik zamanı xəstələrin 85%-də gen mutasiyaları aşkarlanır. 15% pasiyentlərdə xəstəlik sporadik xarakter daşıyır. Patologiyanın qazanılmış forması 33% hallarda gözün travması nəticəsində yaranır. Büllurun çıxığı kişi və qadın cinsinin nümayəndələri arasında eyni dərəcədə yayılır.
Büllurun çıxığının yaranma səbəbləri
Büllurun ektopiyası polietioloji patologiyadır. Spontan formanın inkişafına siliar bağın liflərinin degenerativ-distrofik dəyişiklikləri səbəb olur. Belə hallara adətən yaşlı şəxslərdə rast gəlinir. Əsas təkanverici amil uveal traktın xroniki iltihabı və ya şüşəyəbənzər cismin zədələnməsidir. Büllurun çıxığının başlıca səbəbləri aşağıdakılardır:
Büllurun çıxığının patogenezi
Xəstəliyin anadangəlmə formasının patogenezinin əsasını siliar bağın zəifliyi, hissəvi və ya tamamən olmaması təşkil edir. Genetik meylliyə malik əksər xəstələr üçün kollagen və ya elastin sintezinin defekti, zülal mübadiləsinin pozulması xarakterikdir. Siliar bağın hissəsi çırılması zamanı büllür şüşəyəbənzər cismin divaryanı qatlarına fiksəolunmuş vəziyyətdə qalır, tam cırıma hallarında isə sərbəst şəkildə vitreal boşluğa doğru yerini dəyişir. Bəbək dəliyinin genişlənməsi büllurun ön kamera nahiyəsinə dislokasiyasına səbəb olur. Bu da adətən «üzü aşağı» vəziyyətlərdə baş verir.
Katarakta zamanı bioloji linzanın siliar bağla birləşməsinin pozulması bağ aparatının disfunksiyası ilə nəticələnir. Uzaqdan görmə zamanı siliar bağın gərilməsi onun hissəvi zədələnməsinə gətirib çıxarır. Oftalmotonus yüksəldikdə və ya cüzi yüklənmələr yerinə yetirildikdə bağ cırılır – ektopiya yaranır. Göz almasının travmalarında ən zəif hissə siliar bağ hesab olunur. Belə ki, zərbə dalğası kapsulun cırılmasına deyil, bağ aparatının liflərinin deformasiya və gərilməsinə səbəb olur. Büllurun və siliar bağın ilvolyutiv dəyişiklikləri yaşlı şəxslərdə ektopiyanın baş vermə ehtimalını yüksəldir.
Büllurun çıxığının təsnifatı
Büllurun çıxığı anadangəlmə və qazanılmış, tam və hissəvi formalara bölünür. Qazanılmış ektopiya travmatik və spontan xarakterli olur. Hissəvi çıxıq zamanı bağın cırılması dairənin 1/2-3/4 hissəsində müşahidə edilir. Büllur vitreal boşluğa tərəf əyilir. Klinik təsnifatda tam çıxığın aşağıdakı formaları ayırd edilir:
Büllurun çıxığının əlamətləri
Patologiya ağır gedişlə xarakterizə olunur. Xəstəliyin anadangəlmə formasında uşağın göz almasının ön şöbəsində ağımtıl-boz bulanıqlıq nəzərə çarpır. İfadəli görmə disfunksiyası müşahidə edilir, yalnız işığı duyğusu saxlanılır. Genetik meyllik zamanı xəstəlik yetkin yaşlarda da özünü büruzə verə bilər. Pasiyentlər klinik təzahürləri cüzi fiziki yeklənmələr və ya yüngül travma ilə əlaqələndirirlər. Akkomodasiya qabiliyyəti kəskin pozulur. Baxışları fiksasiya etmək cəhdləri baş ağrıları, tez yorulma ilə nəticələnir.
Qazanılmış formanın rast gəlindiyi xəstələr çıxıq anında sancışəkilli ağrıların yaranmasını və görmə itiliyinin kəskin dərəcədə azalmasını bildirirlər. Zamanla ağrı sindromunun intensivliyi artır. Pasiyentlər gözlərin «titrəməsindən», konyunktivanın qızarmasından, periorbital nahiyədə ifadəli diskomfort hissindən şikayət edirlər. Fakodonezin iridodonezlə birgə inkişafı göz almalarının hərəkətinə səbəb olur. Məhdud sahədə qüzehli qişanın siliar cisimdən ayrılması (iridodializ) aşkar edilir. Xəstələr bəbəyin konturlarının nahamarlığını və qüzehli qişanın «parçalanma» zonasının olmasını qeyd edirlər.
Büllurun çıxığının ağırlaşmaları
Əksər pasiyentlərdə oftalmohipertenziya əlamətləri müşahidə edilir. 52-76% hallarda ektopiya ikincili qlaukoma ilə ağırlaşır. Xəstələrdə iltihabi ağırlaşmaların (iridosiklit, retinit, keratokonyunktivit) qoşulma riski yüksək olur. Fiksasiya olunmuş forma torlu qişanın ayrılması və cırılması, buynuz qişanın degenerasiyası ilə müşayiət edilir. İfadəli destruktiv dəyişikliklər və ya şüşəyəbənzər cismin yırtığı inkişaf edir. Görmə sinirinin diskinə bitişmələrin yaranması onun nevritinə gətirib çıxarır. Büllurun çıxığının ən ağır fəsadı ağrı sindromu ilə gedən tam korluqdur.
Büllurun çıxığının diaqnostikası
Fizikal müayinə zamanı gözün ön seqmentinin şəffaflığının azalması aşkar olunur. Bu dəyişiklik travmatik zədələnmənin əlamətləri ilə birgə rast gəlinə bilər. Gözlərin hərəkəti zamanı fakodonez yaranır. Midriatiklərlə sınaq aparılarkən bəbəklərin genişlənməsinə rast gəlinmir. Xüsusi müayinə üsullarına aşağıdakılar aiddir:
Travmatik mənşəli formalarda əlavə olaraq, ön və ya proyeksiyalarda göz yuvasının rentgenoqrafiyası icra edilir. Erkən postoperasion dövrdə GDT təmassız üsulla ölçülür. Gözdaxili mayenin sirkulyasiyasının xarakterini öyrənmək üçün əməliyyatdan 5-7 gün sonra elektron tonoqrafiya tətbiq edilir. Müayinə prosesində qlaukomanın inkişaf riski təyin olunur.
Büllurun çıxığının müalicəsi
Bioloji linzanın tam çıxığı lensektomiyaya göstəriş sayılır. Traksiyanın qarşısını almaq üçün cərrahi müdaxilədən əvvəl vitrektomiya yerinə yetirilir. Əməliyyatın əsas mərhələsi büllurun göz dibindən qaldırılması və ön kameraya çıxarılmasıdır. Bu məqsədlə şüşəyəbənzər cismin boşluğuna perflüor üzvi birləşmələr (PFÜB) yeridilir. PFÜB-nin xüsusi çəkisi ağır olduğundan onlar göz dibinə çökməklə, patoloji dəyişikliyə uğrayan substansiyanı xaricə itələyir. Lensektomiyadan sonra növbəti mərhələ intraokulyar linzanın (İOL) implantasiyasıdır. İOL-nın fiksasiya sahələri ön kamera bucağı, siliar cisim, kapsul, qüzehli qişadır.
Nüvə yüksək sıxlığa malik olduqda bülluru çıxarmaq üçün ultrasəs və ya lazer fakoemulsifikasiyadan istifadə edilir. Şüşəyəbənzər cismin və arxa kapsulun qalıqları, qan tamamən təmizlənməlidir. Uşaqlarda süni linza kapsul kisəsi və həlqə ilə birgə implantasiya olunur. Müasir oftalmologiyada tikiş texnikası ilə İOL-nın intraskleral və ya intrakorneal fiksasiyası həyata keçirilir. Əməliyyatın sonunda antibakterial vasitələrin və kortikosteroidlərin subkonyunktival yeridilməsi göstəriş sayılır. Ehtiyac yarandıqda cərrahi müdaxilədən sonra hipotenziv vasitələrin instillyasiyaları təyin edilir.
Büllurun çıxığının proqnoz və profilaktikası
Lensektomiya 2/3 hallarda görmə itiliyinin tam bərpasına və gözdaxili mayeninin sirkulyasiyasının normaya salınmasına səbəb olur. 30% ağır formalı postoperasion fəsadlar yaranır.
Spesifik profilaktika üsulları işlənilib hazırlanmamışdır. Qeyri-spesifik preventiv tədbirlər istehsalat şəraitində qoruyucu vasitələrdən (eynək, maska) istifadə olunmasından ibarətdir. Çıxıq ehtimalını azaltmaq üçün hipermetropik refraksiyalı pasiyentlərə görmə funksiyasını eynək və ya kontakt linzalarla korreksiya etmək məsləhət görülür.