Çiyin oynağı anatomik olaraq mürəkkəb oynaqdır. Bu oynağı əmələ gətirən bazu və kürək (körpücük sümüyü də bu oynağın qurulmasında iştirak edir) sümüklərinin oynaq səthləri bir birini tam əhatə etmir. Ama bu oynağın hərəkət qabiliyyəti digər oynaqlardan daha çoxdur. Bunu təmin edən və oynağın stabilliyini qoruyan əzələ və vətərlərdir. Rotator qılıf çiyin oynağının müxtəlif istiqamətlərdə dönməsini və qaldırılmasını təmin edir. Bu 4 vətərdən ibarətdir: Supraspinatus, İnfraspinatus, Subskapularis və Teres Minor.
Rotator qılıf yırtıqlarının iki səbəbi var: Travma və degenerasiya nəticəsində
Simptomları:
Zamanla xəstələrdə ağrı şiddətlənir və dözülməz hal alır, ağrıkəsicilər ilə keçmir, gecə yuxudan oyandıran ağrılar yaranır. Saç darama və paltar geyinmə kimi günlük ehtiyyacları etmək ağrılı olur.
Diaqnozu:
İlkin olaraq xəstədən anamnez toplanması mütləqdir. Əldə edilən anamnezdən və tətbiq edilən testlərdən (Neer, Kennedy Hawkins, Yergasson və s.) sonra instrumental müayinələr edilir. Xüsusilə MRT (Maqnit rezonans tomoqrafiya) müayinəsindən sonra diaqnoz qoyulur. Rentgen müayinəsində travma nəticəsində sümüklərdə sınığın olması və ya vətərlərin hərəkət istiqamətində sümük çıxıntıların əmələ gəlməsi görülə bilər. MRT müayinəsində isə yumşaq toxumalarda (vətər, əzələ və s.) olan problemlər görülür. Vətərlərin hissəvi (Parsial) vəya tam (total) yırtığı olur.
Müalicəsi:
Rotator qılıf yırtıqlarında konservativ və cərrahi müalicələr aparılır.
Hər iki müalicə zamanı vətərlərin təmirində müxtəlif növ implatlar (Anchor= çapa dikişləri və s.) istifadə edilir. Ankor bazu sümüyü yuxarısına yerləşdirilərək qopmuş vətər sümüyə tikilir. Əməliyyatdan sonra yuxarı ətraf 4-6 həftə abduksion ortezində saxlanılır. Daha sonra fizioterapiya və əzələ gücləndirmə proqramları tətbiq edilir.
Çiyin Çıxıqları
Çiyin oynağı tibbi dildə bazu oynağı deyə adlandırılır. Bu oynaq hərəkət qabiliyyətinin yüksək olması və oynağı təşkil edən bazu və kürək sümüklərinin oynaq səthlərinin bir-birini az əhatə etməsinə görə digər oynaqlara nisbətən daha tez zədələnir. Çox görülən travmalardan biri “Bazu oynaq” çıxıqlarıdır.
Bazu oynağı çıxıqları zərbə və idman zamanı baş verə bilər. Əksər hallarda bir tərəfli bəzi hallarda iki tərəfli ola bilər (elektrik travmaları zamanı və s.). Bazu çıxığı olmuş birində həmin ətrafda yenidən çıxıq meydana gələ bilər ki, buna “təkrari çıxıq” deyilir. Çıxıqlar arxaya, önə, aşağıya bəzi hallarda yuxarıya doğru (sınıqlı çıxıqlar zamanı) müşahidə edilir.
Əlamətləri
Çıxıqlar zamanı bir sıra əlamətlər görülür. Əsas əlamət şiddətli ağrıdır. Bu halda xəstə məcburi vəziyyət alır və yuxarı ətrafın hərəkətini təmin edə bilmir. Bundan əlavə çıxıq bölgəsində şişkinlik, göyərmə, deformasiya, ətrafda keyləşmə kimi əlamətlər yarana bilər.
Çıxıqlar adətən əl açıq vəziyyətdə yerə yıxılmaqla və ya çiyinə xaricə doğru güc tətbiq edilməklə mümkündür. Bazu çıxıqları hər yaş qrubunda görülə bilər. Yaşlı xəstələrdə bəzən çıxıqla yanaşı, bağların vətərlərin birləşdiyi sümük toxumasından fragment sınıqlar da (avulsion sınıqları) müşahidə edilir. Yaşlı xəstələrdə çıxıqların yerinə salınmasından (yerli və ya ümumi anesteziya altında) sonra düzgün müalicə tətbiq edildikdə təkrarlanma halı az olur. Çıxıqlar birdən çox halda baş verərsə buna təkrari bazu çıxığı deyilir. İlk çıxıqlar ciddi travmalardan sonra baş verdiyi halda təkrari çıxıqlar adi hərəkət zamanı belə baş verə bilər. Yuxarıda qeyd etdiyimiz kimi, bazu oynağı mürəkkəb oynaq olduğundan onun stabilliyini bağlar, vətərlər, oynaq dodaqları və oynaq ətrafındakı qığırdaq toxumalar təmin edir. Oynağın stabilliyini təmin edən bu toxumalarda zədələnmələr müşahidə edildikdə təkrari çıxıq olma riski vardır. Bu hallar əsasən gənc, aktiv idmanla məşğul olan xəstə qruplarında müşahidə edilir.
Diaqnozu
Bazu çıxığının diaqnozunu qoymaq üçün rentgen müayinə çəkilməsi kifayətdir. Bu zaman çiyin oynağının çıxığı aydın şəkildə görülür. Oynaq çıxığı yerinə salındıqdan sonra da kontrol rentgen çəkilərək reduskiyanın düzgünlüyü və əlavə sınıq olub olmamamsı qiymətləndirilir. Qığırdaq, bağ və vətər yırtığı şübhəsi varsa mütləq MRT muayinə istənməlidir.
Müalicəsi
Çıxıqlar qapalı və açıq yolla yerinə salına bilər.
Çıxıq yerinə salındıqdan sonra Velpau bandajı bağlanır, istirahət və qeyri-steroid iltihab əleyhinə preparatlar verilir. Konservativ müalicə oynaq reduksiya olunduqdan sonra 4 həftəlik immobilizasiya ilə başlayır. Daha sonra fizioterapiya ilə oynaq stabilliyini təmin edən əzələ və vətər strukturlarının gücləndirilməsi ilə davam edir.
Təkrarlanan çiyin çıxıqları
Çiyin çıxığı iki vəya daha çox olarsa buna təkrari çıxıq deyilir. Təkrari çıxığın səbəbi yırtılmış labrum və kapsulun sağalması üçün lazım olan müddətdə bandajın bağlanmamasıdır. Əsasən idmançılarda, gənc və aktif həyat tərzi keçirən insanlarda müşahidə edilir.
Təsnifatı
Travmatik təkrari çıxıqlar – Hər hansı yıxılma, avtoqəza və s. sonrasında yaranır və oynağı əhatə edən labrumun zədələnməsi ilə nəticələnir.
Atravmatik təkrari çıxıqlar – Gündəlik hərəkətlər zamanı ani baş verir. Bu çıxıqlar zamanı xəstə əksər hallarda çıxmış ətrafını yerinə sala bilir.
İradi təkrari çıxıqlar – Xəstə istədiyi zaman bazu oynağını çıxarıb sala bilir.
Təkrarlanan çiyin çıxıqlarının müalicəsi
Təkrari çıxıqların müalicəsi əksər hallarda cərrahi müdaxilə ilə edilir.
Bazu oynaq kapsulundakı bağların çoxu labruma bağlıdır. Bu səbəbdən bazu başı oynaq yuvasından çıxarkən labrumu dartır və yırtılmasına səbəb olur. Labrum yırtılması əsasən ön-alt hissədən olur. Buna “Bankart yırtığı” deyilir. Bəzən üst hissədə (biseps vətəri uzun başının yapışdığı yer) olan yırtıqlar müşahidə edilir ki, bunada “SLAP (Superior Labrum Anterior Posterior) yırtığı” deyilir.
Bankart yırtıqları fiziki müayinələrdən sonra MRT müayinəsi ilə təsdiq edilir.
Labrum yırtıqlarının müalicəsi cərrahi olaraq həyata keçirilir. Yırtılmış labrum çapa tikişlər ilə oynaq yuvasına tikilir. Əməliyyat açıq və ya artroskopik (qapalı) üsulla icra edilir.
Hər iki əməliyyat növündə də Bankart yırtığının bərpa edilməsi zamanı labrumun ayrılmış olduğu glenoid sümüyünə vidalı saplar (suture anchor) ilə sabitlənir.
SLAP yırtıqları da Bankart yırtıqları kimi fiziki müayindən sonra MRT müayinəsi ilə təsdiq edilir.
Travmadan dərhal sonra həkimə müraciət etmiş pasientlərdə ilkin müalicə konservativdir. Bunun üçün istirahət, ödem əleyhinə preparatlar, yuxarı ətrafın hərəkətsiz qalması vacibdir. 4-6 həftə sonra fizioterapiya ilə yanaşı hərəkətlərə icazə verilir.
Konservativ müalicənin effektsiz olduğu hallarda və travmadan uzun müddət sonra müraciət etmiş pasientlərdə cərrahi müalicə tövsiyyə edilir. Cərrahi müalicə açıq və artroskopik (qapalı) üsulla icra edilir. Hər iki üsulda da labrumun qopmuş hissəsi təmizlənir və vidalı saplar ilə qopmuş labrum yerinə tikilir.
Cərrahi əməliyyatdan sonra xəstənin 2-4 həftə asqıda qalır. Daha sonra passiv hərəkətlər və fizioterapiya başlanır. Tam aktiv hərəkətə 12-ci həftədə icazə verilir.
https://elvizgasimov.com/ciyin-idman-travmalari-ciyin-cixiqlari/