İnsan dərisi orqanizmin xarici mühitlə əlaqəsini təmin edir. Eyni zamanda daim müxtəlif qıcıqlandırıcıların təsirinə məruz qalır. Dəri örtüklərində əmələ gələn xoşagəlməz əlamətlərdən biri də çiban ya furunkuldur. Ağır hallarda, hətta cərrahi müdaxilə tələb olunur.
Furunkulyoz (latınca: furunculus) – çibanlı səpgi ilə müşayiət olunan prosesdir. Kəskin və xroniki gedişatı olur. Kəskin proses zamanı bədəndə eyni vaxtda bir neçə çiban çıxır, xroniki halda isə çibanlar ardıcıllıqla əmələ gəlir. Çibanlar ya dərinin məhdud bir sahəsində (üz, boyun, qol, bel və ya sağrı) ya da bütün bədənə yayılaraq əmələ gəlir.
Furunkulyoz piodermiyalara (irinli dəri xəstəlikləri) aid olan və stafilodermiya növü olan xəstəlikdir. Yəni xəstəliyin səbəbi stafilokok infeksiyasıdır – əksər hallarda qızılı stafilokok İnfeksiya törədicisi dərin dəri qatına sirayət edərək saç follikulunun və ətraf toxumaların iltihabına səbəb olur. Stafilokok irinlədici bakteriya olduğundan, tük kisəciyində irin yığılır. İrinli-nekrotik proses eyni vaxtda bir neçə follikulda başlayır.
Stafilokok bakteriyaları insanla sıx təmasdadır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumatına əsasən, dünya əhalisinin 80%-də bu bakteriyalar dəri örtüyünün daimi sakinidir. Elmə məlum olan 27 bakteriya ştamından 14-ü insanla təmasda olur. Onlardan yalnız 3 növü (qızılı, epidermal, saprofit) potensial təhlükə mənbəyidir.
Furunkulyoz hansısa əlverişsiz amillərin təsirindən inkişaf edir. Stafilokok mikrofloranın aktivləşməsi, dərinin pH göstəricisinin neytral tərəfə dəyişməsi zamanı baş verə bilər, çünki belə mühit şərti-patogen flora üçün əlverişlidir.
Dərini qoruyan mexanizmlər, dərini müxtəlif aqressiv maddələrin təsirindən (sürtkü materialları, sement, əhəng, kömür tozu, kimyəvi maddələr və s.), və ultrabənövşəyi şüaların təsirindən pozula bilər. Mikrotravmalar, qaşınma yerləri, kəsiklər, cızıqlar, şəxsi gigiyena qaydalarının pozulması törədicinin orqanizmə düşməsini asanlaşdırır.
Bakteriyalar immun sistemi zəifləmiş orqanizmə zərər yetirir. Beləliklə, furunkulyozun inkişaf etməsi üçün əsas şərait immundefisitli vəziyyətlərdir. Orqanizmin müqavimətini zəiflədən zərərli vərdişlər, qida pozuntusu, soyuqlama, müxtəlif intoksikasiyalar, xroniki xəstəliklər (diabet, piylənmə, hormonal pozuntular. Anemiya, MBT xəstəlikləri, İİV, lor-orqanlar xəstəliyi, allergiya, helmintozlar və s.), psixoemosional gərginlik, fiziki yorğunluq, bəzi dərmanların qəbulu (sitostatiklər, immunodepressantlar, şüa terapiyası və s.).
Körpə uşaqlarda immun sisteminin natamamlığı yaşla əlaqədardır (misal üçün, onların dərisi çox nazikdir). Bununla belə, uşaqlar furunkulyoza az məruz qalır.
Furunkulyozun əlamətləri
Müalicəsi
İrinliyin ilk yaranma səbəbi bakterial infeksiyası olduğundan, antibiotiklər epidermisin səthində mikrofloranın normallaşmasına şərait yaradır. Törədicini və onun dərman preparatlarına qarşı həssaslığını təyin etmək məqsədi ilə bakterioloji əkmə aparılır. Pasiyentin immuniteti qiymətləndirilir, əlavə instrumental (USM, EKQ və s.) və laborator müayinələr aparılır, o cümlədən sidik və qan analizləri (ümumi, biokimyəvi, immunoqramma, hormonal bakterioloji müayinə), mütəxəssislərin məsləhəti.
Ümumi tövsiyələr
İnfeksiyanın yayılmasına mane olmaq üçün gigiyena qaydalarını gözləmək lazımdır. Çibanları sürtmək və isitmək olmaz, demək, xəstəlik vaxtı vanna da qəbul etmək olmaz. Duşla yuyunmaq olar. Hər gün əyin və yataq dəsti dəyişilməlidir. Çibanların sıxılması və isidilməsi sağlam dəri sahələrinin patogen mikroorqanizmlərlə çirklənməsinə səbəb olur. İrinlyin tez sıxılması prosesi dərinləşdirir. Təzə çibanları spirtli antiseptiklə, ətrafdakı sağlam dərini isə spirtsiz antiseptik məhlul ilə işləmək lazımdır. Qida rasionunda yağların və sadə şəkərlərin miqdarı azalmalıdır.
Antibiotik müalicəsi
Antibakterial müalicə çibanların qan damarları yaxınlığında əmələ gəlməsi, fəsadlaşması və yanaşı xroniki xəstəliklər olduğu zaman təyin edilir.
Yerli terapiya
İlkin mərhələdə müalicənin əsas məqsədi – infeksiyanı yayılmağa qoymamaqdır. Yetişən çiban dezinfeksiya məhlulları ilə işlənilir. İkinci mərhələdə çibanın üzərinə kompres (azotturşulu gümüş, hipertonik natrium xlorid məhlulu, dimetilsulfoksid ilə) ya da məlhəm (ixtiol, levomisetin, tetrasiklin, sintomisin) qoyulur.
Vişnevski məlhəmi sağalma mərhələsində, kapsul deşildikdən və nekrotik kütlələr xaric olunduqdan sonra istifadə edilir. Bu, yaranın tam təmizlənməsinə və tez sağalmasına şərait yaradır. Bu məqsədlə çaytikanı və itburnu yağı da istifadə edilir.
Ev şəraitində müalicə
Tək və kiçik çibanı türkəçarə üsulu ilə də müalicə etmək olar. Yetişmə mərhələsində çibanın üzərinə 1-2 saatlıq bitki yağı ilə qarışdırılmış, əzilmiş sarımsaq qoyulur, bitki cövhərləri çəkilir. İrinli-nekrotik mərhələdə təzə əzvay yarpaqları qoymaq olar. Sağalma mərhələsində itburnu və çaytikanı yağı istifadə edilir.
Uşaqlarda furunkulyoz: müalicə
Uşaqlarda furunkulyoz zamanı antibakterial preparatlardan istifadə edilir, stafilokok əleyhinə antifaginlə immunizasiya aparıla bilər. Uşaqları altı aylığından peyvənd etmək olar, bədən çəkisinin 2,5 kiloqramdan artıq olması şərti ilə. Körpələri həmişəkindən tez-tez və sabunla çimizdirmək lazımdır. Çiban açıldıqdan sonra bakterisid sabundan istifadə edilir.