Main

HİDROSEFALİYA

Hidrosefaliya termini yunan sözləri olan “hydro”- su və “cephalon” – baş sözlərinin birləşməsindən əmələ gəlib. hərfi tərcümədə “beyində su” deməkdir. Əslində isə beyin-onurğa beyin mayesinin (BOM) beyin daxili boşluqlarda, yəni mədəciklərdə normadan çox toplanmasını ifadə edir.  Normal insanlarda da beyin mədəciklərində təxminən 25 ml BOM olur, lakin hidrosefaliyalı xəstələrdə bu mayenin miqdarı 3-4, hətta 10 dəfəyə qədər arta bilər. Beyin-onurğa beyin mayesinin həddən çox artması isə beyin toxumasının zədələnməsinə və xəstələrdə mütəlif növ klinik əlamətlərin əmələ gəlməsinə səbəb olur.

Beyin-onurğa beyin mayesinin 3 əsas həyati funksiyası var:

  • Beyin və onurğa beyni hər tərəfdən əhatə edərək onları fiziki təsirlərdən və zərbədən qoruyur.
  • Qida məddələri ilə zəngin olub, həm beyin qidalanmasında, həm də tullantı maddələrinin beyindən uzaqlaşdırılmasında iştirak edir.
  • Kəllə boşluğu ilə onurğa kanalı arasında yer dəyişərək beyin daxili təzyiqin sabit qalmasında iştirak edir.

Beyin-onurğa beyin mayesinin əmələ gəlməsi və qana sorulması arasındakı balans çox kritik əhəmiyyətə malikdir. Beləki, normal insanlarda davamlı olaraq hər saatda 20 ml, gün ərzində isə 500 ml-ə qədər beyin-onurğa beyin mayesi əmələ gəlir və eyni miqdarda da geri qana sorulur. Əmələ gəlmə və qana sorulma arasında stabil olan balansın pozulması, beyin-onurğa beyin mayesinin beyin daxili boşluqlarda toplanmasına və artan beyin daxili təzyiq hesabına beyinin zədələnməsinə gətirib çıxarır.

Hidrosefaliya anadangəlmə və qazanılma ola bilər.

  • Anadangəlmə hidrosefaliya artıq doğuşa qədər əmələ gəlir. Buna səbəb bətndaxili dövrdə keçirilmiş infeksiyon xəstəliklər, ananın almış olduğu travmalar və döldə olan genetik xəstəliklər ola bilər.
  • Qazanılmış hidrosefaliya isə ya doğuş zamanı, ya da doğuşdan sonra həyatın hər hansı bir mərhələsində əmələ gələ bilər. Qazanılmış hidrosefaliya hər yaşda görülür və travmalar, beyin şişi, beyin qanamasında sonra yarana bilər.

Hidrosefaliya hər yaşda, hər iki cinsdə görülə bildiyinə görə hidrosefaliyalı insanların sayı haqqında dəqiq məlumat vermək çətindir.  Hidrosefaliya daha çox 15 yaşına qədər olan uşaqlarda və 50-60 yaşından böyük insanlarda görülür.

HİDROSEFALİYANIN SƏBƏBLƏRİ

Hidrosefaliyanın səbələri anadangəlmə və qazanılma olmaqla iki qrupa bölünür. Anadangəlmə hidrosefaliyalara irsi xəstəliklər, bətndaxili keçirilmiş infeksiyalar və travmalar, sinir sisteminin digər genetik xəstəlikləri səbəb ola bilər. Qazanılma hidrosefaliyalara beyin daxili qanamalar, uşaqlıq dönəmində keçirilən infeksiyalar, kəllə beyin travmaları, beyin şişləri və s. ola bilər. Aşağıda hidrosefaliyanın ən çox rast gəlinən səbəbləri qeyd olunub:

  • Silvi su kəmərinin tıxanması (Aquaduct stenozu)
  • Sinir borusu defekti və ya miyelomeninqosel
  • Beyin daxili qanama
  • Meningit
  • Kəllə-beyin travması
  • Beyin şişləri
  • Araxnoid kistalar
  • Bəzi sindromlar

HİDROSEFALİYANIN SİMPTOMLARI

Hidrosefaliyanın simptomları yaşla bağlı olaraq dəyişir:

Körpələrdə – başın böyüməsi, əmgəklərin qabarıq və gərgin olması, baş dərisində damarların üzə çıxması, gözlərin aşağı doğru baxması (“Batan günəş” simptomu), qıcolmalar, səbəbsiz ağlamalar, zəif əmmə, qusma, yuxululuq və s.

Uşaq və böyüklərdə – baş ağrısı, bulantı və qusma, ümumi halsızlıq, davranış dəyişiklikləri, dərslərdən geri qalma, qıcolmalar, görmə pozğunluqları və s.

Yaşlı insanlarda – baş ağrıları, sidiyini tuta bilməmək, yerişin pozulması, əqli zəifliyin əmələ gəlməsi və s. kimi şikayətlər görülür.

HİDROSEFALİYANIN DİAQNOSTİKASI

Hidrosefaliyanın diaqnostikası həm xəstənin fiziki müayinəsi, həm də instrumental müayinə üsulları ilə aparılır. Fiziki müayinə dedikdə, xəstənin nevroloji statusunun dəyərləndirilməsi, baş çevrəsinin ölçümü, əmgəyin ölçüsü və xarakterinin müayinəsi nəzərdə tutulur.

İnstrumental müayinə üsulları cihazlarla aparılan müayinə olub, xəstəyə uyğun üsulun seçilməsi yaşla bağlı olaraq dəyişməkdədir.

  • Ultrasəs müayinəsi (Neyrosonoqrafiya)
  • Kompüter tomoqrafiyası (KT)
  • Maqnit rezonans tomoqrafiya (MRT)

HİDROSEFALİYANIN MÜALİCƏSİ

Hidrosefaliyanın müalicəsində istifadə olunan dərman maddələrinin təsiri keçici olaraq beyin-onurğa beyin mayesinin ifrazını azaltmaqdan ibarətdir. Keçici təsir göstərdikləri üçündür ki, uşaqlar uzun illər bu dərmanları almaq məcburiyyətində qalırlar. Bu da məqsədə uyğun deyil. Dərman müalicəsində məqsəd, əməliyyata qədər olan müddətdə xəstənin simptomlarını azaltmaq olmalıdır, yəni, başqa sözlə desək əməliyyata qədər vaxt qazandırmalıdır. Qeyd etmək lazımdır ki, uzun müddətli dərman müalicəsi alan uşaqlarda hidrosefaliyanın gedişi xroniki hal alır və gizli şəkildə beyinin zədələnməsinə gətirib çıxarır. Belə uşaqlar sonradan əməliyyat olunsalar da, hidrosefaliyaya bağlı fəsadları aradan qaldırmaq mümkün olmur.

Hidrosefaliya cərrahi patologiya olduğuna görə tam müalicəsi də cərrahi üsulladır. Bu üsullar şuntlama əməliyyatları və endoskopla əməliyyatdır.

HİDROSEFALİYANIN PROQNOZU

Hidrosefaliyalı xəstələrin proqnozunu öncədən demək çox çətindir və proqnoz xəstədən xəstəyə dəyişir. Çünki, hidrosefaliyanın ağırlığından və əmələ gəlmə müddətindən asılı olaraq, xəstələrdə müxtəlif dərəcəli əqli və fiziki inkişaf qüsurları əmələ gəlir. Proqnoza ən çox təsir edən amillər yanaşı xəstəliklərin olması, hidrosefaliyanın əmələ gəlmə səbəbi,  xəstənin diaqnoz qoyulan andakı yaşı  və müalicənin effektivliyidir.  Erkən qoyulmuş diaqnoz və düzgün aparılan müalicə, əmələ gələ biləcək əqli və fiziki inkişaf qüsurlarının qarşısını alaraq daha yaxşı proqnoza səbəb ola bilər.

https://hidrosefaliya.az/hidrosefaliya-haqqinda-etrafli-melumat/#elamet