Main

Katarakta

Göz almasının içərisində hər iki tərəfi qabarıq linzanı xatırladan büllur yerləşır. Büllurun qabarıb, çökməsi bizim gözümüzə fokuslamaq qabiliyyəti verərək, görməmizə kömək edir. Normal büllur şəffaf olur. İnsan yaşa dolduqca büllurun şəffaflığı azalır və o, bulanmağa başlayır. Bulanmış büllur katarakta (mirvari suyu) adlanır. Katarktadan əziyyət çəkən şəxslərin görməsi onun bulanma dərəcəsindən asılıdır.

Katarakta adətən 60 yaşdan yuxarı şəxslərdə əmələ gəlir. Katarkatanın əmələ gəlməsi yaşla əlaqədar normal dəyişikliklərdən biri kimi qəbul edilir. Katarakta cavan şəxslərdə də əmələ gələ bilər. Cavan şəxslərdə kataraktanın əmələ gəlməsinin əsas 2 səbəbi var: Şəkərli diabet (diabetik katarakta) və göz almasının travması. Bəzi dərman vasitələri də (steroidlər) kataraktanın əmələ gəlməsini tezləşdirə bilər.

Kataraktası olan şəxslər adətən görmənin zəifləməsindən şikayət edirlər. Məsələn, kitab oxuyanda və yaxud maşın sürəndə əziyyət çəkirlər. Digər əlamət günəş işığından və ya hər hansı digər güclü işıqdan gözlərin qamaşmasıdır. Ancaq kataraktanın təyininin ən asan yolu təbii ki, oftalmoloq tərəfindən müayinə olunmaqdır.

Kataraktanın Müalicəsi

Katarakta dərman vasitələri ilə müalicə olunmur. İnsanlar adətən kataraktanın lazer vasitəsi ilə təmizlənməsinin mümkünlüyü barədə düşünürlər. Bu düzgün deyil. Katarakta ultrasəs vasitəsi ilə dağıdılaraq mikroskop altında xüsusi mikrocərrahi alətlərin köməyi ilə gözün daxilindən təmizlənir və onun yerinə süni büllür yəni, linza qoyulur. Texniki cəhətdən uğurla həyata keçirilmiş əməliyyatlardan sonra görmə bərpa olunur.

Əməliyyat oftalmoloq tərəfindən mikroskop altında xüsusi mikrocərrahi alətlərin köməyi ilə həyata keçirilir.

Katarakta Cərrahiyyəsinin Ağırlaşmaları

Katarakta cərrahiyyəsi oftalmologiyada ən çox həyata keçirilən əməliyyatlardandır. 95 % hallarda əməliyyat ağırlaşmasız olur. Əməliyyatdan sonra adətən xəstələrin görməsi bərpa olunur. Bəzən isə əməliyyat ən təcrübəli cərrah tərəfindən həyata keçirildikdə belə istənilən nəticələri verməyə bilər. Xəstələr əməliyyata qərar verərkən qeyd olunanları nəzərdən qaçırmamalıdırlar. Katarakta cərrahiyyəsinin geniş yayılmış ağırlaşmaları aşağıda verilmişdir.

  • Endoftalmitlər. Endoftalmit göz almasının daxili qişalarının infeksiyalaşmasıdır.Hər bir cərrah mümkün gözdaxili infeksiyalaşma riskini azaltmaq üçün bir çox tədbirlər həyata keçirir. Beləki, əməliyyatdan əvvəl göz qapaqları və göz ətrafı dəri antiseptik məhlullarla təmizlənir, xəstənin əməliyyat olunacaq gözü istisna olmaqla üzü xüsusi örtüklə örtülür, xəstələrə əməliyyatdan sonra antibiotik tabletlər və göz damcıları təyin edilir. Əməliyyat zamanı istifadə olunan alətlərin hamısı steril olur. Bütün bu tədbirlərə baxmayaraq 3000 xəstədən 1-də endoftalmit baş verir. Endoftalmit zamanı göz kəskin qızarır, ağrı, işığa qarşı həssaslıq və görmənin azalması əlamətləri müşahidə olunur.
  • Sistoid makulyar ödem. Tor qişa göz almasının içərisini örtən işıq şüalarına həssas, kağız kimi nazık sinir toxumasıdır. Burada işıq şüaları elektrik siqnallarına çevrilərək beyinə göndərilir. Tor qişanı fotoaparatın lentinə də bənzətmək olar. Tor qişanın mərkəzi görməyə cavabdeh hissəsi makula adlanır. Katarakta cərrahiyyəsindən sonra bəzi hallarda iltihab nəticəsində damarlardan sızan maye makula nahiyyəsinə toplanaraq mərkəzi görmənin azalmasına səbəb olur. Bu sistoid makulyar ödem adlanır. Əgər bu baş verərsə, oftalmoloq bir sıra müayinələr həyata keçirərək makulyar ödemin müalicəsi üçün dərman vasitələri (steroid və qeyri-steroid iltihab əleyhinə preparatların damcıları) təyin edəcək. Bəzən göz almasının arxasına da steroid dərman vasitələri vurula bilər.Yaxşılaşma bir neçə həftədən, bir neçə ayadək müddət ərzində əldə oluna bilər.
  • Tor qişanın qopması. Tor qişanın qopması dedikdə, onun göz almasının arxa divarından qopması nəzərdə tutulur. Əgər tor qişada dəlik və ya cırıq olarsa, o zaman şüşəvari cisimdən maye həmin nahıyyədən tor qişanın altına keçərək onun qopmasına səbəb ola bilər. Maye həmin hissəyə toplandıqca qopan nahiyyənin əhatə etdiyi ərazi daha da artmış olur. Tor qişanın qopma baş vermiş hissəsində görmə itir. Tor qişanın qopması əməliyyat olunmamış yüksək dərəcəli miopiyası olan şəxslərdə də müşahidə oluna bilər. Katarakta cərrahiyyəsi tor qişanın qopma riskini artırır və 1.5 % hallarda müşahidə olunur. Əgər əməliyyatdan sonra göz önünə tədricən qara kölgənin və ya qara pərdənin gəlməsi müşahidə edilərsə, təcili oftalmoloqunuza müraciət edin.
  • Büllur materialının gözün içərisinə düşməsi. Bəzən əməliyyat zamanı büllur materialı göz almasının içərisinə-şüşəvari cismə düşə bilər. Adətən kiçik ölçülü büllur materialı düşərsə problem müşahidə olunmur. İri ölçülü büllur materialının şüşəvari cisimə düşməsi zamanı gözdə iltihab inkişaf edə bilər. Ona görə də oftalmoloq onu çıxarmaq üçün vitrektomiya adlanan ikinci əməliyyat həyata keçirməli və ya xəstəni bu əməliyyat keçirilən müəssisəyə göndərməlidir.
  • Xoroidal qansızma. Xorioideya gözün damarlı qişasıdır. Bəzən katarakta cərrahiyyəsi zamanı xorioideyada kəskin qansızma müşahidə oluna bilər. Bu zaman görmənin kəskin azalması baş verir.

https://dreminalihuseynli.az/katarakta/