Main

Kron

Həzm sisteminin xəstəliklərindən biri də Kron xəstəliyidir. Kron xəstəliyi sağalmayan, ən mürəkkəb bağırsaq xəstəliklərindən biri sayılır.

Kron xəstəliyi həzm traktının ağızdan anusa qədər istənilən nahiyəsini zədələyə bilən iltihabi bağırsaq xəstəliyinin bir tipidir. Xəstəlik əlamətləri qarın ağrısı, ishal (iltihab güclü olduqda qanlı ishal ola bilər), yüksək hərarət və çəki itirmə ola bilər. Digər ağırlaşmaları həzm traktından kənarda da ola bilər ki, bunlara da qanazlığı, dəri səpgiləri, artritlər, gözlərdə iltihab, yorğunluq aiddir. Bu xəstələrdə bağırsaq keçməzliyi ola bilər və onlarda bağırsaq xərçənginin olması riski digərlərindən daha çoxdur.

Kron xəstəliyinin səbəbi məlum deyil və hesab edilir ki, bu genetik meylli adamlarda ətraf mühitin, immun sistemin və mikrobların birlikdə təsirindən yaranır. Orqanizmin immun sistemi mikroblara qarşı hazırlanmış anticisimlər vasitəsi ilə həzm traktına hücum edir ki, bu da xroniki iltihabi bağırsaq xəstəliyinə səbəb olur. Əslində Kron xəstəliyi immun sistemə bağlı xəstəlik olsa da, bu autoimmun xəstəlik hesab edilmir. Autoimmun xəstəlikdə anticisimlər orqanizmin öz toxumalarına qarşı hazırlanır, burada isə bakteriyalara qarşı. Altda yatan immun proses tam aydın olmasa da, bu vəziyyətin immun çatışmazlığı olduğu məlumdur. Təqribən xəstələrin yarısı genetik meylli xəstələrdir ki, burada da 70-ə qədər genin bu prosesdə iştirak etməsi sübut olunub. Siqaret çəkənlərdə bu xəstəliyə tutulmaq ehtimalı digərlərindən 2 dəfə çoxdur. Bu həm də qastroenteritlərdən sonra əmələ gələ bilər. Diaqnoz biopsiya, radioloji və bağırsaq mənfəzinin görünüşü ilə qoyulur.

Kron xəstəliyini tam sağalda bilən dərman vasitəsi və ya cərrahi əməliyyat mövcud deyil. Müalicə üsulları simptomları yüngülləşdirməyə, remisiya (simptomlardan azad) dövrünü saxlamağa və kəskinləşmənin qarşısını almağa yönəldilir. Yeni diaqnoz qoyulmuş xəstələrdə qısa dövr üçün kortikosteroidlər istifadə edilir ki, xəstəlik sürətlə yüngülləşdirilsin, bundan sonra isə methotreksate və thiopurine ilə kəskinləşmələrin qarşısını almağa çalışılır. Müalicənin vacib hissələrindən biri də siqaret çəkən xəstələrdə bunu tərgitdirməkdir. 5 xəstədən biri il ərzində bir dəfə stasionar müalicəyə ehtiyac duyur, 10 il müddətində xəstə olanların yarısına qədəri cərrahi əməliyyat olunur. Bu xəstələrdə əməliyyat maksimum şəkildə az istifadə olunmalıdır. Xüsusilə abses, xərçəng və bağırsaq keçməzliyi kimi zəruri hallarda cəhd edilməlidir.

Avropa və Şimali Amerikada hər 1000 nəfərdən 3-də Kron xəstəliyi aşkarlanır.

Asiya və Afrikada isə buna daha az rast gəlinir.

https://e-tibb.az/xeber/kron-butun-hezm-sistemini-zedeleyen-xestelik-neden-yaranir--713