Main

Leptospiroz

Leptospiroz - kəskin yoluxucu xəstəlik olub qaraciyərin, böyrəklərin, əzələlərin, kapillyarların, mərkəzi sinir sisteminin, zədələnməsi və dalğavari hərarət qalxmaları ilə səciyyələnir.

Xəstəliyin tarıxı haqda məlumat

İlk dəfə leptospirozun klinik gedişini 1886-cı ildə Veyl və 1888-ci ildə N.P.Vasilyev təsvir etmişlər ki, sonralar onların şərəfinə olaraq xəstəlik Vasilyev-Veyl xəstəliyi adlandırılmışdır. Hazırda isə ikterohemorragik leptospiroz adlandırılır. Xəstəlik Avropada 4-5%-də ölümlə nəticələnirdi. Yaponiyada kömür şaxtalarında qazmaçılar arasında “Sarı taun” adı ilə məlum idi və 70%-dən çox ölümə səbəb olurdu. 1914-cü ildə yapon tədqiqatçıları İnado və İdo xəstənin qanı ilə yoluxdurulmuş hind donuzunun qaraciyərində xəstəliyin törədicisini – Spirochaeta icterohemorragiae tapdılar. Onlardan asılı olmayaraq, 1915-ci ildə Ulenqut və Fromme leptospirləri təsvir etmiş və ona Spirochaeta icterogenes adını vermişlər. Elə həmin ildə (1915-ci il) Xyubner və Reyter bu törədicini təsvir edərək ona Spirochaeta nodosa adını vermişlər. 1916-cı ildə Yaponiyada İdo, İto, Vani bu törədiciləri kömür şaxtalarında tutulmuş boz siçovulların böyrəyində və sidiyində tapmışlar. Sonralar aydın oldu ki, boz siçovullar bir çox yerlərdə bu leptospirlərin əsas mənbəyidir. 1918-ci ildə Amerika alimi Noquşu spiroxetlərin bir sıra morfoloji xüsusiyyətlərini nəzərə alaraq onları spiroxet fəslinin ayrıca bir cinsi kimi təsvir etmiş və leptospira adlandırmışdır (yunanca lepto – nazik, zəif; spira – spiral deməkdir). Elə həmin ildə İdo, Hoki və Vani Yaponiyada 7 günlük qızdırmanın (törədicisi L.hebdomadis) və payız qızdırmasının (törədicisi L.autumnalies) leptospiroz olmasını təsdiq etmişlər. Su qızdırmasının leptospiroz xəstəliyinin sarılıqsız forması olması təsdiq edilmiş, xəstələrin qanından leptospiralar alınmışdır. Azərbaycanda ilk dəfə leptospiroz xəstəliyi Seroloji üsulla (KBR) iribuynuzlu mal-qara arasında 1951-ci ildə M.A.Musayev tərəfindən aşkar edilmişdir. Sonralar o, müxtəlif leptospir ştamlarını iribuynuzlu mal-qaradan, insandan və s. almışdır. 1952-ci ildə N.C.Əliyev və b. insanlar arasında leptospirozun olduğunu bakterioloji və Seroloji üsullarla bir daha təsdiq etdilər. Həmin dövrdən başlayaraq Azərbaycanda leptospirozun epidemiologiyası və təbii-ocaqlılığı T.Ə.Tağızadə və onun tələbələri tərəfindən öyrənilmiş və hazırkı dövrə qədər bu iş davam etdirilir. Leptospiroz qlobal yayılmış təbii-ocaqlı infeksiyalara aiddir. Hazırda bu xəstəlik insanlar və heyvanlar arasında dünyanın bütün qitələrində (Arktika və Antarktida istisna olunmaqla) 70-dən artıq ölkədə qeydiyyata alınmışdır. Problemin aktuallığı patogen leptospirlərin poliqostallığı, xəstəliyin geniş yayılması, etioloji strukturun dövri şəkildə dəyişməsi, ağır klinik gedişi və ikterohemorragik forma zamanı yüksək letallıqla səciyyələnir.

Etiologiyası

Leptospiroz xəstəliyinin törədiciləri Leptospira cinsinə aid olan mikroorqanizmlərdir. Leptospira cinsi 2 növü birləşdirir:

  • Parazitik L.interrogans;
  • Saprofit - L.biflexa.

23 seroqruplara birləşmiş leptospiraların 200-dən artıq serovarları məlumdur. Onlardan insanlar və heyvanlar arasında ən çox xəstəlik törədən - pomona, grippotyphoza, hebdomadis, cani-cola, icterhemorragiae, autumnalis, australis, yavanija seroqruplarıdır. Morfoloji cəhətdən leptospiraların patogen və saprofit formaları bir-birindən fərqlənmir. Onlar yalnız kultural, Seroloji və biokimyəvi meyarlara görə ayırd edilirlər. Saprofit leptospiralar patogen formalardan daha davamlı olması və 130 C-də böyüməsi ilə səciyyələnir. Parazitik leptospiralar üçün aşağıdakı patogen xassələrin olması səciyyəvidir:

Hər bir serovar müəyyən heyvan növünün populyasiyasında sirkulyasiya edir. Onların təbii yaşayış mühiti mayedir (sərbəst yaşayan formalar üçün – su, patogen formalar üçün – qan, limfa, toxuma mayesi). Leptospiralar hemoorqanotrop orqanizmlərə aiddir və tərkibində zərdab, zərdab albumini və ya uzun zəncirli yağ turşuları olan mühitlərdə yetişdirilirlər. Leptospiralar aerobdur. Onlar həmçinin tipik hidrofildirlər. Optimal böyümə pH=7,2-7,6 zamanı müşahidə olunur. 400 C və yuxarı temperatur onlar üçün öldürücüdür. Optimal böyümə üçün inkubasiya dövrü, adətən, 6-14 gündür, lakin bir neçə gündən 4 həftə və daha çox uzana bilər. Patogen leptospiralar serovarlara münasibətdə növ kimi ubikvitardırlar. Lakin ayrılıqda hər bir serovarın populyasiyası əsas etibarilə müəyyən heyvan növünün populyasiyasını zədələyir. Törədicinin xarakteristikası. Leptospirlər – spiral formalı, uzunluğu 6-20 mkm və daha böyük (2 və bəzən 3 dəfə çox), eni 0,1-0,15 mkm olan zəif mikroorqanizmlərdir. Uzunluğundan asılı olaraq, bunlarda 20-yə qədər spiral əyrisini saymaq olar. Bu mikroorqanizmlər çox hərəkətlidir, hərəkətləri müxtəlif istiqamətlidir arxaya, önə, dairəvi. Xarici mühitin kifayət dərəcə nəmliyi və 7,0-7,4 pH-ı törədicilərin yaşaması üçün optimal şərait (temperatur optimumu 28-300 C sayılır) hesab edilir. Su hövzələrində törədicilər 7 gündən 1 aya qədər, nəm torpaqda isə 270 günə qədər sağ qalır. Qida məhsullarında 1 neçə saatdan bir neçə günə qədər qalırlar. Qaynadıldıqda dərhal 56-580 C-də 25-30 dəqiqə ərzində məhv olurlar. Aşağı temperaturu leptospiralar yaxşı keçirir. Buzda uzun müddət sağ qalırlar. Günəş şüasının təsirindən, quruduqda tez məhv olurlar. Törədicilər turş və şəkərli mühitdə dərhal məhv olur. Bağırsaq infeksiyalarına qarşı istifadə olunan dezinfeksiyaedici məhlullar onlara bakterisid təsir göstərir: 0,5%-li fenolla 20 dəqiqəyə inaktivasiya olurlar. 0,3-0,8 mq/l aktiv xlor lep- tospirləri 2 saat ərzində məhv edir. Leptospirlərin təmiz kulturasını 2%-li hidrogen xlorid turşusu ilə 24 saat ərzində, patoloji materialı isə 5%-li fenolla zərərsizləşdirirlər.

İnfeksiya mənbəyi.

İnsanlar üçün infeksiya mənbəyi kimi vəhşi heyvanlar arasında olan gəmiricilər (müxtəlif siçovullar – boz, qara, su; siçanlar, dovşanlar və s.), ev heyvanları – iribuynuzlu qaramal, donuzlar, itlər, bəzən şimal maralları və eləcə də sinantrop gəmiricilər (siçovullar, siçanlar) xidmət edirlər. Vəhşi heyvanlarda xəstəlik klinik təzahür etmədən və xroniki gedişi ilə səciyyələnir. Xəstəlik çox vaxt törədicigəzdirmə şəklində təzahür edir. Uzunmüddətli (bütün ömrü boyu) törədicigəzdirmə zamanı leptospirlər böyrəklər vasitəsilə (sidiklə) ifraz edilir. Belə epizootik prosesə iri ev heyvanlarında da müşahidə olunur, ancaq iribuynuzlu heyvanlarda ikterohemoqlobulinuriya və sarılıq əlamətləri qeyd olunmur. Buzovlar törədicilərlə yoluxma nəticəsində 20-90% hallarda ağır kəskin qızdırmalı xəstəlik nəticəsində məhv olurlar. Bəzən xəstəlik donuzlarda və inəklərdə balasalma (abort) ilə müşayiət olunur. Heyvanlar leptospirlərlə çirklənmiş sudan, qidadan və cinsi yolla yoluxurlar. Yoluxma amili sidik və vaginal ifrazat sayılır. İnfeksiya mənbəyi tərəfindən törədicilər xəstəliyin bütün dövrlərində ifraz edilir: törədicigəzdirmə 2,5 ilə qədər davam edir (donuzlarda isə bütün həyatı boyu). Leptospirlərin sahib orqanizmində təbii yaşayış mühiti xəstəliyin mərhələsindən asılı olaraq qan, limfa və müxtəlif daxili orqanlar, xüsusilə də böyrəklərdir (I və II sıra kanalcıqlar), ona görə də leptospirlər heyvanların sidiyi vasitəsilə ifraz olunur. Leptospirlərin yayılmasında içməli su mənbələrinin suyu böyük əhəmiyyət daşıyır. Bu su mənbələrinin suyu törədicilərin ötürülməsində əsas yoluxma amili sayılır. Yoluxma mexanizmi

Xəstə və törədicigəzdirən heyvan leptospirləri sidikləri vasitəsilə xaric edərək öz ifrazatları ilə suyu, torpağı və qida məhsullarını çirkləndirir. Nəticədə leptospirlər təbiətdə dövran edir və su yolu, bəzən də qida vasitəsilə insanların yoluxmasına imkan yaranır. Leptospirlər insan orqanizminə tamlığı pozulmuş dəridən və ağız boşluğu, burun, gözlər, həzm yolunun selikli qişasından keçirlər. Yoluxmalar əsasən kənd təsərrüfatında işləyənlərdə ot biçimi zamanı, heyvandarlığın müxtəlif sahələrində çalışanlar, balıq təsərrüfatı işçiləri, kömür şaxtalarında, düyü plantasiyalarında işləyənlər, deratizasiya işləri apararkən, həmçinin istirahət zamanı – çayda çimərkən, yuyunarkən təsadüfən suyu udduqda baş verir. İkterohemorragik leptospirozla yoluxma halları çox vaxt yoluxmuş siçovulların sidiyi ilə çirklənmiş qidadan istifadə etdikdə, həmçinin leptospiragəzdirən heyvanlarla təmasda olduqda baş verir.

Əhalinin həssaslığı

Həm kişilər, həm də qadınlar arasında həssaslıq və xəstəliyin klinik gedişinin ağırlıq dərəcəsi eynidir. Yaşlar üzrə paylanma fərqlənmir. Xəstəlik keçirdikdən sonra ömürlük humoral immunitet yaranır. Həmin serovarla təkrari xəstələnmə müşahidə olunmur. Reinfeksiya leptospirlərin digər serovarı ilə yoluxma nəticəsində baş verir. Leptospirozun enzootik ocaqlarında yaşlı əhalinin yoluxma riski aşağı səviyyədədir, ayrı-ayrı və qrup şəklində qeydə alınır. Belə ocaqlarda yerli əhaliyə nisbətən xəstəlik daha ağır keçir. Buna səbəb yerli əhalinin törədicinin kiçik dozaları ilə tədricən immunizasiya olmasıdır. Onların orqanizmində əks-cisimlər tapılır. Bu fenomenə heyvanlar arasında da rast gəlinir.

Epidemik prosesin xarakteristikası

Xəstələnmə sporadik hallar və əsasən yay mövsümündə qeydə alınan epidemik alovlanmalar şəklində təzahür edir. Sporadik xəstəliklər bütün il boyu əsasən peşə və məişət yoluxmaları zamanı qeydə alınır. Təbii ocaqlarda insanların xəstələnməsi əsasən yay-payız mövsümünə təsadüf edir. İnsanların yoluxması kənd təsərrüfatı işləri görərkən (çəmənliklərin biçilməsi, buğda, çovdar və yulaf zəmilərində məhsulun, otun yığılması), düyünün, çətənin becərilməsi və s. bol suvarılan tarlaların işlənməsi, bağlarda, bostanlarda iş, yeni məskunlaşan ərazilərin tikintisi, ovçuluq, balıq ovu, turist səfərləri və s., təsadüfi xırda su mənbələrinin suyunun içmək, yuyunmaq üçün istifadə olunması və ya gəmiricilərin ifrazatları ilə çirklənmiş qida məhsullarının işlədilməsi zamanı baş verir. Müasir dövrdə əksər kənd təsərrüfatı işlərinin mexanikləşdirilməsi təbii ocaqlarda iri alovlanmaların baş verməsini məhdudlaşdırmışdır. Orada xəstələnmə sporadik və ya qrupşəkilli xarakter daşıyır. Lakin nəzərə almaq lazımdır ki, irriqasiya vasitəsilə düyü plantasiyalarının yaradılması və digər bol suvarılan bitkilərin yetişdirilməsi zamanı infeksiyanın köhnə ocaqlarından yayılması nəticəsində yeni təbii-ocaqlı ərazilər formalaşa bilər. Bundan başqa, qeyri-mütəşəkkil istirahət əhalinin təbii ocaqlarla təmasda olmasına gətirib çıxarır və leptospiroz ocaqlarında insanların yoluxması üçün şərait yaranır. İnkubasiya dövrü 2-20 gün, adətən, 7 gün çəkir.

Klinik diaqnostikası

Sarılıq leptospirozda aparıcı əlamət sayılır və bundan asılı olaraq leptospirozun sarılıqlı və sarılıqsız formaları ayırd edilir. Sarılıqlı və sarılıqsız leptospirozun patogenezində oxşar əlamətlər çoxdur. Belə ki, leptospirlər limfatik vəzilər vasitəsilə qana daxil olur və xəstəliyin 1-ci həftəsindən sonra qandan yox olur, bir çox daxili orqanlara, ilk növbədə isə qaraciyər və böyrəklərə toplanır, sidiklə ifraz edilməyə başlayır. Qan damarlarından leptospirlərin keçməsini kapillyar toksikozla əlaqələndirirlər. Bu isə kapillyar divarının keçiricilik qabiliyyətinin artması nəticəsində baş verir. Leptospirlərin toksiki təsiri və orqanizmin sensibilizasiyası nəticəsində qaraciyər, böyrək, ürək-damar və qanyaradıcı sistemin funksiyalarının pozulması qeyd olunur. Beləliklə, leptospiroz zamanı infeksion proses 2 mərhələdə gedir: leptospiremiya və toksiemiya. Xəstəlik hərarətin artması, güclü baş və əzələ ağrıları (baldır, qarın, döş, kürək nahiyəsində) ilə başlayır. Xəstəlik ağır keçdikdə 1-ci həftənin sonunda (3-9-cu gün) dəri örtüyünün və skleranın sarılığı və dəridə polimorf ekzantema (3-6-cı günlərdə) əmələ gəlir. Ağır hallarda bu, hemorragik xarakterdə olur. İkterohemorragik leptospiroza xas olan hemorragik sindrom müxtəlif qanaxmalar – burun, uşaqlıq, bağırsaq, çox vaxt isə təkrari və çoxlu miqdarda qanaxmalar şəklində özünü göstərir. İkterohemorragik leptospiroz zamanı meningial hallar və meninqoensefalit də qeyd edilir.

Təbii ocaqlar

Leptospirozun təbii ocaqlarında gəmiricilər dəstəsi böyük əhəmiyyət daşıyır. Müasir dövrdə 58 növ gəmiricilərdə leptospirgəzdiriciliyi müəyyən edilmişdir. Leptospirlərin bioloji plastikliyi onların kənd təsərrüfatı heyvanları (iri və xırdabuynuzlu mal-qara, donuzlar, atlar), ov vəhşi heyvanları (tülkü, şimal tülküsü), ev heyvanları və əhliləşdirilmiş heyvanlara (it, pişik, maral) adaptasiya imkanını yaradır. Onlar leptospirozun əlavə mənbəyinə çevrilir və beləliklə, antropurgik ocaqlar yaranır. Son illərdə belə ocaqlar müstəqil və həlledici epidemioloji əhəmiyyət kəsb edir. Bununla yanaşı, qarışıq ocaqlar da qeyd olunur. Hazırda əhali arasında leptospirozla xəstələnmənin səviyyəsi onun iribuynuzlu mal-qara və donuzlarda yayılmasından asılıdır. Leptospirozla sporadik xəstələnmə bütün il boyu baş verə bilər, epidemik alovlanmalar isə əsasən yay-payız fəsillərində qeyd olunur. Leptospirozun aşağıdakı tip alovlanmaları ayırd edilir:

  • Su alovlanmaları – kənd təsərrüfatı heyvanlarının çirkləndirdiyi su mənbələrində çimdikdə, ondan məişət və təsərrüfatda işlətmək üçün istifadə etdikdə yoluxma nəticəsində baş verir.
  • Kənd təsərrüfatı alovlanması – xəstələnmələr ot biçimi, çəltik əkmə, eləcə də meliorasiya və irriqasiya işləri ilə məşğul olduqda baş verir.
  • Heyvandarlıq alovlanması – xəstələnmələr xəstə heyvanlara qulluq etdikdə, onları kəsib emal etdikdə baş verir.

Bəzi yerlərdə leptospiroz peşə xarakteri kəsb edir. Yaranma səbəblərindən asılı olaraq o, 5 tipə bölünür:

  • kənd təsərrüfatı,
  • ovçuluq,
  • istehsalat,
  • ekspedisiya,
  • laborator

Epidemioloji cəhətdən ən əhəmiyyətlisi kənd təsərrüfatı və istehsalat tipləridir. Laborator diaqnostikası

Leptospirozun laborator diaqnostikasını qoymaq üçün mikroskopik, bakterioloji, bioloji və Seroloji üsullar tətbiq olunur. Xəstəliyin 1-5-ci gününə qədər qanın əkilməsi, laborator heyvanların yoluxdurulması, qanın mikroskopiyası aparılır. Xəstəliyin 3-15-ci günündə xəstələrin qan serumunda aqqlütinin və lizinlər əmələ gəlir. Onlar Seroloji reaksiyalar – mikroaqqlütinasiya və lizis reaksiyaları (MALR) vasitəsilə təyin edilirlər. Diaqnostik titr 1:500 sayılır. Dinamikada onların titri 1:20 000 qədər artır. Mikroskopik üsulla xəstəliyin 10-16-cı günündən etibarən sidiyin, likvorun, parenximatoz orqanların müayinəsi aparılır. Leptospirlər pis rəngləndiyindən bütün müayinələr canlı törədicilərlə qaranlıq sahədə aparılır. Müayinə üçün “əzilmiş damla” preparatı hazırlanır.

Əksepidemik tədbirlər

Xəstələr hospitalizasiya olunurlar. Ocaqlarda dezinfeksiya aparılır (bağırsaq infeksiyaları qrupu ocaqlarında olduğu kimi). Ocaqda su və qida məhsulları termiki emaldan keçirildikdən sonra istifadə edilir. Gəmiricilər məhv edilir, qida məhsulları və su mənbələrinin çirklənmədən qorunması gücləndirilir, əhali arasında sanitar-maarifi işi yerinə yetirilir.

Profilaktik tədbirlər

Leptospiroz ocaqlarında hidrotexniki tədbirlər: bataqlıqların qurudulması, gəmiricilərlə mübarizə, suyun və qida məhsullarının gəmiricilərin ifrazatları ilə çirklənməsinə yol verilməməsi, şəxsi gigiyena qaydalarına riayət edilməsi (xüsusi geyim, rezin əlcəklər və ayaqqabıların istifadəsi). Spesifik profilaktika zamanı öldürülmüş vaksinlə peyvənd aparılır. Vaksinasiya epidemik göstəriş olduqda 7 yaşdan başlanır, arada 7 gün fasilə verməklə 2 dəfəyə yerinə yetirilir. 2-2,5 ml dozada dəri altına yeridilir. Revaksinasiya 1 ildən sonra edilir.

https://ens.az/az/leptospiroz