Pielonefrit böyrək ləyəni və kasacıqlarının, böyrək parenximasının, xüsusən ara toxumanın qeyri-spesifik iltihabi prosesidir. Xəstəliyə ən çox uşaq yaşlarında təsadüf olunur. Yaşlılarda isə uşaq vaxtı sağalmamış piolelonefritin davamı müşahidə olunur. 40 yaşa qədər qadınlar daha tez xəstəliyə tutulur, bu da hamiləlik və aşağı sidik yollarının anatomik xüsusiyyətilə əlaqədardır, ahıl yaşlarda isə kişilər arasında xəstəliyin çox yayılmasını prostat vəzisinin adenoması nəticəsində baş verən sidik stazı ilə izah etmək olar.
Pielonefrit ən çox təsadüf olunan böyrək xəstəliyi olub, gedişinə görə, kəskin və xronik pielonefrit ayırd edilir. Kəskin pielonefrit böyrəklərdə gedən müxtəlif intensivlikdə irinli iltihabi prosesdir. Xronik pielonefrit süstgedişli, arabir kəskinləşmə verən, böyrək parenximasının və ləyən-kasacıq sisteminin bakterial iltihabi prosesi olub, böyrək toxumasının sklerozu ilə nəticələnir. Xronik pielonefrit kəskin pielonefritin xronik hala keçməsi nəticəsində və ya başlanğıcdan xronik proses kimi inkişaf edə bilər.
Pielonefritin ağırlaşması
Pielonefrit birincili, ağırlaşmamış və ya hematogen və ikincili, ağırlaşmış və ya obstruktiv olmaqla iki qrupa ayrılır.
Pielonefritin baş verməsinin əsas şərtlərindən biri orqanizmin ümumi vəziyyəti və müəyyən yerli (mikroflora) faktorların olmasıdır, çünki hələ mikroorqanizmlərin böyrəyin interstisial toxumasına keçməsi heç də həmişə xəstəliklə nəticələnmir. Orqanizmin immun proseslərinin zəifləməsi xəstəliyin baş verməsində əsas şərtlərdən biridir. Həmçinin yorğunluq nəticəsində orqanizmin infeksiyaya qarşı müqavimətinin zəifləməsi, keçirilmiş xəstəliklər, hipovitaminoz pielonefritin inkişafına şərait yaradır.
Xronik pielonefrit
Xronik pielonefritdə iltihab nəticəsində dəyişmiş nahiyələr sağlam böyrək toxuması ilə növbələşir. Ona görə də böyrəklərdə proses asimmetrik gedir. Histoloji olaraq, xronik pielonefritin 4 mərhələsi aşkar edilir. 1-ci mərhələdə ara toxumanın leykositar infiltrasiyası, yığıcı kanalcıqların atrofiyası baş verir. 2-ci mərhələdə yumaqcıqların hialinozu, kanalcıqların atrofiyası, çapıq toxumanın inkişafı aşkar edilir. 3-cü mərhələdə yumaqcıqların məhv olması ilə yanaşı kanalcıq epitelinin az diferensiasiya etməsi və mənfəzi kolloid kütlə ilə dolması aşkar olunur. 4-cü mərhələdə böyrəyin qabıq maddəsi azalır, böyrəklərdə birləşdirici toxuma inkişaf edir, ikincili büzüşmüş böyrək müşahidə olunur.
Kəskin pielonefrit
Kəskin pielonefritin klinik mənzərəsi ağır intoksikasi ya ilə gedən ümumi ağır infeksion prosesin və yerli əlamətlərin birgə təzahurundən ibarətdir. Xəstəlik kəskin başlayır, yüksək temperatur, üşütmə və həddən artiq tərləmə çox vaxt bel nahiyəsində ağrılar olur.
Pielonefritin diaqnozu kliniki, laborotor və instrumental müayinələrlə aparılır.
Pielonefritin müalicəsi medikamentoz yolla aparılır.
Nəticəsi Kəskin vəziyyətdə 100 faiz sağalma, xroniki vəziyyətdə kəskinləşmə vaxtı uzun müddətli yaxşılaşma.
https://hekimtap.az/az/m%C9%99qal%C9%99l%C9%99r/pielonefrit-44561