Main

Piosalpinks – boruların keçməməzliyi – sonsuzluq!

Piosalpinks ən çox irinli infeksiyanın patogenlərinin nüfuz etməsi səbəbindən boruda irin yığılması nəticəsində yaranır.

Piosalpinks – uşaqlıq artımlarının iltihabı həm qadın, həm də həkim tərəfindən xüsusi diqqət tələb edir. Bir dəfə keçirilmiş iltihab, sonsuzluq riskini 25% artırır. Uşaqlıqdankənar hamiləliklərin sayı 5 dəfə artır. O, adətən cavan yaşlarda (16-24 yaş) rast gəlinir. 30 yaşından sonra patologiyanın rast gəlinməsi, cinsi həyatın dəyişməsi ilə əlaqədar azalır. Salpingitin vaxtında müalicəsi sağalma ilə başa çatır. Qeyri-adekvat terapiya piolapinkslə nəticələnə bilər.

Xəstəlik haqqında ümumi anlayış

Uşaqlıq artımlarının infeksion iltihabı müalicə edilmədikdə, irinləmə ilə nəticələnir, piosalpinks – fallop borularında irin yığıntısı formalaşır. Aşağıda sadalanan faktorlar piosalpinksin yaranma riskini artırır:

  • uşaqlıq yolunun, uşaqlığın, artımların, yumurtalıqların kəskin və ya xroniki iltihabları;
  • ginekoloji əməliyyat və ya manipulyasiyalar: abort, diaqnostik qaşınmalar, uşaqlıqda əməliyyatlar, keysəriyyə əməliyyatı;
  • uşaqlıqdaxili spiral;
  • cinsi partnyorların tez-tez dəyişilməsi və qorunmamış cinsi əlaqə;
  • aybaşı zamanı cinsi əlaqə.

Adətən səbəb cinsi yolla ötürülən infeksiyalar – qonoreya, xlamidioz, trixomoniaz, həmçinin uşaqlığın vərəmi olur. Lakin, çoxsaylı araşdırmalara əsasən, piosalpinksin törədiciləri arasında qeyri-spesifik şərti-patogen mikroflora üstünlük təşkil edir. Bunlar stafilokok, bağırsaq çöpü, enterobakter, klostridiya və digər mikrob assosiasiyası ola bilər.

İnfeksiyanın yayılması əsasən qalxan yolla baş verir – aşağı hissələrdən (vagina) uşaqlıq cismi vasitəsilə artımlara keçir. Nadir hallarda hematogen, limfogen və ya kontakt yayılma müşahidə edilir. Menstruasiya və ya hər hansı bir səbəbə görə immunitetin zəifləməsi infeksiya üçün əlverişli şərait yaradır. Xəstəliyin gedişi kəskin və ya xroniki ola bilər.

Əlamətləri:

Piosalpinksin simptomları törədicinin aqressivliyindən və immun sistemin vəziyyətindən asılıdır.

Kəskin gediş aşağıdakı əlamətlərlə özünü göstərir:

  • qarnın aşağı nahiyələrində, bəzən pulsasiya edən, omaya, belə və aralığa yayılan ağrı;
  • 38-40 dərəcəyə qədər qızdırma;
  • intoksikasiya simptomları: üşütmə, zəiflik, halsızlıq, baş ağrısı;
  • ürəkbulanma, qusma və diareya mümkündür.

Uşaqlıq yolundan irinli ifrazat gəlir, qadın məcburi vəziyyət alır – ağrını azaltmaq üçün önə əyilir. Hərəkət ağrını artırır. Piosalpinksin cırılması irinin qarın boşluğuna axmasına və peritonun qıcıqlanma əlamətlərinin əmələ gəlməsinə səbəb olur. Bu zaman ağrı kəskinləşir və bütün qarına yayılır. Taxikardiya yaranır, arterial təzyiq düşür.

Xroniki piosalpinks salpingit kimi gedir. Qarında ağrı küt və periodik olur. Onu menstruasiya, cinsi əlaqə və partnyorun dəyişməsi, fiziki yorğunluq və soyuqdəymə kəskinləşdirə bilər. Bu zaman ümumi halsızlıq və uşaqlıq yolundan seroz-irinli ifrazat ola bilər. Vəziyyətin proqressivləşməsi xarakter simptomlara malik kəskin piosalpinks mənzərəsi yaradır.

Diaqnostikası:

İnfeksion prosesin səbəbini tapmaq üçün, anamnez məlumatları ilkin diaqnostik mərhələdə vacibdir. Uşaqlıqdaxili manipulyasiyalar, cinsi infeksiyalar artımların kəskin iltihabından şübhələnməyə əsas verir.

Sorğudan sonra ginekoloji kresloda baxış aparılır. Bu zaman uşaqlıq boynundan irinli ifrazat görsənir. İrinin çanaq boşluğunda toplanması, uşaqlıq yolunun arxa tağının sallanmasına səbəb ola bilər.

Əvvəllər diaqnostik məqsədlə uşaqlıq yolunun arxa tağının punksiyası aparılırdı. Lakin müasir dövrdə yüksək informativli qeyri-invaziv müayinə metodlarının (USM, MRT, KT, laparoskopiya) tətbiqi ilə əlaqədar, bu praktikadan uzaqlaşılmışdır.

Xroniki piosalpinks zamanı uşaqlıq artımları zəif ağrılı və az hərəkətli törəmələr şəklində palpasiya olunur.

Ultrasəs müayinəsi vaginal və ya transabdominal yolla aparılır. USM-də piosalpinks daxili möhtəviyyatı qeyri-homogen və az dispersli suspenziyadan ibarət olan, genişlənmiş fallop borusu kimi təyin olunur. Peritonitin inkişafı zamanı qarın boşluğunda maye, qaz və maye yığılmış, peristaltikası zəifləmiş, böyümüş bağırsaq ilgəkləri təyin olunur.

Qanın ümumi analizində iltihab əlamətləri olur: leykositlərin ümumi sayı artır, EÇS 9 mm/saatdan çox olur, leykositar formula cavan və çubuqşəkilli neytrofillərin artıqlığından sola meylli olur.

Vaginal yaxma mütləq qaydada götürülür. O, diaqnozun əlavə təsdiqlənməsində əhəmiyyətli rol oynayır və həmçinin törədici floranı təyin etməyə və müalicəni korrektə etməyə imkan verir.

Xüsusi qidalı mühitlərə mikroorqanizmlərin əkilməsi və onların antibiotiklərə həssaslığının təyin olunması da mümkündür. Tez-tez residiv verən piosalpinks zamanı bu müayinə sağalma şansını artırır.

Laparoskopiya patoloji törəmənin dəqiq yerini, qarın boşluğunda ekssudatı və bitişmələri təyin etməyə imkan verir. O, eyni zamanda müalicə aparmağa – möhtəviyyatı sovurub yerinə antibiotik yeritməyə imkan verir.

Əgər irin qonşu orqanlara (sidik kisəsi, düz bağırsaq) keçərsə, uroloqun və ya cərrah-proktoloqun konsultasiyasi, həmçinin sidik kisəsinin USM-i, sistoskopiya, rektoromanoskopiya tələb oluna bilər.

Müalicəsi:

Piosalpinksin müalicəsi stasionarın ginekologiya şöbəsində aparılmalıdır. Dözmək və özünü müalicə peritonit kimi ağır fəsadlarla nəticələnər və reanimasiya şöbəsində çətin müalicə ilə sonlana bilər.

Kəskin iltihabın xalq təbabəti vasitələrilə müalicəsi yolverilməz və qeyri-effektivdir. Otlar lazımi antibakterial effektə malik deyil və mikroorqanizmlərin çoxalmasının qarşısını ala bilmir.

Xəstənin vəziyyəti imkan verərsə müalicəni əməliyyatsiz aparmaq olar. Bu zaman yataq rejimi təyin edilir, uşaqlıqdaxili spiral çıxarılır. Vena daxilinə anaerob floraya qarşı geniş spektrli antibiotik – Metronidazol təyin edilir. Dezintoksikasiya və su-elektrik balansının bərpası venadaxili damcı infuziyaları ilə həyata keçirilir, sedativ və desensibilizəedici vasitələr təyin olunur.

Əgər intensiv müalicə başladıqdan sonra 4 saat müddətində yaxşılaşma baş verməzsə və həmçinin irin periton boşluğuna keçərsə, infeksion-toksiki şok əlamətləri olarsa – cərrahi müdaxilə aparılır.

Piosalpinks zamanı əməliyyat pasientin yaşına görə müəyyən edilir. Gənc doğmamış və gələcəkdə yenə doğmaq istəyən qadınlara salpinqostomiya əməliyyatı aparılır.

Laparoskopiya zamanı tubotomiya – borunun distal hissəsinin kəsilməsi və irinli möhtəviyyatın çıxarılması aparılır. Paralel olaraq kiçik çanaqda bitişmələr ayrılır, periton boşluğunun sanasiyası aparılır və antibiotik məhlulları yeridilir.

Punksiyanın effekti olmadıqda uşaqlıq borusu bir və ya iki tərəfdən çıxarılır (tubektomiya). Tuboovarial abses zədələnmə tərəfində borunun yumurtalıqla birlikdə çıxarılmasını tələb edir.

Aşağıda sadalanan ağır hallarda, uşaqlığın artımlarla birgə amputasiyası aparılır:

  • qarın boşluğunda çoxsaylı abseslər;
  • irinli peritonit;
  • iltihab birincili olaraq uşaqlıqda yerləşdikdə;
  • ikitərəfli tuboovarial abses zamanı.

Cərrahi müdaxilədən sonra antibiotikoterapiya davam etdirilir. Bakterioloji analizin nəticəsi əldə edildikdən sonra, müalicə sxemində dəyişiklik edilə bilər.

Əlavə müalicə qadının ümumi vəziyyəti və patologiyanın simptomları nəzərə alınaraq seçilir.

Profilaktika və reabilitasiya

Piosalpinksin nəticəsi uşaqlıq borularının keçiriciliyinin pozulması və bitişmə prosesindən asılıdır. Bu, sonsuzluğun dayanıqlı formasına gətirib çıxarır və uşaqlıdan kənar hamiləlik riskini artırır. Buna görə də, müalicəyə ilk simptomlar göründükdən dərhal sonra başlamaq lazımdır. Zaman faktoru önəmli rol oynayır və vaxtında tibbi yardım uşaqlıq borusunu qorumağa imkan verir.

Xəstə ambulator müalicəyə keçirilərkən fizioterapiya, ümumi möhkəmləndirici və sanator-kurort müalicəsi tövsiyə olunur.

Piosalpinksin profilaktikasına cinsiyyət orqanların iltihabının adekvat müalicəsi, cinsi yolla keçən infeksiyaların və arzuolunmaz hamiləliyin qarşısını almaq üçün baryer kontrasepsiyasının tətbiqi daxildir. Əməliyyat və doğuşdan sonrakı dövrlərdə, həkimlərin tövsiyələrinə əməl edilməsi, infeksion fəsadların və onların piosalpinkslə nəticələnməsinin qarşısını alır.

https://doctorramila.az/publikasiyalar/143-piosalpinks-borularin-kecmemezliyi.html