Qastrit – mədənin selikli qişasının kəskin və ya xroniki iltihabıdır. Xəstəlik epiqastral nahiyədə ağrı, dispepsiya, intoksikasiya, asteniya ilə təzahür edir. Diaqnoz ezofaqoqastroduodenoskopiya, mədənin rentgenoqrafiyası, ureaz testi, mədədaxili pH-metriya, mədə şirəsinin analizi, dgər laborator və instrumental üsulların köməyilə qoyulur. Müalicə məqsədilə antibakterial, qastroprotektor, antisekretor preparatlar, mədə şirəsinin komponentləri, patogenezə təsir edən dərman vasitələri təyin edilir. Xəstəliyin bəzi formalarında cərrahi müalicə göstəriş sayılır.
Qastrit barədə ümumi məlumat
Qastrit – həzm sisteminin ən geniş yayılmış patologiyalarından olub, mədə xəstəliklərinin təxminən 80%-ni təşkil edir. Yaş artdıqda qastritin yaranma ehtimalı yüksəlir. Qastroenterologiya sahəsinin müşahidələrinə əsasən yaşlı pasiyentlərin 70-90%-i bu patologiyanın müxtəlif variantlarından əziyyət çəkir. Son illərdə uşaqlar arasında qastritin yayılma tezliyi xeyli artmışdır, 90% hallarda helikobakter infeksiyası ilə əlaqə təsdiqlənmişdir. Xəstələrdə xroniki formaya daha çox rast gəlinir.
Qastritin yaranma səbəbləri
Qastrit – mədəyə müxtəlif zədələyici amillərin təsiri nəticəsində yaranan polietioloji xəstəlikdir. Onun inkişafına selikli qişasının lokal rezistentliyinin, orqanizmin ümumi reaktivliyinin, mədənin sekretor və motor funksiyasının pozulması ilə müşayiət edilən patoloji proseslər səbəb olur. Qastritin başlaıca yaranma səbəbləri aşağıdakılardır:
Yaşlı şəxslərdə selikli qişanın involyutiv nazilməsi yerli rezistentliyi zəiflədir. Sepsis, ağır formalı somatik xəstəliklər, onkopatologiyalar zamanı mədə divarının xroniki işemiyası iltihaba təkan verir. Mədə, qida borusu xərçənginin, MBT-nin digər bədxassəli neoplaziyalarının şüa terapiyası və yaxud qastroskopiya, ezofaqoqastroduodenoskopiya, nazointestinal intubasiya prosesində orqanın mexaniki zədələnməsi ilə əlaqədar qastrit yarana bilər. Bəzi hallarda (məsələn, hiperplastik qastrit) xəstəliyin etiologiyası naməlum qalır. Patologiyanın bir sıra formaları irsi xarakter daşıyır.
Qastritin patogenezi
Mədə iltihabının yaranma mexanizmi zədələyici və qoruyucu amillərin disbalansı ilə bağlıdır. Toksin, kimyəvi maddə, autoanticisimlər, allergenlər, bərk qida, tibbi ləavzimatlar və rentgen şüalarının təsiri yerli reaksiyalara səbəb olur. Zədələyici təsir nə qədər güclü olarsa, iltihabi proses bir o qədər kəskin olar. Qısa alterasiya fazasından sonra mikrosirkulyasiya pozulur, ödem, damardaxili mayenin və qan komponentlərinin ekssudasiyası baş verir – klassik kataral qastrit inkişaf edir. Ağır hallarda kəskin distrofiya və toxumaların nekrozu müşahidə olunur.
Xroniki kəskin iltihab vəzi aparatının atrofik, hiperplastik, metaplastik və digər distrofik-regenerator dəyişiklikləri ilə müşayiət olunur. Zədələyici yüklənmələrin intensivliyi az olduqda lokal və ümumi təsirlər yerli rezistentliyin zəifləməsinə gətirib çıxarır. Bu da xəstəliyin patogenezində başlıca rol oynayır.
Epitel toxumasının qida məhsulları, alkoqol, endotoksinlər tərəfindən daim qıcıqlanması, sekretor-motor funksiyanın tənziminin pozulması xroniki iltihaba səbəb olur. Belə hallarda patoloji dəyişikliklərin tədricən artması izlənilir.
Xroniki qastritin patogenezinin ayrıca bir həlqəsi xlorid turşusunun sintezinin pozulmasıdır. Helikobakteriyaların ifraz etdiyi ammonyakın təsirindən qastrinın sekresiyası güclənir, somatostatinin miqdarı azalır. Bu isə xlorid turşusunun hiperproduksiyası – yüksək turşuluqlu qastritin inkişafı ilə nəticələnir. Mədənin fundal şöbəsinin selikli qişasının atrofiyası və parietal hüceyrələrin autoimmun zədələnməsi xlorid turşusunun sekresiyasını zəiflədir. Aşağı turşuluqlu qastritin inkişaf mexanizminin əsasında məhz bu mexanizm dayanır.
Qastritin təsnifatı
Qastritin klinik formalarının təsnifatında patoloji prosesin gediş xüsusiyyətləri, selikli qişanın morfoloji dəyişiklikləri, etioloji faktor, iltihabın lokalizasiyası, sekretor funksiyanın vəziyyəti, xəstəliyin mərhələsi, ağırlaşmaların olması nəzərə alınır. 1973-cü ildə R.Striklend və İ.MakKeyin təklif etdiyi klinik-morfoloji meyarlara əsaslanan Hyuston təsnihatı daha mükəmməl hesab olunur:
Qastritin əlamətləri
Adətən kəskin qastritin əlamətləri qidalanmada yol verilən xətalar, QSİƏP qəbulu, zəhərlənmə fonunda qəflətən meydana çıxır. Pasiyentləri müxtəlif intensivlikli epiqastral ağrılar, ürəkbulanma, qusma, gəyirmə, iştah pozğunluğu, nəcis ifrazının tezləşməsi narahat edir. Kəskin iltihab zamanı ümumi vəziyyət pozulur – halsızlıq, başgicəllənmə yaranır, əmək qabiliyyəti azalır. İnfeskion mənşəli formalarda qızdırma, titrətmə, zökəm, öskürək, mialgiya, artralgiyalar mümkündür. Xəstəliyin eroziv variantı üçün MBT-dan qanaxmalar (qanlı qusma və ya melena) xarakterikdir.
Xroniki qastritin əlamətləri mədənin sekretor aktivliyindən asılıdır. Turşuluğun yüksəlməsi ilə müşayiət olunan iltihab zamanı yemək qəbulundan 20-30 dəqiqə sonra epiqastral nahiyədə intensiv ağrılar, xroniki qəbizlik, türş gəyirmə müşahidə edilir. Xəstəlik uzun müddət davam etdikdə pasiyentlər yorğunluq, emosional labillik və yuxusuzluqdan şikayətlənirlər. Aşağı turşuluqlu xroniki qastritdən əziyyət çəkən xəstələrdə ağrı sindromu zəif ifadə olunur və ya ümumiyyətlə baş vermir. Pasiyentlərdə səhər saatlarında ürəkbulanma, tez doyma hissi, mədədə ağırlıq, ishal, meteorizm, gəyirmə, ağızda acı dad, dilin boz ərplə örtülməsi qeydə alınır. Qidanın mənimsənilmə və sorulma proseslərinin pozulması ilə əlaqədar çəki itkisi, əzələ zəifliyi, baldırda ödemlər izlənilir.
Qastritin ağırlaşmaları
Qastrit mədə və onikibarmaq bağırsağın xora xəstəliyi ilə ağırlaşa bilər. Orqan divarının eroziv zədələnməsi zamanı profuz qanaxma və hemorragik şok mümkündür. Əksər hallarda qastritin fleqmanoz formasında mədə divarının perforasiyası, orqanın çapıq deformasiyası müşahidə edilir, fistulalar əmələ gəlir. Daxili Kasl faktorunun çatışmazlığı nəticəsində xəstələrin bir qismində meqaloblast anemiya inkişaf edir. Atrofik qastrit zamanı kaxeksiya, hipoproteinemik ödemlər, əzələ distrofiyası, ensefalopatiya qeydə alınır. Xəstəliyin uzunmüddətli gedişi
mədə adenokarsinomasının yaranma ehtimalını yüksəldir.
Qastritin diaqnostikası
Adətən tipik klinik əlamətlərə rast gəlindikdə diaqnozun qoyulmasında heç bir çətinlik yaranmır. Diaqnostik mərhələnin əsas məqsədi xəstəliyin yaranma səbəbinin və klinik formasının aydınlaşdırılmasından ibarətdir. Aşağıdakı instrumental və laborator üsullar daha informativ sayılır:
Qanın ümumi analizində B12 defisitli anemiyanın əlanətləri: eritrositlərin və hemoqlobinin azalması, meqaloblastların formalaşması müşahidə oluna bilər. Xəstəliyin autoimmun mənşəli olmasına şübhə yarandıqda antiparietal anticisimləri üzə çıxaran seroloji reaksiyalar aparılır.
Pepsionogen 1 və 2, qastrinin zərdab səviyyələrinin təyini diaqnostik cəhətdən əhəmiyyətli sayılır. Koproqrammada külli miqdarda həzm olunmamış əzələ liflərinə, nişasta dənələrinə rast gəlinir, Qreqersen reaksiyası müsbət ola bilər. Mürəkkəb hallarda qarın boşluğu orqanlarının MSKT, öd kisəsinin, qaraciyərin, mədəaltı vəzinin USM, antroduodenal manometriya icra olunur. Bioptatın histoloji analizi morfoloji diaqnozun qoyulmasında ən dəqiq üsul sayılır.
Qastrit funksional dispepsiya, MBT-nin digər xəstəlikləri (xora xəstəliyi, xroniki pankreatit, xolesistit), bağırsaq patologiyaları (seliakiya, Kron xəstəliyi), vitamin çatışmazlığı (pernisioz anemiya, pellaqra), bağırsaq infeksiyaları (salmonelyoz, eşerixioz) ilə differensiasiya edilir. Bir sıra hallarda qastroenteroloqun konsultasiyası ilə yanaşı infeksionist, hematoloq, hepatoloqun baxışına ehtiyac yaranır. Miokard infarktını inkar etmək üçün xəstə kardioloqun qəbuluna yönəldilir.
Qastritin müalicəsi
Terapevtik taktika qastritin inkişafına səbəb olan amillərdən və xəstəliyin klinik formasından asılıdır. Pasiyentlərə kompleks terapiya və pəhriz məsləhət görülür. Siqaret və spirtli içkilərdən imtina etmək tövsiyə olunur. Qastritin konservativ müalicəsi adətən aşağıdakı qrup preparatlarla aparılır:
Kəskin qastritin müalicə planına mədənin yuyulması, sorbentlərin, antidotların qəbulu, infuzion terapiya daxil olur. İfadəli neyrovegetativ pozğunluqlar müşahidə edildikdə sedativ fitoprotektorlar, trankvilizatorlar məsləhət görülür. Autoimmun iltihab zamanı kortikosteroidlər tətbiq edilir. İfadəli ağrı sindromuna malik pasiyentlərə miotrop spazmolitiklər, ehtiyatla analgetiklər təyin olunur. Qastritin hemorragik formasında qanaxmanı dayandırmaq və qan itkisini bərpa etmək üçün hemostatiklərdən istifadə olunur, tam qan, eritrositar kütlələr, plazma köçürülür. Duodenal-qastral reflüksdə ursodezoksixol turşusunun törəmələri, dofamin reseptorlarının inhibitorları effektivdir. Motorikanı yaxşılaşdırmaq üçün prokinetiklər qəbul edilir. Fleqmonoz qastritli xəstələrdə mədə divarının massiv destruksiyası, eləcə də profuz qanaxmalar zamanı cərrahi əməliyyatlar həyata keçirilir.
Qastritin proqnoz və profilaktikası
Kəskin proseslərdə proqnoz əksərən qənaətbəxş olur. Xroniki iltihab isə adətən kəskinləşmələrlə remissiya dövrünün növbələndiyi residivləşən gedişə malik olur. Xroniki atrofik qastrit proqnostik cəhətdən daha az qənaətbəxş sayılır. Xəstəliyin bu forması mədədə xlorid turşusunun sintezinin geridönməyən xarakterli azalmasına, maliqnizasiyaya gətirib çıxarır.
Profilaktik tədbirlərə kəskin və yağlı qidaların məhdudlaşdırılması, siqaret və spirtli içkilərdən istifadə, dərman preparatlarının yalnız həkim təyinatı üzrə qəbulu, mədədə iltihab törədə biləcək xəstəliklərin vaxtında aşkarlanması və müalicəsi aiddir.