Rektovaginal fistula — düz bağırsaqla uşaqlıq yolunun boşluqları arasında anadangəlmə və ya qazanılmış xarakterli patoloji əlaqənin olmasıdır. Qaz, selik və nəcisin uşaqlıq yolundan xaric olması, dispareuniya, dizurik pozğunluqlarla təzahür edir. Diaqnostika məqsədilə vaginal baxış, rektovaginal müayinə, rektoromanoskopiya, fistuloqrafiyadan istifadə olunur. Müalicə yalnız cərrahi yolladır: rektovaginal arakəsmənin qüsurunun kəsilməsi və/ və ya onun pasiyentin toxumaları, kollagen yamaq və ya tıxacla bərpası.
Rektovaginal fistula barədə ümumi məlumat
Rektovaginal fistulalara nisbətən az rast gəlinir. Onlar yalnız 0,001% hallarda anadangəlmə olur, xəstəliyin böyüklər arasında yayılması 0,33% təşkil edir. Patologiya əsasən reproduktiv yaşda olan qadınlarda qeydə alınır, bu da doğuş travmaları ilə sıx bağlıdır. Adətən rektovaginal arakəsmənin fistulaları kiçik ölçülü olur (1,0-2,0 mm diametrində), bəzən fistula dəliyi bir neçə santimetrə çata bilər. Xəstəlik pasiyentin həyatı üçün təhlükə daşımasa da onun klinik təzahürləri kifayət qədər diskomfort törədir. Belə fistulaların xaric edilməsi üzrə klassik əməliyyatlar 1/3 hallarda residivlərlə nəticələndiyindən ginekologiya və proktologiya sahəsinin mütəxəssisləri tərəfindən daha az invaziv və effektiv müdaxilələrin axtarışları davam edir.
Rektovaginal fistulanın səbəbləri
Uşaqlıq yolu və düz bağırsağın divarlarının bir-birinə sıx söykənməsi ilə əlaqədar müəyyən amillərin təsirindən rektovaginal arakəsmənin tamlığı pozularaq, düz bağırsaq-uşaqlıq yolu fistulası formalaşır. Onun yaranma səbəblər aşağıdakılardır:
Rektovaginal fistulanın patogenezi
Rektovaginal arakəsmədə fistulaların yaranmasının əsas həlqəsi uşaqlıq yolu ilə müqayisədə düz bağırsaqda yüksək təzyiqin olmasıdır. Bu orqanlar arasında istənilən patoloji əlaqə zamanı bağırsağın selikli qişası uşaqlıq yoluna çevrilir. Onun qüsurun kənarlarına sirkulyar birləşməsi üçün maksimum 7 gün tələb olunur. Yaranmış kanala daim bağırsaq möhtəviyyatı töküldüyündən zədələnmə sahəsinin qranulyasiyası baş vermir. Tipik dodağabənzər fistulanın tam formalaşması adətən 4 aydan çox çəkmir (ləng gedişli doğuşlar və ya dəlib-keçən yaralanmalar zamanı toxumaların massiv əzilmə halları istisna sayılır).
Rektovaginal fistulanın təsnifatı
Rektovaginal fistulaların təsnifatının əsasını onların forması və anal dəliyin kənarına nisbətən lokalizasiyası təşkil edir. Fistulaların aşağıdakı formaları ayırd edilir:
Fistulaların əksəriyyəti klassik dodağabənzər formaya malik olur, onların uşaqlıq yoluna və düz bağırsağa açılan dəlikləri bir-birinə müvafiqdir, kanal qısa və düz olur. Kəskin paraproktit, kolit və ya anal nahiyənin dəlib-keçən yaralanmalarında borulu fistulalar formalaşır, onlar çoxsaylı kanallar, pararektal toxumada irinlə dolu kisəyəbənzər boşluğun formalaşması ilə xarakterizə edilir.
Rektovaginal fistulanın əlamətləri
Klinik simptomatika fistula yolunun ölçüləri və lokalizasiyasından asılıdır. Patologiyanın tipik əlaməti bağırsaq qazları, selik (kiçik dəliklər) və nəcis kütlələrinin (iri fistulalar) uşaqlıq yolundan xaric olmasıdır. Bəzi pasiyentlərdə infeksiyanın qoşulduğu hallarda vaginal ifrazatlar irinli olur, uşaqlıq yolu və aralıq nahiyədə diskomfort, ağrı, göynəmə, qaşınma yaranır. Cinsi akt zamanı fistulanı formalaşdıran və əhatə edən iltihablaşmış toxumaların gərilməsi ilə əlaqədar qadın ağrı hiss edir. İntensiv ağrı sindromu cinsi həyatı çətinləşdirir.
Pasiyent gigiyena qaydalarına riayət olunmasına baxmayaraq, xoşagəlməz iyin onu daima müşayiət etməsindən şikayətlənir, bu da tədricən psixoemosional pozğunluqlara- əhval-ruhiyyənin pozulması, depressiya, əsəbilik, ağlağanlığa gətirib çıxarır. İltihabın sidik-ifrazat sisteminə yayılması klinik şəkilə dizurik pozğunluqların – sidik ifrazı zamanı kəskin ağrıların əlavə olunması ilə təzahür edir.
Rektovaginal fistulanın ağırlaşmaları
Rektovaginal fistulalar cinsiyyət və sidik-ifrazat sistemi orqanlarının lokal və qalxan infeksion-iltihabi xəstəlikləri ilə ağırlaşır. Belə pasiyentlərdə əsasən kəskin və xroniki kolpit, endoservisit, endometrit, salpingit, adneksit, parametrit, uretrit və sistit inkişaf edir. Uşaqlıq artımlarının iltihabi prosesə cəlb olunması zamanı aybaşı siklinin pozulması, hətta menstruasiyanın tamamilə kəsilməsi mümkündür. Sonsuzluq və düşük riski artır. MBT tərəfindən qəbizlik və ya əksinə ishal kimi fəsadlar qeydə alınır.
Rektovaginal fistulanın diaqnostikası
Rektovaginal fistulalalara şübhə yarandıqda fistula kanalını aşkar etməyə, onun ölçüləri, forma və lokalizasiyasını qiymətləndirməyə imkan verən kompleks müayinələr təyin olunur. Patologiyanın diaqnostikasında tətbiq olunan ən informativ üsullar aşağıdakılardır:
Diaqnostikanın çətinlik törətdiyi hallarda əlavə üsullar qismində xromorektoromanoskopiya, düz bağırsağın rektal ötürücü ilə USM, vagino-, prokto- və irriqoqrafiya məsləhət görülür. Anal sfinkterin funksional vəziyyətini qiymətləndirmək üçün elektromioqrafiya və sfinkterometriya icra olunur. Rektovaginal fistula ilə ağırlaşan xəstəliklərlə – bədxassəli şişlər, divertikulyoz, Kron xəstəliyi və s. ilə differensial diaqnostika aparılır. Diaqnozun qoyulmasına ginekoloqdan əlavə adətən proktoloq cəlb edilir.
Rektovaginal fistulanın müalicəsi
Xəstəliyin yeganə müalicə üsulu cərrahi yol sayılır. Rektovaginal arakəsmənin kəskin travması zamanı qüsur ilk 18 saat ərzində tikilməlidir. Belə yanaşma septiki ağırlaşmaların yaranma ehtimalını minimuma endirir. Formalaşmış fistulaların likvidasiyası çətin proses olub, 2 mərhələdə yerinə yetirilir. Minimal klinik əlamətlərlə (selik və qazın az miqdarda xaric olması, ağrı sindromu və ağırlaşmaların müşahidə edilməməsi) təzahür edən kiçik ölçülü fistulalar aşkarlandıqda gözləmə taktikası tətbiq olunur.
70% hallarda fistulanın cərrahi müalicəsindən 2-3 ay əvvəl nəcisin ifraz olunması məqsədilə qarnın ön divarına kolostoma qoyulur. Bu zaman bağırsağın aşağı hissələrində yerli iltihabın müalicəsi üçün əlverişli şərait yaranır, bəzi fistulalar özbaşına sağalır.
Hazırda rektovaginal fistulaların cərrahi müalicəsinin 30-dan çox üsulu mövcuddur. Onlar aparılma yolu (rektal, aralıq, vaginal, geniş sahəli zədələnmələrdə boşluqlu) və plastika texnikasına görə fərqlənirlər. Toxuma qüsurunun aradan qaldırılması üçün aşağıdakı üsullar icra olunur:
Göstərişlər olduqda fistula kanalının likvidasiyası üzrə cərrahi müdaxilə ön levatoroplastika, vaginoplastika və sfinkteroplastika ilə (anusu yığan əzələnin qüsuru zamanı) tamamlanır. Fistula tam sağaldıqdan sonra kolostoma bağlanılır.
Rektovaginal fistulanın proqnoz və profilaktikası
Rektovaginal arakəsmənin toxuması çox nazik və adətən çapıqlı-iltihabi proseslərin təsirindən dəyişilmiş olur. Bu səbəbdən ənənəvi əməliyyatlar zamanı xəstəliyin residivlərinin tezliyi 18-32%, bioloji kollagen tıxacların tətbiq olunduğu hallarda isə 10-15% təşkil edir. 3-4 ay müddətində dayanıqlı nəticə əldə olunmadıqda radikal müdaxilə təkrar aparılır. Müalicə taktikası düzgün yerinə yetirildikdə 96% pasiyentlərdə müsbət nəticələr əldə olunur. Əgər cərrahi müdaxilədən sonra qadın hamiləlik planlaşdırarsa, o zaman doğuş üsulu kimi yalnız Qeysəriyyə əməliyyatı icra edilməlidir.
Profilaktika məqsədilə dar çanaq, iri döl, uşağın anomal vəziyyətləri, dölyanı mayenin vaxtından əvvəl axması ilə müşayiət olunan hamiləliklərdə optimal mamalıq taktikasının seçilməsi məsləhət görülür. Mamalıq əməliyyatları və üsulları, invaziv manipulyasiyalar, doğuş yollarının keyfiyyətli reviziyası və zədələnmələrin tez bir zamanda tikilməsi mühüm əhəmiyyət kəsb edir.
https://med-portal.az/qadin-xestelikleri/rektovaginal-fistula/