Main

Serebral Ödem (Beyin ödemi)

Serebral ödem beyində mayenin yığılması ilə xarakterizə olunan potensial həyati təhlükəsi olan bir vəziyyətdir. Beyin kəllə içərisində qapalı bir mühitdə olduğundan, ödem meydana gəlməsi kəllədaxili təzyiqi artırır. Artan kəllədaxili təzyiq beyinə qan axını azaldır. Nəticədə beyin kifayət qədər oksigen ala bilmir və beyin zədələnir. Beyin zədələnməsi isə hüceyrə ölümünə səbəb olur, ödemi daha da artırır. Şiddətli ödem zamanı beyindən mayenin çıxması çətinləşir və klinik vəziyyət sürətlə pisləşir.

Serebral ödemin səbəbləri

  • Travmatik Beyin Zədələri: Yol qəzaları, yıxılmalar, idman yaralanmaları, şiddət tətbiqi kimi səbəblərlə baş nahiyyəyə olan birbaşa zərbələr beyində ödemə səbəb ola bilər. Ağır baş zədələrində kəllə sınığı, beyin toxumasının birbaşa və ya akselerasiya ilə bağlı zədələnməsi, beyin damarlarının qopması və beyin qanaması baş verə bilər. Bütün bu vəziyyətlər həm də ödem yaranmasına yol aça bilər.
  • Beyin damarlarının tıxanması (insult): Beyin damarlarının tıxanması vəziyyətində sinir hüceyrələri ehtiyac duyduqları oksigenə çata bilmir. Sinir hüceyrələrinin ölümü beyində ödemə səbəb ola bilər.
  • İnfeksiya: Beyin toxumasına və beyin qişalarına təsir edən infeksiyalar, məsələn, ensefalit və meningit, immun sisteminin aktivləşməsi nəticəsində beyin ödemi yaradır. Sinus infeksiyası və meningit beyində abse meydana gəlməsinə səbəb ola bilər. Beyin absesi həm iltihab reaksiyasına, həm də kütləvi təsirə görə ödemə məruz qala bilər.
  • Beyin şişləri: Beyin şişləri ətrafındakı toxumalara təzyiq göstərir. Təzyiq artması səbəbindən kifayət qədər qan qəbul etməyən toxumada hüceyrə ölümü və ödem meydana gəlir. Şiş beyindən mayenin çıxarılmasını çətinləşdirə bilər və eyni zamanda yeni damarların meydana gəlməsinə səbəb olaraq ödemi də artıra bilər.
  • Digər səbəblər: Yüksək hündürlüyə (adətən 4000 metrdən yuxarı) sürətli qalxma (kəskin dağ xəstəliyi), narkotik maddələrdən sui-istifadə, dəm qazından zəhərlənmə və digər zəhərlənmələr də beyin ödeminə səbəb ola bilər.

Serebral ödemin əlamətləri

Serebral ödemin simptomları beyin ödeminin səbəbi və şiddətindən asılı olaraq dəyişir. Ümumi olaraq əlamətlər aşağıdakılardır:

  • Baş ağrısı
  • başgicəllənma
  • ürəkbulanma
  • koordinasiya pozulması
  • Bədəndə uyuşma

Beyin ödemi şiddətli olarsa, şüurun dəyişməsi, əhval dəyişikliyi, nitq çətinliyi, sidik qaçırma, qıcolma, əzələ zəifliyi kimi simptomlarla da özünü göstərə bilər.

Serebral ödemin diaqnozu

Beyin ödeminin diaqnozunu qoymaq həmişə asan olmaya bilər. Diaqnoz ilk növbədə xəstənin şikayətlərinə əsaslanır və hərtərəfli nevroloji müayinə aparılır. Kəllə sinirlərinin müayinəsi, göz dibinin müayinəsi, qol və ayaqlarda hiss, güc və reflekslərin yoxlanılması, şüurun qiymətləndirilməsi ən əsas müayinə mərhələləridir.

Beyin ödemi özü bir xəstəlik deyil, başqa bir xəstəliyin nəticəsidir. Həqiqi xəstəliyi müəyyən etmək üçün beyin tomoqrafiyası və maqnit rezonans görüntüləmə tələb oluna bilər. Qan testləri infeksiya parametrlərini qiymətləndirmək üçün faydalıdır.

Serebral ödemin müalicəsi

Yüngül kəllə-beyin travması (sarsıntı) nəticəsində yaranan beyin ödemi istirahətlə öz-özünə keçə bilər. Lakin əksər hallarda beyin ödemi həyati təhlükə yaradır və təcili müalicə olunmalıdır. Ödemi azaltmaq və adekvat qan dövranını təmin etmək üçün müalicələr tətbiq olunur. Müalicə əsasən infeksiya və şiş kimi xəstəliyin alt səbəblərini aradan qaldırmaq lazımdır. Serebral ödemin müalicəsinə daxildir:

  • Medikamoz müalicə
  • Osmotik terapiya
  • Oksigen terapiyası (hiperventilyasiya)
  • Hipotermiya
  • Ventikulostomiya
  • Cərrahi əməliyyat

https://engincakar.com/beyin-hasari/beyin-odemi/

tercume