SİDİK KANALI DARLIĞI
Striktura dedikdə sidik kanalının daralması başa düşülür. Qadınlarda sidik kanalı daha enli və qısadır. Ona görə də sidik kanalı daralmaları qadınlarda az rast gəlinir və demək olar ki, həmişə ginekoloji əməliyyatlardan, travmalardan, şüa terapiyadan sonra yaranır. Xəstəlik əsasən kişilərdə rast gəlinir. Bu isə kişilərdə sidik kanalının anatomik xüsusiyyətləri ilə əlaqədardır. Belə ki, kişilərdə sidik kanalı uzundur, dardır və iki yerdə təbii əyriliyi vardır. Kişilərin təqribən 1-1,5 %-i sidik kanalında daralmadan əziyyət çəkir.
Daralma eyni vaxtda bir və ya bir neçə yerdə ola bilər. Həmçinin sidik kanalının qismən daralmasından tutmuş mənfəzinin tam bağlanmasına (obliterasiya) qədər və bütün sidik kanalı boyunca (total striktura) daralmaya rast gəlinir.
Sidik kanalında daralmasının səbəbləri
Sidik kanalının daralması sidik kanalı divarında sərt toxumanın (çapıq toxumasının) əmələ gəlməzi ilə əlaqədardır. Daralmanın yerini müəyyən eləməklə onun təxmini səbəbini və əksinə səbəbini müəyyən etməklə onun xarakterini təyin etmək olur.
Daralma anadangəlmə və qazanılma olur. Anadangəlmə daralmalar çox nadir hallarda rast gəlinir.
Sidik kanalında daralma aşağıdakı müxtəlif səbəblərdən yarana bilir.
- Travma: sidik kanalının zədələnməsi ilə müşahidə olunan cinsi orqan travmaları və yaralanmaları, aralıq nahiyyəsinin travmaları və yaralanmaları, çanaq sümüklərinin sınıqları ilə müşahidə edilən travmalar. Bunlar ehtiyyatsız cinsi əlaqə zamanı cinsi orqanın əzilmələri, sınıqları, bərk əşyanın üstünə yıxılmaqla aralıq nahiyyəsinin travmaları, avtotravmalarda çanaq sümüklərinin sınıqları zamanı yaxud bununla əlaqədar aparılan əməliyyatlarda sidik kanalının zədələnmələri, sidik kanalına yad cismin salınması və s. ola bilər.
- Cinsi orqanın və sidik kanalının termiki, kimyəvi yanıqları: Bunlara bir çox hallarda özünümüalicə ilə məşğul olan insanlarda rast gəlinir. Çox təəssüf olsun ki, bir qism insanlar həkimə getməyə utanır və cinsi yolla yoluxan xəstəlikləri özləri müalicə etməyə cəhd göstərir. Bu məqsədlə onlar müxtəlif maddələri (gümüş nitrat, xlorheksidin, miramistin, spirt, dimeksid, kerosin) sidik kanalına yeridməklə müalicə olunmaq istəyirlər. Başqa bir qism isə bu maddələri cinsi əlaqədən sonra cinsi yolla yoluxa bilən xəstəliklərin profilaktikası məqsədilə sidik kanalına yeridir. Hər iki halda nəticəsi çox ağır ola bilər. Belə ki, sidik kanalına yeridilən kimyəvi maddə sidik kanalının selikli qişasını yandırır, büzüşdürür və nəticədə kanal daralır. Bir sıra hallarda bu xəstələrin sərbəst sidik ifrazı olmur və biz onlarda təzə sidik kanalı formalaşdırana qədər müvəqqəti olaraq qarının ön divarından sidik kisəsinə drenaj trubka (episistostoma) qoyuruq.
- İltihab: cinsi yolla yoluxan xəstəliklər, sidik – cinsiyyət orqanlarının vərəmi, sidik kanalının, prostat vəzinin iltihabı
- Tibbi müdaxilə: sidik kanalına kateterin qoyulması, sidik kanalının bujlanması, sidik kanalından keçməklə sidik kanalında, sidik kisədə, prostat vəzidə, sidik axarlarında, böyrəkdə aparılan endoskopik prosedura və əməliyyatlar sidik kanalında daralmaya səbəb ola bilər. ( Sidik kanalının daralması – sidik kanalında daralma – striktura – sidik kanalı – sidik kanalında darlıq – sidik kanalında əməliyyat – sidik kanalının lazerlə genişləndirilməsi – uroloq androloq Ziyad Əliyev Bakıda – idrar kanalı darlığı )
Sidik kanalında darlığın əlamətləri
Prostat vəzin adenomasından sonra sidik ifrazını çətinləşdirən ikinci ən çox yayılmış xəstəlik sidik kanalının daralmasıdır (striktura). Əgər aşağıda sadalanan əlamətlər 40 yaşa qədər olan kişidə yaranıba daha çox sidik kanalının daralmasından şübhələnmək lazımdır. 40 yaşından yuxarı kişidə yaranıbsa prostat adenoması ehtimalı daha yüksəkdir. Xəstədə aşağıdakı əlamətlər olduqda sidik kanalının daralmasından şübhələnmək lazımdır.
- Sidik ifrazının çətinləşməsi. Belə ki, xəstə sidiyə gedəndə gücənir, qarının ön divar əzələlərini gərginləşdirir.
- Qarının aşağısında daima ağrı və diskomfort hissinin olması. Bəzən daralma elə bir həddə olur ki, xəstə sidiyə çıxa bilmir. Sidik ifrazının mümkün olmaması (buna kəskin sidik ləngiməsi deyilir).
- Sidik ifrazı zamanı ağrı, diskomfort olması
- Sidik kisəsinin dolu omasına baxmayaraq sidiyin az çıxması
- Sidik ifrazından sonra sidik kisənin tam boşalmaması hissiyyatı (kisə tam boşalmır və qalıq sidik qalır)
- Sidik şırnağının təzyiqinin zəifləməsi
- Qeyri – iradi olaraq sidiyin damcı – damcı axması
- Sidik şırnağının haçalanması, səpələnməsi (duşdan gəlməni xatırladması)
- Sidikdə qan olması
- Spermada qan olması
- Sidik kanalından daimi axıntının olması. Müalicə vaxtı axıntı kəsilir və yenidən başlayır
- Eyakulyasiya zamanı spermanın sidik kanalından tam çıxmaması.
Sidik kanalında darlığın diaqnozu
Bu xəstələrin dəqiq diaqnostikası onların müalicəsində optimal müalicə metodunun seçilməsi və xəstəliyin təkrar yaranma ehtimalını minimuma endirmək üçün ən vacib məqamdır.
Daralmanın müayinə metodlarına daxildir.
- Anamnez: xəstəliyin əlaqmətlərinə və sorğu məlumatlarına əsasən daralma səbəbini ehtimal etməyə imkan verir.
- Urofloumetriya: sidik ifrazının müayinəsi. Bu zaman sidik ifrazının maksimal sürəti, sidik ifrazının orta sürəti, sidik ifrazının davametmə vaxtı, sidiyin sürətinin maksimuma çatana qədər keçən vaxt, ifraz olunan sdiyin miqdarı, sidik ifrazına başlayana qədər keçən vaxt müəyyən olunur.
- Uretrosistoskopiya: daralmış nahiyyəni və onun kalibrini (mənfəzini), sidik kanalının xarici dəliyindən daralmaya qədər olan hissənin selikli qişasının vəziyyətini, daralmış nahiyyənin aşağı kənarını müəyyən etməyə imkan verir. Uretrosistoskopiya dedikdə xüsusi yüksək dəqiqlikli görünüş verən kamera ilə təchiz olunmuş alətlə sidik kanalı və sidik kisə daxilinin gözlə müayinəsi başa düşülür. Müayinə zamanı sidik kanalı daxilini həkim ekranda görür.
- Uretrosistoqrafiya: rentgen kontrast maddəni sidik kanalına yeridməklə sidik kanalının rentgen təsvirini alırıq. Bununla biz sidik kanalında daralmanın dəqiq yerini, onun yuxarı-aşağı sərhədini müəyyən edirik. Normada sidiyin maksimal sürəti 1 san – də 15 ml – dən çox olmalıdır. Əgər sidiyin maksimal sürəti 5 ml/san və ondan aşağıdırsa yaxın bir ayda kəskin sidik ləngiməsi ehtimalı 50 % – dən yuxarıdır. Kəskin sidik ləngiməsi dedikdə sərbəst sidik ifrazının olmaması başa düşülür.
- Ultrasəs müayinəsi (USM): prostat vəzin ölçülərini, həcmini, sidik kanalının daralmış hissəsinin qan təchizatını, sidik kisədə qalıq sidiyin olması, sidik kisə divarında divertikul, sidik kisədə daş, sidik axarları və böyrəklərdə genişlənməni müəyyən etməyə imkan verir.
- Ümumi sidik analizi və sidiyin əkilməsi: sidikdə iltihabı, infeksiyanı müəyyən etməyə imkan verir.
Optik endouretrotomiya – lazerlə sidik kanalı darlığının müalicəsi (əməliyyatı)
Çox geniş yayılmış digər əməliyyat növü də var, buna optik uretrotomiya deyilir. Uretrotomiya endoskopik əməliyyatdır, başqa sözlə desək sidik kanalı daxilinə yüksək dəqiqlikli görünüş verən kamera ilə təchiz olunmuş xüsusi alət -uretroskop yaxud sistoskopla daxil olub daralmanın ləğv edilməsi əməliyyatıdır. Buna baxmayaraq uretrotomiya keçirmiş hər iki pasientdən birində (50 %) təkrari daralma yaranır. Yəni əməliyyatın effektivliyi aşağıdır. Əgər təkrari daralma yaranırsa və yenə də optik uretrotomiya əməliyyatı aparılırsa efektivlik 20-25%dən yüksək deyildir. 3-cü dəfə daralma yaranarsa uretrotomiya effektsizdir.
Nəzərə alsaq ki, sidik kanalı təkdir, onun normal olmaması, daralması insanın həyat keyfiyyətinə çox mənfi təsir göstərir, sidik cinsiyyət sisteminin işini pozur.
https://androloq.az/uslugi/sidik-kanalinin-daralmasi/