Main

Spinal amiotrofiyalar

Spinal amiotrofiyalar (XBT-10 üzrə kodu G12) – uşaqlıq və yeniyetməlik dövrü xəstəliklərinin ən ağır şəkildə keçən qruplarından biridir. Spinal amiotrofiyaların 3 forması ayırd edilir:

  • Verdniq-Hoffmann forması (I tip),
  • Aralıq forma (II tip)
  • Kügelberq-Velander forması (III tip).

Bu xəstəlik, onu ilk dəfə təsvir etmiş iki alimin adını daşıyır. XIX əsrin sonlarında Verdniq və Hoffmann tərəfindən xəstəliyin morfoloji mahiyyəti sübut edilmişdir. Onlar xəstəliyin yeganə formasının olduğunu güman edirdilər. Lakin XX əsrdə Kügelberq və Velander, Verdniq-Hoffmann spinal amiotrofiyası ilə eyni genetik səbəbi olan spinal amiotrofiyanın digər bir klinik formasını təsvir etdilər. Bu günə qədər spinal amiotrofiya anlayışı altında xəstəliyin bir neçə klinik cəhətdən fərqli formaları birləşdirilir. Lakin onların hamısı eyni bir irsi qüsurla bağlıdır.

Birinci forma 1891-ci ildə C. Verdniq və 1893-cü ildə J. Hoffmann tərəfindən təsvir edilmişdir. Yayılma tezliyi hər 100000 yeni doğulan körpəyə 7 hal təşkil edir. 1956-cı ildə Kügelberq və Velander daha mülayim gedişli bir formanı ayırd etdilər. Bu günə qədər müəyyən edilmişdir ki, bütün formalar 5-ci xromosomun uzun qolundakı qüsurun lokalizasiyası (5q11.2-13.3) ilə autosom-resessiv şəkildə irsən ötürülür. 95-98% hallarda motoneyronunun həyat qabiliyyətini dəstəkləyən zülalın sintezini kodlaşdıran genin 7 ekzonunda delesiya aşkar edilir.

Etiologiya və patogenez

Xəstəlik irsidir. Əsasında insanın 5-ci xromosomunda olan genetik mutasiya dayanır. SMN zülalının istehsalına məsul olan gen mutasiyaya məruz qalır. Bu zülalın sintezi hərəki neyronlarının normal inkişafını təmin edir. Mutasiyanın inkişafı halında hərəki neyronlar məhv olur və ya inkişafdan qalır, nəticədə sinir lifindən əzələyə impulsun ötürülməsi qeyri-mümkün olur. Əzələ fəaliyyət göstərmir və nəticədə zədələnmiş əzələ ilə əlaqəli bütün hərəkətlər yerinə yetirilmir.

Yalnış gen autosom-resessiv tipi ilə irsən ötürülür. Yəni, spinal amiotrofiyanın inkişaf etməsi üçün anada və atada olan iki mutant genin uyğunluğu zəruridir. Əgər həm ana, həm ata patoloji genin daşıyıcısıdırlarsa, xəstə uşağın doğulma riski 25% təşkil edir. Hesablanmışdır ki, planetin təxminən hər 50-ci adamı mutant genin daşıyıcısıdır.

Onurğa beyninin ön buynuzlarının hüceyrələrinin inkişafdan qalması, ön kökcüklərin demiyelinizasiyası aşkar edilir. Çox vaxt hərəki nüvələrdə və V, VI, VII, IX, X, XI və XII kəllə-beyin sinirlərində də oxşar dəyişikliklər mövcud olur. Skelet əzələsində dəyişikliklər “paket atrofiyası”, yəni atrofik və salamat qalmış əzələ liflərinin növbələşməsi ilə xarakterizə olunur.

Klinik təzahürlər

Bu günə qədər spinal amiotrofiyanın 4 forması məlumdur. Onlar bir-birindən xəstəliyin başlanğıc müddəti, bəzi simptomlar və ömrün uzunluğu ilə fərqlənir. Bütün formalar üçün ümumi olan, hissi və əqli pozuntuların olmamasıdır. Kiçik çanaq üzvlərinin funksiyaları heç vaxt zərər görmür. Bütün simptomlar yalnız hərəki sahənin zədələnməsi ilə bağlı olur.

Xəstəliyin I tipi (Verdniq-Hoffmann xəstəliyi) – orqanizmin demək olar ki, bütün əzələ quruluşlarında əzələ zəifliyinin inkişafı ilə xarakterizə olunan sinir sisteminin irsi xəstəliyidir. Hərəkət, oturmaq və özünəxidmət qabiliyyətinin pozulmasına gətirib çıxarır.  Hələ hamiləlik dövründə ana dölün gecikmiş, ləng tərpənişini qeyd edir. Simptomlar həyatın ilk günlərindən başlayaraq təzahür edir və generalizə olunmuş əzələ hipotoniyası (“süst uşaq” sindromu), əzələ hipotrofiyası, vətər reflekslərinin zəifləməsi və ya heç olmaması ilə təmsil olunur. Bulbar pozuntular erkən meydana çııxır və əmmə hərəkətlərinin süstlüyü, dilin fibrillyasiyası və atrofiyası, udlaq refleksinin azalması ilə təzahür edir. Körpənin səsi süst və zəifdir. Əgər udlaq refleksi zəifləyirsə, qidalanma ilə əlaqədar problemlər yaranır, bunun nəticəsində də qida tənəffüs yollarına düşə bilir. Bu da uşağın ölümünə gətirib çıxara biləcək aspirasion pnevmoniyaya səbəb olur. Statik və lokomotor funksiyaların inkişafı kəskin şəkildə ləngiyir. Məhdud sayda xəstə uşaqlarda böyük gecikmədən sonra başını dik tutmaq və müstəqil şəkildə oturmaq bacarıqları formalaşır, lakin əldə edilən bu bacarıqlar tez itirilir. Xəstəliyə sümük-oynaq deformasiyaları: skolioz, çalaşəkilli və ya “toyuq” döş qəfəsi, oynaqların kontrakturaları da qoşulur. Spinal amiotrofiya digər anadangəlmə pozuntularla: oliqofreniya, hidrosefaliya, kəllənin kiçik ölçülü olması, ürək qüsurları, anadangəlmə sınıqlar, bud-çanaq oynağının displaziyası, hemangioma, yastıpəncəlilik, kriptorxizmlə müştərək şəkildə təsadüf edə bilər.

Diafraqmanın və qabırğaarası əzələlərin zədələnməsi, tənəffüs aktının pozulması şəklində təzahür edir. Əvvəlcə bu proses kompensasiya olunur, lakin tədricən tənəffüs çatışmazlığı ağırlaşır. Xarakterikdir ki, sifətin mimiki əzələləri və gözü hərəkət etdirən əzələlər zədələnmir.

Xəstəlik sürətlə inkişaf edən bir gedişə və son dərəcə əlverişsiz proqnoza malikdir. Əksər hallarda ölümcül sonluq 2 yaşınadək baş verir. Xəstəliyin əlamətlərinin doğuşdan dərhal sonra göründüyü hallarda bu cür uşaqlar çox vaxt həyatlarının ilk 6 ayı ərzində tələf olurlar. 3 aydan sonra əlamətlərin təzahür etdiyi hallarda onların ömrü bir qədər uzun – təxminən 2-3 il olur. Ölümün əsas səbəblərindən biri, döş qəfəsi və diafraqmanın əzələlərinin zəifliyi səbəbindən baş verən tənəffüs çatışmazlığıdır.

Aralıq, II tip xəstəlikdə, ilk simptomlar, bir qayda olaraq həyatın 6-24 ayları arasında meydana çıxır. İlk aylarda xəstələrin hərəki inkişafı qənaətbəxş olur. Uşaqlar vaxtında başlarını dik tutmağa, oturmağa və bəzən durmağa başlayırlar. Xəstəlik yarımkəskin şəkildə, çox vaxt infeksiyadan və ya qida intoksikasiyasından sonra inkişaf edir. Süst parezlər əvvəlcə aşağı ətraflarda (xüsusən də budlarda) lokallaşır, sonra isə gövdənin və yuxarı ətrafların əzələlərinə yayılır. Əzələ zəifliyi aşağı sürətlə inkişaf edir. Tədricən yerimək mümkün olmur, vətər refleksləri zəifləyir və itirilir.

Diffuz əzələ atrofiyaları fassikulyasiyalar, dilin fibrillasiyaları, barmaqların tremoru, vətər kontrakturaları ilə müştərək şəkildə qeyd edilir. Əzələ tonusu, vətər və sümüküstü reflekslər aşağı enir. Daha sonrakı mərhələlərdə generalizə olunmuş əzələ hipotoniyası və bulbar pozuntular baş verir.

Bütün ətraflar prosesə cəlb olunur. Əzələ atrofiyaları inkişaf edir. Proses tənəffüs əzələlərini də əhatə edə bilər. I tip spinal amiotrofiyada olduğu kimi, mimiki əzələlər və göz əzələləri zədələnmir. Əllərin tremoru, dilin və ətrafların fassikulyasiyaları mümkündür. Boyun əzələlərinin zəifliyi, başın sallanması ilə özünü göstərir.

Sümük-oynaq deformasiyaları: skolioz, çalayabənzər döş qəfəsi, bud-çanaq oynağının çıxığı çox səciyyəvi olur.

Bu forma, I tip spinal amiotrofiyaya nisbətən daha xoşxassəlidir, lakin xəstələrin əksəriyyətində yeniyetməlik dövründə tənəffüs pozuntuları olur. Döş qəfəsinin zəif ekskursiyası, uşağın ölümünə gətirib çıxara bilən infeksiyaların prosesə qoşulmasına şərait yaradır.

Xəstəlik anadangəlmə formaya nisbətən daha mülayim keçsə də, bədxassəli gedişə malikdir. Ölümcül sonluq həyatın 14-15 yaşlarında baş verir.

III tip spinal amiotrofiya. Bu forma Kügelberq və Velander tərəfindən təsvir edilmişdir. Yeniyetməlik dövrünün spinal amiotrofiyası hesab olunur. Xəstəliyin başlanğıcı 2-15 yaş arasında olur.

Bu yaşa qədər uşaqların əksəriyyəti artıq müstəqil surətdə gəzə bilirlər. Xəstəlik nəzərə çarpmadan, yöndəmsizlik və hərəkətlərin inamsızlığı ilə başlayır. Artan zəiflik səbəbindən uşaqlar tez-tez büdrəyir və yıxılırlar, onların yerişi dəyişir. Süst parezlər əvvəlcə aşağı ətrafların proksimal əzələ qruplarında lokallaşır, daha sonra nisbətən asta templə yuxarı ətrafların proksimal əzələ qruplarına və gövdənin əzələlərinə yayılır, əllər daha gec zədələnir. Tədricən, ayaqlarda hərəkətlər qeyri-mümkün olur və xəstə artıq yeriyə bilmir. Bu formada mimiki əzələlərinin zəifliyi inkişaf edir, lakin gözün hərəkətləri tam həcmdə saxlanılmış olur. Bu prosesə cəlb olunmuş əzələ qruplarında artıq heç bir refleks olmur.

Əzələlərin atrofiyası adətən yaxşı inkişaf etmiş dərialtı piy təbəqəsi səbəbindən az nəzərə çarpır. Bu xəstəlik üçün fassikulyasiyalar, barmaqların xırda tremoru, bulbar simptomlar: dilin fibrillyasiyası və atrofiyası, udlaq və damaq reflekslərinin zəifləməsi tipikdir ki, bu da həmin formanı PƏD-nın (proqressiv əzələ distrofiyaları) ətraf-qurşaq formalarından kliniki olaraq ayırd etməyə imkan verir. Vətər və sümüküstü reflekslər artıq xəstəliyin erkən mərhələlərində sönür. Sümük-oynaq deformasiyaları əsas xəstəliyə paralel olaraq inkişaf edir. Döş qəfəsinin deformasiyası daha çox nəzərə çarpır. Çuxurşəkilli döş qəfəsi, oynaqların kontrakturaları xəstəliyin bu tipi üçün xarakterikdir. Xəstəliyin gedişi əvvəlki iki formadan daha mülayimdir. Müstəqil yerimək qabiliyyətinin pozulması, xəstəliyin başlanğıcından 10-12 il sonra baş verir. Dəstəkləyici müalicənin aparılması halında, xəstəliyin bu forması xəstələrin 20-30 il, hətta 40 yaşınadək ömür sürməsinə imkan verir.

Diaqnozu

Diaqnoz molekulyar genetik analizin məlumatlarına, klinik mənzərənin xüsusiyyətlərinə (fassikulyasiya və fibrillyasiyaların mövcudluğu, psevdohipertrofiyanın olmaması), elektroneyromioqrafiyanın nəticələrinə (ön buynuzun zədələnmə əlamətləri) və skelet əzələlərinin morfoloji tədqiqatlarına əsaslanır.

Spinal amiotrofiyaya bənzər simptomlar meydana çıxdıqda elektroneyromioqrafiya aparılır (sakit halda fassikulyasiya potensialları şəklində spontan fəallıq və motor vahidlərinin hərəkət potensiallarının orta amplitudunun artımı aşkar edilir).

Diaqnozun dəqiqləşdirilməsi məsələsi genetik müayinədən sonra (DNT diaqnostikası) həll olunur: 5-ci xromosomda genin mutasiyası aşkar edilir.

Qanın biokimyəvi müayinəsi norma daxilində olur və ya kreatinfosfokinazanın (KFK) fəallığının cüzi artımını göstərir.

Skelet əzələlərinin morfoloji tədqiqatlarında onurğa beyninin ön buynuzlarında və kəllə-beyin sinirlərinin (V, VI, VII, IX, X, XI və XII cütlərdə) hərəki nüvələrində diffuz-degenerativ dəyişikliklər, xromatolizis, hərəki neyronların kürəşəkilli şişməsi və /və ya büzüşməsi, çox vaxt sıx qlial liflərin əmələ gəlməsilə diffuz mikroqlial və / və ya astrositar proliferasiya aşkar edilir.

Belə xəstəliklərin əvvəllər rast gəlindiyi ailələrdə, dölün prenatal (doğuşdan əvvəl) DNT diaqnostikası aparılır. Patologiya müəyyən edildikdə, abortun icra edilməsi məsələsi həll edilir.

Diferensial diaqnoz

Verdinq-Hoffmann xəstəliyini struktur miopatiyalardan (nemalin, miotubulyar miopatiyalar, mərkəzi milin xəstəliyi), anadangəlmə miopatiyalardan, üzvi asiduriyalardan ayırd etmək lazımdır.

II tip spinal əzələ atrofiyasını (nemalin, miotubulyar miopatiyalar, mərkəzi milin xəstəliyi), anadangəlmə miopatiyalardan (Fukuyama tipi, Walker-Warburg tipi), uşaq serebral iflicinin atonik-astatik formasından ayırd etmək lazımdır.

Kügelberq-Velander xəstəliyini (nemalin, miotubulyar miopatiyalar, mərkəzi milin xəstəliyi), proqressiv əzələ distrofiyalarının çanaq-bel formalarından (Düşenn, Erb formaları), V tip qlikogenozdan ayırd etmək lazımdır.

Müalicə prinsipləri

Təəssüf ki, bu, sağalmaz bir irsi xəstəlikdir. Müasir mərhələdə SMN zülalının sintezini tənzimləməyə kömək edə biləcək tədqiqatlar aparılır, lakin hələ bir nəticə əldə edilməmişdir.

Spinal amiotrofiyası olan xəstələrin vəziyyətini yüngülləşdirmək üçün aparılan simptomatik müalicə, proqressiv əzələ distrofiyalarında tətbiq edilən müalicə prinsipləri ilə oxşarlıq təşkil edir. Xəstəliyə qarşı effektiv müalicə yoxdur. Doğuşdan əvvəl diaqnozun qoyulması, ailədə xəstə uşağın doğulmasının qarşısının alınmasına kömək edir.

https://nevropatologiya.az/2021/09/16/spinal-v%c9%99-nevral-amiotrofiyalar/