Main

Ağciyər və bronxların kandidozu

Kandidoz göbələklərin törətdiyi xəstəlikdir. Xəstəlik qədim dövrlərdən məlum olsa da, onunla xəstələnmə halları XX əsrin ikinci yarısından başlayaraq artıb. Antibiotiklərlə uzunmüddətli müalicələr, onkoloji xəstələrin kimyəvi terapiyası, immun sistemi zəiflədən müxtəlif hallar, şəkərli diabet, ağciyərlərin xroniki iltihabi xəstəlikləri və hormonal müalicələr kandidozun artmasına səbəb olmuşdur.

Ağciyər və bronxların kandidozu 80 növdən ibarət Candida cinsinin mayabənzər göbələkləri tərəfindən törədilən bronxların və ağciyərlərin zədələnməsidir, onlardan təxminən 15-i insanlar üçün patogen hesab olunur. Ən əhəmiyyətlisi insan mühitində geniş yayılmış Candida albicansdır. Bu göbələk növü əksər hallarda sağlam insanlarda miselyum və maya şəklində tez-tez aşkar edilir (selikli qişalarda, həzm traktında, bəlğəmdə).

Səbəbləri

Xəstəlik geniş spektrli antibiotiklər, kortikosteroidlər, radiasiya terapiyası və şişlərin kemoterapiyası ilə uzun müddətli müalicə ilə digər xəstəliklərin yaratdığı bədənin müqavimətinin azalması şəraitində inkişaf edir.

Xəstəliyin törədicisi olan göbələk, toksin əmələ gətirmə xüsusiyyətinə malikdir. Əlverişli faktorların təsiri altında sürətlə artan göbələk selikli qişalarda yayılır, müəyyən şəraitdə qana keçə bilir. Ən çox yaşlılarda, diabet, avitaminoz, piylənmə, onkoloji xəstəliklərdən əziyyət çəkən və immun sistemi zəifləmiş xəstələrdə kandidoza rast gəlinir. Ağciyər və bronxların kandidozuna səbəb olan xəstəliklər sırasında, həmçinin tənəffüs sisteminin xroniki iltihabi xəstəlikləri, xroniki bronxitlər, ağciyərlərin polikistozu, ağciyər vərəmi, bronxektaziya, bronxial astma və şiş xəstəlikləri də durur.

Kandidozlara çox vaxt digər bakterioloji flora ilə birlikdə rast gəlinir və həmin prosesi daha da ağırlaşdırır.

Simptomları

Ağciyər və bronxların kandidozunun simptomları pnevmoniya simptomlarıyla oxşardır bənzəyir. Xəstələr qızdırma, nəfəs darlığı, taxikardiya, döş qəfəsində ağrı, quru və bəlğəmli öskürək, bəzən bəlğəmdə qan olması hallarından şikayətlənirlər. Hərarət 37,5-38 dərəcə C-dək yüksəlir. Rentgenoqrafiyada ləkəli kölgələr, daha sıx qaralma sahələri və daha az tez-tez plevral efüzyon görünür. Ağciyər kandidozunun simptomlarını xəstə ağır keçirir. Xəstəlik mərhələlərlə xarakterizə olunur. Təkmilləşmə dövrləri ağırlaşma dövrləri ilə növbələşir. Ağciyər kandidozu digər orqanların zədələnməsi ilə də müşayiət olunur, ağır hallarda sepsis əlamətlərinə keçir və ölümlə nəticələnir.

Diaqnostikası

Ağciyərlərin və plevranın fizkal göstəriciləri tez-tez dəyişir. Xəstəliyin spesifik rentgenoloji xüsusiyyətləri olmadığından diaqnoz qoymaq çətin olur. Xəstəliyin başlanğıc mərhələsində bronx-damar şəklinin güclənməsi, sonralar xırda ocaqlı infiltratlar və ağciyərlərdə reaktiv dəyişikliklər görünür.

Ağciyər kandidozlarının klassik variantlarından başqa lal və ya sakit gedişli formalara da rast gəlmək mümkündür. Həmin formalar təkrari rentgen və mikoloji müayinələrdən sonra aşkar edilir.

İmmun sistemi çox zəifləyənlərdə ağciyərlərin disseminə olunmuş kandidozu inkişaf edir. Xəstəliyin sürətlə proqressivləşməsi və antibiotiklərlə müalicəyə tabe olmaması, rentgenoloji olaraq diffuz pay və seqmentar infiltratların, disseminə olunmuş ocaqların olması, bəlğəmdə çoxlu miqdarda Candida tipli göbələklərin tapılması diaqnoz qoymağa kömək edir.

Kandidoz pnevmoniyaların pis proqnoz əlamətlərinə respirator çatışmazlıq, diffuz infiltratlar, qarışıq göbələk infeksiyaları və müalicənin iki həftədən gec başlaması aiddir. Həmin situasiyalarda ölüm hallarının faizi yüksək olur.

Xəstəliyin diaqnostikası bəlğəmin və əsnəkdən götürülmüş materialın bakterioloji müayinəsinə əsaslanır. Yaxmaların əksər hissəsində göbələk aşkar olunur. Həmin göbələk kandidozun ən çox rast gəlinən törədicisidir və tam patogen aktivliyə malikdir.

Müalicəsi

Ağciyər və bronxların kandidozunun müalicəsində əsas xəstəliyin müalicəsi ilə yanaşı, ağız boşluğunda göbələk mənbəyinin sanasiyası da əhəmiyyətli rol oynayır. Yanaşı xəstəliklər nəzərə alınaraq antifunqal preparatlarla müalicə aparılır. Xəstənin vəziyyətinin ağırlığından asılı olaraq vitamin preparatları, bronxolitiklər və mukolitiklər təyin olunur.

https://azertag.az/xeber/agciyer_ve_bronxlarin_kandidozu-1121187

tercume