Bütün oynaqlarda oynağı əmələ gətirən sümüklərin uc hissələrində qığırdaq vardır. Qığırdaq pürüzsüz səthə sahib olub, oynaq mayesinin də köməyi ilə sürtünmə olmadan oynağın hərəkət etməsinə imkan yaradır. Oynaqlar bağlar və əzələlərlə əhatə olunmuşdur. Oynaq qığırdağının zədələnməsi və zamanla aşınması (degenerasiyası) ilə davam edən xəstəliklərə artrozlar və ya artritlər deyilir.
Artroz - patoloji, radioloji və ya kliniki olaraq oynaq qığırdağının degenerasiyası sonrasında əmələ gələn eroziya, qığırdaq dağılması, sümük kənarlarında ostefitlər, subxondral skleroz və kistalar ilə birlikdə sinovya və oynaq kapsulunda meydana gələn biokimyəvi və morfoloji dəyişikliklərlə xarakterizə olunan xroniki xəstəlikdir. Artroz zamanı patoloji proses yalnız qığırdağı deyil, həm də qonşu anatomik strukturları (kapsul, bağlar, sinovial qişa, qığırdağın altında yerləşən sümük strukturları və oynaqətrafı əzələlər) da əhatə edir.
Artrozlar:
Oynaq qığırdağında degenerativ prosesin meydana gəldiyi bir xəstəlikdir. Bədən çəkisinin çox olması, oynaqların həddindən artıq istifadəsi və s. artroza səbəb ola bilər. Atroz ağrısı hərəkətlə artır ama istirahətlə azalar. Oynağın ətrafındakı toxumalar şişir və zamanla oynaqda deformasiya yaranır.
Artitlər:
Oynaqda inflammasiya yaradan bir xəstəlikdən sonra qığırdağın parçalanması nəticəsində əmələ gəlir. Ağrı həm hərəkət, həm də istirahət zamanı olur. Xəstələr səhər kəskin ağrı ilə oyanırlar. Oynaqlarda yanma hissi, ağrı, sərtlik, qızarıqlıq, gecə ağrısı və istirahətlə ağrı olur. 200-ə yaxın artrit xəstəliyi vardır (Osteoartrit, Revmatoid Artrit, Travma sonrası artritlər, metabolik, endokrinoloji, genetik vs xəstəliklər sonrasında əmələ gələn artritlər).
Artroz oynaqların geniş yayılmış xəstəliyidir. Birləşmiş Ştatlarda bu xəstəlik əhalinin 7%-də müşahidə olunur. Rusiya mütəxəsisləri də oxşar rəqəmləri səsləndirirlər. Ölkəmizdə də bənzər nəticələr bildirilir. Qadınlar və kişilər artrozla eyni intensivlikdə xəstələnirlər; lakin cavan xəstələr arasında kişilər; yaşlılar arasında isə qadınlar üstünlük təşkil edir. Xəstəliyin yayılması ilə bağlı ümumi mənzərədən fərqli olaraq falanqalararası oynaqların artozu qadınlarda kişilərlə müqayisədə 10 dəfə daha çox görülür. Yaş artdıqca artroz riski də artır. 45 yaş altı insanların 2%-də, 45-64 yaş arası insanların 30%-də və 65 yaş üstü insanların 65-85%-də artroz təyin olunur. Yayılmasına görə ilk yerləri əldarağının kiçik oynaqlarının, birinci ayaqdarağı-falanqa oynağının, onurğanın bel və boyun nahiyəsinin, həmçinin bud-çanaq və diz oynaqlarının artrozları tutur. Lakin pasiyentin həyat səviyyəsinə və əmək qabiliyyətinə mənfi təsirinə görə böyük və orta oynaqların artrozları daha böyük kliniki əhəmiyyətə malikdir.
Artrozun yaranma səbəbləri
Bir çox hallarda xəstəlik heç bir səbəb olmadan inkişaf edir; belə patologiya idiopatik və ya birincili artroz olaraq adlandırılır. Bununla yanaşı, hər hansı bir patoloji proses nəticəsində inkişaf edən ikincili artrozlar da var. İkincili artrozun daha geniş yayılmış səbəbləri aşağıdakılardır:
Artrozla bağlı risk faktorları
Patogenzi
Artroz əsasında konkret səbəbindən asılı olmayaraq qığırdaq toxumasının pozulması duran çox etiologiyalı xəstəlikdir. Normada oynaq qığırdağı hamar və elastikdir. Bu, oynaq səthinə sərbəst hərəkət etməyə, lazımi amortizasiyanı təmin etməyə; beləliklə, ətrafındakı strukturların (sümüklər, bağlar, əzələlər və kapsul) yüklənməsinin azalmasına imkan verir.
Artroz zamanı qığırdaq kobudlaşır, hərəkətlə oynaq səthləri bir-birinə “toxunur”, qıığırdaq zamanla incəlir. Qığırdağın kənar hissələrində kiçik kalsifikasiya ocaqları əmələ gəlir. Qığırdağın altındakı sahələrdə sümükləşmə (subxondral skleroz) görülür. Mərkəzi nahiyədə oynaq boşluğu ilə əlaqələnən kistalar yaranır; kistaların ətrafında da oynaqdaxili mayenin təzyiqi nəticəsində sümükləşmə formalaşır. Artroz zamanı oynaq kapsulu və sinovial maye daimi zədələnmə nəticəsində qalınlaşır. Sinovial qişada xovlar, kapsulda isə fibroz ocaqlar formalaşır. Zaman keçdikcə qığırdağın nazikləşməsi, forma və funksiyalarının pozulması nəticəsində ətrafda yerləşən sümük səthləri deformasiyaya məruz qalır, onların kənarlarında sümük çıxıntıları (osteofitlər) əmələ gəlir. Bağlara və əzələlərə düşən yükün artması nəticəsində fibroz ocaqlar əmələ gəlir. Bağ-əzələ aparatının zədələnmə (burxulma, qismən və ya tam cırılması) ehtimalı artır, bəzən oynaq yarım-çıxıq vəziyyətinə keçir. Qığırdaq zədələnməsi artdıqca hərəkət kəskin məhdudlaşır, zamanla oynağın bitişməsi (ankilozu) görülür.
Artrozun təsnifatı
Lokalizasiyasına görə bazu, dirsək, mil-bilək, bud-çanaq, diz, aşıq-baldır və başqa oynaqların artrozları ayırd edilir. Zədələnmənin ağırlığından aslı olaraq patologiya üç mərhələyə bölünür:
Artrozun əlamətləri
Artroz tədricən inkişaf edir. Başlanğıcda pasiyentləri zəif, qısamüddətli, naməlum lokalizasiyalı, fiziki yüklənmə zamanı güclənən ağrılar narahat edir. Bəzi kliniki hallarda ilk simptom hərəkət zamanı, daha çox qonartrozlarda və çiyin oynağının artozlarında oynaqda küylər olur. Artrozdan əziyyət çəkən bir çox xəstələr oynaqda narahatlıq, istirahətdən sonra ilk hərəkət zamanı müvəqqəti sərtlik qeyd edirlər. Zaman keçdikcə ağrılar daha da artır, hərəkət genişliyi nəzərə çarpan dərəcədə məhdudlaşır. Aşağı ətraflarda əlavə yüklənmə səbəbindən əks tərəfin oynağı ağrımağa başlayır.
Ağrı artrozun daimi simptomudur. Artrozlar zamanı ağrıların ən nəzərə çarpan cəhəti onların fiziki yüklənmə və hava ilə əlaqəsi, oynaqların blokadası ilə müşaiət olunan ani kəskin ağrılardır. Ağrılar oynaqların yüklənməsi ilə birbaşa əlaqəlidir. Uzunmüddətli yüklənmə (yerimə, qaçma və yerində durma) zamanı ağrılar artır, sakit vəziyyətdə isə azalır. Bu, qığırdağın hərəkət zamanı amortizasiyanı təmin etmə qabiliyyətinin zəifləməsi ilə əlaqədardır. Artroz zamanı gecə ağrılarının səbəbi venoz durğunluq, həmçinin oynaqdaxili təzyiqin yüksəlməsidir. Ağrılar əlverişsiz hava şəraitinin (rütubətin yüksəlməsi, temperaturun azalması və yüksək atmosfer təzyiqi) təsirindən güclənir. Artrozun ən xarakterik əlaməti hərəkətin başlanğıc anındakı (start) ağrılarıdır (sakit vəziyyətindən sonra meydana çıxan və hərəki aktivlik davam etdikcə keçib gedən ağrılar). Artroz zamanı start ağrının səbəbi detritdir – oynaq səthində yerləşmiş qığırdaq toxumanın parçalanma komponentlərindən ibarət təbəqədir. Hərəkət nəticəsində detrit qığırdaqdan oynaq boşluğuna doğru hərəkət edir, beləliklə, ağrı sönür. Blokada qəfil kəskin ağrılarla müşaiət olunur. Bunun səbəbi oynaq siçanının (oynaq boşluğunda sərbəst üzən sümük və ya qığırdaq hissəciyi) oynaq arasında sıxılmasıdır. Ağrının sadalanan növlərindən başqa artrozlu pasiyentlərdə reaktiv sinovit inkişaf etdikdə hərəkətdən aslı olmayan başqa (daimi, sızıldayıcı, təzyiqedici) ağrılar da yarana bilər.
Fəsadlaşma dövrləri remissiya ilə növbələşir. Artrozların sinovit və s. ağırlaşmaları əlavə fiziki yüklənmə zamanı daha çox görülür. Əzələ ağrıları nəticəsində ətraflarda spazma və əzələ kontrakturaları formalaşır. Oynaqda küylər getdikcə daimi xarakter alır. Sakit vəziyyətdə əzələ qıcolmaları, əzələlərdə və oynaqlarda xoşagəlməz hiss əmələ gəlir. Oynağın artan deformasiyası və güclü ağrı sindromu axsaqlığa səbəb olur. Artrozun gec mərhələlərində deformasiya daha da artmış olur, oynaq əyilir, sümüklərin və ətraf strukturların kobud dəyişiklikləri ilə əlaqədar olaraq kontrakturalar formalaşır. Dayaq çətinləşir, artrozlu xəstələr hərəkət etmək üçün əsadan və ya qoltuq ağacından istifadə etməyə vadar olurlar. Bud-çanaq artrozu zamanı budun bükülməsi məhdudlaşdığından xəstə otura bilmir. Diz artrozunda xəstələr pilləkən enib-cıxa bilmir.
Artroz zamanı erkən mərhələdə xəstənin müayinəsində vizual dəyişikliklər aşkarlanmır. Oynağın forması normaldır, cüzi ödem olabilər. Palpasiyada kəskin olmayan və ya mülayim ağrı təyin olunur. Hərəkət, demək olar ki, tam həcmlidir. Daha sonra deformasiya nəzərə çarpan xarakter alır, palpasiyada güclü ağrı aşkarlanır. Bu zaman pasiyent ağrılı nöqtələri asanlıqla göstərir. Oynaq yarığının kənarlarında qalınlaşma müəyyən olunur. Hərəkət məhdudlaşır, oynaqda qeyri-stabillik aşkarlanır. Ətraf oxlarının əyilməsi görülə bilər. Reaktiv sinovit inkişaf etdikdə oynağın ölçüləri böyüyür, şara bənzər forma alır və palpasiyada fluktuasiya müəyyən olunur.
Artrozun diaqnozu
Diaqnoz xarakteristik klinik əlamətlər və artrozun rentgenoloji görüntüsünə əsasən qoyulur. Rentgenlər mütləq ayaqüstə çəkilməlidir. Artrozun rentgenoloji görüntüsü oynaq qığırdağı və qığırdağın altında yerləşmiş sümük toxumasında distrofik dəyişikliklərlə əks olunur. Oynaq yarığı daralmış, sümük sahəsi deformasiyalı və qalınlaşmışdır; kistaya bənzər törəmə, subxondrial osteoskleroz və osteofitlər aşkar olunur. Bəzi klinik hallarda oynağın qeyri-stabillik əlamətləri – ətraf oxlarının əyilməsi, yarımçıxıqlar müşahidə olunur.
Artrozun kliniki təzahürünün ağırlıq dərəcəsi xəstəliyin rentgenoloji əlamətləri ilə hər zaman korrelyasiyalı olmur. Lakin müəyyən qanunauyğunluqlar mövcuddur. Belə ki, osteofitlər xəstəliyin erkən mərhələsində meydana çıxır və artrozun ilk rentgenoloji əlamətidir. Artroz başlanğıcında oynaq səthlərinin kənarları kəskinləşir; xəstəliyin inkişafına müvafiq olaraq daha da qalınlaşır, tədricən sümüklərin tikanları və çıxıntıları əmələ gəlir. Qığırdaq yarığı daha sonra daralır. Bu zaman oynaq yarığının qeyri-stabilliyi səbəbindən pazvari forma ala bilər. Təxminən elə həmin vaxtda sümüyün qığırdaqaltı sahəsində osteoskleroz inkişaf edir; oynaq yaxınlığındakı sümük toxumasında kistaya bənzər törəmələr əmələ gəlir. Rentgenoloji əlamətlərə əsasən artrozun aşağıdakı mərhələləri (Kellgren-Lawrence təsnifatı) vardır:
Bəzən rentgenoloji şəkillər oynağın vəziyyətini dəqiq qiymətləndirməyə kifayət etmir. Sümük strukturlarının müəyyənləşdirilməsi məqsədilə oynaqların KT-sı (Kompyuter Tomoqrafiyası), yumşaq toxumaların dəyərləndirilməsində oynaqların MRG (Maqnit Rezonans Görüntüləmə) müayinəsi ilə həyata keçirilir. İkincili artroza səbəb olan xroniki iltihaba şübhə olduqda müvafiq sahələrin mütəxəssilərinin – endokrinoloq, hematoloq, ginekoloq, revmatoloq və s. konsultasiyası təyin edilir.
Artrozun müalicəsi
Konservativ müalicə
Oynaqdaxili steroid inyeksiyaları simptomları dərhal aradan götürür, lakin uzun zaman dilimində prosesi sürətləndirə bilər. Kortikosteroidlər, ağrıkəsici və iltihabəleyhinə təsiri ilə uzun müddətli müalicədə istifadə edilir. Təsir müddəti qısadır, təkrarlanan dozalarda istifadəsi, xüsusilə nisbətən erkən qonartrozlarda məsləhət görülmür. Daha çox ağır qonartrozu olub əməliyyat olmaq istəməyən xəstələrdə tətbiq edilir. Effektli bir ağrıkəsici olmağına baxmayaraq ədəbiyyatda oynaq qığırdağında geriyə dönməyən zədələnməyə səbəb olduğu haqda məlumatlar mövcuddur. Düzgün formada icra olunduqda bir narahatçılıq yaratmır. İnyeksiyadan əvvəl yerli ağrısızlaşdırmaya ehtiyac yoxdur. Bu inyeksiyalar ciddi steril şəraitdə aparılmalıdır, əks halda oynağın infeksiyalaşması mümkündür.
Fizioterapiya;
Fizioterapiya, müalicəvi idman, bədən çəkisinin azaldılmasına istiqamətlənmış tədbirlər görülməlidir. Əslində hər insanın və xüsusilə qonartrozu olan xəstənin müalicəvi idmana ehtiyacı vardır. Budun ön və arxa qrup əzələlərini gücləndirərək diz oynağına düşən yükü və gərginliyi azaltmaq mümkündür. Bu da qonartrozlu xəstənin ən azından ayaqda durmasına köməklik göstərir və artrozun inkişafının azaldır. Digər oynaqların artrozunda da bənzər hərəkətlər edilməlidir.
Cərrahi müalicə
Yuxarıda göstərilən müalicələrə baxmayaraq, xüsusilə ağır formalı artrozu konservativ yolla müalicə etmək çox çətindir və bu hallarda cərrahi müalicə metodları seçilir.
Sümük yönləndirmə əməliyyatları; Bu əməliyyat xəstəliyin orta ağırlıq mərhələsində, yük düşən oynaqlarda aparılır. Məqsəd oynağın sıradan çıxmış bölgəsinə düşən yükü aradan qaldıraraq, yükü sağlam tərəfə yönəltməkdir. Bunun üçün sümük kəsilərək düzəldilir, uyğun bucağa gətirilir və metal lövhə və ya xarici fiksatorla fiksasiya edilir. Bu əsasən protez qoyulması məqsədə uyğun olmayan gənc xəstələrdə icra olunan əməliyyatdır. Bu əməliyyatdan sonra xəstələr 5-7 il ağrıdan azad ola bilər.
Oynağın bağlanması (artrodez)
Bu əməliyyat zamanı oynağı təşkil edən qığırdaq səthləri kəsilərək götürülür və sümüklər bir-biri ilə, uc-uca gətirilərək müxtəlif metodlarla fiksasiya olunur. Bu əməliyyatdan sonra xəstələrin ağrıları aradan qalxır lakin bağlanmış oynaqda hərəkət olmur. Daha çox gənc, ağır fiziki işdə çalışan kişilərdə məsləhət görülür.
https://elvizgasimov.com/oynaq-xestelikleri-artozlar-artitler/