Balanit – tənasül üzvü başcığının iltihabıdır, postit – ucluğun iltihabıdır. Bu xəstəliklər bir-birinin ardınca baş verdiklərindən çox vaxt onları bir terminlə birləşdirərək “balanopostit” adlandırırlar.
Balanopostitin inkişafının əsas səbəbi xüsusi maddənin – smeqmanın ucluq altına yığışması və onu infeksiyaya yoluxdurmasıdır. Bu o adamlarda baş verir ki, tənasül üzvünün başcığının gigiyenasına kifayət qədər fikir vermir və ya fimozdan əziyyət çəkir. Çox az hallarda balanopostitin səbəbi irinli uretrit, allergik reaksiya, diabet ola bilərlər.
Simptomlar və gedişat
Xəstəlik tənasül üzvü başcığı nahiyəsində yanğı və göynəmə, ucluğun açılmasında xoşagəlməz hisslərlə başlayır. Həmçinin, cinsi əlaqə zamanı başcıqda ağrı və ya xoşagəlməz hisslər olur. Tənasül üzvü başcığının və ucluğun qızarması və şişməsi müşahidə olunur. Əgər xəstəlik fimozla bağlıdırsa kisəcikdən xoşagəlməz iyli irin və ya sperma ayrılır.
Bəzi hallarda ümumi hal pisləşir – zəiflik baş verir, azacıq hərarət qalxır. Tənasül üzvü başcığının daimi qıcıqlanmasından, hansı ki, əsas erogen zona hesab olunur, balanopostit xəstələrində seksual ehtiras yüksəlir.
Müalicə olunmadıqda müəyyən müddətdən sonra tənasül üzvü başcığında çoxsaylı xırda xoralar (balanopostitin xoralı forması) əmələ gəlirlər və yeriyəndə, sidik ifrazatında və cinsi əlaqədə ağrılarla müşaiyət olunurlar.
Müalicə olunmadıqda daha sonra limfangit - tənasül üzvü limfa damarlarının iltihabı inkişaf edir və bu özünü onun arxa tərəfində olan qırmızı xətlərlə biruzə verir. Daha sonra qasıq limfadeniti – qasıq limfa düyünlərinin iltihabı inkişaf edə bilər və tənasül üzvünün qanqrenası baş verə bilər.
Müalicəsi
Əgər xəstəlik ağır forma almayıbsa, müalicə tənasül üzvü başcığının mütəmadi olaraq sabunla, zəif hidrogen peroksidi, kalsium permanqanat, furasillin məhlulları ilə yuyulmasından ibarətdir. Daha ağır hallarda antibakterial terapiya kursu tətbiq olunur.
Əgər xəstəliyin inkişafına fimoz səbəb olubsa, operativ müdaxilə lazımdır. İltihabın kəskin fazasında minimal müdaxilə olunur – ucluq uzununa kəsilir, prosesin kəskinliyi azaldıqda ucluq dairəvi olaraq kəsilir (sünnət əməliyyatı).
Profilaktikasi
Profilaktika tənasül üzvü başcığının və ucluğunun hər gün çimməklə mütəmadi gigiyenasından, fimoz və digər xəstəliklərin (onlar balanopostitin inkişafı ilə ağırlaşa bilərlər) vaxtında müalicəsindən ibarətdir.