Main

Bazal hüceyrəli karsinoma

Bazal hüceyrəli karsinoma dəri xərçənginin geniş yayılmış bir növüdür. Onun qısaldılmış adı BCC-dir. Dəridəki köhnə hüceyrələr məhv olduqda yenilərini əmələ gətirən bazal hüceyrə tipində yaranır.

Yaşlandıqca meydana çıxma ehtimalı daha yüksək olan bazal hüceyrəli karsinoma baş və boyun kimi günəşə məruz qalan bədən hissələrində daha çox yaranır.

Bazal hüceyrəli karsinomanın əlamətləri hansılardır?

Bazal hüceyrəli karsinoma şişkinlik və ya sağalmayan yara kimi dəri dəyişiklikləri şəklində özünü göstərir. Bu zədələr, adətən aşağıdakı xüsusiyyətlərdən birinə malikdir:

  • Ağımtıl, dəri rəngi və ya çəhrayı rəngdə, yarımşəffaf bir şişkinlik. Əksər hallarda ətrafında kapiyarlar görünür. Tünd dəri tonuna sahib insanlarda zədə daha tünd, lakin yenə də müəyyən qədər yarımşəffaf ola bilər. Bazal hüceyrəli karsinoma (bazalioma) yarası ən çox qulaq və üzdə meydana gəlir. Zədəli nahiyə çatlaya, qanaya və qabıqlana bilər.
  • Qəhvəyi, qara, mavi və ya tünd nöqtəli zədə. Dəri səthindən bir qədər qabarmış və kənarları yarımşəffafdır.
  • Kənarları qabarıq, pullu, qırmızı rəngli hissələr. Kürək və sinə nahiyəsində daha çox rast gəlinir. Zamanla əhəmiyyətli dərəcədə böyüyə bilər.
  • Ağ, mumabənzər və qeyri-düzgün sərhədlərə malik zədələr. Bu, morfeaform bazal hüceyrəli karsinoma adlanan ən az yayılmış növdür.

Bazal hüceyrəli karsinomanın növləri

Bazal hüceyrəli karsinomanın əsas növlərini aşağıdakı kimi sıralaya bilərik.

  • Düyünlü: Ən geniş yayılmış növüdür. Səthində xora şəklində yaralar əmələ gələ bilər. Baş və boyunda daha çox rastlanır.
  • Kristalı: Maye ilə dolu kistalar şəklindədir.
  • Piqmentli: Qəhvəyi-qara makula formasında olub seborik keratoz tipli günəş ləkəsi və ya melanoma ilə qarışdırıla bilər.
  • Səthi: İkinci ən çox yayılmış növ. Bəzi dermatoloji araşdırmalara görə isə ilk sırada göstərilir. Hərdən psoriaz xəstəliyi ilə qarışıq salınır.
  • Morfeaform: Ən aqressiv tipdir. Göz ilə çətin seçilən lövhəşəkilli qızartı kimi başlayır və erkən diaqnozu çətindir. Tez-tez təkrarlanır, çünki dərinin dermis təbəqsinə qədər şaxələnə bilir. Baş və boyun nahiyəsində daha çox rast gəlinir.

Bazal hüceyrəli karsinomanın risk faktorları

Bazal hüceyrəli karsinoma (bazalioma) riskini artıran əsas amillər:

  • Xroniki şəkildə günəşə məruz qalmaq. Günəşdə və ya solarium aparatında uzun müddət qalmaq bazal hüceyrəli karsinoma riskini artırır. Əgər günəşli və yüksək hündürlükdə yerləşən bir ərazidə yaşayırsınızsa, bu şərtlərin hər ikisi sizin UB şüalarına məruz qalmanızı artırdığından daha çox risk altındasınız. Şiddətli günəş yanıqları da bu xərçəngin yaranma ehtimalını artırır.
  • Açıq rəngli dəri. Çilli, asanlıqla yanan, açıq dəri rəngi, qırmızı və ya sarı saçlı, rəngli gözlü insanlarda bazal hüceyrəli karsinoma riski daha çoxdur.
  • Yaş faktoru. Bazal hüceyrəli karsinomanın inkişafı on illərlə çəkdiyi üçün adətən yaşlı insanlarda baş verir. Lakin daha gənc şəxslərdə, xüsusən 20-30 yaşlarında da rastlama tezliyi kifayət qədərdir.
  • Özü və ya nəslindən kimlərdəsə bədxassəli xəstəliyi olan şəxslər. Əgər sizdə bir və ya bir neçə dəfə bazal hüceyrəli karsinoma yaranıbsa, onun yenidən meydana çıxma ehtimalı yüksəkdir. Ailədə kimsə dəri xərçəngi xəstəliyi ilə üzləşibsə, sizdə də BCC-nin inkişaf ehtimalı artır.
  • İmmunosupressiv dərmanlar. Əgər orqan transplantasiyasından sonra verilən toxuma rədd edilməsinin qarşısını alan immunosupressant dərman qəbul edirsinizsə, dəri xərçəngi riski əhəmiyyətli dərəcədə artır.
  • Arsenə məruz qalma. Arsen ətraf mühitdə bol olan zəhərli metaldır və bazal hüceyrəli karsinoma (bazalioma), eləcə də digər xərçəng növləri riskini artırır. Təbiətdə olduğu üçün hər kəsin arsen ilə müəyyən dərəcədə təması vardır. Bununla yanaşı bəzi insanlar, məsələn, çirklənmiş su içənlər və ya arsen ilə işləyənlər daha çox təmasda olurlar.
  • Dəri xərçənginə səbəb olan irsi sindromlar.Bazal hüceyrəli nevus sindromu (Gorlin-Goltz sindromu) və kseroderma pigmentosum kimi bəzi nadir genetik xəstəliklər bazal hüceyrəli karsinoma riskini artırır.

Ağırlaşmaları nələrdir və necə qorunmalı?

Bazal hüceyrəli karsinomanın ağırlaşmalarına aşağıdakı vəziyyətlər daxildir.

  • Təkrarlanma riski. Bazal hüceyrəli karsinomalar müvəffəqiyyətli müalicələrdən sonra da tez-tez təkrarlana bilər.
  • Digər növ dəri xərçəngi riskinin artması. BCC olanlarda skvamoz hüceyrəli karsinoma kimi digər dəri xərçənglərinin inkişaf riski artır.
  • Xərçəngin dəri vasitəsilə yayılması. Nadir hallarda bazal hüceyrəli karsinoma ətrafdakı limfa düyünlərinə və ya sümük, ağciyərlər kimi bədənin digər orqanlarına metastaz verə bilər.

Qorunma yollarına diqqət edilərsə, yaranma riski aşağı düşər. Bunlar qısaca aşağıdakılardan ibarətdir.

Günorta günəş şüalarına məruz qalmaqdan çəkinin. Bir çox yerlərdə günəş şüalarının ən güclü təsir etmə zamanı saat 10:00-dan 14:00-a qədərdir. Bu saatlar xaricində, hətta qışda və ya buludlu günlərdə belə açıq hava fəaliyyətini məhdudlaşdırmaq məsləhətdir.

İl boyu günəş kremindən istifadə edin. Buludlu günlərdə belə, ən azı SPF 30 olan geniş spektrli günəş kremi çəkin və hər iki saatdan bir yeniləyin. Əgər üzgüçülük ilə məşğul isəniz və ya tərləyirsinizsə, kremi daha tez-tez yeniləməyiniz lazımdır.

Qol və ayaqlarınız da daxil örtülü paltar geyinin. Geniş kənarlı şapkadan istifadə edin. Bəzi markalar qoruyucu geyimlər də satır. Dermatoloqunuz uyğun bir markanı tövsiyyə edə bilər. Günəş eynəklərini də unutmayın. Hər iki növ UB şüalarının qarşısını alan eynəyi tapmağa çalışın.

Solarium aparatından uzaq olmağınız önəmlidir. O, ultrabənövşəyi şüa yayaraq dəri xərçəngi riskini artırır.

Dərinizi mütəmadi olaraq yoxlayın və hər hansı bir dəyişiklik barədə dermatoloqa məlumat verin. Yeni şişkinlik və ya xal, çil, doğum ləkələrindəki dəyişiklikləri qiymətləndirin.

Bazal hüceyrəli karsinomaya necə diaqnoz qoyulur?

Dermatoloqunuz anamnez götürəcək və dərinizdəki hər hansı dəyişikliyi qiymətləndirmək üçün sizi fiziki müayinə edəcəkdir. Dəri dəyişiklikləri və ya qarşılaşdığınız hər hansı fərqli simptomların təhlilini aparacaqdır. Həkiminiz yalnız dərinizdəki şübhəli nahiyəni deyil, bədənin qalan hissəsini də qiymətləndirəcəkdir. Daha sonra laboratoriya müayinəsi üçün şübhəli nahiyədən kiçik bir nümunə götürür, yəni dəri biopsiyasını həyata keçirir. Beləliklə, sizdə dəri xərçəngi olub-olmaması, xərçəng varsa, hansı növdür kimi suallara cavab tapılır. Hansı növ dəri biopsiyası aparılacağı zədənin forma və ölçüsündən asılı olacaqdır.

Bazal hüceyrəli karsinoma müalicəsi

Bazal hüceyrəli karsinomanın müalicəsinin məqsədi xərçəngin tamamilə çıxarılmasıdır. Sizin üçün ən uyğun olan müalicə xərçəngin növü, yeri və ölçüsü, həmçinin şəxsi seçimləriniz və yoxlanışlardan keçmək imkanınızdan asılıdır. Müalicə variantlarında xərçəngin ilk dəfə və ya təkrarlanan olması da önəmli rol oynayır.

Bazal hüceyrəli karsinomanın cərrahi müalicəsi

BCC, adətən xərçəng və ətrafdakı bəzi sağlam toxumaları çıxarmaq üçün cərrahiyyə ilə müalicə olunur. Seçim üsulları aşağıdakılar ola bilər: Cərrahi rezeksiya

Bu üsulla həkiminiz xərçəngli nahiyə və onun ətrafındakı sağlam dərinin bir hissəsini çıxarır. Həmin sağlam toxuma sərhədində heç bir xərçəng hüceyrəsi olmadığından əmin olmaq üçün mikroskop altında araşdırılır. Təkrarlanma ehtimalı az olan kürək, döş nahiyəsi, əl və ayaqların bazal hüceyrəli karsinomaları (bazalioma) üçün rezeksiya üsulu tövsiyə oluna bilər.

Mohs əməliyyatı

Bu zaman həkiminiz toxumanı qat-qat çıxarır və hər bir təbəqə anormal hüceyrə qalmayana qədər mikroskop altında yoxlanılır. Metod cərraha bütün şişin çıxarılması və sağlam toxumanı həddindən artıq götürməməyə imkan verir. Mohs əməliyyatı böyük, dərin yayılan və ya üzdə lokallaşmış təkrarlanma riski yüksək olan bazal hüceyrəli karsinomalarda məsləhətdir.

Digər müalicələr

Xəstənin vəziyyəti və ya əməliyyat keçirmək istəməməsi kimi hallarda aşağıdakı fərqli müalicə üsulları tövsiyə oluna bilər.

Radioterapiyada xərçəng hüceyrələrini məhv etmək üçün rentgen və ya proton kimi yüksək enerjili şüalardan istifadə edilir.

Dondurma (krioterapiya). Bu müalicə xərçəng hüceyrələrinin maye azotdan istifadə edərək dondurulmasıdır. Dəri xərçəngini səthi qazıma aparatı ilə çıxardıqdan sonra krioterapiya tətbiq oluna bilər.

Fotodinamik terapiya. Səthi dəri xərçənglərinin müalicəsi üçün işığa həssas dərmanlar və işıqdan birlikdə istifadəni birləşdirir. Bu prosedur zamanı dəriyə xərçəng hüceyrələrini işığa həssas edən maye dərman yeridilir. Daha sonra nahiyə xərçəng hüceyrələrini məhv edəcək bir işıqla işıqlandırılır. Əməliyyat şansı olmayan hallarda fotodinamik terapiya məsləhət görülə bilər.

Yayılmış xərçənglərin müalicəsi

Nadir hallarda bazal hüceyrəli karsinoma ətrafdakı limfa düyünlərinə və ya bədənin digər hissələrinə yayıla bilər. Bu vəziyyətdə istifadə edilə bilən əlavə müalicə üsulları məqsədli dərman müalicəsi və kimyaterapiyadır.

https://drrashadisayev.com/