Ensefalopatiya – baş beynin müxtəlif etiologiyalı xroniki, tədricən proqressivləşən beyin qan dövranının pozulması nəticəsində zədələnməsidir. Dissirkulyator ensefalopatiya koqnitiv funksiyaların hərəki və emosional sferalarla müştərək olaraq pozulması şəklində özünü göstərir.Bu təzahürlərin ağırlığından asılı olaraq dissirkulyator ensefalopatiya 3 mərhələyə bölünür. Dissirkulyator ensefalopatiya (DEP) diaqnozunu dəqiqləşdirmək üçün aparılan müayinələrin siyahısında oftalmoskopiya, Elektroensefaloqrafiya (EEG), Reoensefaloqrafiya (REG),Exoensefaloqrafiya (Exo-EG), boyun damarlarının rəngli doppleroqrafiyası (BDRD), beyin damarlarının dupleks skanasiyası və baş beynin maqnit-rezonans tomoqrafiyası (MRT) daxildir. Dissirkulyator ensefalopatiya hipotenziv, damar genişləndirici, antiaqreqant, neyroprotektiv və digər qrup preparatların fərdi seçilmiş kombinasiyasının köməyi ilə müalicə olunur.
Dissirkulyator ensefalopatiya (DEP) nevrologiyada geniş yayılmış bir xəstəlikdir. Statistikaya görə dünya əhalisinin təxminən 5-6%-i DEP xəstəliyindən əziyyət çəkir. Kəskin insultlar, beyin damarlarının qüsurları və anevrizmaları ilə birlikdə DEP nevrologiyanın damar patologiyalarına aid edilir və rast gəlinmə tezliyinə görə bu qup xəstəliklər arasında birinci yeri tutur.
Ənənəvi olaraq DEP əsasən yaşlı adamların xəstəliyi sayılır . Lakin, ürək-damar sistemi xəstəliklərinə xas olan “cavanlaşma” tendensiyası DEP-ə münasibətdə də özünü göstərir. Stenokardiya, miokard infarktı, beyin insultu ilə yanaşı, DEP 40 yaşınadək şəxslər arasında daha tez-tez rast gəlinməyə başlayıb.
Dissirkulyator ensefalopatiyanın səbəbləri
DEP-in əsasında müxtəlif damar patologiyalarının nəticəsində beynin xroniki işemiyası dayanır. Təxminən 60% hallarda dissirkulyator ensefalopatiya ateroskleroz, daha dəqiq desək, baş beynin qan damarlarının divarlarında aterosklerotik dəyişikliklər nəticəsində yaranır. DEP-in yaranmasına ikinci aparıcı səbəb xroniki arterial hipertenziyadır ki, bu da arterial hipertoniya, xroniki qlomerulonefrit, böyrəklərin polokistozu, feoxromositoma, İtsenko- Kuşinq xəstəliyi və s. zamanı müşahidə edilir. Hipertoniya zamanı baş beynin damarlarının spastik vəziyyətdə olması səbəbindən beyin qan dövranının zəifləməsi nəticəsində DEP inkişaf edir.
DEP səbəbləri arasında beyin qan dövranının 30% -ə qədərini təmin edən onurğa arteriyalarının patologiyası ayırd edilir. Onurğa arteriyası sindromunun klinikasına baş beynin vertebro-bazilyar hövzəsində dissirkulyator ensefalopatiya təzahürləri də daxildir. DEP-in yaranmasına səbəb olan onurğa arteriyalarında qanın hərəkətinin çatmamazlığına osteoxondroz, boyun fəqərələrinin displastik xarakterli və ya onurğanın travmaları nəticəsində qeyri-sabitliyi, onurğa arteriyasının Kimerli anomaliyası, onurğa arteriyasının inkişaf qüsurları gətirib çıxara bilər.
Bir çox hallarda DEP şəkərli diabet fonunda, xüsusən qanda şəkərin miqdarının yuxarı həddini norma daxilində saxlamaq mümkün olmadığı hallarda yaranır. Belə hallarda DEP simptomlarının yaranmasına diabetik makroangiopatiya gətirib çıxarır. DEP-in digər yaranma amilləri arasında kəllə-beyin travmaları, sistemli vaskulitlər, irsi angiopatiyalar, aritmiyalar, davamlı və ya tez-tez baş verən arterial hipotoniyanı göstərmək olar.
Dissirkulyator ensefalopatiyanın təsnifatı
Dissirkulyator ensefalopatiya etiologiyasına görə hipertenziv, aterosklerotik, venoz və qarışıq növlərə bölünür. Gediş xarakterinə görə tədricən proqressivləşən (klassik), remissiyaedici və sürətlə proqressivləşən DEP ayırd edilir. Kliniki təzahürlərin şiddətindən asılı olaraq, DEP mərhələlərə təsnif edilir. I mərhələdə dissirkulyator ensefalopatiya əksər təzahürlərin subyektivliyi, yüngül koqnitiv pozulmalar və nevroloji statusda dəyişikliklərin olmaması ilə xarakterizə olunur. II mərhələdə DEP aşkar koqnitiv və hərəki pozğunluqlar, emosional sferada pozuntuların ağırlaşması ilə xarakterizə olunur. III mərhələdə DEP mahiyyət etibarilə müxtəlif ağırlıq dərəcəli damar demensiyası olub, çoxsaylı hərəki və ruhi pozuntularla müşayiət olunur.
Dissirkulyator ensefalopatiyanın ilkin təzahürləri
Dissirkulyator ensefalopatiya üçün nəzərə çarpmayan və tədrici başlanğıc xarakterikdir. DEP-in ilk mərhələsində emosional sferanın pozğunluqları ön plana çıxa bilər. DEP xəstələrinin təxminən 65% -də bu, depressiyadır. Damar depressiyasiyasının fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, xəstələr əhval-ruhiyyənin enməsindən və məyusluqdan şikayət bildirmirlər. Adətən, hipoxondrik nevrozu olan xəstələr kimi, DEP pasiyentlərinin diqqəti somatik xarakterli müxtəlif diskomfortlu hissiyyatlar üzərində cəmləşmiş olur. Belə hallarda DEP kürəkdə ağrılar, artralgiyalar, baş ağrıları , başda küy , müxtəlif üzvlərdə ağrı hissiyyatı və xəstədə olan somatik patolgiyaya xas olmayan digər şikayətlərlə təzahür edir. Depressiv nevrozdən fərqli olaraq, DEP zamanı rast gəlinən depressiya əhəmiyyətsiz bir psixotravmatik vəziyyətdən sonra və ya heç bir səbəb olmadan yaranır və antidepressantların və psixoterapiyanın köməyilə aparılan müalicəyə zəif tabe olur.
İlkin mərhələdə DEP yüksəlmiş emosional labillik: əsəbilik, əhvalın kəskin enəməsi, cüzi səbəblərdən ağlamağa meyylilik halları, ətrafdakılara qarşı aqressiv münasibət tutmaları şəklində təzahür edir. Bənzər təzahürlərlə yanaşı yuxu pozuntuları, baş ağrıları, diqqətin yayınması ilkin mərhələdə DEP-i nevrasteniyaya bənzərdir. Lakin DEP üçün bu əlamətlərin koqnitiv funksiyaların pozulması əlamətləri ilə birgə rast gəlməsi tipikdir.
Məlumata görə, 90% hallarda koqnitiv pozğunluq DEP- in inkişafının ən erkən mərhələlərində özünü göstərir. Bunlara aşağıdakılar daxildir: diqqətin cəmləşdirilməsi qabiliyyətinin pozulması, yaddaşın zəifləməsi, hər hansı bir fəaliyyətin təşkili və ya planlaşdırılmasında çətinliklər, düşüncə tempinin aşağı enməsi, zehni əməkdən sonra yorğunluq. DEP üçün həyat hadisələri barəsində yaddaşın saxlanması fonunda qəbul edilən informasiyanın səsləndirilməsinin pozulması tipik sayılır.
DEP-in ilkin mərhələsini müşayiət edən hərəki sferanın pozulmalarına aid başlıca şikayətlər yeriyərkən başgicəllənmələr və müəyyən qeyri-sabitliyin olmasıdır. Ürəkbulanma və qusma da müşahidə edilə bilər, lakin əsl vestibular ataksiyadan fərqli olaraq, onlar da başgicəllənmə kimi, yalnız yeriyən zaman təzahür edirlər.
Dissirkulyator ensefalopatiyanın II-III mərhələsinin simptomları
Dissirkulyator ensefalopatiyanın II-III mərhələsi koqnitiv və hərəki pozğunluqların artımı ilə xarakterizə olunur. Yaddaşın əhəmiyyətli dərəcədə pisləşməsi, diqqətin azalması, intellektin enməsi, əvvəllər yerinə yetirilməsi mümkün olan lazımı zehni işin görülməsində nəzərə çarpacaq çətinliklərin yaranması aşkar edilir. Bu zaman DEP xəstələri öz vəziyyətlərini adekvat şəkildə dəyərləndirə bilmirlər, öz əmək qabiliyyətlərini və əqli bacarıqlarını mövcud olduğundan daha yüksək qiymətləndirirlər. Vaxt ötdükcə, DEP xəstələri öz hərəkət planlarını ümuləşdirmək və hazırlamaq qabiliyyətini itirirlər, zamanda və məkanda pis orientasiya olmağa başlayırlar. DEP-in III mərhələsində düşüncə və praksisin pozğunluqları, davranış və şəxsiyyət pozuntuları qeyd olunur. Demensiya inkişaf edir. Xəstələr əmək fəaliyyəti aparmaq qabiliyyətini itirirlər, daha dərin pozuntular zamanı isə özünəxidmət vərdişlərindən də məhrum olurlar.
DEP-in daha sonrakı mərhələlərində rast gəlinən emosional sferanın pozuntularından ən çox rast gələni apatiyadır. Əvvəlki hobbilərə marağın azalması, hansısa bir məşğuliyyət üçün motivasiyanın olmaması qeyd edilir. DEP-in III mərhələsində xəstələr bəzən qeyri-məhsuldar fəaliyyətlə məşğul olurlar, əksər hallarda isə ümumiyyətlə heç bir iş görmürlər. Onlar özlərinə və ətrafdakı hadisələrə biganədirlər.
DEP-in ilk mərhələsində nəzərə çarpmayan hərəki pozuntular, sonradan ətrafdakılara aşkar şəkildə görünür. DEP üçün ayaqlarını sürüməklə kiçik addımlarla yeriş xarakterikdir ki, bu da xəstənin dabanlarını döşəmədən ayıra bilməməsi ilə əlaqəlidir. DEP zamanı rast gəlinən belə bir yeriş “xizəkçi yerişi” adını almışdır. DEP xəstəsi üçün yeriş zamanı irəliləməyə başlamaq, həm də dayanmaq çətin başa gəlir. Bu təzahürlərin, eləcə də DEP xəstəsinin özünün yerişinin, Parkinson xəstəliyinin klinikası ilə əhəmiyyətli dərəcədə oxşarlıqları var. Lakin ondan fərqli olaraq DEP xəstələrində əllərdə hərəki pozuntularla müşayiət olunmur. Bununla əlaqədar, DEP-in parkinsonizmin kliniki əlamətlərinə oxşar belə təzahürlərini klinisistlər “bədənin aşağı hissəsinin parkinsonizmi” və ya “damar parkinsonizmi” adlandırırlar.
DEP-in III mərhələsində oral avtomatizm simptomları, ağır nitq pozğunluqları, tremor, parezlər, psevdobulbar iflic, sidik saxlaya bilməmək müşahidə edilir. Epileptik tutmaların əmələ gəlməsi mümkündür. Tez-tez dissirkulyator ensefalopatiyanın II-III mərhələsi yeriş zamanı yıxılmaqla (xüsusən də dayandıqda və ya döndükdə) müşayiət olunur. Belə yıxılmalar, xüsusilə də DEP-in osteoporozla birgə rast gəlməsi zamanı ətrafların sınıqlarına səbəb ola bilər.
Dissirkulyator ensefalopatiyanın diaqnostikası
DEP simptomlarının vaxtında aşkar edilməsi danılmaz əhəmiyyət kəsb edir ki, bu da beyin qan dövranının pozğunluqlarının damar terapiyasını yubanmadan başlamaq imkanı verir . Bu məqsədlə nevropatoloq tərəfindən DEP-in inkişafına risk qrupunda olan bütün xəstələrin: hipertoniklərin, diabetiklərin və aterosklerotik dəyişiklikləri olan şəxslərin vaxtaşırı müayinəsi tövsiyə olunur. Son qrup bütün yaşlı xəstələri əhatə edə bilər. Dissirkulyator ensefalopatiyanın ilkin mərhələsini müşayiət edən kongnitivn pozulmalar xəstə və onun yaxınları tərəfindən nəzərə çarpmaya bildiyindən onların müəyyən edilməsi üçün xüsusi diaqnostik testlər aparmaq lazımdır. Məsələn, xəstəyə həkimin dediyi sözləri təkrar etməyi, ona deyilən vaxtı təsvir etmək üçün əqrəbli siferblatın şəklini çəkməyi , sonra isə ona həkimin ardınca təkrar etdiyi sözləri xatırlamağı təklif edirlər.
DEP-in diaqnostikası çərçivəsində oftalmoloqun baxışı: oftalmoskopiya və görmə sahəsinin müayinəsi ilə birgə, EEG, Exo-EG və REG aparılır. DEP zamanı damar pozğunluqlarının aşkarlanması üçün baş və boyun damarlarının rəngli doppleroqrafiyası, beyin damarlarının duplex skanninqi və maqnit-rezonans angioqrafiyası mühüm əhəmiyyət kəsb edir. Maqnit-rezonans tomoqrafiyası müayinəsinin aparılması DEP-i digər mənşəli serebral patologiyalardan: Alzheimer xəstəliyi, dağınıq ensefalomiyelit, Kreyzfeltd-Yakob xəstəliyindən ayırd etməyə imkan verir. Dissirkulyator ensefalopatiya diaqnozunu təsdiq edən ən etibarlı əlamət “lal“infarkt ocaqlarının aşkar edilməsidir. Beyin atrofiyası əlamətləri və leykoareoz sahələri neyrodegenerativ xəstəliklər zamanı da müşahidə edilə bilər.
DEP-in inkişafını şərtləndirən etioloji amillərin diaqnostik axtarışına kardioloqun müayinəsi; qan təzyiqinin ölçülməsi; koaquloqramma; qanda xolesterolun, lipoproteidlərin və şəkərin təyini daxildir. Lazım gələrsə , DEP xəstələrinə endokrinoloqun müayinəsi ; qan təzyiqinin gündəlik monitorinqi; nefroloqun müayinəsi; aritmiyanın diaqnostikası üçün isə, EKQ və sutkalıq EKQ monitorinq təyin edilir.
Dissirkulyator ensefalopatiyanın müalicəsi
Xronik beyin işemiyasının müalicəsi üçün ən mühüm əhəmiyyəti serebrovaskulyar xəstəliklərin mövcud risk faktorlarına təsir edilməsi kəsb edir. Bu amillər arasında şübhəsiz ki, ən böyük yeri arterial hipertoniya tutur. Serebrovaskulyar xəstəliyin inkişafının qarşısını almaq üçün arterial hipertoniyalı xəstələrdə normotoniyaya nail olmaq çox mühümdür. Bunu əldə etmək üçün ilk növbədə qeyri-medikamentoz terapiya metodlarından istifadə etmək lazımdır ki, əgər onlar effekt verməsə müalicənin digər üsullarına müraciət edilsin.
Qeyri – medikamentoz terapiyanın əsas prinsipləri
Cərrahi müalicə
Baş beynin magistral arteriyalarının zədələnməsi (70%-dən çox kobud stenoz, okklüziya) zamanı; nevroloji defisitin və koqnitiv pozuntuların sürətli inkişafı olan, beyin qan dövranının keçici pozğunluqları və kiçik insult keçirmiş DEP xəstələrinə baş beynin qanla təchizatını bərpa etmək məqsədilə cərrahi əməliyyatın keçirilməsi göstərişdir. Daxili yuxu arteriyasının kobud stenozu zamanı endarterektomiya, onun tam okklüziyası zamanı isə ekstraintrakranial mikroanastomoz əməliyyatları aparılır.
Əsas risk faktorlarına təsir
Əsas risk amillərinin aradan qaldırılması və ya korreksiyası mühüm əhəmiyyət kəsb edir. Bunlara arterial hipertoniyadan başqa psixoemsional gərginlik, siqaret çəkmək, alkoqoldan sui-istifadə, artıq bədən çəkisi, hipodinamik həyat tərzi, ürək xəstəlikləri, şəkərli diabet aiddir .
Profilaktik tədbirlər toplusuna daxildir:
Sağlam həyat tərzinə daxildir: düzgün iş, istirahət və qida rejiminin təşkili; zərərli vərdişlərdən – tütün və alkoqol istfadəsindən imtina; xörək duzundan istifadənin məhdudlaşdırılması (gündə 5 qrama qədər); heyvani yağların və xolesterin tərkibli məhsulların (yağlı ət növləri, qaraciyər, yumurta və s.) ümumi kalorajı; optimal fiziki fəaliyyət.
Erkən mərhələdə olan DEP xəstələrinin vəziyyəti çox hallarda gərgin əqli və fiziki əmək nəticəsində ağırlaşır. Professional zərərlərlə: isti və səs-küylü sexlər, vibrasiya, gecə növbələri ilə bağlı əmək növləri ilə məşğul olmaq əks-göstərişdir . Psixoemosional gərginliklər, iş yerində və evdə baş verən münaqişələr xəstəliyin ağırlaşmasına səbəb olur.
Psixoterapiya patogenetik müalicə üsuludur. Onun əsas vəzifələri aşağıdakılardır :
– xəstədə öz xəstəliyinə düzgün , sakit münasibətinin formalaşdırılması ;
– ətraf mühitə psixoloji uyğunlaşma ;
– xəstəliyin astenik təzahürlərinin aradan qaldırılması ;
– xəstələrin psixi və sosial readaptasiyasının effektivliyinin artırılması .
Müalicəvi bədən tərbiyəsi ümumi patogenetik və profilaktik terapiyanın fəal metodu olub, qan təzyiqinin səviyyəsini, ürək fəaliyyətinə və beynin hemodinamikasına müsbət təsiri vardır. MBT onların kompensasiya mexanizmlərini bərpa etməyə kömək edir; fiziki performansını artırır; xəstəliyin klinik təzahürlərini azaldır.
MBT müntəzəm və fasiləsiz aparılmalı; müxtəlif formalar və vasitələrdən istifadə edərək, yük intensivliyini tədricən artırmaqla fərdi şəkildə təyin olunmalıdır. Məşğələlərin tezliyi həftədə 4-5 dəfədir.
Fizioterapevtik müalicə üsulları
Xroniki beyin damar xəstəliyi olan insanlarda ənənəvi dərman müalicəsi üsulları ilə yanaşı fizioterapevtik müalicə üsulları geniş istifadə edilməkdədir.
Beləliklə, bir sıra alimlər beyin qan dövranının başlanğıc pozulma əlamətləri və arterial təzyiqin davamlı yüksəlməsi ilə müşayiət olunan DEP-in I-II mərhələlərində olan xəstələrdə maqnitoterapiyanın tətbiqi nəticəsində əhəmiyyətli dərəcədə yaxşılaşma müşahidə etmişlər. Bu sahədə aparılan tədqiqatlar göstərmişdir ki, hiperkinetik tip qan dövranı və yüksək dərəcədə ifadə olunmuş simpatikotoniya maqnitoterapiya üçün birbaşa göstəricidirlər. Maqnitoterapiyanın təsiri nəticəsində beyin damarlarının tonusu əhəmiyyətli dərəcədə aşağı düşür ki, bu da onların beynin arxa şöbələrində onların qanla dolmasına, kəllə boşluğundan venoz axınının artmasına, koxleovestibulyar pozuntuların şiddətini azaldır.
DEP-in müalicəsində dərman maddələrinin elektroforezinin yüksək effektivliyi qeyd edilmişdir. Elektroforezin reflektor-seqmentar (yaxalıq) və Burginyonun transorbital metodu, həmçinin ümumi təsir metodikası ilə adi və bipolyar üsulla tətbiqi məsləhət görülür. Asetilsalisil turşusunun 10%-li məhlulu, universal həlledici olan 40-50%-li Dimeksid məhlulu ilə birgə Kalium –orotatın 7,5-10%-li məhlulu, Stugeronun 0.5%-li məhlulu, Dihidroerqotaminin 0.1%-li məhlulu, Troksevazinin 5%-li məhlulunun elektroforezi bu xəstəliyin müalicəsində yaxşı təsir göstərirlər. Bu preparatların elektroforezi beynin damar sisteminin bütün həlqələrinə: arterial tonus, mikrosirkulyasiya və venoz drenaja müsbət təsir göstərir.
Baş ağrısı və vegetativ pozğunluqlar olan şəxslərdə Yodun yaxalıq metodu ilə elektroforezi, nevrotik hallarda və hiposteniyalarda Novokainin elektroforezi, Vermelin metodikası ilə Yod və Brom, Diazepam və Maqneziumnun elektroforezi, yuxu pozğunluqları və ümumi qıcıqlanmanın artması zamanı elekroyuxunun tətbiqi məsləhət görülür.
Beyin damarlarının sklerozu olan xəstələrdə ozonoterapiyanın tətbiqinin hemostazın səviyyəsinə müsbət təsiri qeyd edilmişdir.
Tibbi ədəbiyyatda beyin qan dövrənında pozuntular olan xəstələrdə akupunkturun istifadə olunmasının müsbət müalicəvi effektinin olması barədə çoxlu fikirlər səsləndirilir.
İynəbatırma üsulu ilə müalicənin tətbiqindən sonra I mərhələdə olan DEP xəstələrinin 93%-də, II mərhələsində olan xəstələrin isə 80%-də kliniki yaxşılaşma ilə yanaşı EEG şəklinin alfa-aktivliyin artması, patoloji dalğaların və onların tezliklərinin azalması qeyd edilmişdir. Hipertonik ensefalopatiyası olan xəstələrdə akupunkturanın tətbiqinin yüksək effektivliyi qeyd edilmişdir. Beyin damarlarının aterosklerozu olan şəxslərə akupunktura, yaxalıq nahiyəsinin massajı, elektroyuxu və dietoterapiyanın bir yerdə kompleks şəklində tətbiq edilməsi tövsiyyə olunur.
Bəzi müəlliflər xroniki serebrovaskulyar pozğunluqları olan xəstələrdə plazmafarezin tətbiqini (günaşırı olaraq 3 seans, 350-400 ml plazmanın eksfuziyası ilə birlikdə) məsləhət görürlər. Hesab edilir ki, plazmaferez etibarlı və davamlı surətdə (2 aya qədər) beyin hemodinamikasının yarımkürələrarası asimmetriya göstəricilərini azaldır, fibrinolizizi və damar divarının antiaqreqant fəallığını gücləndirir.
Qan axınının, onun özlülüyünün və formalı elementlərin aqreqasion xüsusiyyətlərinin azaldılması, hipokoaqulyason dəyişikliklər, həmçinin qan plazmasında xolesterinin və triqliseridlərin səviyyəsinin azaldılması yolu ilə yaxşılaşdırılması məqsədilə bir sıra alimlər DEP xəstələrinin müalicəsində hemosorbsiya (1-4 seans) tətbiq etmişlər.
DEP xəstələrində oksigen və karbon-dioksid vannalarının yüksək müalicəvi effekti və serebral aterosklerozu olan xəstələrdə xlorid-natrium və yodlu-bromlu vannaların təsiri altında müsbət dinamikanın əldə edilməsi kliniki olaraq sübut edilmişdir. Xroniki serebrovaskulyar çatışmazlığı olan xəstələrdə impuls elektroterapiyası ilə birlikdə radon vannalarının istifadəsi əhvali-ruhiyyəni yüksəltmiş, yuxunu normallaşdırmış, başda küyü və başgicəllənmə paroksizmlərini azaltmışdır.
Bir sıra alimlər serebrovaskulyar xəstəliyin başlanğıc formalarında oksigenobaroterapiyanın yüksək effektivliyini qeyd edirlər (Q.A. Akimov, V.V. Kazantsev və başqaları). Xəstəliyin müalicəsində 8-10 gündəlik seansdan ibarət olan hiperbarik oksigenasiya kursu təklif edilir . Bu müalicə metodununn qan dövranına müsbət təsiri hiperbarik oksigenin damar divarlarına və ürəyin işinə birbaşa və reflektor vasitə ilə təsiri, toxumalarda endogen vazoaktiv metabolitlərin konsentrasiyasıyasının dəyişməsi və neyrohumoral tənzimlənmə proseslərinin nizamlanması şəklində təzahür edir . Baroterapiya prosesində xəstələrin ümumi vəziyyətinin yaxşılaşması; astenizasiya təzahürlərinin, psixoemosional pozğunluqların, baş ağrılarının və vegetativ pozuntularının azalması müşahidə edilmişdir.
Müstəqil bir üsul olaraq və digər fizioterapiya və dərman vasitələri ilə birlikdə hidroaeroionoterapiya metodundan istifadə olunur. Oksigen terapiyasını oksigen kokteylləri şəklində təyin etmək məqsədəuyğundur ki, bu da ümumi stimullaşdırıcı təsir göstərir və sinir sisteminin vəziyyətini yaxşılaşdırır. Aeroionoterapiya və oksigen terapiyasının birgə tətbiqi güclü bir kliniki təsir göstərir: əhvali-ruhiyyə və yaddaş yaxşılaşır, baş ağrısı yox olur, vestibulyar və emosional – iradi pozuntular azalır.
Son illərdə sinir sisteminin xəstəliklərinin müalicəsində manual terapiyanın “yumşaq” metodlarına maraq artmışdır. Bu üsullara kraniosakral terapiyanı (KST) aid etmək olar. Tibbi ədəbiyyatda xroniki beyin damar xəstəliyi olan xəstələrin kompleks müalicəsində KST-in tətbiq edilməsi və bunun nəticəsində xəstələrin vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması (DEP xəstələrinin 86,6%-i) barəsində çoxsaylı məlumatlar mövcuddur.
Beləliklə, aparılan kompleks müalicə tədbirlərinin hamısı bir məqsədə xidmət edir və beyin toxumasının pozulmuş funksiyalarının bərpası, hemodinamikanın normallaşdırılması, mikrosirkulyasiyanın yaxşılaşdırılması və metabolizmin optimizasiyasına yönəldilmişdir. Kompleks müalicənin tətbiqi müalicəvi effektin 4-6 ay ərzində saxlanmasını təmin edir.
Dissirkulyator ensefalopatiyanın proqnozu və profilaktikası
Əksər hallarda, vaxtında aparılmış adekvat və müntəzəm müalicə ensefalopatiyanın I, hətta II mərhələsinin inkişafını yavaşıda bilər. Bəzi hallarda sürətli irəliləyiş müşahidə olunur ki, bu zaman hər bir sonrakı mərhələ əvvəlkindən 2 il sonra inkişaf edir. Dissirkulyator ensefalopatiya baş beynin degenerativ dəyişiklikləri ilə birgə inkişaf edərsə, həmçinin DEP fonunda baş verən hipertonik krizlər, beyin qan dövranının kəskin pozulmaları (TIH, işemik və ya hemorragik insult), çətin nəzarət olunan hiperqlikemiya xəstəlik üçün nikbin proqnoz sayılmır.
DEP-in inkişafının qarşısının alınması üçün lipid mübadiləsinin pozulmasının tənzimlənməsi, aterosklerozla mübarizə, effektiv hipotenziv terapiya, diabetiklər üçün adekvat müalicə planının seçimi ən yaxşı profilaktik tədbir hesab olunur.
Sanator – kurort müalicəsi
Xəstəliyin yüngül və mülayim mərhələlərində məsləhətdir. Nəzərə almaq lazımdır ki, xəstələr cənub kurortlarında ilin isti vaxtını və yüksək dağlıq nahiyələrdə iqlim şəraitinin tez-tez dəyişməsini çox pis keçirirlər. Xəstələri akklimatizasiya üçün vaxt sərf etməyə ehtiyac olmayan ürək-damar tipli yerli sanatoriyalara göndərmək daha məqsədəuyğundur.
Dissirkulyator ensefalopatiyalı xəstələrə adekvat müalicənin tətbiq edilməsi, əlilliyin və vaxtından əvvəl ölümün qarşısının alınmasına və aktiv, tamdəyərli ömrün uzadılmasına kömək edir.
https://reabilitasiya.az/reabilitasiya/nevroloji-reabilitasiya/dissirkulyator-ensefalopatiya