Main

Gənə ensefaliti

Gənə ensefaliti - qızdırma, intoksikasiya və sinir sisteminin zədələnməsi ilə müşayət olunan, iflicin inkişafına səbəb olan kəskin yoluxucu xəstəlikdir.

Xəstəliyin törədicisi aşağı temperatur və quru vəziyyətdə uzun müddət yaşaya bilən bir virusdur. Amma virus otaq temperaturunda tez aktivliyini itirir və qaynama prosesi onu 2 dəqiqə ərzində öldürür.

Gənə ensefaliti virusu, iksodid gənələrin, bəzi iri və ən kiçik meşə məməlilərinin (gəmiricilər, həşərat yeyənlər), həmçinin bəzi quş növlərinin orqanizmində yaşayır. Gənələr, təbiətdə qeyri-müəyyən müddətdə mövcud olduğu, heyvanlara bulaşan virusun əsas qoruyucularıdır. Vəhşi heyvanlar virusu qısa müddətə depolayırlar. Viruslar keçi, qoyun və inək kimi xəstəlik əlamətləri olmayan bəzi ev heyvanlarının orqanizmində də çoxalır. Gənə ensefalit virusu inək və keçilərin qanında olarsa, onların südünə keçə bilər.

İnsanlar gənə ensefalit virusu ilə yoluxmuş gənənin dişləməsi zamanı, eləcə də keçi və inəklərin çiy südünü içməklə və ya yoluxmuş, sterilizə olunmamış süddən hazırlanmış süd məhsulları ilə (məsələn, pendirlər) qidalanarkən yoluxurlar.

Xəstəliyin qaynağı təbiət hesab olunur, yəni onun yayılması üçün müəyyən bir iqlim şəraiti, müvafiq bitki örtüyünün və ərazinin landşaftının mövcudluğu lazımdır ki, bu da infeksiya daşıyıcıları olan gənələrin var olmasını təmin edir. Gənələrin ən böyük aktivliyi dövrləri yaz-yay və yay-payız mövsümüdür.

Gənə dişləməsi zamanı həmin yerdən bədənə daxil olan gənə ensefalit virusu qana daxil olur və mərkəzi sinir sisteminin hüceyrələrinə nüfuz edərək orada ciddi dəyişikliklərə səbəb olur. Xəstə infeksiya mənbəyi kimi digər insanlar üçün təhlükəli deyil.

Yoluxan xəstəlik bu xəstəliyə qarşı davamlı immunitet yaradır, lakin bəzi insanlarda virus bədəndə qalaraq xəstəliyin xroniki formalarına səbəb olur.

Gənə ensefalitinin simptomları və gedişatı

Xəstəliyin inkubasiya dövrü 1 gündən 30 günə qədər davam edir. Xəstəlik qəfildən titrəmə, bədən temperaturunun 38-39C-ə qədər sürətlə yüksəlməsi ilə başlayır. Temperatur 5-10 gün davam edir. Xəstədə şiddətli baş ağrısı, bütün bədəndə ağrı, yorğunluq, zəiflik, yuxu pozğunluğu, ürək bulanması və bəzən qusma müşahidə edilir. Xəstənin üzü və gözləri qızarır. Xəstəliyin 3-5-ci günündən sinir sisteminin zədələnməsi inkişaf edir: süstlük, yuxululuq, delirium, hallüsinasiyalar, hərəki həyəcan, bəzən qıcolmalar inkişaf edir.

Bəzi xəstələrdə xəstəlik boyun və yuxarı ətrafların əzələlərinin iflici ilə ağırlaşır, qol və ya ayaqda zəiflik, hərəkət edə bilməyəcək dərəcədə zəiflik olur, bu cür iflicin inkişafı ilə boyun əzələlərində "sallanan baş" vəziyyəti müşahidə olunur. Gənə ensefaliti üçün kifayət qədər xarakterik olan bir əlamət, fərdi əzələ qruplarının qeyri-iradi bükülməsidir. Bədənin müəyyən hissələrində dərinin uyuşması hissi ola bilər. Xəstəliyin ağır vəziyyətlərində aydın olmayan nitq, boğulma və udma çətinliyi ola bilər.

Gənə ensefalitinin ciddi ağırlaşmasının əlamətlərindən biri də tənəffüs çatışmazlığıdır. Bu zaman tez-tez və ya az nəfəs almaq, nəfəs alarkən qısamüddətli fasilələr meydana gəlir. Belə hal tənəffüsün tamamilə dayanması və xəstənin ölümü ilə nəticələnə bilər.

Gənə ensefalitinin diaqnozu

Klinik məlumatlara əsasən (xəstəliyin xarakterik əlamətləri), epidemioloji məlumatlar (xəstənin endemik ərazilərdə qalması, meşəyə baş çəkmə tarixi, gənə dişləməsi faktı, hansı mövsüm olması - yaz-yay və ya yay-payız, çiy süd tükətməsi), laboratoriya məlumatları: ELISA (fermentlə əlaqəli immunosorbent metodu) nəzərə alınaraq, gənə ensefalit virusuna qarşı antikorlar aşkar edilir.

Gənə ensefalitinin müalicəsi

Xəstəliyin şiddətindən asılı olmayaraq, xəstə yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilir. Xəstələr ciddi yataq rejiminə riayət etməlidirlər. Bu zaman xəstəni narahat edən bütün qıcıqlandırıcıları yəni səs, görüntü kənarlaşdırmaq lazımdır. Xəstənın tam sakitliyi təmin edilməlidir. Qida yumşaq və asanlıqla həzm olunan olmalı və xəstəyə B və C vitaminləri təyin olunmalıdır.

Spesifik müalicə xüsusi immunlaşdırılmış donorların qanından alınan gənə əleyhinə qamma-qlobulinlə aparılır. Qamma-qlobulin 6 ml əzələdaxili olaraq hər gün 3 gün ərzində yeridilir. Terapevtik təsir qamma-qlobulinin qəbulundan 12-24 saat sonra baş verir: bədən istiliyi normala enir, xəstələrin ümumi vəziyyəti yaxşılaşır, baş ağrıları azalır və bəzən tamamilə yox olur. Qamma-qlobulin nə qədər tez tətbiq olunarsa (xəstəliyin başlanmasından sonrakı ilk üç gündə), terapevtik effekt bir o qədər tez baş verir.

Gənə ensefalitinin profilaktikası

Qoruyucu geyimlər geyinərək gənə dişləməsinin qarşısını alın. Qol manşetləri tam oturmalıdır, kapişon və çəkmələr geyinilməlidir. Bədənin açıq bölgələri (qollar, üz) üçün repellentlərdən istifadə etmək tövsiyə olunur.

Çiy süd içməyin.

Gənə dişləməsindən sonrakı ilk gündə gənə ensefalitin dərhal qarşısını alan spesifik profilaktika üçün nəzərdə tutulmuş donor immunoqlobulin FSME-Bulin (əzələdaxili yeridilir) ilə təcili profilaktika aparılır.

Gənə ensefalitinə qarşı ən təsirli qorunma peyvənddir.

tercume