Main

Hamiləlik Toksikozları

Hamiləlik toksikozları – hamiləliyin gedişini ağırlaşdıran və hestasiya dövrünün başa çatması ilə aradan qalxan patoloji vəziyyətlərdir. Yaranma müddətinə görə toksikozlar 2 növə ayrılır:

  • Erkən toksikozlar
  • Gecikmiş toksikozlar

Mamalıq və ginekologiyada erkən, gecikmiş (hestoz), eləcə də nadir formalı toksikozlar qeydə alınır. Erkən hamiləlik toksikozları I (hestasiyanın ilk günlərindən 12-13-cü həftəyə qədər), gecikmiş toksikoz isə III trimestrdə (26-27-ci həftədən hestasiyanın sonuna qədər) inkişaf edir.

Erkən toksikozun formalarına qusma (yüngül, mülayim, ağır), ptializm (hipersalivasiya) aid edilir.

Erkən toksikozun yaranma səbəbləri:

  • endometrium və uşaqlıq artımlarının iltihabi xəstəlikləri – endomterit və adneksit;
  • mədə-bağırsaq, öd kisəsi, mədəaltı vəzin xroniki xəstəlikləri;
  • digər xroniki xəstəliklər (böyrək, qaraciyər, endokrinopatiyalar və d.);
  • qurd invaziyaları;
  • hamilənin psixoloji hazırlığının olmaması, sinir-psixi ləbillik, yüksək oyanıqlıq, stress və depressiv vəziyyətlər, baş beynin keçirilmiş travmaları;
  • irsi meyl;
  • arterial təzyiqin qeyri-stabil olması;
  • kəskin infeksion xəstəliklər;
  • artıq bədən çəkisi.

Erkən toksikoz müxtəlif formalarda özünü göstərə bilər. Onların ən çox rast gəlinəni – qusma və ağız suyu ifrazının artmasıdır, bir qədər az isə – qaşınma ilə özünü göstərən dermatozlardı. Hestozların digər formaları – ekzema ilə keçən dermatozlar, herpesvari impetiqo, sümüklərin yumşalması, hamilələrin bronxial astması, polinevrit, qicolma sindromu, qaraciyərin kəskin yağ distrofiyası – çox az rast gəlinir.

Onun ən çox rast gəlinən formaları – qusma və ağız suyu ifrazının artması hamiləliyi 5-6-cı həftədən müşayiət edir. Bu əlamətlər hamilə qadınların 50-60-%-ində rast gəlinir, amma əksər hallarda yaxşı keçirilir və orqanizm üçün elə bir təhlükə törətmir. Hamilələrin yalnız 8-10%-ində tibbi yardıma ehtiyac yaranır.

Bu, yanaşı gedən faktorlardan və qadın orqanizminin fərdi xüsusiyyətlərindən asılıdır. Patoloji vəziyyət nə qədər tez inkişaf edirsə, bir o qədər ağır və uzun keçər. Bir qayda olaraq, ürəkbulanma, qusma, ağız suyunun artıq ifrazı hamiləliyin 12-13 həftəliyinə, yəni, cift formalaşana qədər öz-özünə keçib gedir. Nadir hallarda orqanizmin hamiləliyə adaptasiyası uzun müddət – 14-15 həftəyə qədər davam edə bilər.

Erkən toksikozuun müalicəsi

Hamiləliyin erkən mərhələlərində yüngül gedişli toksikozun müalicəsi ambulator şəraitdə aparılır. Ginekoloqun pasienti müşahidədə saxlayır, bədən çəkisinə nəzarət edir və həmçinin qanın və sidiyin laborator müayinəsini aparır. Qadına onu əhatə edən şəraiti tez-tez dəyişmək məsləhət görülür (təmiz havada gəzintilər, tanışlarla münasibət və s.).

Erkən toksikozun müalicəsində düzgün qidalanmanın böyük əhəmiyyəti var.

Gecikmiş toksikoz isə hamiləlik hidropsu, nefropatiya, preeklampsiya və eklampsiya ilə müşahidə olunur. Toksikozun nadir rast gəlinən klinik formalarına hestasiyanın istənilən müddətində yarana bilən dermatozlar, sarılıq, bronxial astma, tetaniya, osteomalyasiya daxildir. Erkəndən fərqli olaraq, gecikmiş toksikoz – hamiləliyin təhlükəli fəsadlarından biridir, hansı ki, bütün orqan və sistemlərin fəaliyyətini pozur. Gecikmiş toksikoz (hestoz) qadınların 10-15%-ində qeyd olunur. Bu mürəkkəb və müalicəyə çətin tabe olan vəziyyət, mütləq qaydada həkim müşahidəsi tələb edir. Patoloji vəziyyətin ağır formaları intensiv terapiya şöbəsində müalicə olunmalıdır, üç sutka ərzində effekt olmazsa və ya qeyri-qənaətbəxş olarsa – bu, hamiləliyin süni şəkildə pozulmasına bilavasitə göstərişdir.

Gecikmiş Toksikozun Səbəbləri

Aparılmış çoxsaylı tədqiqatlar nəticəsində xəstəliyin bir neçə inkişaf nəzəriyyəsi irəli sürür, lakin, onların heç biri tam dəqiq deyil.

Ümumən gecikmiş toksikozun aşağıdakı inkişaf səbəblərini ayırd etmək olar:

  • daxili orqanlarda qandövranının pozulması, anemiyanın ağır forması;
  • qaraciyər, böyrək, endokrin və sinir sistemlərinin xroniki xəstəlikləri;
  • çoxdöllü hamiləlik və ya iri döl;
  • əvvəllər keçirilmiş abortlar və ginekoloji xəstəliklər;
  • hamiləliklərarası müddətin iki ildən az olması;
  • əvvəlki hamiləliklərdə gecikmiş toksikozun olması;
  • xroniki yorğunluq, stresslər;
  • zərərli istehsalat şəraiti.

Yaşı 35-dən yuxarı və ya 19-dan aşağı olan, piylənmədən əziyyət çəkən, uşaqla rezus-konflikti olan qadınlar risk qrupuna aid edilir. Həkimlər həmçinin irsi meyli qeyd edir – vaxtı ilə anasında gecikmiş toksikoz əlamətləri olan qızlarda onun inkişaf ehtimalı yüksəkdir.

Amma, çox vaxt patoloji vəziyyətin səbəbini təyin etmək mümkün olmur.

Gecikmiş toksikozda pisləşmə demək olaraq heç vaxt qəflətən və özbaşına başlamır. Patologiya özünü orqanizmdə tədricən baş verən dəyişikliklərlə göstərir, hansı ki, onlara həm hamilə qadın özü, həm də onu müşahidə edən ginekoloq diqqət yetirməlidir. Bir qayda olaraq, gecikmiş toksikozu hamiləliyin 30 həftəsindən sonra diaqnostika edirlər.

Əlamətləri və təhlükə dərəcəsi

  • əllərin, ayaqların, sifətin şişməsi;
  • sidikdə zülal olması;
  • arterial təzyiqin 130/80-dən yuxarı olması;
  • qulaqlarda küy, başgicəllənmə, bayılma;
  • çəkinin həftədə 500 q-dan çox artması;
  • güclü ürəkbulanma, qusma, gözün önündə "qarışqa" gəzməsi.

Toksikozun yüngül formaları müalicə tələb etmir və adətən qadına istirahət, düzgün qidalanma və s. təyin olunur. Ancaq ağır hallarda isə hamilə qadın mütləq xəstəxanaya yerləşdirməlidir.

https://doctorramila.az/publikasiyalar/209-hamileliyin-erken-merhelelerinde-toksikoz.html

https://doctorramila.az/publikasiyalar/211-hamileliyin-gec-merhelelerinde-toksikoz.html

https://med-portal.az/qadin-xestelikleri/hamilelik-toksikozu/