Hemorragik insult beynin parenximasına qansızma olub, beyin qan dövranının kəskin pozulması, zədələnmiş nahiyənin funksiyalarının itirilməsi, nüvədə və perifokal (nüvənin ətrafında) zonada patogenezin inkişafı ilə müşayiət olunur. Xəstəlik ümumi beyin və ocaqlı nevroloji simptomlarla təzahür edir. XBT-10 üzrə hemorragik insultların kodu I60-I62-dir.
Hemorragik insult – kəllə boşluğuna spontan (qeyri – travmatik) qanaxmadır. “Hemorragik insult” termini, adətən, baş beynin hər hansı bir damar mənşəli xəstəliyi: ateroskleroz, arterial hipertoniya, amiloid angiopatiya və s. nəticəsində baş vermiş beyindaxili qanaxmanı qeyd etmək üçün istifadə olunur. Hemorragik insultlar daha çox yüksək qan təzyiqi fonunda baş verir. Xəstəliyin kliniki şəkli kəskin başlanğıc və sürətlə inkişaf edən simptomlar ilə xarakterizə olunur ki, onlar da bilavasitə damar zədələnməsinin yerləşmə nahiyəsindən asılı olur. Hemorragik insult təcili hemostatik, antihipertenziv və ödem əleyhinə müalicə tələb edir. Göstəricilərə əsasən cərrahi müalicə aparılır.
Beyin qan dövranın pozulması ilə bağlı bütün xəstəliklərin arasında hemorragik insult 15-20% təşkil edir. Əhalinin hər 100 min nəfərinə 15-35 hemorragik insult xəstəsi düşür və bu rəqəm getdikcə artmaqdadır. Ekspertlərin qeyd etdiyinə görə, bu xəstəlik yüksək ölüm riskini daşıyır və əlilliyə səbəb olur. Hemorragik insult keçirilməsindən sonra birinci ay ərzində ölüm halları 30-60% təşkil edir. Hemorragik insult keçirmiş şəxslərin 2/3 hissəsi əlil olur. Bundan əlavə, hemorragik insultun təkrarən baş verməsi halları da az deyildir.
Etiologiya
Təxminən 2-15% hallarda, hemorragik insultun səbəbləri aşkar edilmir. Xəstələrin 25%-nin anamnezində aydın olmayan etiologiyalı serebral qan dövranının kəskin pozulmalarının olması qeyd edilir.
Hemorragik insultun keçirilməsinin təhlükəsi o şəxslərdə artır ki, onlarda:
Hemorragik insultun səbəbləri arasında ayırd edilir:
Patogenez
Hemorragik insult ən çox damarların partlaması nəticəsində yaranır ki, bu da adətən qan təzyiqinin artması səbəbindən baş verir və hematomanın əmələ gəlməsinə gətirib çıxarır. Bu vəziyyətə damar divarının kəskin nazilməsi və təbəqələşməsi, miliar anevrizmaların yaranması, anadangəlmə anevrizmalar və digər damar anomaliyaları, vaskulitlər nəticəsində damarların divarının destruksiyası və s. şərait yaradır. Diapedez qanaxma vazomotor pozuntular və damarların uzun müddət davam edən spazmının nəticəsində yaranır ki, bu da onun daxilində qan axınının yavaşımasına və dilatasiyasına gətirib çıxarır. Bu zaman damar divarının keçiriciliyinin artması və ondan plazmanın və qanın formal elementlərinin sızması baş verir. Kiçik perivaskulyar hemorragiyalar birləşərək kiçik və ya geniş hemorragik ocaqları əmələ gətirir. Kəllədaxili qanaxmalar, həmçinin kəllə-beyin travmalarının nəticəsində də yarana bilər.
Patomorfologiya
Hemorragik insultlarda qansızmalar hematoma və hemorragik hopma tipində olur. Daha çox qansızma arteriyalarda yaranır, bəzən isə venoz qanaxmalar da baş verir. Anadangəlmə anevrizmaların və serebral damarların digər malformasiyaları səbəbindən yaranan qanaxmalar ayrı bir qrup təşkil edir.
Hemorragik insultlar daha çox arterial təziyiqin yüksəlməsi ilə təzahür edən xəstəliklər zamanı yaranır ki, bu da beyin qan damarlarının divarlarının xarakterik dəyişikliklərinə və keçiriciliyinin pozulmasına – plazmatik hopmaya, nekroza, mikroanevrizmlərin yaranmasına və onların cırılmasına gətirib çıxarır. Arterial hipertoniya xəstəliyi zamanı qabıqaltı düyünlərin və talamusun damarları daha ağır dəyişikliklərə məruz qalır ki, bu da orta beyin arteriyasının dərin şaxələrinin əsas kökdən demək olar ki, düz bucaq altında ayrılması ilə əlaqədardır. Buna görə də hematomalar daha çox qabıqaltı düyünlərdə yaranır və yaxınlıqda yerləşən beynin ağ maddəsinə yayılır. Beyin yarımkürələrində daxili kapsulaya nisbətən yerləşməsinə görə lateral və daha az hallarda meydana gələn medial hematomalar ayırd edilir. Bununla yanaşı, daxili kapsulun özünü və onun hər iki tərəfində yerləşən beyin strukturlarını məhv edən geniş, qarışıq adlanan hematomaların yaranması da mümkündür. Nadir hallarda, hematomalar beyin kötüyündə də meydana gəlir, adətən onlar körpüdə və beyincikdə yerləşmiş olur. Hemorragik hopma növlü qanaxmalar kiçik damarlardan diapedez nəticəsində baş verir. Beyinə qansızmanın nəticəsi qliomezodermal çapıq və ya sistin formalaşması ola bilər. Geniş medial hemorragiyaların əksər hallarında qanın beyin mədəciklərinə (parenximatoz-mədəcikdaxili qanaxmalar), daha az hallarda isə subaraxnoidal boşluğa (parenximatoz-subaraxnoidal qanaxmalar) düşməsi baş verir.
Hemorragik insultların təsnifatı
Kəllədaxili qanaxmalar hemorragiyanın lokalizasiyasına görə təsnif edilir. Aşağıdakı qanaxma növləri var:
Kliniki mənzərə
Hemorragik insultun simptomlarının inkişafı aşağıdakı əsas amillərdən asılıdır:
Parenximatoz qansızma
Parenximatoz qansızma huşun pozulması ilə müşayiət oluna bilər.
Hemorragik insult daha çox əmək qabiliyyətli (40-60 yaş arasında) şəxslərdə baş verir. Xəstəlik adətən, qəflətən baş verir. Gözlənilmədən hansısa bir təhrikedici amil fonunda (fiziki və emosional stress, alkoqol qəbulu) kəskin baş ağrısı yaranır. Xəstələr onu “qəfləti zərbə” adlandırırlar. Bəzən ağrı ilə eyni zamanda huş itirilir və xəstə yıxılır. Huşun pozulmasının dərinliyi fərqli olur: keylikdən komaya qədər. Ayrı-ayrı hallarda insultdan əvvəl sifətə qanın vurması hissi qeyd edilir, əşyalar qırmızı və ya “dumanlı şəkildə” görünür.
Baş ağrısı tez-tez qusma, psixomotor oyanıqlıq ilə müşayiət olunur. Dəri örtükləri hiperemiyalı (qanla dolu) olur, tez-tez həddindən artıq tərləmə qeyd edilir, nəbz gərgin olur, taxikardiya müşahidə edilir, arterial təzyiq 180-200 mm c. süt. və daha artıq olur. Tənəffüs pozulur: tezləşir, xorultulu olur, nəfəsalma və nəfəsvermə çətinləşir. Çeyn-Stok, Kussmaul tipli patoloji tənəffüs növləri qeyd edilə bilər.
Meningit kimi bir xəstəliyə xas olan simptomlar görünə bilər. Parenximatoz hemorragiya zamanı onlar mülayim dərəcədə ifadə olunur, bəzən olmaya da bilər.
Xəstəlik epileptik tutma şəklində də başlana bilər.
Ümumi beyin, vegetativ, meningeal simptomlarla eyni zamanda ocaqlı simptomlar da ortaya çıxır. Bu simptomatikaya əsasən qanaxmanın lokalizasiyasını müəyyənləşdirmək olur. Beyinin hər bir sahəsi müəyyən bir funksiyaya nəzarət edir. Bu sahələr tədqiq olunmuşdur və funksiyanın pozulmasına əsasən beynin zədələnmiş nahiyəsi müəyyən edilə bilir. Bu amil topik diaqnostikada istifadə olunur.
Parenximatoz qanaxmanın 3 növü ayırd edilir:
Beyin toxumasının dərin nahiyələrində olan böyük hematomalarda (həcmi 30 sm3-dən çox olan) qanın beynin mədəciklər sisteminə keçməsi mümkündür. Beyin kötüyünə və beyinciyə qansızmalar da qanın beyin mədəciklərinə keçməsinə meylli olur. Bu hal xəstənin həyatı üçün təhlükə törədir. Klinik olaraq bu hal xəstənin ümumi vəziyyətinin kəskin pisləşməsi və komanın ani inkişafı ilə müşayiət olunur. Xarakterik əlamət – hormetoniya (yalançı qıcolmalar) meydana gəlir. Bu termin ətraflarda əzələ tonusunun bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edən periodik artımını nəzərdə tutur. Həyati əhəmiyyətli funksiyalar: tənəffüs və ürək fəaliyyəti sürətlə pozulur. Əksər hallarda bu simptomlar ölümlə nəticələnir.
Subaraxnoidal qansızma
Subaraqnoidal qansızma zamanı yaranan baş ağrısını “xəncər zərbəsi” ilə müqayisə edirlər. Hemorragik insultun bu növü qanın subaraxnoidal boşluğa daxil olması zamanı inkişaf edir. Subaraxnoidal boşluq beyinin hörümçək torunabənzər və yumşaq qişaları arasında yerləşir. Normal halda serebrospinal maye ilə dolu olur.
Bu tip qanaxma gənclər (25-40 yaş) və hətta uşaqlar üçün xarakterikdir, çünki onun ən çox yayılmış səbəbi serebral damarların anevrizmasıdır.
Subaraxnoidal qanaxmaya səbəb olan amillər arasında:
Bir qayda olaraq, xəstəlik kəskin başlanğıca malikdir. Kəskin baş ağrısı (xəstələr bunu “boyun ardından zərbə” kimi təsvir edirlər), ürəkbulanma və qusma yaranır, epileptik tutma inkişaf edə bilər. Adətən, hemorragiyanın inkişafından əvvəl xəstəni ümumiyyətlə heç nə narahat etmir. Nadir hallarda xəstəliyi qabaqcadan xəbər verən əlamətlər: başgicəllənmə, başda küy, gözlərin ağrıması və qarşısında səyriyən nöqtələrin olması müşahidə edilir, lakin onlar spesifik deyil.
Hemorragik insultun bu növü üçün çox xarakterik olan bir simptom da psixomotor oyanıqlıqdır. Bu əlamət qansızma ilə eyni zamanda meydana gəlir və bir neçə gün davam edir, sonradan xəstələr bu dövrü pis xatırlayırlar. Xəstəliyin ilk saatlarından meningeal əlamətlər: hissiyyat üzvlərinin və dəri örtüklərinin hiperesteziyası, ənsə əzələlərinin rigidliyi (sərtliyi), Kerniq, Brudzinski, Kerer, Bexterev simptomları və s. qeyd edilir. Meningeal simptomlar parenximatoz qanaxmaya nisbətən subaraxnoidal qansızma zamanı daha çox ifadə olunur. Bədən temperaturu 38-39° C-dək yüksəlir.
Subaraxnoidal qansızma zamanı hemorragiya bilavasitə beyin toxumasını əhatə etmədiyi üçün ocaqlı nevroloji əlamətlər qeyd edilmir. Bu cəhətdən subaraxnoidal qansızma kliniki olaraq parenximatoz qanaxmadan fərqlənir.
Subaraxnoidal qansızma qan damarlarının reflektor spazmının inkişafı ilə müşayiət olunur. Adətən, angiospazm xəstəliyin 2-3-cü, 7-10-cu nadir hallarda 14-21-ci günləri baş verir. Bu, xəstənin vəziyyətinin pisləşməsinə və ocaqlı simptomların meydana gəlməsinə gətirib çıxarır.
Subaraxnoidal məkanda qan laxtaları serebrospinal mayenin axınına maneə yarada bilər (özünəməxsus tıxac rolunu oynaya bilər) ki, bu da okklüzion hidrosefaliyaya, yəni beyin qişalarında həddən artıq serebrospinal mayenin toplanmasına gətirib çıxara bilər. Bu, həyat üçün təhlükəli bir vəziyyətdir, çünki beyin strukturlarının yerdəyişməsinə və xəstənin ölümünə gətirib çıxara bilir. Sonrakı mərhələlərində likvor boşluğunda olan qan laxtaları beyin qişalarının özündən aşağıda yerləşən beyin toxuması ilə bitişmələrinə və bu prosesə damarların və kəllə-beyin sinirlərinin cəlb olunmasına (leptomeningitə) səbəb ola bilər.
Diaqnostika
İnsultların, o cümlədən hemorragik insultun diaqnostikasında nevropatoloqun, kardioloqun, okulistin və digər mütəxəssislərin müayinəsi, qanın ümumi və biokimyəvi müayinəsi, serebrospinal mayenin tədqiqi mühüm rol oynayır. İnstrumental müayinə metodlarından baş beynin kompüter tomoqrafiyası (KT) və maqnit-rezonans tomoqrafiyası (MRT) ən vacibləridir. Bunlardan əlavə, reoensefaloqrafiya (REQ), exoensefaloqrafiya (ExoEQ), elektroensefaloqrafiya (EEQ), boyun və baş beynin damarlarının rəngli doppleroqrafiyası (USDQ) / transkranial doppleroqrafiya (TKDQ), elektrokardioqrafiya (EKQ), exokardioqrafiya (ExoKQ), onurğanın boyun nahiyəsinin və kəllənin müxtəlif proyeksiyalarda rentgenoqrafiyası (o cümlədən kontrast maddə ilə) müayinələrinin aparılması da düzgün diaqnozun təyinini asanlaşdırır.
İşemik insult mövzusuna həsr olunmuş bölmədə bu müayinə üsulları barədə ətraflı məlumat verildiyindən, onların təkrar olunmasına lüzum görülmür. Bu xüsusdan, yalnız hemorragik insultun diaqnostikasında mühüm diaqnostik əhəmiyyətə malik olan onurğa beyni mayesinin tədqiqi üzərində ətraflı dayanmaq istərdim.
Xəstəliyin başlanmasından bir neçə saat sonra subaraxnoidal qansızma diaqnozunu aydınlaşdırmaq üçün, xəstədə bel punksiyası aparılır. Maye (3-10 ml) ehtiyatla buraxılmalıdır, mandrenin köməyilə onun sürətlə axınının qarşısı alınır. Kəllədaxili, xüsusilə subaraxnoidal qansızma zamanı serebrospinal maye artan təzyiq altında axır və qanlı olur. Ona təsadüfən başqa mənşəli qanın qarışmasını istisna etmək üçün, serebrospinal maye kiçik miqdarda müxtəlif sınaq şüşələrinə toplanmalıdır. İynənin epidural venanı zədələməsi halında, hər bir növbəti sınaq şüşəsində likvorun rəngi getdikcə daha açıq olur, subaraxnoidal qansızma zamanı isə bütün sınaq şüşələri içərisində onun rəngi eyni qalır.
Müayinə zamanı götürülmuş serebrospinal mayeni sentrifuqadan keçirmək lazımdır, bu zaman kəllədaxili qansızma halında qanın formalı elementlərinin çöküntüsündən yuxarıda qalan maye ksantoxrom olur. 3-cü gündən etibarən serebrospinal mayedə neytrofil pleositoz aşkar edilir, 5-6-cı gündən isə limfositlərin və mononuklearların sayı artır. Serebral anevrizmalar zamanı subaraxnoidal qansızma təkrarlana bilər.
Müalicə
Həm işemik, həm də hemorragik insultun müalicəsində ümumi cəhətlər çoxdur. İnsultun hər iki növünün müalicəsində ilk yardımın göstərilməsi, xəstəxanaya qədərki mərhələdə, bazis terapiyasında və sonrakı reabilitasiya və dispanserizasiya mərhələlərində tətbiq olunan taktika demək olar ki, bir-birindən seçilmir. Odur ki, bu bölmədə yalnız hemorragik insultun spesifik müalicəsi barəsində söhbət açılacaqdır.
Hemorragik insultun spesifik müalicəsi konservativ və cərrahi üsullara bölünür. Konservativ müalicə
Hemorragik insultda konservativ müalicə vaxtı itirmədən xəstə üçün arterial təzyiqin optimal dərəcədə tənzimlənməsinə, inkişaf edən beyin ödeminə qarşı mübarizə aparılmasına, qanaxmanın qarşısının alınmasına və damar divarının gücləndirilməsinə doğru yönəldilməlidir. Bundan əlavə, müalicə sxemində sedativ preparatlardan, trankvilizatorlardan, nootroplardan, vitaminlərdən, işlətmə dərmanlarından, bioloji qida əlavələrindən və s. istifadə edilir.
Cərrahi müalicə
Cərrahi müalicənin məqsədi:
Cərrahi müalicənin vəzifələri:
Xəstənin aşağıda sadalanan vəziyyətlərində əməliyyat lazımdır:
Aşağıdakı hallarda cərrahi müdaxilənin məqsədəuyğunluğu müzakirə olunur:
Cərrahi müdaxiləyə əks-göstərişlər:
Mütləq:
Nisbi:
Hipertenziv qansızmaların müalicəsi məqsədilə açıq cərrahi əməliyyatlar: kraniotomiya, punksion əməliyyatlar (aspirasiya və lokal fibrinoliz, hematomanın endoskopik aspirasiyası və bu iki əməliyyatın birləşdirilməsi) və mədəciklərin drenajı tətbiq olunur.
Hal- hazırda açıq cərrahiyyə müalicəsi xəstələrin 25% -dən az hissəsində istifadə olunur. Bu cür müdaxilə hematomanın beynin səthinə yaxın olduğu zaman göstərişdir. Bu vəziyyətdə aparılan müdaxilə xəstənin beyininə əlavə travma vermir. Beyin yarımkürələrinə ya beyinciyə dərin qansızmalar zamanı açıq müdaxilələrə yalnız vəziyyəti kritik olan xəstələrə həyatı xilasedici əməliyyat kimi müraciət etmək lazım gəlir.
Xəstələrin əksəriyyətində (təxminən 75%-də) hematomları boşaltmaq məqsədilə az travmatik olan punksion əməliyyatlardan istifadə edilir. Kiçik trepanasion dəlik vasitəsilə hematomaya diametri 2-7 mm olan alət yeridilir və birmomentli və ya müəyyən zaman ərzində xüsusi kateter və ya endoskop vasitəsilə onun içərisi boşaldılır. Alətin hematomaya dəqiq düşməsi müasir naviqasiya sistemlərinin (ultrasəs, elektromaqnit və ya infraqırmızı şüalar) vasitəsilə təmin edilir. Xəstənin kompüter tomoqrammasının göstəriciləri naviqasion stansiyaya yüklənir, qansızmanın yerləşməsinin virtual modeli hazırlanır və əməliyyat zamanı cərrah real vaxt rejimində hematomanın və cərrahi alətin bir-birlərinə nisbətən yerləşməsinə nəzarət edə bilir.
Okklüzion hidrosefaliyanın inkişafı zamanı beyin mədəciklərinin drenajı həyata keçirilir. Əgər mədəciklər qan laxtaları ilə tamponada olunmuşdursa və təkcə mədəcilərin drenajı beyin ödeminin reqressinə gətirib çıxarmırsa, bu əməliyyata qan laxtalarının yerli fibrinolizi də əlavə olunur.
Hemorragik insultun cərrahi müalicəsinin ən müasir üsullarından biri də videoendoskopiya metodudur. Neyroendoskopların köməyilə həm görmə nəzarətində, həm də naviqasiya stansiyasının virtual nəzarəti altında hətta böyük qansızmaların da az travmatik ehtimalla aradan qaldırılmasını həyata keçirmək mümkün olur.
Müasir kompleks müayinənin və neyrocərrahi müalicənın aparılması xəstələrin əksəriyyətində xəstəliyin müsbət sonluqla nəticələnməsinə və əməliyyatdan sonrakı ölüm hallarının 20%-dən aşağı düşməsinə nail olmağa imkan verir.
Prognoz və profilaktika
Ümumiyyətlə, hemorragik insultun proqnozu əlverişsizdir. Ümümi ölüm faizi 70%-ə çatır, 50% hallarda isə ölüm halları beyindaxili hematomaların aradan qaldırılmasından sonra baş verir. Ölümə əsas səbəb – inkişaf edən baş beynin ödemi və dislokasiyasıdır, ən çox rast gəlinən ikinci səbəb qansızmaların təkrar olunmasıdır. Hemorragik insult keçirmiş xəstələrin təxminən 2/3-si əlil olaraq qalır. Xəstəliyin gedişini və nəticəsini müəyyən edən əsas amillər – hematomanın həcmi və onun beyin kötüyündə lokalizasiyası, qanın mədəciklərə düşməsi, hemorragik insultdan əvvəl ürək-damar sistemində yaranan pozuntular, eləcə də xəstələrin ahıl yaşda olması hesab edilir.
Hemorragik insultun inkişafına mane ola bilən başlıca profilaktik tədbirlər arterial hipertoniya xəstəliyinin vaxtında və adekvat dərman müalicəsi, eləcə də onun inkişafı üçün risk faktorlarının (hiperxolesterinemiya, şəkərli diabet, alkoqolizm, siqaret çəkmək) aradan qaldırılmasından ibarətdir.