Main

PİODERMİYA

Piodermiya dərinin irinli zədələnməsi olub, irin əmələ gətirən kokkların (stafilokk, streptokokk, pnevmokokk, bağırsaq çöpləri, vulqar proteylər, göy irin çöpləri) dəridə məskunlaşması nəticəsində əmələ gəlir.
Yaranma səbəbi: kiçik travmalar (kəsiklər, cızıqlar və s.), dərinin çirklənməsi, həddindən artıq isinmə və donması, daxili orqanların, mərkəzi sinir sisteminin funksiyalarının pozulması, maddələr mübadiləsindəki pozğunluqlar, infeksiyalara qarşı individual olaraq həssaslığın artması və s.
Xəstəliyin yaranmasına səbəb olan hallar:

  • su-lipid mantiyasının müdafiə xüsusiyyətinin azalması, dəri səthinin qələvi reaksiyası;
  • dərinin nəmliyinin və absorbsiya xüsusiyyətinin artması;
  • immunitetin aşağı düşməsi.

Piodermiyanın bir neçə forması vardır:
Vezikulopustulyoz (periporit)- daha çox tərləyən və yüksək hərarət almış dərilərdə rast gəlmək olar. Proses zamanı tər axacaqları zədələnir, qızartı fonunda kiçik pustulalar meydana çıxır. Səpkilərin sayı çox olaraq gövdəyə, büküşlərə, başın tüklü hissəsinə yayılır. Terapiyaya vaxtlı-vaxtında başlandıqda xəstənin ümumi vəziyyəti pisləşmir və 3-7 gün ərzində səpkilər itir.
Streptokokk İmpentiqosu- proses zədələnməmiş dəridə başlayır. Ancaq həşərat dişləməsindən, qoturluq, atopik dermatit, zökəm, irinli otitlərdən sonra da tez tez rast gəlinir. Törədici uşaqlara oyuncaqlar vasitəsilə, paltar, dəsmallar vasitəsilə keçir. Xəstəlik əsasən üz dərisində yastı 0,5-1 sm ölçüsündə irinciklərin meydana çıxması ilə xarakterizə olunur. Sonrakı mərhələdə quruyaraq qabığa çevrilirlər və çəhrayı ləkələrlə əvəz olunurlar. Çapıq toxuması əmələ gəlmir.Pustulalar selikli qişalara da (burun, dodaq, yanaq, damaq) sirayət edir.
Səthi panarisiya -bir və ya bir neçə dırnaq lövhələri ətrafında qızartı fonunda çoxlu irinli suluqların olması ilə xaraterizə olunur. Ocaqda ödem, ağrı qeyd olunur, bədən hərarəti 37,8 dərəcəyə çatır.
Ağ dəmirov (quru dəmirov ) – Əsasən yaz-payız aylarında rast gəlinir, səbəb daha çox dərinin yuyunmadan sonra tam qurumamasıdır. Üzün və ətrafların dərisində solğun-çəhrayı, 2-3 sm diametrli solğun-çəhrayı ocaqlar əmələ gəlir.
Vulqar impentiqo – Yüngül qızartı fonunda ocaqlar əmələ gəlir ki, quruduqdan sonra bunun yerində sarımtıl-yaşıl rəngli qabıqlar meydana çıxır. Qabıqların tökülməsindən sonra yerində müvəqqəti olaraq piqmentasiya qalır.
Papulo-erroziv streptodermiya – Piodermiyanın bu növü daha çox körpə uşaqlar üçün xarakterikdir. Əsasən də həzm sistemində problemi olan, raxitdən əziyyət çəkən uşaqlarda rast gəlinir. Daha çox sarğı nahiyyəsi, budun içəri və bayır səthləri, aralıq dərisi zədələnir. Göyümtül-qırmızı rəngdə 0,6 sm diametrində zədələnmə ocaqları meydana gəlir.
Piodermiyayla xəstə şəxslərdə, xüsusən də uşaqlarda dırnaqlar dərin kəsilməli və günaşırı yodun spirtdə məhlulu ilə silinməlidir. Xəstənin istifadə etdiyi yataq ağları sodalı su ilə qaynadılmalıdır.
Xroniki piodermiya vəziyyətində şirin və çox duzlu qida məhsullarına, kəskin qidalara, məhdudiyyət qoyulmalıdır. Qida rasionuna meyvələr, tərəvəzlər və digər vitaminlərlə zəngin qidalar daxil edilməlidir.
Unutmamalıyıq ki, xəstəliyin bəlirtiləri göründükdə zamanında etibar etdiyiniz dermatoloqa müraciət edib, gərəkən müalicə alaraq xəstəlikdən daha qısa zamanda azad ola bilərsiniz.